Paşinyan üçün yolun sonu
SÖZDƏN İŞƏ KEÇMƏK ZAMANI
Baş nazir Nikol Paşinyanın siyasi fəhmi,
mövcud reallığı obyektiv təhlil edib qiymətləndirmə
bacarığı haqda müzakirə açmaq fikrində
deyiləm. Əslində nə isə qeyri-adi cəsarət və
uzaqgörənlik nümayiş etdirməsi də söhbət
mövzusu ola bilməz. Çünki hakimiyyətə gələndə
regionun ən təxirəsalınmaz problemi olan Qarabağ
münaqişəsinə münasibət məsələsində
o da hakimiyyətdəki sələflərinin,
bütünlükdə erməni
"qırğılarının" tezis və iddiaları
üzərində köklənmişdi. Bilərəkdən,
yaxud bilməyərəkdən özünə qədər səsləndirilən
real əsasdan məhrum tezis və iddiaları təkrar edirdi.
Bir ara hətta "Dağlıq Qarabağ Ermənistandır
və nöqtə!" - deyə bədnam miatsum
xülyasını guya "sona çatdırıb"
öz aləmində münaqişəyə "birdəfəlik
yekun" da vurmuşdu. Amma Azərbaycan əsgərinin 44
günlük zəfər yürüşü, Azərbaycan
Prezidentinin qarşısıalınmaz hərbi-diplomatik məharəti
ona tutduğu yolun yanlışlığını çox
tez anlatdı. Siyasi şahmat taxtasında naşı gedişləri
ilə labüd mat vəziyyətinə düşdü.
Ədalət naminə deyim ki, özlərini sərkərdə
və strateq (ya da lap olsun sparapet!) sayan sələflərindən
fərqli olaraq yeni Ermənistan tarixindəki ilk avtoxton liderin
(ondan əvvəl ölkəyə Suriya və Azərbaycan vətəndaşları
rəhbərlik etmişdi!) ağlı başına çox
tez gəldi. Yalnız
"ölülərin və dəlilərin səhv etmədiyi"
həqiqətini fövrən
anladı. Və bunun da nəticəsində iki il yarım
bundan əvvəl Praqada, beynəlxalq forumda Qarabağın
dağlıq hissəsinin tarixi Azərbaycan torpağı
olduğunu açıq etiraf etdi.
Ardınca digər mühüm bəyanatlar da verdi. Ermənilərini
"dənizdən dənizə uzanan" "tarixi Ermənistan"
xülyası ilə yaşamaqdan əl çəkib qonşu
xalqlardan əkişdirilmiş torpaqlardan ibarət 29 743 kv.
km-lik "real Ermənistanı" qorumaq haqda
düşünməyə çağırdı. Bunu etməsələr,
əldə olanı da itirəcəkləri ilə bağlı
həyəcan təbili çaldı. Azərbaycana,
Gürcüstana, Türkiyəyə, Rusiyaya ərazi
iddiaları ilə günlərini keçirən ermənilər
üçün bu gözlənilməz və qəbul edilməz
gediş idi.
"Real Ermənistanın" üçün real
konstitusiyasının zəruriliyini etiraf etməklə daha bir
məsələdə anlayış göstərdi. Ermənistanın
heç bir tarixi, siyasi, geopolitik və coğrafi əsas
olmadan dövlət gerbinə "qondurduğu"
Ağrı dağının şəkli haqqında rəsmi
erməni təbliğatı ilə bir araya sığmayan
fikirlər söylədi və cəmiyyətin böyük təpkisini
qazandı. Tarix dərsliyinin "Erməni xalqının
tarixi" yox, konkret olaraq "Ermənistan tarixi"
adlanması tələbində bulundu. Amma bütün bunlar
nala-mıxa döyəcləməklə müşayiət
edildiyindən təəssüf ki, konseptual boyutlar ala bilmədi.
