"Ay sizi, pir olmuşlar..."
"Bugünün hekayətləri"ndən
Minayə ağır-ağır, bir az da həvəssiz,
oturduğu yerdən qalxdı:
- Deyəsən, yenə gücə düşüblər,
qoymazlar ki, azacıq rahat nəfəs alam, - söylənə-söylənə
pəncərənin qabağına yaxınlaşıb, məhəccərin
üstünə qoyduğu çantasını açdı,
bayaqdan bəri aramsız zəng çalan telefonu
çıxarıb ekrana gözucu baxdı. Belə qaranəfəs
axtaranın "ev" adamlarından olduğunu, yəqindi ki,
görmüşdü. Odur ki, elə telefonu açan kimi:
- Hə, yenə nədir, evdən
çıxdığım heç bir saat olmayıb,
ardımca nə haray-həşir salmısınız, nə
oldu, gücə düşdünüz? Bir nəfəsinizi dərin
də! - deyə giley-güzar etdi. Zəng vuran o başda nə
dedisə, qadının bir anda rəngi-ruyu avazıdı və:
- Necə yəni, yoldan ötən birisi sizdən ziyana görə
pul istəyir, nə ziyan, nə pul!.. - deyə az qala
çımxırdı. Telefonda deyilənlərə bir az da
qulaq asdı. Necə hiddətləndisə, bu dəfə
qışqıra da bilmədi, eləcə kəkələyə-kəkələyə:
- İndicə gəlirəm, sizin də, o sizə
oxşarın da... - sözünün ardını ürəyində
deyib, çantasını qoyduğu yerdən qaparaq, bayaqdan əlləri
yır-yığışda, ağızları da
söz-söhbətdə olan Səkinə ilə Gülayənin
"ay qız, nə olub, nə xəbərdi", "bir de,
biz də bilək də, hara gedirsən" suallarını
eşitmirmiş kimi, onlara tərəf heç
gözünün ucu ilə də baxmadan, az qala qaçaraq
otaqdan çıxıb yola düzəldi.
İndi Səkinəni heç saxlamaq olardı? Ta
bayaq əl atdı telefona, tələm-tələsik Minayəgilin
ev nömrəsini yığdı. Telefona Minayənin oğlu
cavab verdi: - A bala, Qismət, nə baş verib, evi
yandırmısınız? Qaz partlayıb? Yo-ox! Bəlkə,
damdan uçub düşən var? Yox! - deyə qaranəfəs,
sualı sual dalınca yağdırır, o başdan "yox, əşi,
heç nə olmayıb" sözlərini eşidincə
növbəti sualını verirdi. Arvad istədiyi cavabı
almadığından bir az da səsini qaldırdı:
- A bala, bəs nə dedin ki, ananı belə dəli
elədin, bizim də ürəyimizi üzdün, yazıq
qız payi-piyada yola düzəldi? Oğlan nə dedisə, Səkinə:
- Həə, necə yəni tor həyətə
düşüb? Tor yerə düşüb-düşüb də,
gedib götürüb gətirə bilməzdin?
Bu dəfə oğlan daha nəsə dedi və Səkinə
də elə Minayə kimi telefonda qıyya vurub: - A bala, sizi ələ
salıb xamlamaq istəyiblər. Amanın bir
günüdü, heç kəsə heç nə verməyin.
Yoxsa qızı dəli edəcəksiniz, indi mən də
özümü yetirərəm, - deyərək
qulaqlarını az qala onun ağzına dirəmiş
Gülayəyə eşitdiklərini əlüstü
danışa-danışa: - Tez özümü
çatdırım, - deyib əlavə də etdi ki, elə
bayaq Minayədən sabah Safuranın qızının toyuna
getmək üçün pulu olub-olmadığını
soruşdum, yazıq qız gündəlik ev xərclərindən
az-az, kəsə-kəsə yığıb yüz manat
düzəltdiyini söylədi.
