Təbiət
insanı yaşadır və bəzən sınağa çəkir
İki milyon ildən əvvəllərdə meydana gələn
insan təbiətin yeni möcüzəsi olmaqla, hər
cür ilkin çətinliklərə baxmayaraq, onun
qucağında yurd-yuva salmış, Paleoliti (əslində
bütöv Daş dövrünü) yaşayıb başa
vurduqdan və daha sonra səhnəyə qədəm qoyan
neondartalların nəsli öz yerini homo sapience verməsi ilə
insan metaldan istifadə etməyi öyrənməklə,
güclü inkişaf erasına qədəm qoymuşdu.
Bürünc və dəmir erasında bəşəriyyət
inkişaf etməyə başladı. Son dövr sayılan
Neolit epoxası ərzində insanlar oturaq həyat tərzinə
keçdi. Keramika və toxuculuq istehsalı meydana gəldi,
heyvandarlığın və əkinçiliyin tətbiq edilməsi
ilə Aqrar inqilabı baş verdi. Bu inkişaf prosesi fasilə
vermədi, şəhərlər və şəhər-dövlətlər
meydana gəldi, sənətkarlıq inkişaf etməyə
başladı, texniki inqilab sayılan təkər icad edildi.
Əvvəlki dövrlərdən tam fərqlənən bir cəmiyyət,
əsl sivilizasiya yaranmağa başladı.
Təəssüf ki, insan öz tələbatının
ödənilməsini məhdudlaşdıran bir hədd
tanımır, verdiyindən daha çox torpaqdan, təbiət
ilahəsindən almaq istəyir. Anlamır ki, təbiət həm
həyatı, həm də ölümü yaradır. Qədim yunan mifologiyasına görə
insan Yeri incidir. Təbiətə ziyan vurmaqla insan onu himayə
edən ilahənin qəzəbinə
də səbəb olur. Bütün dinlərdə Yer məhz
ana kimi rəmzlənir, qədim romalılar onu Terra Mater
adlandırırdılar. Qədim həyatverici Yer ilahəsi
Geya əsəbiləşdikdə,
insana cəza verirdi. Qədim insan da cəzadan qorxub, Yerin silkələməsi,
od püskürməsi hallarına səbəb olan fəaliyyətə
yol verməkdən çəkinirdi.
Tarixin başlanğıcında irəli çıxan
xalqlar təbiətlə ehtiyatla davranır, onun
qaydalarını pozmaq eşqinə düşmürdülər.
Dörd min ildən xeyli əvvəl Yaxın Şərqdə
məskunlaşan şumerlər əsl novatorluq fəaliyyəti
göstərməyə başladılar. Onlar irriqasiya şəbəkəsi
yaratmaqla, o qədər də münbit olmayan torpaqlarda nisbətən
bol məhsul becərməyə başlamış, şəhərlərində
isə əvvəllər məlum olmayan, yeni, tam fərqli
yaşayış şəraitinə malik olmuş,
yazını kəşf etmişdilər. İlk ədəbi
nümunə sayılan Qilqameş dastanı da məhz
şumerlərə məxsusdur. Bu maraqlı əfsanədən
sonralar Bibliyanın müəllifləri də istifadə
etmişlər. Sadəcə olaraq, onlar dastandakı
Utnapiştimi Nuh adlandırdıqları bir başqa xilaskarla dəyişdirmişdilər.
Əlbəttə, şumerlər inkişafa
böyük təkan verdilər, onların yazılı məlumatları
ilə bəşəriyyətin məlum tarixi
başlanmışdır. Məhz buna görə də elmdə
tarixin şumerdən başladığı mülahizəsi qəbul
edilmişdir. Bir cəhəti də qeyd etmək
lazımdır ki, ilkin şumer yazıları mühasibat
uçotu xarakteri daşıdığından, onun səhifələrini
hansısa peyğəmbərin, müdrikin, sərkərdənin
adı deyil, məhz mühasibin adı bəzəyir.
Özü üçün həyatverici mənbə
sayılan Nil çayı hesabına Qədim Misir aqrar sahədə,
texnikanın və texnologiyanın inkişafında
böyük nailiyyətlər qazanmışdır. Bu
böyük çay özünün daşması ilə ətraf
sahələrə, müasir dillə desək, ən qiymətli
gübrə kimi lil gətirməklə, ona əlavə
münbitlik vermişdi. Bu isə əkinçi əməyinin
nisbətən yüksək məhsuldarlığına şərait
yaratmışdı. Əgər bu bolluq mənbəyi
olmasaydı, Misir öz qonşuluğundakı kimi səhralardan
ibarət olmaqla, Saxaranın davamı xarakterini
daşıyardı. Nilin hesabına Qədim Misir mühüm
taxıl istehsalçısına və ixracçısına
çevrilmişdi, təsadüfi deyil ki, bu ölkə bizim
eradan əvvəlki I əsrdə Qədim Romanın taxıl
anbarı hesab olunurdu. Tarixin atası sayılan yunan alimi Herodot
haqlı olaraq Misiri Nilin hədiyyəsi
adlandırmışdı.
