Zəka, diqqət və iffət!
Ötən həftə yolumu Fatehdən saldım.
Əslində, əsrarəngiz abidələrdən birini ziyarət
üçün Eminönünə getmişdim. Ancaq
ünvana çatanda baxdım ki, qapıları kilidlidir. Abidənin
həndəvərində tablo satanlardan öyrəndim ki, bura
ancaq xüsusi əsərlərin sərgisi keçirilən
zaman açıq olur. Qalan günlər qapalıdır. Halbuki
internetdəbazar ertəsindən başqa hər gün
açıq olduğuna dair məlumat var. Kefim bir az pozuldu.
Əhvalı təlx halda geri dönmək istəyirdim ki, bir
də baxdım qarşımda çəhrayı bina
ucalır. Sən demə, neçə vaxtdan bəri ziyarət
etməyi nəzərimdə tutduğum, lakin hər dəfə
ertələdiyim İş Bankı Muzeyinin
qarşısında dayanmışam. Tərəddüd etmədən
dərhal içəri keçdim.
Ödənişsiz olması az deyilmiş kimi, hələ
ziyarətçilərə bələdçilər də
verilirmiş. Təbii ki, mütəmadi muzey gəzən biri
üçün bələdçi məsələsi
göydəndüşmə oldu. Səlma adlı bələdçi
xanımla muzeyi gəzməyə başladıq.
Türkiyənin ilk bankı
Türkiyənin ilk bankı olan İş Bankı
Muzeyindəyəm. Bina əsl sənət əsəridir.
Tarixi xeyli qədimdir. Lap əvvəllər Evkaf Nəzarətinə
aid qeyri-müsəlmanlardan cizyə vergisinin
alındığı yer kimi istifadə edilib. 1840-cı illərdə
isə Osmanlı İmperatorluğu dönəmində
poçt təşkilatının qurulduğu Yeni məscidin
atriumunda xidmət göstərən poçt mərkəzi
olub. O vaxtlar bina taxtadan imiş. Şəhərin ticarət mərkəzi
sayılan yerdə yerləşdiyinə görə, daha sonra
"Postahane-i Amire"yə çevirirlər. Lakin aradan illər
keçir, poçt ilə teleqram idarələri birləşdirilir
və adı "İstanbul poçtu" olur. Getdikcə bu
taxta bina poçtda işləyənlərə darısqal gəlməyə
başlayır və yeni binanın inşasına qərar
verilir. Nəticədə, 1890-cı ildə
sökülür, yerində bu gün muzey kimi fəaliyyət
göstərən daş və kərpiclə hörülən
abidə tikilir. İki il ərzində tamamlanan bina
açılışdan sonra istifadəyə verilir. Tezliklə
poçt Sirkəçidə açılan "Böyük
poçtxana"ya köçürülür. Bu bina isə
1917-ci ildə qurulan Osmanlı Milli Bankına verilənə qədər
kiçik poçt kimi fəaliyyətini davam etdirir. Nəhayət,
1927-ci ildə Türkiyə İş Bankının Milli
Bankla birləşməsi ilə bina İş Bankına
verilir. Bundan sonra binada müxtəlif təmir-tikinti işləri
aparılır, bankın bütün əməkdaşlarının
sığa biləcəyi otaqlar təşkil edilir. 1928-ci ildə
bina İş Bankının İstanbul şöbəsi olaraq
xidmət göstərməyə başlayır. Abidə
2004-cü ilə qədər aktiv şəkildə istifadə
edilir. Bir il sonra burada Türkiyə İş Bankı Muzeyinin
açılmasına qərar verilir və bu istiqamətdə
işlərə başlanır.
Atatürkün iqtisadi əsəri
Müzey üç mərtəbədən ibarətdir.
Əslində, sonradan iki mərtəbə də
artırılsa da, çox keçmir, həmin iki mərtəbə
dağıdılır və yenidən binanın əvvəlki
görkəmi bərpa edilir.
Giriş qatına daxil olanda hər tərəfdən
Mustafa Kamal Atatürkün nəhəng fotoları,
büstü, portretləri diqqəti cəlb edir. Bu da təsadüfi
deyil - axı İş Bankını quran da, bankın ilk
müştərisi də Mustafa Kamal paşa olub.
Şüarı isə belə imiş: "Zəka, diqqət
və iffət!" Bununla bağlı bütün sənədləri
muzeydə görmək mümkündür. Eyni zamanda köhnə
reklam afişaları, bankın təbliği üçün
istifadə edilən vasitələr də bu mərtəbədə
sərgilənir. Binada Mustafa Kamal Atatürkə aid bir otaq da
var. Yox, burada Atatürkün şəxsi otağı
olmayıb, sadəcə ona məxsus şəxsi əşyalar
sərgilənir deyə, hörmət və ehtiram əlaməti
olaraq otaq belə adlanır.
Muzeydə surətçıxarma maşını, pul
saymaq üçün cihaz, növbənöv digər
eksponatlar, gözətçi geyimləri, telefon, ilk çek dəftərləri,
Atatürkün əlyazmaları kimi qiymətli nümunələr
sərgilənir.