Bunu deyəndən sonra Səkinə
vaysına-vaysına sözünün ardını gətirdi:
- İşdir, indi əgər tovlayıb ata ilə
oğuldan pulu alıblarsa, həqiqətən qızın
bağrı çatlayacaq. Pula görə yox ey, ay qız,
evin kişilərinin bu... - Yenə də sözünü
tamamlamadı. Sonra da özünü danlaya-danlaya: - Mən lal
olmuş da gərək onu heç bura
çağırmamaydım. Evində olsaydı... Axır ki,
bir qədər toxtayan Səkinə nə fikirləşdisə
Gülayəyə:
- Sən bunları yığışdırarsan, mən
gecikməyim, özümü onlara çatdırım, - deyə
ortaya tökülmüş tikmələri göstərib,
özü də elə Minayə kimi qaçaraq, bir əlində
telefon, evdən çıxdı.
Bir az aralıdakı qonşunu səsləyib: -
Əşrəf qardaş, əziyyət olmasın, məni tez
ana yola çatdıra bilərsənmi? Təcili işim
çıxıb, - deyə "hə-yox"unu gözləmədən
yaşlı, üzüyola qonşusunun qapının
ağzında saxladığı maşına tərəf
yeridi...
Uzanıb gedən dalandan ana yola, dayanacağa qədər
xeyli məsafə vardı. Evdən
çıxmaqlarının arasında cəmi beş-on dəqiqə
fərq olsa da, Səkinə Minayəni hələ
görmürdü. Duruxub qalan Səkinə öz-özünə:
- Aman tanrı, bu qız quş olub uçdu? Nə tez
keçib gedib bu qədər yolu, - deyə
mızıldandı. Gəlib dayanacağa yetişəndə
Minayənin durub avtobus gözlədiyini gördü. Elə
istəyirdi ki, maşını saxlatdırıb onu da
götürtsün, beynindən ani bir fikir keçdi.
"Əriylə oğlu əgər Minayənin toy
üçün saxladığı yüz manatı artıq
veriblərsə?.."
"Yox, dayanmaq olmaz!" Üzünü Minayə
görməsin deyə yana çevirib sürücüyə:
- Sür, Əşrəf qardaş, yolumuz uzandı, sən
tez şəhərə çatdır məni, - dedi.
lll
...Qismət yatağından qalxıb yaxşıca gərnəşdi.
Məlum idi ki, hündür nahardan xeyli ötən bu vaxtlarda
atası çöldə-bayırda olmalıydı. Anası
da gözə dəymirdi. Həə, yadına
düşdü...
Anası səhər evdən çıxanda hələ
yataqda olan oğlunu dümsükləyib:
- Bibingilə, qəsəbəyə gedirəm, işi
var, kömək edəcəyəm, - demişdi, - çörəyini
stolun üstündə hazır qoymuşam, çayını
da qızdırıb içərsən.
Qismət də tənbəl-tənbəl yanı
üstə çevrilərək: - Hə, bildim, - deyə
yuxulu-yuxulu cavab vermişdi.
Oğlan əlüzyuyanda üzünə bir ovuc su
çırpıb mətbəxə keçdi. Stolun
üstündəki doğranmış çörəkdən
bir dilim götürüb əvvəlcə üstünə
yağ çəkdi, sonra da mürəbbə qabından iki dənə
iri ənciri üstünə qoyub dişlədi. Çayı
qızdırıb içməyə həvəsi gəlmədi.
Axşamdan qaynadılıb qoyulmuş qrafindəki sudan bir stəkan
süzüb başına çəkdi. Ev xəlvət idi. Dəhlizə
keçib gödəkcəsinin qoltuq cibindən hələ ki
gizli saxladığı siqareti ilə alışqanını
götürüb eyvana çıxdı. 14 yaşını
yaxınları ilə ötən il təmtəraqla qeyd eləyəndən
sonra guya "kişiləşmiş", çöldə-bayırda,
xəlvətə düşcək, pilləkənlərdə,
evin eyvanında bala-bala siqaret yandırıb, şirin-şirin
qullab vurmağa başlamışdı.
Yaşadıqları doqquzuncu mərtəbədən ətrafa
gözəl bir mənzərə açılırdı.