Bütünlükdə isə mövcud siyasi
reallığın bir az çəkingən şəkildə
də olsa, dərki və etirafı Nikol Vovayeviçin
ümumən doğru yol tutmağa, düzgün seçim etməyə
çalışdığını göstərir.
Məhz bu reallığın dərki nəticəsində
Baş nazir Paşinyan bir neçə həftə öncə
Praqa açıqlamasından heç də az əhəmiyyətli
olmayan başqa bir sərt həqiqəti ortaya qoydu. Birmənalı
şəkildə bildirdi ki, 1994-cü ildən bəri iki
ölkə arasında aparılan danışıqların əsas
məzmununu Qarabağın dağlıq hissəsinin "Azərbaycana
qaytarılması" təşkil edib. Özünü qalib
sayan erməni diplomatiyasına bundan ağır zərbəni
təsəvvürə gətirmək mümkün deyil.
Paşinyan həm də təkcə acı, ağrılı
həqiqəti dilə gətirməklə kifayətlənmədi.
Qarabağ tonqalını xüsusi intensivliklə
körükləmiş əski liderləri - Ter-Petrosyanı,
Koçaryanı, Sarqsyanı ortaya atdığı tezislə
bağlı xalqın qarşısında açıq debata
çağırdı. Təbii ki, onlardan heç biri bu
çağırışa səs vermədi. İfşa
olunma qorxularını guya Paşinyan kimi naşı və
dünyadan bixəbər birisi ilə çənə-boğaz
olmağı öz şəxsiyyətlərinə
sığışdırmamaları ilə ört-basdır
etməyə çalışdılar.
1999-2003-cü illərdə gedən
danışıqlar prosesindən müəyyən qədər
xəbərdar şəxs kimi deyə bilərəm -
Paşinyan erməni cəmiyyətinin, xüsusən də
siyasi isteblişmentin aydın dərk etdiyi, amma heç vaxt
dilə gətirmək istəmədiyi bir həqiqətin
üstünü açıb.
Hazırlıqsız oxucu təəccüblənməkdə
haqlıdır: necə ola bilər ki, 26 il ərzində ermənilər
hərbi müdaxilə və etnik təmizləmə yolu ilə
işğal etdikləri Qarabağı həqiqi sahibinə
"qaytarmaq" istəyiblər, amma biz "qəbul etməmişik?"
Bəlkə Paşinyan nəyi isə qarışıq salır?
Bəlkə danışıqlardan ümumən xəbərsizdir?
Qətiyyən!
Əvvəla, hətta ən çətin,
çıxılmaz zamanlarda da ölkəmizin ərazi
bütünlüyündən hər hansı şəkildə
imtinası ilə bağlı heç bir sənəd
mövcud deyil. Danışıqlar prosesində gündəlikdə
dayanan əsas və dəyişilməz tələb beynəlxalq
hüququn aliliyinin təmin edilməsi, erməni işğal
qüvvələrinin silah gücünə ələ
keçirdikləri Azərbaycan ərazilərindən
danışıqsız çəkilməsi olub. Diplomatik
uğurumuz - BMT TŞ-nın 4 məlum qətnaməsi də həmin
məqsədə xidmət edib.
Ermənilərə gəldikdə isə bütün
bu illər ərzində
udduqları tikəni "həzm etmək" ümidi ilə
vaxt uzatmaqdan başqa heç nəyə nail ola bilmədilər.
Bədnam "Dağlıq Qarabağ Respublikası"nı
sonralar "Artsax Respublikası" şəklinə salsalar
da, müstəqil dövlət kimi tanıtmaq mümkün
olmadı. Ermənistan özü də heç vaxt belə
addım atmağa, yaxud "anşlyus" siyasəti həyata
keçirməyə cürət
etmədi. Zəngin ermənilər dünyanın hər yerindən
axışıb Qarabağa gəlmədilər. Böyük
ümidlər bəslənən diaspora "azad
olunmuş" (oxu: işğal edilmiş!) ərazilərə
iri pullar yatırmadı. Göndərilənlər isə
çox böyük fərasətlə oğurlandı.
