Özündən imtinanın faciəsi,
YAXUD "SUBSTANSİYA" BİZƏ NƏ
ÖYRƏDİR?
İnsanın özünə qarşı sevgisi ən
böyük immunitetdir. Tamamilə təmənnasız yaranan
bu sevginin birinci şərti özünü olduğu kimi qəbul
etməkdən keçir. Amma dəyişən dünya, yeni
dövrün dəb və tələbləri insanlarda
özünəinam problemi ortaya çıxır və nəticədə,
öz vücuduna tənqidi yanaşmağa, onu bəyənməməyə
əsas yaranır. Bu proses, psixoloji olaraq, əksərən 30
yaşdan sonra başlayır. Bu dönəm artıq gənclik
dövrünün başa çatması və bədənin
müəyyən funksiyalarının getdikcə zəifləməsi,
yaxud görkəm pozuntusu ilə baş verir. Psixologiyada bu kimi
qorxularla bağlı "30 yaş sindromu"
anlayışı var. Amma günümüzün insanı bədəninə
artıq 30 yaşdan da qabaq tənqidi baxa, hətta ona ciddi
müdaxilələr edə bilir. Xarici görkəminə
güvənməyən, hər hansısa bir bədən
üzvünün quruluşundan, həcmindən razı olmayan
adamlar üçün estetik əməliyyat son dərəcə
əlçatan və geniş yayılmış bir haldır.
Bəs insan özünü olduğu kimi necə qəbul
etməli və necə sevməlidir?
Fransalı rejissor Korali Farqetin Kann Film Festivalında
"Ən yaxşı ssenari" və Qızıl Qlobus
mükafatında isə "Ən yaxşı aktrisa"
nominasiyalarında qalib gələn "Substansiya" filmi də,
mahiyyət etibarilə, bu mövzunu əsas götürüb
- modern dünyanın gözəllik və populyarlıq
anlayışı, bunun nəticəsində insanın yaş
artdıqca bədən quruluşuna tənqidi yanaşması,
özündən utanması və hətta iyrənməsi
fonunda böyük risklərə gedərək dəyişikliyə
can atması...
Bir dövrün ən məşhur, ən cazibədar
siması yaşlandıqca əvvəlki cəzbediciliyini
itirir, ona qarşı diqqət azalır və hətta bir
heç olmaq təhlükəsi ilə üz-üzə
qalır. 50 yaşlı Elizabet (Demi Mur) siması olduğu
teleşoudan sırf yaşının çoxluğu və əvvəlki
effektiv cazibəsini itirdiyi üçün qovulur. Bu, qəhrəmanı
ciddi depressiv duruma salır. Elizabet, bəlkə də, həyatında
ilk dəfə bədəninin mövcud vəziyyətini
sorğulamağa və özündən utanmağa
başlayır. O artıq hamının görmək arzusu ilə
alışıb-yandığı bir simaya və vücuda
malik deyil. Bu çöküş Elizabetin avtomobil qəzasına
düşməsinə və bu qəzadan sonra həyatının
tamamilə dəyişməsinə səbəb olur.
Elizabet yaşlanmaqdan dəyişən bədən
quruluşunu yeniləməkdən ötrü böyük riskə
gedir və xəstəxanada tanış olduğu həkimin əli
ilə "substance" adlı tibbi proseduru həyata
keçirir. Bununla da, özünün daha gənc, daha cazibədar
formasını - Sunu (Marqarit Quelli) yaratmağa nail olur. Amma əslində,
bu, bir insanın başqa-başqa cildlərdə
yaşaması deməkdir. Yeni yaranmış forma ilə
Elizabetin indiki halı, əslində, eyni insandır. Elizabet
bir həftə 50 yaşındakı bütün cazibəsini
itirən, heç kəs üçün maraq obyekti olmayan
biri kimi yaşadığı halda, növbəti bir həftədə
özünün yeni versiyası olan gənc və cazibədar
həyatı yaşamalıdır. Bu hissədən sonra eyni
insan olub, amma bir-birindən fərqli həyat sürən
ikilinin paralel həyat tərzini izləyirik. Ta ki gənc və
cazibədar Su şöhrətinin zirvəsini
yaşadığı bir vaxtda artıq "bir həftəlik
ömür"lə kifayətlənmir, bu müddəti
"daha bir gün" sistemi ilə uzadır. Nəticə isə,
hər iki tərəf üçün olduqca dəhşətli
olur - bu da hər iki simanın eyni adam olmasının
sübutudur: hər ikisi üçün faciəvi sonluq.