Şüşəbənd eyvandan ətraf aləmi seyr elədi.
Siqaretini yandırdı, bir qullab vurandan sonra pəncərəni
açdı. Boya-boy tor çəkilmiş pəncərədən
tüstünü çölə üfürməyə
başladı. Siqaretinin külü barmaqlarının
arasına dirənəndə toru azacıq aralayıb siqaretin
kötüyünü çırtma ilə havaya
vızıldatmaq istəyirdi ki, bu dəmdə çərçivəli
tor yerindən qopub səmada süzə-süzə, əsən
xəfif küləyin səmti ilə, binanın başına
fırlanaraq yola tərəf uçub getdi...
Qismət öz-özünə:
- Əcəb işə düşdüm. Bu kişi ilə
arvad evə dönəndə toru yerində görməyib min
bir sual verəcəklər ki, hanı bu çərçivə,
haraya düşüb? Kim düşürüb? Niyə
düşüb? Daha nələr, nələr...
Gecə səhərəcən ağcaqanadlar da evə
soxulub onları aval-aval elədikcə sorğu-sual yenidən təzələnəcək,
çox uzanacaqdı. Pəncərəni örtüb tələsik
evə keçdi. Səndəllərini ayağına
keçirdi, qapını arxasınca bərk çəkib
çıxdı. Liftin düyməsini basdı. Səs-səmir
gəlmirdi. Deməli, yenə lift işləmirdi. Fikrindən
keçdi ki, görünür, ya işıq yoxdu, ya da kim
bilir, nə olub...
İti addımlar atıb pillələri iki-iki,
üç-üç arxada qoyaraq həyətə endi.
Ətrafa göz gəzdirdi. Tor çəkilmiş
çərçivə gözünə dəymədi.
Binanın küçə tərəfinə keçmək
istəyirdi ki, gövdəli bir kişinin əlində çərçivə
ona tərəf gəldiyini gördü. Kişi elə uzaqdan:
- Oğul bala, bilmirsən
bu çərçivə kimindi, bu binadan düşdü,
sahibini axtarıram, - deyə xəbər aldı.
Qismət də, de bayaq, sevinə-sevinə:
- Bizimdi, əmi, bizim, balkonun pəncərəsini
açmışdım, əlim dəydi, çərçivə
yerindən qopub düşdü, - deyərək əlini
uzadıb toru kişidən almaq istədi.
Gövdəli kişi əlində tutduğu çərçivəni
döşünə sıxıb:
- Deməli, sizindi! Həə, sizin bu çərçivə
bir gör mənim maşınımı nə kökə
saldı? Düşüb zərblə maşınımın
qabaq şüşəsinə dəyərək
çilik-çilik elədi.
Yekəzol kişi ağzı köpüklənə-köpüklənə:
- Ya təcili maşınımın şüşəsini dəyişməlisiniz,
ya da vurduğunuz ziyana görə iki yüz manat ödəməlisiniz.
Yoxsa şikayətə gedəcəyəm, - deyə əsib-sovurmağa
başladı.
Çaşıb qalmış Qismət çərçivəli
toru almaq üçün uzanılı qalan əlini yanına
saldı. Udquna-udquna kişinin üzünə matıxıb
durdu.
Uşağın özünü itirməsindən,
günahkar kimi məlul-müşkül qalmasından ruhlanan
yekəzol kişi səsini bir qədər də
qaldırdı:
- Nə lal-dinməz durub baxırsan. De görüm
neçənci mərtəbədə oturursunuz, hansı
blokda olursunuz, mənzilinizin nömrəsi neçədir? Tez
atanı, ananı çağır, tez, - deyə
uşağın üstünə hayqırmağa
başladı.
Özünü itirən uşaq dili topuq vura-vura:
- Ata-anam evdə yoxdu, - dedi.
Kişi qızışmışdı, uşaq
özünü itirib şaşırdıqca gövdəli
sarışın kişi, irəli çıxmış yekə
qarnı kimi, ovurdlarını da şişirdir, ağzına
gələni "üfürürdü".