Misirdə arxitektura və texniki biliklər inkişaf
etməklə, zamanı xeyli qabaqlamış, onların vəhdəti
piramidaların tikilməsi ilə nəticələnmişdi.
Piramidalar həmin dövr insanının yüksək
ağlından və kreativlik qabiliyyətindən xəbər
verir. Misir yazını inkişaf etdirmək
qayğısına qalmadığından, burada arxaik
sayılan heroqliflərdən istifadə edildi. Bu ölkədə
təsviri sənət isə yüksək səviyyəyə
çatmışdı.
Misirdən sonra yüksək inkişaf prosesini həyata
keçirməyi yunanlar, xüsusən Afina sakinləri öz
üzərlərinə götürdülər, baxmayaraq ki,
misirlilər onlara tarixi anlamayan uşaq kimi baxırdılar.
Yunanlar yeni şəhər salma qaydaları yaratdılar,
arxitekturada, rəssamlıq və heykəltaraşlıqda,
elmin inkişafında çox irəli getdilər. Afina ilk dəfə
olaraq siyasi həyatda əsl demokratik idarəetmə
qaydasını yaratdı və gələcək dünya
xalqları yunanların bu siyasi icadlarını, bir qiymətli
irs kimi qəbul etdilər. Bu şəhərdə b.e.ə. V əsrdə
dünyanın arxitektura incisi sayılan və sonralar bu sahənin
etalonuna və şəhərin simvoluna çevrilmiş
Parfenon məbədi tikildi. Ölkədəki Delfi isə
Apollona həsr olunmuş məbəd, orakullar məskəni
kimi şöhrət tapdı. Yunanıstanda Olimpiya oyunları
da keçirilirdi.
Bu üç məkanda yaşayan insanlar
sivilizasiyanın inkişafına böyük töhfə
vermişlər. Onlar müxtəlif təbii şəraitlərdə
yaşamışdılar, həmin əraziləri, öz
ağıllarını və yaradıcı zəhmətlərini
sərf etməklə, başqa regionlardan fərqli bir
yaşayış məkanına çevirmişdilər.
Yaddan çıxartmaq lazım deyildir ki, Avroasiyanın,
Afrikanın ucsuz-bucaqsız ərazilərində yaşayan digər
tayfalar, icmalar belə inkişaf mərhələsindən bixəbər
idilər, əslində, əsasən ibtidai insanın malik
olduğu həyat tərzini davam etdirirdilər. Şumerlər
yağışın az olduğu, arid ərazidə məskunlaşmışdılar.
Yalnız suvarılan torpaq onları məhsulla təmin edə
bilərdi. Onlar bunu anladılar və yaxındakı iki
çay - Dəclə və Fərat onların köməyinə
gəldi. Böyük fərasət nümayiş etdirən
xalq bu çaylardan kanallar çəkib, suvarma tətbiq etməklə,
əkinçilikdə əvvəllər ağla
sığmayan yeniliklərə imza atmağa, bol məhsul
götürməyə nail oldular. Ərzaq ehtiyatının
yaranması digər sahələrdə də inkişafa yol
açdı, şumerlər şəhərlər salıb,
onlarda yaşamağa, sənətkarlıqla və ticarətlə
məşğul olmağa başladılar.
Misirlilər üçün Nil təkcə suvarma
problemlərini həll etmirdi, həm də torpağa, əkinçilik
üçün vacib olan böyük münbitlik verirdi. Bu
çay təkcə aqrar sahə üçün əvəzsiz
rol oynamırdı, axı yerli insanların ilk çörəyi
olan xurma da bu ərazidə böyüyüb, dəyərli
qida sayılan öz töhfəsini
verirdi. Çay həm də Cənub əraziləri ilə
ticarət üçün böyük imkanlar
yaratmışdı. Nil olmasaydı, məgər
piramidaların tikintisinə sərf olunan ağır daş
blokları daşımaq olardımı?
Yunanıstan isə hər iki ölkədən fərqli
bir təbii şəraitə malik idi. Yunanlar dağlıq ərazidə
və dəniz sahillərində yaşayırdılar. Bura əkinçilik
üçün o qədər də əlverişli deyildi, əkin
torpaqları məhdud ölçüdəki sahələrə
malik idi, bütövlükdə bu dağlıq ölkə
iri düzənliklərdən məhrum idi. Ona görə də
Kiçik Asiyadakı böyük düzənlikləri ilk dəfə
görəndə, yunanlar təəccüblərini gizlədə
bilməmişdilər. Dənizin sərin mehi və
dağın yumşaq havası yunanların əqli qabiliyyətinin
inkişafına əsaslı təsir göstərmişdi.
