Milli Konservatoriyanın rektoru:
"Deməzdim ki, çox cəsarətliyəm..."
PROFESSOR KAMİLƏ DADAŞZADƏ:
"GƏNCLƏRİMİZ TƏLƏSİRLƏR Kİ,
TEZ TANINSINLAR"
Qarşılayıb yola salmaq kimi fürsətimiz olan
hər bir il Tanrının bizə lütfüdür. Gələn
hər yeni ildən gözləntilər həm çox, həm
də müxtəlif olur. Yeni ilə yeni
başlanğıclar, nailiyyətlər, saysız istəklər,
xəyal kimi gördüyümüz arzuların gerçəkləşəcəyi,
qazanmaq istədiyimiz uğurlar kimi baxırıq. Təki
hamının istəyi gerçək olsun.
Lakin o da var ki, bu gün dünya məhvərindən
çox çıxıb. Hamımız bunun fərqində
olsaq da, ümid sonda ölür düşüncəsilə inamımızı
itirməməyə çalışırıq. Və bu
gün hamının ən ümdə istəyi
dünyanın əmin-amanlıq, sülh, barış
içində var olmasıdır.
Əziz oxucu, yeni ilin ilk ayında sizlərlə elə
ilk görüşümüzə gəlib çatdıq.
Bugünkü şənbə qonağımızın vədəsini
hələ ötən ildən alsaq da, gerçəkləşdirə
bilmədik. Səbəb isə həmişə olduğu kimi
vaxt darlığına söykəndi. Lakin o, bizə yeni ildə
ilk qonağımız olacağına söz verdi və vədinə
əməl etdi. Hər telefon əlaqəsində qiyabi də
olsa, onun kübarlığını hiss etmək olurdu.
Kökdən gələn ziyalılıq daha sonra parlaq bir nəslin
nuruna qarışa bilmişdi. Amma istədik ki, bu haqda
özü danışsın.
Yeni ildə ilk qonağımız Azərbaycan Bəstəkarlar
İttifaqının üzvü, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, Azərbaycan Milli
Konservatoriyasının rektoru, professor Kamilə Dadaşzadədir.
- "Dərdi dünya olanın, dünya qədər
dərdi olar". Yunis Əmrənin
deyimidir. Həqiqətən də bu gün narahat
dünyanın elə özü boyda dərdi var...
- Suala birmənalı cavab vermək
qeyri-mümkündür. Təbii ki, dünyada baş verən
proseslərdən kənarda qalmaq olmaz və bunlar bizə
öz təsirini mütləq şəkildə göstərir.
Odur ki, yaşadığımız dövrdə cərəyan
edən son dərəcə mürəkkəb proseslərə,
müşahidə etdiyimiz kataklizm və sarsıntılara bir
insan, bir vətəndaş kimi laqeyd qalmaq kimi hüququmuz
yoxdur. Eyni zamanda bu gün məni rəhbərlik etdiyim ali təhsil
ocağının gündəlik problemləri və
strateji vəzifələri də
narahat edir. Yəni əksər insanlar kimi, məni də
"dünya qədər dərdi olan dünyanın"
problemlərilə paralel sırf fəaliyyətim, həyatım,
daxili dünyamla olan məsələlər narahat edir. Burada
yenə də Yunis Əmrəyə istinad edək: "Bir mən
vardır məndə, məndən içəri"...
- Böyüdüyünüz mühitlə
başlayaq söhbətimizə...
- Valideyn haqqında danışmaq həmişə
çətindir. Onları itirəndən sonra bu mövzu
xüsusilə həssas müstəviyə keçir.
Qayğıkeş, eyni zamanda çox tələbkar valideynləri
olan ziyalı bir ailədə böyümüşəm. Atam
Kamal (Hüseyn) Axundov uzun illər Sumqayıtda məsul vəzifədə
çalışıb və bu şəhərin
salınmasında, abadlaşdırılmasında onun müstəsna
xidmətləri olub. Ailəmizdə dörd uşaq
böyüyürdü. Buna baxmayaraq, anam elmi fəaliyyətindən
heç zaman geri qalmadı, elmlər namizədi adını
almaq üçün dissertasiyanı da müdafiə etdi.