Qəribəydi, həyətdə-bacada hər gün
evə çıxıb-düşəndə neçə dəfə
Qismətlə salamlaşıb, "bala, necəsən, hardan
gəlirsən" deyən yaşlı qonşulardan, arabir
binaya girib-çıxan, ayaq sürüyüb uzaqdan
mübahisəyə qulaq verənlər olsa da, ancaq
yaxınlaşıb bu əhvalata müdaxilə edən,
oğlana qahmar çıxan yox idi.
Axır ki əlindəki çörəklə
göyərti torbasını yanaşı tutub ağır
addımlarla həyətə girən yaşlı qadın
ayaq saxladı. Ağzı köpüklənən kişiyə
azacıq qulaq verib uşağa səsləndi:
- Qismət, a bala, bu kişi kimdi, niyə sənin
üstünə belə kükrəyir? Nə eləmisən?
Uşağın cavabını gözləmədən
də, gövdəli kişiyə:
- Ay qardaş, bu oğlan həyətimizin
uşağıdı. Ağıllı oğlandı, əlindən
şər-xəta gələn deyil, indi nə istəyirsən
bu uşaqdan? Çıxıb getsənə yolunla, - dedi.
Kişi yaşlı qadını
acıqlı-acıqlı süzüb:
- Ay arvad, sən özün çıxıb get
öz yolunla! - deyə hikkə ilə səsini
qaldırdı. - Birincisi, sənə nə dəxli var,
ikincisi, bu oğlanı belə çox istəyirsənsə,
valideynlərini tapmağa kömək elə, gəlsinlər,
mənə vurduqları zərəri ödəsinlər. Yoxsa
indi şəhərin bütün paqonlularını tökəcəm
buraya... Arvad üzünü uşağa tutub bir də
soruşdu:
- A bala, Qismət, neynəmisən?
Qismət:
- Gülgəz xala, mən heç nə eləməmişəm,
- əli ilə kişinin döşünə
sıxdığı toru göstərib içini çəkə-çəkə
dedi. - Balkonumuzun şüşəbəndini
açmışdım ki, bu tor qopub yerindən
düşdü. İndi kişi deyir ki, yerə düşməyib,
küçədə onun maşınının
şüşəsinə dəyib sındırıb. İndi
də ziyanın ödənilməsini istəyir.
Qismətin "Gülgəz xala" dediyi
yaşlı qadın ağır-ağır yerindən tərpəndi,
bir-iki addım atıb yenə dayandı.
- Quru şər-böhtan bax buna deyərlər ha... A
kişi, əl çək bu uşaqdan. Ata-anası da evdə
yoxdu, çıx get işinə-gücünə.
Arvadın uşağın müdafiəsinə
qalxması kişini bir az da coşdurdu. Bayaq bir deyirdisə,
indi beş yağdırdı. Az qala üstünə hücum
edəcəkdi ki, qadın gücü çatan qədər
addımlarını yeyinlədib binanın giriş
qapısından içəri keçdi və tez də
qapını arxasınca çəkib örtdü...
Bir də, şəhər qonşusunun nə işinə
qalıb ki, kim-kimi asır, kim-kimi kəsir... Kənd
qonşusu deyil ki, ayrı vaxtlarda lap düşmən də olsalar,
belə hallarda belgə sıyırıb qonşuya qahmar
çıxsın... Bu yazıq qadının da,
görünür, nə cürsə kənd həyatına
bağlılığı vardı. Yoxsa özünü bu
işə qatmaz, köntöy bir kişiylə
ağızlaşıb abrına sədəmə
vurdurmazdı.
lll
İndiki zamanda nə var adamı axtarıb tapmağa.
Peşəsindən, məşğuliyyətindən
asılı olmayaraq, qadınlı-kişili, elə birisi
varmı ki, telefon gəzdirməsin? Yeniyetmələr, gənclər
isə dəbə uyğun, az qala hər ay telefonlarını
dəyişib təzələyirlər. Hələ onu demirəm
ki, nəvələr nənələrini, babalarını onları
şirin dindirdiklərinə görə yox,
telefonlarını alıb oyuncaq əvəzi
oynatdıqları üçün sevirlər.
