Zəngəzurun ermənilərə
verilməsi ilə bağlı qanunsuz qərar ləğv
edilməlidir
Bugünkü Ermənistan dövlətinin vaxtilə
tarixi Azərbaycana məxsus ərazilərdə
yaradıldığı bir həqiqətdir. Bununla
bağlı tarixi faktlar, arxiv sənədləri mövcuddur.
XX əsrin əvvəllərində Qərbi Azərbaycan ərazisində
imperialist dairələrin məkrli məqsədləri və
himayəsi ilə Ermənistan adlı dövlətin
qurulması mümkün oldu.
Ermənilər tarix boyu Azərbaycan torpaqlarına
qarşı iddialar irəli sürüblər. Təəssüf
ki, onlar Zəngəzur mahalını da öz ərazilərinə
qata biliblər.
“Zəngəzur” Cəmiyyətləri İctimai
Birliyinin sədri, Xəzər Universitetinin müəllimi,
tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlu
bu günlərdə maraqlı təkliflə
çıxış edib. O, “525-ci qəzet”də dərc
edilmiş məqaləsində Rusiyanın Zəngəzurun ermənilərə
verilməsi barədə qərarlarına yenidən
baxmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, 2020-ci il
noyabrın 9-da 44 gün davam edən Vətən müharibəsində
qələbədən, imzalanmış üçtərəfli
bəyanatdan və 2023-cü ilin 20 sentyabrında 24 saatdan az
davam edən antiterror əməliyyatından sonra Azərbaycan
Prezidenti İlham Əliyevin siyasi iradəsi, qətiyyəti
sayəsində Cənubi Qafqaz regionunda, Rusiya-Azərbaycan-Ermənistan
arasında münasibətlərdə yeni situasiya yaranıb.
Azərbaycan hökuməti və parlamenti Zəngəzur qəzasının
qərb hissəsinin xalqımızın iradəsi əleyhinə
olaraq Azərbaycandan qoparılıb Ermənistana verilməsinə
dair 1920-ci illərdə Rusiyanın ali dövlət, siyasi idarəetmə
orqanlarının qəbul etdiyi qərarların ləğvi
istiqamətində rəsmi Moskva ilə danışıqlara
başlamalı, tarixi ədalətin bərpasına, qərbi
Zəngəzur torpaqlarında qanlı repressiyalara, deportasiyaya
məruz qalmış azərbaycanlıların varislərinin
öz tarixi dədə-baba yurdlarına dinc
qayıdışına hüquqi təminat
yaradılmalıdır.
Azərbaycanla Rusiya arasında yüksək səviyyəli
siyasi, strateji müttəfiqliyin mövcud olduğu
hazırkı şərait, Prezident İlham Əliyevin 2025-ci
il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində
Zəngəzur dəhlizinin açılması ilə
bağlı beynəlxalq hüquqa söykənən nikbin
açıqlaması bu məsələnin müsbət həll
edilməsinə inam yaradır.
“Zəngəzurun Ermənistana verilməsi Azərbaycan
xalqına qarşı cinayətdir”
Bu təklifin nə dərəcədə real
olması ilə barədə “525”ə danışan
AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan
tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə
doktoru Cəbi Bəhramov deyib ki, Zəngəzurun ermənilərə
verilməsi ilə bağlı 1920-ci ildə qəbul edilən
qərar qanunsuzdur və heç bir hüquqi əsası yoxdur: “Çünki
xalqımızın rəyi nəzərə alınmayıb.
Sovet Rusiyası Azərbaycanı işğal etdikdən sonra -
hələ onda daşnak Ermənistanı
tutmamışdılar, 1920-ci il oktyabrın 30-da Dərələyəzi,
noyabrında Qərbi Zəngəzuru, nəhayət, 1929-cu ildə
ümumi sahəsi 16,3 kv km. Göyçə mahalı və ətraf
əraziləri Ermənistan SSRİ-nin tərkibinə verdilər.