Zirzəmidə böyük kassa otağı var. Filmlərdə
gördüyümüz bu yerləri gəzmək, gözlə
görmək qəribə hisslər yaradır insanda. Bir
zamanlar kimisi pullarını, kimisi də
daş-qaşlarını və digər qiymətli əşyalarını
burada saxlayırmış.
İlk büst...
Foto çəkdirməyi sevən ziyarətçiləri
nəzərə alaraq, zirzəmidə işıq effektlərinin
vurduğu dəhliz yaradılıb. Foto və videolar çəkmək
üçün ideal yerdir. Mərtəbələr
arasındakı pilləkəndə isə Atatürkün
büstü var. Büst 1924-cü ildə ərsəyə gətirilib.
Atatürk özünün heykəlləşdirilməsinə
- bütləşdirilməsinə qarşı olduğu üçün
sağkən belə addımların atılmasının əleyhinə
olub. Bu sənət əsəri onun sağlığında
hazırlanmış ilk və son büst hesab edilir. Muzeydə
sənətçi İbrahim Çallının bankın rəhbərlərinin
portretlərindən ibarət əsərləri də sərgilənir.
Bu portretlər bankın qurucularından olan Cəlal Bayardan
tutmuş sonuncu müdirinə qədər Çallı ailəsinin
fərqli fərdləri tərəfindən çəkilib.
"Kumbara"
Dəhlizin aşağısında "kumbara"
deyilən pul qabları sərgilənir. Cümhuriyyətin ilk
illərində ölkənin sənayeləşməsində
kilid rolu oynayan bu bank həm də ölkədə qənaət
bilincinin əsasını qoyub. Türkiyədəki
"kumbara" ənənəsi İş Bankının
icadıdır. Məhz bundan sonra yastıq altında saxlanan
pulların bank hesabına yatırılmasına
başlanıb. Təsəvvür edirsiniz, bankın
qurulduğu ilk dörd aylıq dönəmdə sadəcə
96 nəfər "qənaət hesabı"
açdırıbmış. Bir də bu günə nəzər
yetirin, belə bir vəziyyət həmin bankın iflası
deməkdir. Divarlarda insanları öz pullarını banka
yatırmağa çağıran reklam lövhələrini
görmək bəlkə də indi bir çoxlarına təəcüblü
gələ bilər. İstər-istəməz bu günlə
müqayisə aparmalı oluruq. İndi elə bir dönəmdə
yaşayırıq ki, cibində nəğd pulu olan insana
çətin rast gələsən. Bu gün, demək olar ki,
hamının cibi, olan-olmazı bankdadır. İndi muzeyin
divarlarda gördüyümüz bu
çağırış-təbliğat lövhələri
bir vaxtlar insanları buna sövq eləmək
üçün hansı mərhələlərdən
keçildiyini təsəvvürə gətirmək
baxımından mükəmməl nümunələrdir.
İndi nə var, hər şey çox sadədir - bir
toxunuşla bütün sistemi idarə edə bilirsən. Ona
görə deyirəm də, vaxt, zaman dəhşətli
qavramdır - elə sürətlə axır, elə
qaçaraq keçib gedir ki, bir də gördün yolun sonuna
çatmısan.
Böyük dəyişiklik
Muzeydə bir hesablama maşını var. İlk
baxışdan anlaşılması mümkünsüz
görünür, ancaq bir vaxtlar bütün hesab-kitab bu alət
vasitəsi ilə aparılıb. Burada həmçinin ötən
əsrin 50-60-cı illərində bir çox sənaye
quruluşunun - təkər, avtomobil, şəkər,
şüşə sahəsinin inkişafında bankın
rolundan bəhs edən örnəklər də sərgilənir.
Bu mərtəbədə o dönəmə aid bəzi
sənədlər də var. Çoxu Osmanlı dövründə
işlənən əlifba ilə yazılıb.
Çünki bank 1924-cü ildə qurulmuşdu, əlifbanın
dəyişməsi isə 1928-ci ildə həyata
keçirilib. O vaxt hələ soyad dəyişikliyi də
olmadığından burada Atatürk yerinə sadəcə
Mustafa Kamal adından istifadə edildiyini də görmək
olar.
Muzeyin üçüncü mərtəbəsində
bir bölmə var. Burada İş bankının
keçmiş reklamları nümayiş olunur. İzlədikcə
heyrətə gəlirsən. 1982-ci ildə ilk ATM ölkəyə
İş bankı tərəfindən gətirilib. Bank buna
"paramatik" deyilirmiş. Hələ də cihazların
üzərində bu ifadəni görmək olar. 1987-ci ilə
qədər birdəfəlik istifadə üçün
kartlar mövcud olub. Həmin kartları da burada görmək
imkanı var.
Əslində, muzey İş Bankının reklamı
kimi görünür, amma tarixi, bugünkü
bankçılığın hansı yollardan keçdiyini
öyrənmək baxımından da kifayət qədər
mükəmməl və zəngin bir məkandır.
Türkan TURAN
525-ci qəzet .- 2025.- 18 yanvar(№10).- S.19.