Evimizdə ciddi nizam-intizam qaydaları vardı. İşinin
ağırlığına və məsuliyyətinə
baxmayaraq, həm tərbiyəmizdə, həm də təhsilimizdə
atamın rolu böyük olub. Bizim bir fərd olaraq yetişməyimiz
onun həyatının deyərdim ki, əsas qayəsi idi. Yadımdadır ki, musiqi təhsilim
üçün lazımi notları, bir qədər çətin
tapılan dərsliklərin əldə oluması məsələsini
o, öz üzərinə götürmüşdü.
Ümumiyyətlə, valideynlərim bizim yaxşı təhsil
almağımız üçün hər cür şərait
yaratmışdılar.
- Deməli, Sumqayıtın yetirməsisiniz...
- Sumqayıtda anadan olub, dördüncü sinfə qədər
həm orta, həm musiqi məktəbində orada oxumuşam.
Lakin atamın iş yeri dəyişdirildiyindən biz
Bakıya köçdük və mən təhsilimi
Bülbül adına Orta İxtisas Musiqi Məktəbində
davam etdirdim. Bu məktəbin qeyri-adi mühitini o
dövrün heç bir təhsil ocağındakı şəraitlə
müqayisə etmək olmazdı. Sonrakı peşə fəaliyyətimdə
Bülbül adına məktəbin yaratdığı təməl
çox əhəmiyyətli olub.
- Yəqin ki, sənət seçimində sərbəst
olmusunuz...
- Əslində ədəbiyyata böyük
marağım vardı. Kiçik hekayələr, şeirlər
yazmaqla qələmi də sınamışdım. Bu günə
qədər ədəbiyyata olan marağım sönməyib.
Mənə elə gəlir ki, bu maraq və istək atamın
ixtisasca filoloq olmağından qaynaqlanır. Məhz o, bizim ədəbi
düşüncələrimizin formalaşmasına təsir
göstərə bilib. Etiraf edirəm ki, məni musiqi sahəsinə
yönləndirən anam olub və
bundan əsla heyifsilənmirəm.
Bilirsiniz niyə? Ona görə ki, tədqiqat obyekti kimi
seçdiyim aşıq sənətində yalnız ədəbiyyatşünaslıq
nöqteyi-nəzərindən araşdırmaq kifayət
deyil, onun sinkretik təbiətini
dərk etmək üçün musiqi ünsürünü
də təhlilə cəlb etmək vacibdir. Bu məqsədlə
mən öz araşdırmalarımda müasir fənlərarası
istiqamətlərdən -
semiotika, koqnitivistika, sinergetika və s. metodoloji prinsiplərdən
yararlanmağa çalışmışam.
- Sizi cəlb edən, marağınıza səbəb
olan aşıq sənəti...
- Bunun əsası tələbəlik illərindən
qoyuldu. Diplom işimi bəstəkar Aqşin Əlizadənin
yaradıcılığı istiqamətində nəzərdə
tutmuşdum, hətta bununla əlaqədar müəyyən
işlər də görmüşdüm. Lakin elmi rəhbərim
Firəngiz Əlizadənin tövsiyəsilə diqqətimi
etnomusiqişünaslıq sahəsinə yönəltdim və
aşıq sənətilə məşğul olmağa
başladım. Bu zaman kifayət qədər mürəkkəb
bir mövzuya müraciət etdim. O dövrdə aşıq sənəti
az işlənmiş bir sahə idi. Həqiqətən həmin
illərdə sənətin bu növü elə bil ki, diqqətdən
kənarda qalmışdı. Eyni zamanda aşıq musiqisi mənə
tamamilə yad bir sahə idi, əslində onu heç vaxt dinləməmişdim.
Ailəmizdə həmişə
muğam səslənib, çünki atam onu çox
sevirdi. Lakin aşıq sənətinin çox qədim
kökləri məni çox maraqlandırdı. Beləliklə,
bir neçə səbəb mənim aşıq sənətinə
köklənməyimlə nəticələndi. Tədqiqatları,
araşdırmaları apardıqca belə qənaətə gəldim
ki, seçimimi düzgün etmişəm.
