Ən vacib günah haqqında
Esse
Keçən günlərdə yazdığım
bütün esseləri bir yerə yığarkən fikir
verdim ki, ən çox işlədiyim mövzu
Keçmişdir. Nədən yazmışamsa,
hamısında ötən günlərin nisgili, xiffəti
var. Əslində, bütün yazarlarda bu belədir, bəlkə.
Markesin dediyi kimi, yazmaq xatırlamaqdır. Hər şeyin
keçmişdəki kimi olduğunu arzulamaq, indinin dəyərini
də sabah bilmək, sabahın mahiyyətini də
keçmiş olandan sonra dərk etmək insan oğlunun lap qədim
vərdişidir. Bir dəfə dostlarla bir-birimizdən
soruşduq ki, hansı dövrdə, hansı ölkədə
yaşamaq istəyirdin? Bircə nəfər də demədi
ki, elə yaşamaq istədiyim dövr bu gündür.
Hamımıza elə gəldi ki, keçmişdəki hər
hansı bir tarix güllük-gülüstanlıqdır. Həqiqət
isə masamızın kənarında dayanıb bizə
seçdiyimiz təqvimlərin heç də biz
düşündüyümüz kimi yaxşı
olmadığını pıçıldayırdı. Biz, əlbəttə,
bunun fərqində idik. Amma qaçmaq istəyirdik.
Mən də qaçmaq istəyirəm. Heç kimə
hiss etdirmədən hamı ilə vidalaşaraq. Onu da bilirəm
ki, xoşbəxt olacağımı
düşündüyüm yerlərdə, dövrlərdə,
insanların yanında da bir müddət sonra yenə öz təbiətimə,
öz qınıma çəkiləcəm. Xoşbəxtlik
ani bir duyğudur. Əbədi olan hüzn və
günahdır. Deyəsən, İncildə belə
yazılıb. İnsan olduğu yerdən xoşbəxt ola
bilmir. Bunun hansısa mütləq bir mifik səbəbi var. Biz
bilmirik.
Tez-tez hər şeyi təzədən başlamaq istəyi
yaranır. Birinci gündən, ayın birindən, bu ildən.
Hər şey dəyişəcək, hər şey nizama
oturacaq. Sonra həmin alınmayan birinci günlər sonsuz
yorğunluğu gətirir özü ilə. Və budur, daha
bir yenilənmənin təxirə salındığı
günlər. Yenilənmək, dəyişmək də bizi
doyurmayan yarımçıq xoşbəxtlik duyğusu ilə
əlaqədardır. Yoxsa niyə "bu sabah hər şey
başdan başlayacaq!" nidası ilə oyanmaq ehtiyacı
hiss edək ki? Bu hissin verdiyi qəribə bir enerji var. Elə
bilirsən ki, beyninin bütün qırışlarından
keçmişi, olub keçən hər şeyi, hər kəsi
silib atacaqsan beləcə. Sonra qurdaladıqca bəzi şeyləri
daim xatırlamaq istəyi də sənin əminliyini tərəddüd
bıcağı ilə ikiyə bölür. "Təmiz
ağlın əbədi günəşi" (Mişel Qondri,
2004) filmində olduğu kimi. Hər şeyi yaddan çıxarmaq
istəyəndə unutmaq istəmədiyin və daim
yaddaşının bir küncündə qalmasını
arzuladığın şeylər olduğu yadına
düşür. Unutmaq təxirə salınır. Yenidən
başlamaq təxirə salınır. Təxirə salınan
şeylər çoxaldıqca isə insanın özünə
güvəni, inamı şam kimi əriyib yoxa
çıxır.
Başlanğıclar üçün yalançı
motivasiyalardan biri də ad günləridir. Hər il ilan
qabığını dəyişən kimi xarakterini, rutinini
dəyişmək istəyir adam. Olmur, alınmır. Əlbəttə,
hər yaşın qazandırdığı təcrübə
özü-özünü yavaş-yavaş inşa edir. Bunu sən
hiss etmirsən. Həyat özü səni cilalayır. Kimini
yaxşı adama, kimini pis adama çevirir. Kimisə
imtahandan-imtahana, kimisə də uğurdan-uğura
atıb-tutur.
Bu yazını bir az da ad günüm
üçün yazmaq istəyirəm. Çünki son
beş-altı ildir, ad günləri mənim üçün
yeni başlanğıc olur. Keçirdiyim illərin
hesabatını özümə verəndə təəssüflənmirəm.
