Elə bilirdim, unutmuşam...
"Düşüncə
fraqmentləri" silsiləsindən
...Bu şəhərin sükutunda
addımlarımı sayarkən ruhumun kölgəsinin
qatılığında illərlə sənə
anladacağım hekayələri saxladım. Allahın ver
günü içimdə kitablar yazılır - oxucusu sən
olmayan kitablar.İ lhan Berkdən yaxşı necə deyim ki:
"Hala her şeyi sana anlatacaqmış gibi
biriktiriyorum..." Cümlə-cümlə döyüntülər
keçir könlümün evindən - qoşun kimi. Sənə
demədiyim sözlər qum fırtınası kimi ələnir
kirpiklərimin çəpərindən... Həyatımın
hər günü bir şüşə içində dənizə
atılan məktub kimidir. O şüşələr
açılırmı, o məktublar oxunurmu bilmirəm?..
Bildiyim odur ki, "Ben senin gittiğin günün
ertesiyim!" Bu, sən olmayanda yaşam fəlsəfəm
oldu. Zaman illüziyası yaddaşımla oynadı. Sən əslində
vardınmı, yoxdunmu, bunu belə çözümləyib
başa çıxa bilmədiyim vaxtlar oldu. Ən dadlı
ziddiyyət də bu idi: bu mahiyyətdə "var olmaq"
üçün varlığına möhtac qalmaq lazım
imiş. Bütün qəlbim sənə minnətdarlıqla
doludur: yoxluğun üzərində varlığımı
inşa etmişəm, bəlkə sən həyatımda
"olsaydın", mən həyatda olmayacaqdım...
...Bu yazıda sonacan İlhan Berkle birlikdəyəm.
Yazdıqlarıma o nəzarət edir bu gün, səninlə
sükutun dilində danışmaq istəyirəm əslində,
amma "yaz" deyir. Öz dilində öz misrası ilə
cavab verirəm: "Bize, yazdığımızı
değil, yüreğimizi okuyacak insanlar lazım". Susur...
Bilir ki: "Sensiz karanlığın çizgisine
koymuşlar umudu..." İllərin o üzündə dəfn
edilən xatirələrimiz də, yəqin ki, "əsl
müsəlman qaydasınca" dəfn edilib, məzarın
yeri torpağa qarışıb, itib... Amma istəyirəm biləsən
ki, "Bazı şeyleri sana yazdığımı
düşünüyorsan, yanılıyorsun, her şeyi sana
yazıyorum..." Hər şeyi qaldıra bilməyəcəyini
bilərək... Sevildiyini bilmək gözəldir demişdin,
bəlkə heç ağlına da gəlməmişdi
çox sevilməyin yolunun dəlicə sevməkdən
keçdiyini. Sən sevilən tərəfdə qal... "Ben
az konuşurum, sen çok anal..." Çünki tək
ehtiyacım sənin anlamağındı. "Madem ben
dokunamıyorum sana, bari yazdıklarım dokunsun..."
...Sonuncu rastlaşmağımızda sakitcə, hətta
bəlkə də laqeyd ədayla
danışdığımız yerdə anidən
baxışımın içinə dalıb sirli
işıltı ilə gözündən
gülmüşdün... Elə bilirdim, unutmuşam... Amma
beynin mübhəm oyunları var,
bağışladığımı sandıqlarım da
unutduqlarımmış... Elə bilirdim silinib hər şey
yaddaş kitabımdan. Sadəcə "əməl dəftəri"mdə
qaldığını düşünürdüm... O an - o
baxış, o gülüş, hardan peyda olduğu bəlli
olmayan o sehrli parıltı - hamısı birləşdi, qəribə
bir yaddaş oyanmasımı, oynamasımı baş verdi. Qəfildən
bütün unutduqlarımı xatırladım. Unudulmuş
bildiyim bir həqiqət dirilmişdi - beynimin köhnə, amma
"minalanmış" sərhədlərində sərbəst
gəzişən kölgə kimi... O aidiyyət
gülüşü bütün silinən xatirələrimi
geri qaytarırdı, məni tək bir anın içində,
zamanın çox uzaq, amma cazibə orbitindən qurtulması
mümkünsüz olan o hüduda doğru sürükləyirdi.