- Aşıq sənətinin Azərbaycan musiqi tarixinin
əsası olduğu fikri hələ də var...
- Bunu birmənalı şəkildə söyləmək
mümkün deyil, çünki konkret qaynaqlarımız
yoxdur. Azərbaycan hər zaman mürəkkəb geosiyasi,
etno-tarixi proseslərin kəsişməsində yerləşən
bir ərazi olub. Əlbəttə, bu amil onun musiqi mədəniyyətinin
təşəkkülü və inkişafına da təsir
göstərib. Məlumdur ki, türk bədii təfəkkürünün
ən parlaq təzahür formalarından olan ozan-aşıq sənəti
Azərbaycanda qədim ənənələrə malikdir. Eyni
zamanda Azərbaycan ənənəvi musiqisinin ikinci
mühüm qolu olan muğam sənətinin də
qaynaqları çoxəsrlik tarixə söykənir. Bu
baxımdan konkret fikir söyləmək, nəyəsə
istinad etmək çətinlik yaradır.
- Yəqin ki, Milli Konservatoriyada bu sənətin həm
tədqiqatçısı, həm də rəhbəri kimi yeniliklərə
imza atmaq kimi bir fikriniz var...
- Milli Konservatoriyada Azərbaycan ənənəvi
musiqisinin mühüm qolunu təşkil edən aşıq sənəti
bütün regional zənginliyi və musiqi-üslub rəngarəngliyilə
tədris və tədqiq olunacaq. Bu məqsədlə
hazırda tədbirlər planı üzərində iş
gedir.
- Haqqınızda araşdırma apararkən məlum
oldu ki, bir neçə xarici layihələrdə iştirak
edib məruzələrlə çıxış etmisiniz.
Dünya və aşıq sənəti...
- Təəssüflə qeyd etməliyəm ki,
aşıq sənəti muğam qədər dünyada
tanınmır. Lakin o da məlumdur ki, aşıq sənəti
2009-cu ildə YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin
Reprezentativ siyahısına daxil edilib və bu sənətlə
məşğul olan xarici mütəxəssislər var. Məsələn,
bir nəfərin adını çəkə bilərəm -
amerikalı tədqiqatçı Anna Olldfield. Bu xanımla
sıx əlaqələrimiz var, mütəmadi olaraq Bakıya
gəlir və xüsusilə Azərbaycan qadın
aşıqlarının fəaliyyətilə maraqlanır.
Aprel-may aylarında onun gəlişini gözləyirik. Onunla
birlikdə ilk aşıqşünas alimimiz Əminə
Eldarovanın arxivi üzərində müştərək
iş aparacağıq, yəni bir layihə ilə əlaqədar
ortaq fikrimiz var. Bu dəyərli arxivi rəqəmsallaşdırmaq
niyyətindəyik,
çünki o özündə çox dəyərli və
lazımlı məlumatları, faktları ehtiva edir. Bu səpkili
tədbirlər aşıq sənətinin dünya
miqyasında tanınması istiqamətində mühüm rol
oynaya bilər.
- 2000-ci ilə qədər bizim dahi Üzeyir bəyin
adını daşıyan, Azərbaycan mədəniyyətinə
görkəmləri nümayəndələr bəxş edən
bir konservatoriyamız vardı. Lakin deyəsən, kifayət
etmədi...
- Gəlin tarixə nəzər salaq. Artıq bir əsrdən
çox yaşı olan Azərbaycan Dövlər
Konservatoriyasında (İndiki Bakı Musiqi Akademiyası)
Üzeyir Hacıbəylinin təşəbbüsü ilə
digər şöbələrlə yanaşı, "Şərq"
şöbəsi də açıldı. XXI əsrin əvvəlində
qloballaşma proseeslərinin sürətlə inkişaf etdiyi
bir dövrdə Azərbaycan milli musiqisinin qorunması və
dünya miqyasında təbliği məsələləri
aktuallaşdı. 2000-ci ildə Ümummilli lider Heydər
Əliyevin təşəbbüsü ilə Milli
Konservatoriyanın yaranması tarixi bir zərurət idi. Bu
gün Azərbaycan muğamının, ənənəvi
musiqimizin müxtəlif növlərinin beynəlxalq arenada
yayılması digər amillərlə yanaşı, həm də
bizim ali təhsil ocağının missiyasının bir təzahürüdür.