"Müstəqillik" şüarı sıraları xeyli
dərəcədə seyrələn Qarabağ erməniləri
üçün öz əhəmiyyətini
günü-gündən itirməyə başladı.
Köhnə bir lətifə var. Sərxoş divardan
tuta-tuta gedirmiş. Kənardan ona tamaşa edən bir nəfər
deyir: "Get, get, görüm divar qurtarandan sonra necə gedəcəksən?"
Başqalarının əli ilə
qazanılmış "qələbədən" sərməst
olan ermənilər də sadəcə həmin o sərxoş
kimi sadəcə divar qurtarana qədər ayaqda qala bildilər.
Günün birində divarın qurtaracağı isə
heç kəsə sirr deyildi. Əslində 2000-ci illərin əvvəlindən
etibarən Ermənistanın yeganə ümidi Azərbaycanın
öz torpaqlarını azad etmək üçün hərbi
yola əl atmayacağı ilə bağlı əsassız
xülya, yaxud təsəlli idi. Münaqişənin "hərbi
yolla həllinin olmaması" onların ən çox sevdikləri
və tez-tez təkrarladıqları tezis idi.
2016-cı ilin aprelində bu mif də bir neçə
günün içində həmişəlik
dağıldı.
Əgər işğal etdiyin torpağı heç
cür özününküləşdirə bilmirsənsə,
buna hərbi, iqtisadi, siyasi qüdrətin, iqtisadi imkanların
və insan resursların yoxdursa, o zaman
danışıqların mahiyyətində onu qaytarmaq məcburiyyətindən
başqa nə dayana bilər? Paşinyan da müzakirələrin
məzmununa toxunarkən məhz həmin həqiqəti etiraf
edib.
Yeri gəlmişkən, indiki xarici işlər naziri
Ararat Mirzoyan da yanvarın 8-də keçirdiyi mətbuat
konfransında yalnız bir təsadüfü çıxmaqla
(ciddi müzakirə predmeti olmayan svap - ərazi mübadiləsi)
tərəflər arasındakı danışıqların əsas
mövzusunun keçmiş Dağlıq Qarabağın Azərbaycanın
tərkibində qalması olduğunu boynuna alıb. Bəlli mərhələdə
münaqişənin dinc yolla nizama salınması
üçün ölkəmiz tərəfdən müəyyən
güzəştlər vəd edilsə də (məsələn,
muxtariyyət statusunun yüksəldilməsi də bu qəbildən
idi), qondarma qurumun müstəqilliyinin tanınması, yaxud Ermənistana
verilməsi heç vaxt, heç bir şəkildə
müzakirə mövzusu olmayıb. ATƏT Minsk qrupu həmsədrlərinin
"ümumi dövlət" tipli cəfəng ideyası da
dərhal və qətiyyətlə rədd edilib.
Heç kəsin polemikaya girmək istəmədiyi məqamda
keçmiş xarici işlər naziri Vardan Oskanyan ortaya
atılıb deyir ki, "Biz danışıqlar yolu ilə məqsədimizə
çatmağın bir addımlığına gəlib
çıxmışdıq". Nə imiş bu? Guya həmsədr
ölkələr Madrid prinsipləri əsasında Qarabağ
ermənilərinin milli müqəddəratlarına təyin
etmə ilə bağlı referendum keçirmək
hüququnu tanıyıbmış. Qalıbmış o
referendumu keçirmək...