Hamıda olsun, Qismətdə, atasında telefon
olmasın? Uşaq, əşi, nə uşaq ey, on beş
yaşında uşaq olar?
Oğlan telefonunu açıb atası Heybətin
nömrəsini yığdı. Tez-tələsik hal-qəziyyəni
qısaca danışdı, atasını vəziyyətdən
xəbərdar elədi. Ata da, demə, yaxındaymış.
Tezcənə həyətdə peyda oldu, oğlunu geri itələyib
özünü gövdəli kişinin qabağına verdi.
- Əmioğlu, nə olub, neynəmişik sənə?
Uşaqdan nə istəyirsən? - deyə sakit-sakit xəbər
aldı.
"Maşın yiyəsi" olan kişi bayaqdan bəri
döşünə sıxıb saxladığı tor
çəkilmiş nazik çərçivəni göstərib
uşağa dediklərini əvvəl yumşaq, yəni pəsdən,
getdikcə isə qızışaraq ucadan, tədricən isə
guruldaya-guruldaya ataya, Heybətə də söylədi, sonra
da hiddətlə:
- Tez eləyin, zərərimi ödəyin,
çıxım gedim. Neçə saatdı girinc-giriftar eləmisiz
məni, - deyə bir az da bozardı.
Ata da "neynim", "necə eləyimin"
çarəsini yoldaşına, Minayəyə zəng edib vəziyyətdən
agah etməkdə gördü.
Minayə yolda, ata ilə uşaq isə sifətini
bozardıb məhəllə dolusu bağıran, gurultusu ilə
ətrafı çalxalandıran gövdəli kişiylə
üz-üzə qalmışdılar.
"Fərasətli" Heybət ona "bir dəqiqə
bağışla", - deyərək oğlunu bir az
qırağa çəkib:
- Anan toy üçün pul
yığmışdı, yerini bilmirsən? - soruşdu.
Qismət, axır ki, kişidən yaxalarını
qurtarmaq yolunun tapıldığına sevinərək:
- Həə, - dedi, - bilirəm, anam ehtiyat pullarını
həmişə paltar dolabında, yükün altında
saxlayır.
Heybət səsini bir az da qısıb:
- Haydı, qaç get evə, o pulu gətir, mən də
bu kişini dilə tutub "olanımız elə budu"
deyib yalvar-yaxar edim, yola salaq, çıxıb getsin, əl
çəksin bizdən.
Gövdəlinin baxtı varmış. Uşaq
qaçaraq dəhlizə girib liftin düyməsini basdı,
bu dəfə qapılar taybatay açıldı. Oğlan
qımışıb düşündü: "Nə
yaxşı lift işlədi, yoxsa indi doqquzuncu mərtəbəyə
qalxanacan nəfəsim kəsilərdi..."
Beləcə Qismətin pul ardınca getməyi ilə
gəlməyi bir oldu. Tez gətirdiyi pulu cibindən
çıxarıb atasının ovcuna basdı.
Ata gövdəli kişiyə yaxınlaşıb az
qala yalvara-yalvara:
- Qardaş, bir işdi də olub! - dedi. - Demirsən sənə
iki yüz manatlıq ziyan dəyib? Gəl yarı-yarıya
bölüşək. Al bu yüz manatı, o başabəla
çərçivəni, torumuzu ver, bu iş də bitsin
getsin.
Yüzcə manatın artıq nağd olduğunu
görən gövdəli kişi bir az çəm-xəm elədi,
sonra da minnət qoyaraq:
- Əşi, daha neynim... İndiyəcən
maşınla iki dəfə dövrə vurub filan qədər
qazanmışdım. Ver də, ver bəri yüz manatı
görüm, - deyərək, Qismətin atasının
uzatdığı pulu alıb saydı və yenə də
minnət qoydu: - Səndən əl çəkməzdim ha,
canın üçün, bax, bu uşağa görə
keçirəm, yaxşı oğlana oxşayır, Allah
saxlasın, - deyib pulu cibinə qoydu, çərçivəli
toru kişiyə tərəf itələyib geri döndü və
tez də uzaqlaşıb yox oldu.