- Beynəlxalq miqyasda tanınmaq, hər hansısa layihələrə
imza atmaq, ölkəyə mükafatlar gətirmək yüksək
alqışlara layiqdir, bu, öz yerində. Amma sərhəddən
kənara çıxmayan mədəniyyət və incəsənətimiz
həmişə ürəkaçan deyil axı...
- Bunu heç kəs inkar etmir. Təbii ki, belə
hallar mövcuddur. Bu, təkcə bəstəkarlıq və
ifaçılıq sahəsində deyil,
musiqişünaslıqda da öz izlərini qoyub.
- Günümüzün təbliğat məkanı
bizim efirlərimizdir və tamaşaçıya təqdim
olunan biabırçılığın da adını
qoyublar şou. Amma səmimi cavab almaq istəyərdim...
- Əslində şou anlayışının ilkin mənasında
mənfi deyə heç nə yoxdur. Lakin bu gün
tamaşaçının böyük marağına səbəb
olan bir çox əyləncəli verilişlər birmənalı
şəkildə dağıdıcı rol oynayır. Mədəniyyətin
ekologiyası adlı bir anlayış var. Bax, bu gün
tamaşaçını ekrandan ayrılmağa qoymayan bu eybəcərlik
məhz mədəniyyətimizin ekologiyasına böyük zərbədir.
- Bu gün bayağı musiqilər xitə çevriləcək
qədər sevilir...
- Bu, yalnız tərbiyə və təlqin etmək
üsulunun nəticəsidir. Belə bir təcrübə var: əgər
mütəmadi olaraq insana hansısa bir musiqimi deyək, əxlaqi
"normativ"mi deyək, təlqin edilərsə, bu, onun
beyninə həmişəlik həkk olacaq. Yenə də məsələ
gəlib düzgün təbliğata söykənir. Bu gün
kütlənin mədəni səviyyəsini qaldırmaq
vacibdir. Mən o bayağılığa musiqi
sözünü belə, yaraşdırmıram. Düzü,
bilmirəm bunu necə adlandırmaq olar. Bu acınacaqlı vəziyyətin
bircə yolu var - o da düzgün təbliğatdır, yəni
hansı səmtə üz tutsaq da, yenə də bu nöqtəyə
gəlib çıxırıq.
- Söhbətimizin məcrasını bir qədər
dəyişmək istərdim. Milli Konservatoriyaya rəhbər
təyin edilənə qədər Azərbaycan Mədəniyyət
və İncəsənət Universitetində kafedra müdiri
olmusunuz, yəni həm orada, həm yeni ünvanda əsas əhatə
dairəniz gənclər olub. Yeni nəsil gəncliyimizdən
danışaq bir az...
- İstedadlı, savadlı gənclərimiz
çoxdur. İncəsənətə, musiqiyə
böyük maraqları var, yeni elmi biliklər əldə etməyə
çox həvəslidirlər. Bir şeyə heyifsilənirəm
ki, onların sayı kifayət qədər deyil. Çox istərdim
ki, tələbələrimiz öz ifaçılıq sənətinə,
elmi istiqamətə daha çox köklənsinlər. Bununla
belə, müasir düşüncəli gənclər bizi
sevindirə bilir. Bir də gənclərimizdə onu
müşahidə etmişəm, tələsirlər ki, tez
tanınsınlar. Özünü tanıtmaq, sübut etmək
əslində yaxşı xüsusiyyətdir, lakin onlara
anlatmağa çalışıram ki, bunun üçün
müəyyən bir dövr tələb olunur və daha səylə
çalışmaq, özünə tələbkarlıqla
yanaşmaq, yeniliklərə açıq olmaq, sənətə
gedən yolları təkmilləşdirmək lazımdır.
