“Xəmsə” rəsmləri
Ədəbiyyat Muzeyi fonduna təqdim
edilib
Yanvarın 15-də Milli Azərbaycan Ədəbiyyatı
Muzeyində Əməkdar rəssam İsmayıl Məmmədovun fonda qəbul edilən əsərlərinin
təqdimatı keçirilib.
Muzeyin direktoru, akademik Rafael Hüseynov bu il mədəniyyət
ocağının fəaliyyətə başlamasının
80 ilinin tamam olduğunu xatırladaraq bildirib ki, ötən illər
ərzində bu mədəniyyət ocağının zənginləşdirilməsi,
fond materiallarının bərpası istiqamətində
ardıcıl, gərəkli işlər görülüb.
İsmayıl Məmmədovun da Azərbaycan rəngkarlığında
və kitab qrafikası sahəsində özünəməxsus
yolu və üslubu ilə seçilən rəssamlarımızdan
olduğunu söyləyən akademik Rafael Hüseynov yubiley ərəfəsində
onun əsərlərinin muzeyin fonduna daxil edilməsini önəmli
hadisə kimi qiymətləndirib. O, Əməkdar rəssam
İsmayıl Məmmədovun qədim Azərbaycan dastanı,
yazılı xalq ədəbiyyatının ən qədim abidəsi
olan “Kitabi-Dədə Qorqud”a əsaslanan rəsmlərdən
ibarət hazırladığı 2013-cü ilin təqviminin dəyərini
xüsusi qeyd edib.
İsmayıl Məmmədovun yaxın dostu, Azərbaycan
Memarlar və Rəssamlar ittifaqlarının üzvü
Şahvələd Məmmədov mərhum rəssamın dahi
Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si əsasında
çəkdiyi əsərləri muzeyin fonduna təqdim edib. O
bildirib ki, fırça ustasının zamanında çəkdiyi
lövhələr “Xəmsə” məsnəvilərinə
işıq salır.
Alban-udi xristian icmasının sədri, Bakı
Dövlət Universitetinin elmi işçisi Robert Mobili
Şahvələd Məmmədovun Qəbələ rayonunun
Nic kəndində “Azərbaycan Udi ocağı”nda sonuncu din
xadiminin evini muzey kimi bərpa etməsini Azəbaycan
tolerantlığının nümunəsi olduğunu bildirib,
mədəni irsin qorunub saxlanılması baxımından
önəmini qeyd edib.
Akademik Rafael Hüseynov Şahvələd Məmmədova
muzeyin təşəkkürnaməsini təqdim edib.
525-ci qəzet .- 2025.- 17 yanvar(№9).- S.10