Bunun nə tarixi, nə hüquqi əsası var. Bu, Azərbaycan
xalqına qarşı cinayətdir və bununla hüquqi
legitimlik deyilən torpaq mülkiyyətinə sabitlik hüququ
pozuldu. Mən dəfələrlə söyləmişəm
ki, ölkəmizdə referendum keçirib həmin o qərarların
hamısını ləğv etmək lazımdır. Buna
alternativ yoxdur. Rusiya Dövlət Dumasının deputatları
da, başqa ölkələrin qanunverici orqanlarının
üzvləri də birmənalı şəkildə təsdiq
edirlər ki, Ermənistan deyilən bir qurum hüquq
nöqteyi-nəzərindən qeyri- qanunidir. Bunun hüquqi cəhətdən
heç bir əsas yoxdur, o torpaq Azərbaycan
torpağıdır. Azərbaycan xalqının
razılığı olmadan həmin torpaqları ermənilərə
verdilər. Məhz ermənilərə. Çünki Ermənistan
deyilən bir subyekt Cənubi Qafqaz ərazisində mövcud
olmayıb. Qərbi Ermənistan və Şərqi Ermənistan
uydurma məsələlərdir. Bu anlayışlar
bolşeviklərin uydurmasıdır. Bolşeviklər
hamısı sifariş yerinə yetirirdilər. Bakı neftində
gözü olan Avropa ölkələrini əllərində
saxlayan nobellərin, rokfellerlər, morqanlar və
başqalarının. Birinci və İkinci Dünya müharibələri
də Bakı üstündə baş verən müharibələrdir”.
C.Bəhramov deyib ki, Azərbaycan tarixində indiyə
qədər Şah İsmayıl Xətaidən, Təhmasibdən
sonra ilk dəfə 20-ci əsrin sonu, 21-ci əsrin əvvəlində
Ulu öndər Heydər Əliyev və Prezident İlham
Əliyevdən başqa heç kim torpaqların
toxunulmazlığı haqqında fikir söyləməyib.
Yalnız 1945-ci ildə Mircəfər Bağırov Qarabağ
məsələsi ortaya çıxanda 20-ci illərdə ermənilərə
verilən torpaqların geri qaytarılmasını istəyib.
Başqa belə fakt yoxdur.
“Bunlar tamamilə beynəlxalq hüquqa zidd və
qanunsuz qərarlardır”
Milli Məclisin deputatı Arzuxan Əlizadə də
“525”ə həmin qərarlara yenidən baxılmasının
mümkün olduğunu deyib: “1920-ci ildən sonra Zəngəzur
da daxil olmaqla Qərbi Azərbaycan
adlandırdığımız tarixi Azərbaycan torpaqlarının
20 min kv. km ərazisi ermənilərə verildi. O zaman verilən
bu qərarların heç bir beynəlxalq hüquqi əsası
olmayıb. Bu qərarlar həmin ərzilərdə yaşayan
soydaşlarımızın rəyləri nəzərə
alınmadan verilibdir. Əslində tamamilə beynəlxalq
hüquqa zidd və qanundankənar qərarlardır. Bir
çox hallarda soydaşlarımızı ordan sürgün
ediblər, zorla çıxarıblar”.
Deputat deyib ki, Azərbaycan özünü 1918-1920-ci
illərdə mövcud olmuş Azərbaycan Demokratik
Cümhuriyyətinin varisi elan edib. 1991-ci il Müstəqillik
Aktında da bunu xüsusi qeyd etmişik: “Eləcə də
ermənilərin də Müstəqillik Aktlarında Ermənistan
özünü 18-20-ci illərdə mövcud olmuş
dövlətin varisi elan edib. Deməli, biz həm də həmin
dövlətin torpaqlarının, ərazisinin varisiyik.