Ümumilikdə isə gözəl gənclərimiz var.
- Adətən məsul vəzifə daşıyanlar mətbuata
o qədər də açıq olmur. Ya vaxt
darlığı, ya hələ müsahibəyə hazır
olmadıqları kimi bəhanələrlə söhbətdən
yayınırlar. Milli Konservatoriyaya təyinatınızdan təqribən
iki həftə sonra sizinlə əlaqə saxladıq və
müsbət cavab aldıq. Düşünmək olar ki, cəsarətli
xanımsınız...
- Deməzdim ki, çox cəsarətliyəm... Sadəcə
olaraq dərk edirəm ki, mənə böyük etimad
göstərilib və çox məsul bir yük var üzərimdə.
Müəyyən planlarım var və onlar haqqında qəzetiniz
vasitəsilə oxucularla bölüşmək istərdim.
Hazırda Milli Konservatoriyanın inkişaf strategiyası
üzərində işləyirik və vurğulamaq istəyirəm
ki, bu, bizim üçün formal deyil, gələcək fəaliyyətimizi
istiqamətləndirən bir sənəd olacaq. Ənənəvi
musiqilə məşğul olan bir şəxs kimi burada müəyyən
problemləri də, inkişaf perspektivlərini də
görürəm. Əslində özüm üçün
də yeni bir sahədir və çox maraqlıyam ki, öz
planlarımı reallaşdıra bilim. Hazırda
bütövlükdə konservatoriyanın qayğıları
ilə yaşayıram. Bu il Azərbaycan Milli
Konservatoriyasının 25 illiyidir, yəni bizim
üçün əsrin bir hissəsini başa vuran tarixi
hadisədir. Bununla bağlı silsilə tədbirlər
keçirmək planımız var. Bu, təkcə
konservatoriyanın deyil, eyni zamanda milli musiqimizin keçdiyi
yola bir baxış olacaq. Tədbirlərin sırasında
"Miras" adlı layihənin adını çəkmək
istərdim. Bu layihədə milli musiqimizin ən ünlü
simaları haqqında söhbət açılacaq. Daha bir əhəmiyyətli
tarix Üzeyir bəyin 140 və şanlı qələbəmizin
beş illiyidir. Hər iki tarix silsilə tədbirlərlə
qeyd olunacaq.
- Uzun illər Milli Konservatoriyaya rəhbərlik edən
sələfiniz Xalq artisti Siyavuş Kərimidən sonra davam
edəcək ənənələr yəqin ki, qalacaq...
- Təbii ki... Burada illər ərzində bir çox
tədbirlər keçirilib, festivallar, simpoziumlar, konfranslar
olub və onların birmənalı şəkildə
davamı olacaq. Bu sıradan çox önəmli bir
konfransın adını çəkmək istərdim:
"Şuşanın səsi - Azərbaycanın səsi".
Konfrans konservatoriyanın nəzdində fəaliyyət
göstərən "Səsin
tədqiqi" elmi-tədqiqat
laboratoriyası (rəhbəri Aleksandriya Sultan fon
Brüseldorfdur) tərəfindən həyata keçirilir.
Planlaşdırmışıq ki, bu ilin aprel ayında konfrans
üçüncü dəfə həm Şuşada, həm
də Xankəndində Qarabağ Universitetində öz
iştirakçılarını dəyirmi masa ətrafında
elmi-praktiki konfransa toplasın. Konfransda xarici mütəxəssislərin
də iştirakı gözlənilir. Bir sözlə, ənənələr
davam edəcək.
- Müsahibəmizin giriş hissəsində oxuculara
bir söz vermişəm. Artıq onun məqamı
çatıb. Kamilə Dadaş-zadənin xatirələrində
yaşayan əmisi Vəli Axundov...
