"Yuxu" qayıdır
BİR VAXTLARIN MƏŞHUR "YUXU" QRUPUNUN
ÜZVÜ ÇİNGİZ EYVAZOV: "BİZ SONRADAN
BAŞA DÜŞDÜK Kİ, HARDAYIQ"
"Yuxu" rok qrupu 1987-ci ildə Sumqayıt şəhərində
yaradılıb. Qrupun ilk mahnısı "Xəzərin
sahilində" olub. 1989-cu ildə "Qızıl
Payız" musiqi festivalındakı iştirak rok qrupunu
qısa zamanda məşhurlaşdırıb. "Yuxu" Azərbaycanda
yaransa da, fəaliyyətinin əsas hissəsi Türkiyədə
keçib. Fəaliyyət göstərdiyi illər ərzində
qrup 3 albom buraxıb: "Xəzərin sahilində" (1993),
"Sumqayıt" (1994) və "Ölümə çarə
yox" (2001). "Yuxu"nun bütün mahnıları Azərbaycan
dilində idi. Qrup 2001-ci ildə fəaliyyətini dayandırsa
da, bu gün də bir sıra mahnıları dilllər əzbəridir.
Müsahibimiz "Yuxu" qrupunun üzvü, zərb alətləri
ifaçısı, tanınmış döymə ustası
Çingiz Eyvazovdur.
- İşləriniz necə gedir?
- Bizim işimiz gözləməkdir. Bu sahədə səbir
mütləqdir. Çünki döymə yemək-içmək
deyil ki, daim tələbat olsun. Bir də görürsən
iş çoxdur, yaxud da heç yoxdur.
- Təbii ki, yemək-içmək qədər olmasa
da, bu gün döyməyə kifayət qədər maraq var
axı.
- Maraq artdıqca döymə ustaları da
çoxalır. İstənilən halda seçim imkanı
artsa da, insanlar diqqətli olmağa, peşəkara müraciət
etməyə çalışırlar. Nəticə etibarilə
döyməni ömür boyu bədənində
daşıyırsan. Hər kəs istəyir ki, düzgün
seçim etsin.
- Türkiyənin bir sıra məşhur simaları
ilə işləmisiniz. Onların içərisində kimlərin
adını çəkə bilərsiniz?
- Vaxtilə Ajda Pekkan, Cem Yılmaz, Şafak Sezer kimi məşhurlara
döymə etmişəm. Ümumiyyətlə, Türkiyədə
olduğum dövrdə çox məşhurlarla işləmişəm.
- Əgər orada belə yaxşı karyera
qurmuşdunuzsa, niyə qayıtdınız?
- Hə, Türkiyədə çox yaxşı
karyera qurmuşdum. Ancaq sonradan sənədlərimdə problem
yarandı. On il öncə sənədlərimi düzəltmək
üçün Azərbaycana gəldim. Problem həll
olunmadığı üçün burada qalası oldum.
Şükür Allaha, burada da qarnımızı doyuracaq qədər
qazana bilirik.
- Maraqlıdır, döymə işinə həvəs
sizdə necə yaranıb?
- Hələ on bir-on iki yaşım olanda bu işə
marağım yaranmışdı. Böyüklərimizin əllərində-qollarında
döymələr görürdüm, mənə maraqlı gəlirdi.
Onların çoxu ya əsgərlikdən, ya da həbsxanadan
qalma olsa da, diqqətimi çəkirdi. On iki yaşım
olanda evdəkilərdən xəbərsiz mürəkkəb
alıb özümə döymə elədim.
- Nə yazmışdınız?
- "Ana" (gülür). Bundan sonra məhlədə
uşaqlar istədilər, onlar üçün də etdim.
Sonra musiqi ilə məşğul olmağa başladım.
Müəyyən fasilə yaransa da, Türkiyədə
yaşadığım dövrdə döymə ilə
peşəkar şəkildə məşğul olmağa
başladım.
- Musiqi ilə nə vaxtdan məşğul olursunuz?
- Zərb alətlərinə hələ uşaq
yaşlarından meyl edirdim. Yadımdadır, yayda rayona gedəndə
fındıq ağaclarının dibindən çıxan qələmlərdən
özümə iki dənə qəşəng çubuq
düzəltmişdim. Divanın, stolun üstündə həmin
çubuqlarla məşq edirdim. Evdəkilər də əlimdən
bezmişdi. Saat birdə-ikidə durub məşq edirdim,
onları yatmağa qoymurdum. Xüsusilə də, atam əsəbiləşirdi.
Beləcə dizlərimin üstündə barabanı öyrəndim.
Evdəkilər əvvəlcə narazı olsalar da, işin
ciddiyyətini görəndən sonra mane olmadılar.
- Bəs "Yuxu" ilə yolunuz harada kəsişdi?