Gözündəki sadəcə mənim bildiyim
parıltının işığında, o gülüşdə
hər şeyi xatırladım - o mistik sərxoşluğu,
"bir gün Alzeymer olsam belə, bunu unutmaram"
deyişini, "fələstinlilərin Qüdsü, yəhudilərinYerusəlimi
istədiyi kimi" arzulayışını, gerçəkliklə
illüziyanın sərhədlərinin qarışıb
itdiyi anları... Və o anlardan sonra başlayan əbədiyyət
kimi məsafəni, lap məsafəni, çox məsafəni,
məpməsafəni... Unudulanlar və xatırlananlar
arasında uçurum yaradır zaman. Bəzən
düşünürəm ki, biz nə qədər
unutmağa çalışsaq da, yaddaşın öz aləmində
heç bir şey həqiqətən silinmir, hər şey
şüuraltının altında saxlanc kimi qorunur. Onun
yalnız üzərini örtüb, dərinlərdə gizlənməsini
təmin edirik. Bütün o illər, bütün o mərhələlər,
o "məpməsafə"nin arxasında gizlənir.
Düşünürəm, bu "məpməsafə" bəlkə
də sadəcə bizim yaşadıqlarımızın fərqli
qatlarını təmsil edən bir ruh halıdır, vəssalam.
Bütün həyatımız boyu bu məsafənin
içində dolaşırıq; heç yerə getmirik,
amma hər zaman bir yerdəyik. Yaddaş, bir zamanlar bəlkə
də gözəl olan hər şeyin əks-sədasıdır.
İnsanın həyatda qarşılaşdığı o
"gerçək anlar" - nə qədər dərin
olursa olsun, nə qədər insanın taleyində iz buraxarsa,
buraxsın, hamısı əslində illüziyadır. Dərinləşib
ikimizi də udan alacaqaranlıq çoxillik uçurumun bilinməzliyi,
gedişlərin və dönüşlərin cəminin fərqi,
çıxılıb azaldığımız bu hasildəki
son qismət anidən əlimdən çıxan dəmir
qapı kimi çaxılmışdı xatirələrimin
çərçivəsinə... Bütün bu illər,
itirilmiş zamanın təzələnməsi,
illüziyanın gerçəkliyə qarışması...
İçimdəki bu dərin, mürəkkəb
qarışıqlığın əks-sədası kimi
yaranan o anı bir daha unutmağım mümkün
olmayacaqdı. O gözündən gülməyin bir zamanlar mənə
aid olan, həm də heç vaxt təkrarlanmayacaq hər
şeyi xatırlatmışdı.
Dərin və əvəzolunmaz olan o anlar gözlərdəki
parıltı ilə çərçivələnib köhnə
şəkil kimi asılıb yaddaş divarımda. Görənlər
tanımırdılar, "kimdir?" soruşmaqdan özlərini
saxlaya bilmirdilər, bircə mən bilirdim kimdin, səni
heç kimə tanıtmadan... Və mən sadəcə o
şəkli yadımda saxladım ondan sonra. Sənin
gülüşündə zamanın, itkilərin,
yaşanmışlıq və boşluqların birləşdiyi
bir aləmə dəvət vardı: dilə gətirilməyən
dəvət. Bilirdim ki, o dəvətdə bütün xatirələrin
yekunu toplanmışdı. Sözlər yoxa
çıxmışdı, daha sənə sözüm
qalmamışdı... Oanı, o gözlərdəki
gülüşü, üzdən saralmış kimi
görünsə də, dəyərini heç itirməyən
bir şəkli yaddaşımın divarında həmişəlik
saxladım. Hər şeyin bir sonu var və hər şey bir
gün tükənir. Amma bilirəm ki, o gözlərdəki
gülüş, baxışlardakı ikimizə aid o sehrli
qığılcım yaddaş divarındakı o şəkildən
bir də heç vaxt silinməyəcək. O şəkil
zamanın sükutunda, yaddaşın dərinliklərində
asılıb qalacaq... Çünki o şəkildəki
"bir gülüşün yeterdi bana, ömrümün geri
kalanını aydınlatmaya..."
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet .- 2025- 18 yanvar(№10).- S.17.