- Mənim üçün əmim
uşaqlığımdan ta bu günə kimi Vətənə,
xalqına təmənnasız xidmətin,
dürüstlüyün, yüksək
intellektuallığın, ziyalılığın nümunəsi
olaraq qalmaqdadır. Maraqlıdır ki, zaman bu
qavrayışı əsla dəyişə bilməyib. Hər
zaman məsul vəzifələrdə çalışan, 10
il Azərbaycana rəhbərlik edən Vəli Axundov heyrətamiz
hafizəyə, gözəl nitq qabiliyyətinə, müxtəlif
sahələrə dair biliklərə malik olan nadir şəxsiyyətlərdən
idi. Onun haqqındakı xatirələrimin əksəriyyəti yay tətilini keçirdiyimiz Novxanı bağı ilə
bağlıdır. Uzun yay axşamları əmimlə
atamın müxtəlif mövzularda məzmunlu söhbətləri
indi də yadımdadır. Bazar günləri radioda səslənən
ənənəvi muğam saatının birlikdə dinlənməsi
və sonra müzakirə olunması, Vəli Axundovun biz
uşaqlarla ünsiyyəti, onun heç zaman
unutmayacağım tövsiyələri yaddaşıma həkk
olunub. Uşaqlıq illərimdə bir çox bədii əsəri
onun məsləhətilə mütaliə edib, esseyə bənzər
ilk yazılarımı onun təklifilə qələmə
almışam. Üstündən uzun illər keçməyinə
baxmayaraq, bu günün özündə hansısa vacib qərarı
qəbul etmədən əvvəl əmim və valideynlərimlə
daxilən bir dialoq qururam və
onların verə biləcəyi faydalı məsləhətləri
özüm üçün müəyyənləşdirməyə
çalışıram. Ömrümün ən
işıqlı xatirələri onlarla bağlıdır.
- Və bir də yaşadığınız akademik Məmməd
Arif ocağının ziyasından danışaq...
- Akademik Məmməd Arifin adını hələ kiçik
yaşlarımdan əmim və atamdan tez-tez eşidərdim. Məhz
onların söhbəti əsnasında bilirdim ki, Məmməd
Arif Dadaşzadə Azərbaycan
ədəbiyyatşünaslığının və ədəbi
tənqidin təməlini qoyan, xalqımızın elmi,
ictimai-mədəni həyatında fəal iştirak edən
şəxsiyyətlərdən biridir. Məmməd Arif əmim
Vəli Axundovun məsləkdaşı, Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) filologiya fakültəsini bitirən
atamın müəllimi olub. Onu görməsəm də, təsəvvürümdə
bu görkəmli şəxsiyyəti uzun illərdir
tanıyırammış kimi düşüncəm var. Zənnimcə,
bu hiss ondan qaynaqlanır ki, Məmməd Arifi dövrünün ziyalıları
ilə birləşdirən ortaq keyfiyyətlər mövcud
olub - alicənablıq, dürüstlük, təmənnasızlıq,
təmkin... Elmi araşdırmalarımla məşğul
olanda digər müəlliflərlə yanaşı, Məmməd
Arifin tədqiqatlarını da mütaliə edirdim. Alim
haqqında şifahi və yazılı xatirələr bu insan
haqqında təsəvvürümü daha genişləndirə
bildi. Ümid edirəm mənimlə
razılaşarsınız ki, bu gün əqidəsi,
sözü, əməli bütöv olan belə şəxsiyyətlərə
cəmiyyətimizin böyük ehtiyacı var. Biz də
çalışırıq ki, Məmməd Arif
ziyasını yaşadaq, öz fəaliyyətimiz və əməllərimizlə
onun müəyyən etdiyi meyarlara sadiq qalaq.
SÖZARDI: "...qiyabi də olsa, onun
kübarlığını hiss etmək olurdu. Kökdən gələn
ziyalılıq daha sonra parlaq bir nəslin nuruna qarışa
bilmişdi". Kamilə xanımla qarşılaşmazdan əvvəl
məndə yaratdığı təəssürat belə
idi. Və bir saatlıq ünsiyyətimiz ərzində
düşündüyümün gerçək olduğuna
şahid oldum. Atalar əbəs deməyib: "Ot kökü
üstündə bitər"...
Tamilla M-ZADƏ
525-ci qəzet .- 2025- 18 yanvar(№10).- S.16;17.