- Gitaristimiz rəhmətlik İbrahimlə qonşu
idik. Ona evdən gitara almışdılar, mənə də
nağara. İbrahim məhlədə xarici mahnılar ifa
edirdi, mən də onu müşayiət edirdim. O, tez-tez qrup
yaratmaq istədiyini deyirdi. Sonra Namiqlə danışıb onu
da gitarist kimi götürdük. Vokalistimiz isə elə yan
binamızda qalan Cəsur Nemətov oldu. Beləcə, qrup
yarandı. Adını da rəhmətlik İbrahim
qoymuşdu. Deməli, xeyli vaxtdır məşqlərə
başlasaq da, qrupun adı yox idi. Bir gün İbrahim dedi ki,
yuxuda konsert verdiyimizi görüb, söhbət
açılandan sonra biz də qrupla bağlı
yuxularımızı danışdıq. İbrahim də dedi
ki, gəlin qrupun adını "Yuxu" qoyaq.
Yadımdadır, ilk konsertimiz Sumqayıtda
"Kimyaçılar" klubunda olmuşdu.
İki-üç mahnıdan sonra zaldakılar arasında dava
düşmüşdü. Nəsə sözləri düz gəlməmişdi.
Beləcə konserti təxirə salmalı olduq. Sonra da bir-iki
yerdə çıxış etdik.
- Və nəhayət, "Qızıl payız"la
başlayan qızıl dövr...
- Bəli, 1989-cu ildə
"Qızıl payız" müsabiqəsində birinci yer
tutmağımız qrupun məşhurlaşmasında
mühüm rol oynadı.
- Bəs niyə məşhurluğun zirvəsindəykən
çıxıb getdiniz?
- "Qızıl payız" müsabiqəsində
çıxışımızdan sonra kulisə keçəndə
orada xeyli menecerlərin olduğunu gördük. Həmin
menecerlərdən biri də Paskal adlı xanım idi. Paskal
bizə əməkdaşlıq təklif etdi. Biz də şərtlərlə
tanış olandan sonra razılaşdıq. Paskal bizə
Fransaya aparmağı sözü versə də, həmin vaxt
biz Türkiyəyə getməyi planlaşdırırdıq.
- Niyə məhz Türkiyə?
- Rəhmətlik İbrahimin Türkiyədə
qohumları yaşayırdı. O vaxt qəzetdə ayrı
düşən qohumları tapıb əlaqələndirirdilər.
İbrahim də həmin qəzetlərdən birinə
müraciət edib öz qohumlarını tapmışdı.
Daha sonra da onları görmək üçün Türkiyəyə
getmək istədiyini dedi. Biz də qrup olaraq qərara gəldik
ki, onunla gedək və işlərimizi Türkiyədə
davam etdirək. Ora gedəndən sonra əvvəlcə
barlarda işləməyə başladıq. Sonra isə
"150 plak" şirkətinə çətinliklə də
olsa, yol tapdıq. Beləcə yavaş-yavaş Türkiyədə
işimizi qurduq.
- Bəs Paskal?
- Biz Türkiyədə olanda Paskal ora gəlib
lazımi sənədlərimizi təhvil aldı ki, Fransada
qalma iznimizi həll edə bilsin. Ancaq nə qədər cəhd
etsə də, alınmadı. Beləcə, bizim Fransa
xülyamız gerçəkləşmədi. Türkiyədə
qalıb işlərimizi elə orada davam etdirməyə qərar
verdik. Zaman keçdikcə daha çox tanınmağa
başladıq. "Yuxu" qrupu haqqında Türkiyə qəzetlərində
"Azərbaycanın rok fırtınası İstanbulda"
başlığı ilə məqalələr
çıxırdı.
- Yəqin bu məşhurluğun nəticəsi idi ki,
qrup Barış Mançonun verilişində qonaq olmuşdu.
- Bəli, Barış Manço ilə bir səhnəni
bölüşmək çox həyəcanverici hiss idi. Həmin
dönəm "Kanal D"nin açılışında da
iştirak etmişdik. Sonra ən məşhur barlarda işləməyə
başladıq. Hətta "Scorpions" qrupu Türkiyəyə
gələndə onların konsertində alt qrup kimi
çıxışımız nəzərdə
tutulmuşdu. Ancaq Türkiyədə çalışma icazəmizlə
bağlı problemlər olduğu üçün həmin
konsertdə biz yox, "Mor ve ötesi"
çıxış etdi.
- Bəs bu kimi problemlərlə üzləşəndə
qayıtmağı düşünmədiniz?
- Bilirsiniz, o vaxt Azərbaycanda konsert vermək, bu
istiqamətdə davamlı iş görmək çox çətin
idi. Düzdür, biz "Qızıl payız"dan sonra məşhurlaşmışdıq.