Heybət oğlunu da, özünü də xatadan
qurtardığından məmnun halda rahat bir nəfəs
aldı, sonra da cibindən bir siqaret çıxarıb
odladı. Arxayın-arxayın bir qullab vurmuşdu ki, amerikan
kinolarındakı kovboyların tapança asdıqları
yerindən sallanan telefonu zəng çaldı. Telefonu
qaldırıb qulağına tutdu. Şəstlə bir "bəli"
dedi. Səkinə idi, təntiyə-təntiyə, birnəfəsə,
vəziyyəti, baş vermiş qəziyyəni xəbər
alırdı.
Heybət, böyük bir iş görübmüş
kimi, özündən razı halda izahat verməyə
başladı:
- Əşi, yoluna qoydum, çıxıb getdi. Hə,
ziyanı yarı-yarıya paylaşdıq, yüz manat verib
yola saldım, - deyib siqaretindən bir qullab da vurdu.
Səkinə o başdan: - Necə yəni yüz manat
verdin? Nə ziyan, nə yarı-yarı...
Heybət telefonu qulağından araladı. Sonra yenidən
yaxınlaşdırdı və bu dəfə sifətinin rəngi
yavaş-yavaş dəyişib, səsinin ahəngi
pozulmağa başladı. Səkinənin "sizi
aldadıblar, pulu niyə verdiniz" sözü Heybəti bərk
hirsləndirdi. Ona irad tutan, ağıl vermək istəyən
qadınla üz-üzə dayanıbmış kimi, əlini
qeyzlə yellədib:
- A bacı, mənim işimə niyə
qarışırsan? - dedi. - Qarışma da mənim işimə,
qarışma, vermişəm, belə əcəb də eləmişəm.
Yoxsa o yüz manata görə oğlumla polisə ayaq
döyüb onların sorğu-sualına cavab verəcəkdim?
O boyda Səmid müəllimdən ağır, hörmətli
kişiyəm? Qardaşı oğlunun bir yaşıdına
ilişdirdiyi yüngülvari şapalağın get-gəlindən,
dörd aydır ki, qurtara bilmir. Mənim ağlım
özümə bəsdi, sən işinlə məşğul
ol, - deyib, bacısının o başda daha nə deyəcəyini
gözləmədən telefonu qapatdı.
Ata ilə oğul hələ həyətdən uzaqlaşmamış
Səkinə gəlib özünü yetirdi. Onu gətirib
çatdıran qonşuya "sağ ol, qardaş", - deyib
yola saldı. Qabağına gələn Qismətə:
- Qismət, oğlum, doğrudanmı pulu verdiniz o dələduz
adama? - deyə xəbəri lap dəqiqləşdirmək istədi.
Qismət: - Hə, Səkinə bibi, atam belə məsləhət
bildi, mən də gedib gətirdim, verib yola saldı
maşınının şüşəsi sınan
kişini.
Dərindən bir köks ötürüb vaysınan
Səkinə, gəlib onlara yaxınlaşan Heybətə
üzünü tutub tənə-danlağa keçdi:
- Əşi, Qismət uşaqdı, şəkki yetməyib,
sən ki saç-saqqal ağartmısan, heç olmasa,
özün gedib o kişinin maşınına baxaydın,
gedib sınan yerini gördünmü? Gedib baxaydın da bir!
Heç nədən niyə pul verirsən?!
Heybətin həmişə qırmızıya
çalan sifəti bir qədər də pörtdü:
- Yoox! - deyib, pis iş üstündə
yaxalanmış adam kimi udqundu. - O boyda kişi yalan deyəcəkdi?!
- Əməlinə haqq qazandırırmış kimi əlindəki
torlu çərçivəni göstərib: - Bax, bu da bizim
setka, əlində idi, aldım, - deyib susaraq gözlərini
döydü.