Əksinə, bəzən özümə olduğum şərtlərin
fövqündə faydalı olduğumun fərqinə
varıram. Amma bəs etmir. Yuxarıdakı natamam xoşbəxtlik
hissi, istəyi bir tərəfdən beynimi də, ürəyimi
də ac siçovul kimi gəmirir. Xislət. İsa peyğəmbərə
görə hamımız ömrümüzün
axırına kimi atamızın günahlarının cəzasını
çəkəcəyik. Məhəmməd peyğəmbərə
görə isə, heç kim heç kimin günahına
görə cəzalanmayacaq o biri dünyada. Bəs bu dünya?
Biogenetika deyir ki, xarakterimizin yetmiş faizi üç nəsil
atalarımızın bizə genetik kodlarla
ötürdüyü məlumatlar əsasında
formalaşır. Yerdə qalan otuz faizini biz özümüz
qazanırıq. Biz və ətrafımızdakı insanlar,
etdiklərimiz, gördüklərimiz, eşitdiklərimizə
görə o biri dünyada, atalarımıza görə isə
bu dünyada əzab çəkməyə məhkumuq. Yeni elm
sahələrinin hamısı belə bədbindir.
Ailəmdən, dostlarımdan, mənim dilimə
aşina olanlardan uzaqda keçirdiyim üçüncü ad
günümdür. Birinci il Ankaraya - Rəsulzadənin məzarını
ziyarətə getmişdim. Gecə on ikini tamamlayanda isə
Çankayada, "Kızılay" meydanı
yaxınlığındakı bir pabda idim. Sabah haqqında
düşünmürdüm. Nələrəsə yenidən
başlamaq kimi bir niyyətim yox idi. İkinci il isə
İstanbulda, Qalata küçəsində bir meyxanada idim.
İki-üç dostumla Beyoğlunu gəzib yorulandan sonra ad
günümü qeyd etmək üçün küçəyə
düzülmüş masalardan birinə əyləşmişdik.
Həmin gecə gündəliyimə yeni ilin planı olaraq nə
yazmışdımsa, hamısını yerinə yetirdim. Bu il
isə qədim Trakyanın mavi gözlü şəhərində
- Tekirdağda növbəti bir il üçün
yazacağım şeylər var.
Belə günlərin qəribə bir sakitliyi də
olur. Çox adam xüsusi qeyd etməsə belə, o sakitliyi
duyur. Qayğıya ac olur insan belə günlərdə. Həm
tək olmadığını hiss edirsən, həm də
yalnızlığı ürəyinin ən dərinlərində
hiss edə bilirsən. İroniya ilə yanaşmaq da olmur ad
günlərinə. Məsələn, ölümün
üzünə gülümsəməyi bacarır insan
oğlu. Bu həyatın sonrası haqqında zarafat edə
bilir. Doğum, həyatın başlanğıcı isə o
qədər ciddidir ki, dodağın da qaçmır.
"Hardan gəldik, hara gedirik" sualı həmin gün
başlanır. "Nə edəcəyik" müəmması
da o günün qadağan olunmuş meyvəsidir.
Hamımız qoparıb yeyirik amma. "İlk günah
heç vaxt dəyişmir, - deyir Çoran, - doğulmaq
adlı günah, istər yaxşı, istər pis
düşünün, əvvəl-axır bunun necə ciddi
bir günah olduğunu anlayacaqsınız. Mən isə elə
şair kimi düşünürəm, Ramiz baba demişkən,
hamı günahkardı bu dünyada, amma heç kimin də
günahı yoxdur.
Ümid isə köhnə dostudur belə xüsusi
günlərin. Həm də keçmişə qalib gəlməyin
ən yaxşı yoludur ümid. Gələcəyi gözləməyin
narahat yox, aramlıq halıdır. Ümid həm də hər
gün eyni yola çıxmaqdır. Bezmədən, usanmadan,
yorulmadan. Yaxşı şeylərə, yaxşı adamlara,
yaxşı günlərə ümid edib həyatı gözəlləşdirir
insan.
Nə çox insan sözü yazdım... Yəqin, təqvimlərin
mahiyyətində birinci insan, sonra onun bütün hissləri
dayandığına görədir. Duyğular olmasa,
zamanın da bir xüsusiliyi olmaz. İnsan ən yaxşı
zaman maşınıdır çünki. İstədiyi vaxt
keçmişə, istədiyi vaxt gələcəyə gedə
bilir. Vacib olan zaman səyahətində yaxşı günlərin
sayının çox olmağıdır. Yaxşı
günlərin, xatirələrin xətrinə fırlanır
dünya.
Rəvan CAVİD
525-ci qəzet .- 2025- 18 yanvar(№10).- S.21.