Ancaq o dövrdə bizdə roka maraq çox deyildi. Bura
qayıdıb başqa neyləyəcəkdim ki? Qrup yaranmazdan əvvəl
zavodda elektrik qaynaqçısı kimi
çalışırdım. Yenidən qayıdıb zavodda
külüng vurmaqdansa, orada musiqi ilə məşğul olmaq
daha məntiqli gəldi. Düzdür, Türkiyədə də
həyatım asan keçmirdi. 1996-ci ildə musiqi ilə
paralel olaraq döymə işinə başlamışdım.
Gündüzlər döymə ilə məşğul
olurdum, gecələr isə barda çıxış edirdim.
Çox stresli həyat yaşamışam. Üstəlik,
Çernoblda da olmuşam. Onun fəsadlarını çox
çəkdim. Özü də Çernobl partlayandan cəmi
bir il sonra getmişdim.
- Yəni qrup yaranmazdan öncə.
- Bəli, həmin vaxt mən inşaat sahəsində
çalışırdım. Bir gün gəlib dedilər ki,
Çernobl yaxınlığında bir şəhərin bərpası
üçün briqada yığılır. Çoxları
ailələrini bəhanə edib getməkdən boyun
qaçırdı. Sən demə, onlar Çernoblın
mahiyyətindən xəbərdar imiş.
- Siz hara getdiyinizi bilmirdiniz ki?
- Yox. Mən hələ
hadisənin mahiyyətini tam anlamırdım, ona görə də
təklif gələn kimi şələ-küləmi
yığışdırıb getdim. Gördüyümüz
işin müqabilində çox yaxşı pul aldıq. Demək
olar ki, buradakı günlük qazancımızın iki
qatı qədər. Əvvəl oralar mənə çox
normal gəlirdi. Sonradan anladıq ki, biz hardayıq. Mənimlə
çiyin-çiyin işləyənlərdən ikisi gənc
yaşında vəfat etdi. Dedilər, ölümü tezləşdirən
məhz Çernoblın fəsadları olub. Məni də
başağrısı, əsəb problemləri uzun müddət
narahat etdi. Ona görə də uzun müddət ağrıkəsicilərdən,
antidepressant dərmanlardan istifadə eləmişəm.
- Çingiz bəy, "Yuxu" qrupu niyə
dağıldı?
- Əvvəlcə vokalistimiz Cəsur təhsilini davam
etdirmək üçün qrupdan ayrılıb Moskvaya getdi.
Sonra Türkiyədə güclü zəlzələ baş
verdi. Bu hadisə bir çox sahələr kimi, musiqi sahəsinə
də təsir elədi. Müəyyən müddət sonra
hiss etdik ki, alınmır. Hərə özünə bir
iş tapdı. Beləcə qrup dağıldı.
- Yəni aranızda heç bir konflikt yox idi?
- Mən çox dərinə getmək istəmirəm.
Düşünürəm ki, qrupdaxili məsələləri
açıb-ağartmaq düzgün deyil.
- Dostluq əlaqələrini qoruya bildinizmi?
- Namiqlə daim
danışıram. Cəsuru da hərdənbir görürəm.
- Cəsur gedəndən sonra Zaur adlı vokalistlə
davam etdiniz. O indi haralardadır?
- Zaur Türkiyədə yaşayır. Onunla
axırıncı dəfə bir neçə il öncə
Azərbaycana gələndə
görüşmüşdük.
- İndi sizi tanıyanlar olurmu?
- Əlbəttə. Özü də çox. Tez-tez
yaxınlaşıb şəkil çəkdirirlər.
(Gözüm Çingiz
bəyin boynundakı "Yuxu" yazılan döyməyə
sataşır)
- Yəqin ki, "Yuxu" üçün çox
darıxırsınız.
- Nə
danışırsınız, darıxmaq da sözdür? O
günlər, çıxışlarımız tez-tez
yuxularıma girirdi. Səhər oyanıb görəndə ki,
gerçək deyil, çox pis olurdum. Bir neçə dəfə
qrupu yenidən bərpa etmək istəsək də, baş
tutmadı. Sonuncu dəfə üç-dörd il öncə
rəhmətlik İbrahimlə danışdıq ki, yenidən
toplanaq. Ancaq alınmadı. Namiqin Türkiyədə işləri
var. Eyni şey Cəsur üçün də keçərlidir.
Onun da Moksvada qurduğu bir həyatı vardı. Yenidən
başlamaq üçün aylarca məşq etmək
lazımdır. Biz onları anlayışla
qarşıladıq. "Yuxu"nu qaytarmaq rəhmətlik
İbrahimin arzusu idi. Bu arzunu reallaşdırmaq
üçün artıq yola çıxmışam. Bir
müddətdir ki, istedadlı gəncləri başıma
toplayıb məşqlərə başlamışıq.
- Yəni "Yuxu" qayıdır?
- Özü də necə...
Aytac SAHƏD
525-ci qəzet .- 2025- 18 yanvar(№10).- S.18.