Səkinə:
- Ay-hay, "işimə qarışma" deyirsən,
qarışmıram, amma iş bacaraydın da! Dələduzun
biri sizi avam yerinə qoyub, gör necə tovlayıb əlinizdəki
beş quruşu alıb apardı! Yazıq Minayə də, mən
də dönə-dönə tapşırıb demədikmi o
dələduza pul-filan verməyin, qoyun gedib hara şikayət
edirsə etsin? Gərək onu polisə siz aparaydınız,
onda bir dələduzu ifşa etmiş olardınız. O
gün elə sizin yanınızda danışmırdılar
ki, bəs Xuramanın oğlu Qasidi magistral yolda bir xarabalıq
bayquşu elə bayquş yuvası kimi bir Nuh əyyamından
qalmış "Jiquli"si ilə necə şərləyib
pul qoparmaq istəyirmiş? Sınıq-sökük
maşını bilərəkdən itələyib
uşağın təzə maşınının
qabağına ki, maşınımı əzdin,
ziyanını ödə. Qasid də, eləmə tənbəllik,
heç yerindən tərpənməyib, deyib, noolar gözləyək,
qoy yol müfəttişi gəlib baxsın, günahkarı
ayırd eləsin, əgər taqsırım varsa,
ziyanını ödəməyə hazıram.
Fırıldaqçı planının
alınmadığını, kələyinin üstü
açılacağını görəndə aradan
çıxmaq istəyib. Allahıma qurban olum, ha əlləşibsə,
köhnə maşını işə sala bilməyib.
Müfəttişlər gəlib çıxıb, o
fırıldaqçını dərhal tanıyıblar. Demə,
o köhnə maşın sahibinin işi-gücü bu yolla
adamları şərləyib pul qoparmaq imiş...
"Yaxşı əlimizə düşdün", - deyib o
fırıldaqçını götürüb aparıblar
polisə.
Səkinə Heybətə məzəmmətlə
baxıb:
- İndi biz hardan bilək ki, yekəzol dediyiniz bu
kişi də belə dələduzlardan biri deyilmiş!
Torlu çərçivəni Qismətin əlindən
alıb: - Əşi, bu heç maşın sındırar?
Ala, Heybət, ala bunu, çırp mənim başıma,
görüm yarıb qan çıxarır!? Yarsa, qanım
halaldı sənə! Bunlara bax da, kişi
qırıqları!, - deyərək üzünü yana
çevirdi.
Sonra da məzəmmətin onsuz da faydasız
olduğunu düşünüb üzünü Qismətə
tutdu:
- A bala, ananı maşına götürmədim,
yolda qoyub gəldim ki, onu qabaqlayıb işi yoluna qoyum. -
Sözünün ardını yana-yaxıla gətirdi. - Ay sizi, pir olmuşlar, yamanca qulaq
asdınız mənə, atan yaxşıca yoluna qoydu bu
işi!
Nə fikirləşdisə, Səkinə bu dəfə
onlara qəribə gələn başqa bir sual verdi:
- Ananın saxladığı o yüz manat
bütöv idimi?
Qismət:
- Yox, beş dənə iyirmilikdi.
Səkinə əl çantasını açıb
bir yüz manatlıq çıxararaq oğlana uzatdı:
- Haydı, qaç, tez özünü çatdır
yaxındakı dükana, bu pulu iyirmiliklərə xırdalat,
anan gələnəcən apar qoy yerinə...
Başını aşağı salıb kənarda
durmuş Heybət tərəfə üzünü tutub:
- Ancaq bu iş aramızda qalsın ha, Minayə bilməsin.
Yoxsa yazıq qızın bağrı çatlayar, - dedi. Sonra
burasını da əlavə elədi ki, pula görə yox e,
Minayə işin əslini bilsə, atalı-balalı sizin bu
"fərasətinizə" dözməz...
4-8 noyabr, 2012.
Novruz NƏCƏFOĞLU
525-ci qəzet .- 2025- 18 yanvar(№10).- S.20-21.