Koçaryanın xarici işlər naziri bir qədər
diqqətli olsaydı, bu gülünc iddiasının
cavabını başqa bir mənbədə deyil, elə
Paşinyanın bəyanatında tapa bilərdi. Çünki
Baş nazir acı-acı şikayətlənmişdi ki, 44
günlük müharibə başlayanda həmsədr ölkələr
(təbii, ermənipərəst Fransanın mahiyyət
etibarı ilə heç nəyi dəyişməyən fitnəkarlıq
və düşmənçiliyini çıxmaqla) özlərini
proseslərdən tamam təcrid etdilər və bizə
heç bir kömək göstərmədilər. Oskanyandan
soruşmaq lazımdır: həmsədr ölkələr
müharibə vəziyyətindəki Ermənistana əl uzada
bilməmişdilərsə, Azərbaycanı iradəsinə
və beynəlxalq hüquq normalarına zidd olan təslimçi
addım atmağa, ölkə ərazisinin bir hissəsində
referendum keçirməyə necə məcbur edə bilərdilər?
Əgər on illər boyu ciddi irəliləyiş
olmamışdısa, Madrid prinsipi qeyri-adi dəyişikliyə
necə təkan verəcəkdi?
Belə xam xəyallar erməni siyasətbazlarının
çoxunun dünyadakı dəyişikliklərdən
bixəbər qaldıqlarını, hələ də
keçmişin xəyalları ilə
yaşadıqlarını isbat edir. Regionun şəksiz liderinə,
dünya siyasətində söz sahibinə çevrilən
yeni Azərbaycanı görə bilmədiklərini, yaxud
görmək istəmədiklərini göstərir.
Qarşısıalınmaz qisas hissi, revanşizm
duyğuları "müharibə partiyasının"
üzvlərini kar, kor və anlaqsız hala salıb. Unudurlar
ki, antik filosofun dediyi kimi, bir dəfə girdiyin çaya ikinci
dəfə girmək mümkün deyil. Çünki indi
oradan başqa sular axır...
Paşinyan 2025-ci ilə iki etirafla da qədəm qoyub
- Ermənistanın Azərbaycan tərəfinin daha bir tələbini
yerinə yetirəcəyinə, ATƏT-nın onsuz da dörd
ildən bəri oyundan kənar vəziyyətdə
qalmış Minsk qrupunun ləğvi məsələsində
pozitiv mövqe tutacağına işarə vurub. Digər tərəfdən
isə, Araz çayını "real Ermənistanın"
sərhədi kimi qəbul etməklə Türkiyə
Cümhuriyyətinin altı tarixi əyalətinə olan
"Qərbi Ermənistan" iddiasından da guya əl
çəkib.
Amma bir məsələ var ki, Ermənistan liderinin
sözü ilə əməlləri düz gəlmir. Ümumən
sonu yaxşı heç nə vəd etməyən paradoksal
siyasət yürüdür. Bir tərəfdən regionda
"sülh göyərçini" rolunda
çıxış edir, digər tərəfdən isə
Hindistan, Yunanıstan, Fransa, Kipr kimi müttəfiqlərinin əli
ilə militarizasiya xətti həyata keçirir. KTMT ilə
Aİ, İranla ABŞ, Rusiya ilə Avropa arasında vurnuxur.
Sülh və əməkdaşlıq barəsində
hamıdan çox danışsa da, yaranmış tarixi
şansdan yararlanmağa, Azərbaycanla sülh müqaviləsinin
imzalanmasını, Türkiyə ilə münasibətlərin
tənzimləməsini hər vasitə ilə uzadır. Yaxud bütün bunları etməyə
gücü və siyasi iradəsi çatmır.
Yəqin ki, indiki şəraitdə Paşinyan
üçün düzgün və az itkisiz seçim Azərbaycan
Prezidenti İlham Əliyevin bu il yanvarın 7-də yerli mətbuata
verdiyi müsahibədə konturlarını
cızdığı "yol xəritəsi" ilə hərəkət
etmək olardı...
Vilayət QULİYEV
Fövqəladə və səlahiyyətli səfir
525-ci qəzet .- 2025.- 17 yanvar(№9).- S.7.