Əslində bu da bir varinatdır ki, Rusiya keçmiş
SSRİ-nin hüquqi varisidir və o qərarları Rusiya ilə
müzakirə etmək olar, amma istənilən halda Azərbaycan
bu məsələni beynəlxalq müstəviyə
qaldırmaqla erməniləri həmin ərazilərdən
geri çəkilməyə vadar edə bilər. Hüquqi
müstəvidə bunu edə bilərik. Çünki həmin
qərarların heç birinin hüquqi əsası yoxdur.
İstər 1920-ci il olsun, istər ondan sonrakı olsun.
Axrıncı qərarlar var ki, 1969-cu il may ayında Nüvədi
kəndi ilə bağlı onların heç birinin hüquqi
qüvvəsi yoxdur”.
Qeyd edək ki, 1929-cu ilədək Nüvədi kəndi
Azərbaycanın Zəngilan rayonunun tərkibinə daxil idi. Həmin
il Nüvədinin Ermənistana verilməsi ilə bağlı
Azərbaycan hökumətinin qəbul etdiyi qanunsuz qərar
1969-cu ilin may ayında Azərbaycan SSR Ali Soveti tərəfindən
təsdiq edilmişdir.
A.Əlizadə hesab edir ki, beynəlxalq hüquqi
müstəvidə iş açmaqla həmin ərazilərin Azərbaycanın nəzarətinə
keçməsi ilə bağlı qərarların qəbuluna
nail olmaq mümkündür: “Rusiya SSRİ-nin siyasi varisidir və
onunla hansısa razılaşmalarla bunu etmək o qədər
ağlabatan görünmür. Digər tərəfdən, Azərbaycanın
da, Ermənistanın da sərhədləri beynəlxalq
ictimaiyyət tərəfindən tanınır və hər
iki dövlət BMT-nin üzvləridir. Amma bir daha demək istəyirəm
ki, əgər 18-ci ildə yaradılmış dövlətlərin
varisləriyiksə, həmin qərarların ləğvi və
ərazilərin geri qaytarılmasına nail ola bilərik.
Çünki 1918-ci il mayın 29-da Ermənistan 9 min kv. km ərazidə
elan edilib. Azərbaycanın ərazisi isə 114 min kv. km olub”.
Deputat Qərbi azərbaycanlıların
qayıdışı məsələsinə də diqqət
çəkib və bunu mümkün, gözlənilən
olduğunu deyib: “Bu, gec-tez reallaşacaq bir məsələdir.
Birincisi, o formatda ola bilər ki, Azərbaycanla Ermənistan
arasında sülh sazişi imzalansın. Sülh müqaviləsi
imzalandıqdan sonra müəyyən qədər gediş-gəliş,
ən azından insanlarımızın öz yurdlarını
ziyarət etmələri mümkündür. Amma təkcə
ziyarət, insanlarımızın öz yurdlarına baş
çəkməsi deyil, həmin ərazilərdə
yaşamalarından söhbət gedirsə, təbii ki, bu da
bir başqa müstəvidə həll olunası məsələdir.
Soydaşlarımız zamanında ordan sürgün olunub,
deportasiyaya məruz qalıblar, əvəzi ödənilmədən
onları öz tarixi yurd yerlərindən
çıxarıblar. Hazırda Qərbi Azərbaycan
icması böyük bir spektri əhatə edir. Həm beynəlxalq
müstəvidə, həm ölkə dxilində bu məsələə
ciddi işlər görülür. Erməniləri narahat edən
məsələ də odur ki, əslində bu
qayıdışın reallaşa biləcəyini artıq
hiss edirlər. Başa düşürlər ki, azərbaycanlıların
həmin ərazilərə qayıdışı
reallaşacaq. Çox böyük narahatlıq keçirirlər,
bu konsepsiya istənilən halda həyata keçiriləcək
Qərbi azərbaycanlıların tarixi torpaqlara
qayıdışı baş tutacaq”.
Pərvanə
525-ci qəzet .- 2025.- 17 yanvar(¹9).- S.6.