Fiziki əməyi tətbiq etmək şəraitinin
kasadlığı, əqli qabiliyyəti inkişaf etdirmək
üçün özünəməxsus stimul rolunu
oynamışdı. Bizim ölkəmizin dağ regionlarında
da məktəblilər ağılın fərqli qabiliyyəti
ilə, aran regionlarında yaşayanlardan əsaslı surətdə
fərqlənirlər. Yunanlar öz biliklərindən dənizləri
fəth etmək, ticarət aparmaq üçün də
istifadə edirdilər. Finikiyalılar xeyli əvvəl dənizlərdə
üzməklə, tacirlərə çevrilmişdilər.
Onların bu təcrübəsindən, özlərinin
Afrikanın şimalında yaratdıqları yeni dövlətin
sakinləri də istifadə edib, Karfageni güclü dəniz dövlətinə
çevirmişdilər. Karfagenlilərdən sonra dənizçilik
sahəsində geniş fəaliyyət göstərməyə
yunanlar gəldilər. Yunanlar Aralıq dənizinin və Qara dənizin
sahillərində yaşayan xalqlarla geniş ticarət
aparırdılar, axırıncılardan əsasən
taxıl idxal edirdilər. Həm də onlar finikiyalılar
Karfageni yaratdıqları, karfagenlilər isə İberiya
yarımadasında şəhərlər saldıqlar və
böyük ərazilər tutduqları kimi, hər iki dənizin
sahil zonalarında öz koloniyalarını yaradırdılar.
Apennin yarımadasından Neapolu, Qara dəniz sahilindəki
Krımda Feodosiyanı və Kerçi məhz yunanlar
salmışdılar və bu qədim irs bizim
dövrümüzə gəlib çıxmışdır.
Yunanlardan tarixi inkişaf estafetini qədim romalılar
uğurla qəbul etdilər. Roma üç qitədə ərazilərə
malik olmaqla böyük imperiyaya çevrilmişdi. Burada elm,
texnika, arxitektura, yol, körpü və akveduk tikintisi çox
inkişaf etmişdi. Qay Yuli Sezarın ordusundakı
inşaatçılar dəstəsi hərbi qələbələrin
əldə edilməsi məqsədilə yollar və
körpülər tikirdi. Avropanın müasir yol şəbəkəsi
romalıların o vaxtlar tikdikləri və istifadə etdikləri
magistral variantlara əsaslanır.
Lakin Qədim Roma imperiya
yaratmağa girişəndə, təbiətə ziyan
vurmağa da başladı. Baxmayaraq ki, onlar özləri Yeri
Magna Mata - "Böyük
ana" adlandırdı. Ambisiyalar isə inancdan daha
güclü idi.
Misal gətirilən artıq bu dörd, həm də
müxtəlif iqlim və fərqli təbii şəraitə
malik olan ölkədə yaşayan insanlar təkcə təbiətin
himayəsinə sığınmaqla kifayətlənməyərək,
öz yaşayışlarının təminatçısı
olmaq qayğısına qalmaqla, malik olduqları ərazilərdə
xeyli tərəqqiyə nail olmuşdular. Lakin onlar təbiətə
ziyan vurmaq yolunu tutmamış, onunla nisbətən harmoniyada
yaşamağa üstünlük vermişdilər. Və onu
da qeyd etmək lazımdır ki, bu işdə xeyli uğur da
qazanmışdılar. Onlar öz əqli və fiziki qabiliyyətləri,
həm də ağır zəhmətləri və heç
şübhəsiz, istedadları hesabına həyatın
müxtəlif sahələrində böyük uğurlar
qazanmış, ayrı-ayrı sahələrdə inqilabi
xarakter daşıyan yenilikləri tətbiq etmişdilər.
Müasir insanlar da onların ilk dəfə həyata gətirdikləri
ixtiralardan, həm də onlara məxsus
olan elmi və texniki kəşfləri daha da təkmilləşdirməklə,
bu qiymətli irsdən böyük fayda götürməkdə
davam edirlər. Qədim romalıların icadı olan beton əvəz
olunmayan inşaat vasitəsi olmaqla, iki min ildir ki tətbiqini
davam etdirir.
İndiki dünyanın həyat arxitekturası,
onların yaratdıqları möhkəm bünövrəyə
əsaslanır. Bu bünövrə üzərində qurulan
bina özündə çox sayda yeniliklərin tətbiqi ilə
fərqlənsə də, həmin sarsılmaz fundamenti inkar
etmək mümkün deyildir.
XX əsr və XXI əsrin başlanğıcı nəhəng
elmi-texniki kəşflərlə əlamətdardır. Təbii
və dövlət sərhədlərini aşan elmi kəşflər
görünməmiş zirvələr fəth etmişdir.
Artıq tətbiq olunmasına başlanan və daha
böyük inkişaf üfüqləri vəd edən
süni intellekt təbiətin yaratdıqlarını da arxada
qoymağı bacarır. Əgər kompüter saniyədə
milyonlarla hesablama əməliyyatı aparmağı
bacarırsa, bunu, dünyaya gətirən heç bir insan
ağlının və qabiliyyətinin ən yüksək səviyyəsi
ilə də müqayisə etmək mümkün deyildir.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2025.- 18 yanvar(№10).- S.22.