Film daha çox özündə bu fikri ehtiva edir:
"İnsanın öz halından daha yaxşısı
yoxdur və ola bilməz". Yəni müxtəlif estetik əməliyyatlarla
vücuda edilən müdaxilələrin heç biri
doğuluşdan gələn təbii haldan daha yaxşı
alına bilməz. Bunu qavramaqdan ötrü isə insan
özünü olduğu kimi qəbul etməli və sevməlidir.
Lakin modern dünyanın modern gözəllik tələbləri
insanı müəyyən risklər almağa, yaşından
cavan görünməkdən ötrü öz üzərində
prosedurlar həyata keçirməyə sövq edir. Elizabet də
məhz onlardan biridir. O, 50 yaşa qədərki şöhrətin
təntənəsində özünü çox sevən,
özünə inanan biri idisə, bu yaşdan sonra artıq
özündən iyrənən, görkəminə heç
bir inamı qalmayan birinə çevrilir. Bu çevrilmə
prosesi onun elə məhz doğum günündə televiziya
şousunun prodüserindən özü barəsində
eşitdiyi aşağılayıcı sözlərdən
sonra başlayır. Prodüserin tualet səhnəsində
Elizabet barəsində səsləndirdiyi təhqiramiz ifadələrdən
sonra sifonu çəkməsi isə, Elizabetin artıq əvvəlki
populyar həyatının tamamilə silinib atılmasına
işarədir.
Elizabetin prosedurdan sonra yaranan daha gənc və daha
cazibədar forması əvvəl-əvvəl, həqiqətən
də, insanın özünün daha yaxşı
formasını yaratmasının mümkünlüyünə
inam yaradır. Bu qısa zaman çərçivəsində
hər şeyin yaxşıya doğru irəliləməsi
ümidi olsa da, hadisələrin gedişatı, gənc formanın
şöhrət və cazibəsinin diktəsi ilə 50
yaşlı formasını qəbul etməməsi, ona zaman
tanımaması və hətta ondan iyrənməsi bu
anlayışın mümkünsüzlüyünü ifadə
etmiş olur.
"Substansiya" bizə həm də onu göstərir
ki, xüsusilə səhnə və populyarlıq
anlayışı insanın (bilavasitə qadının) cazibədarlığından
necə sui-istifadə mexanizmidir. Səhnə üçün
sənin xarakterin, şəxsiyyətin, kimliyin o qədər də
əhəmiyyət daşımır. Səhnə
üçün vacib olan sənin qüsursuz siman, çəkici
bədənin və bütövlükdə cazibədarlığındır.
Elizabet məhz bu cazibənin və diqqətin təntənəsini
yaşamış, gənclik dövründə hamı tərəfindən
böyük heyranlıqla qəbul edilmiş bir obrazdır.
Lakin 50-ci ad günündə murdar əski kimi üzünə
çırpılan "yaşlanmısan" adlı həqiqət
onu daxilən darmadağın edir. Çünki Elizabet buna qədər
özünü bu situasiyaya hazırlamayıb. Onun
üçün səhnədə görünmək, hamı
tərəfindən qəbul edilmək, heyranlıqla izlənilmək
anlayışının digər tərəfi yoxdur. Elizabet
üçün səhnə, populyarlıq,
tamaşaçını cəlb etmək və özünə
heyran qoymaq həyat tərzidir. Bu da dolayısı ilə
Elizabetin özü üçün deyil, başqaları
üçün yaşaması, hər nə edirsə də,
məhz onların üçün etməsi deməkdir. Məhz
bu da finalda Elizabetin başqaları üçün
özünü qurban verməsinə gətirib
çıxarır.
Layihənin prodüseri "İnsanlara istədiklərini
verməliyik, çünki onlar həmişə yeni nəsə
istəyir" ifadəsi, əslində, bugünkü
populyarlıq anlayışını bütün
çılpaqlığı ilə ifadə etmiş olur. Yəni
Elizabetin şou-proqrama reytinq gətirməsi, onu haradan-haraya
daşıması prodüser üçün maraqlı deyil,
eləcə də insanlar üçün. "Onlara hər
zaman yeni nəsə lazımdır". Bu yenilik istəyi
kiminsə faciəsinə çevrilirsə, bu, artıq
onların problemi deyil.
Filmdə bir çox səhnədə
başqa-başqa rejissorlara və filmlərə göndərmələr
var. Amma ən çox diqqət çəkəni həm
Elizabetin, həm də Sunun teleşoudan sonra daxil olduğu uzun
və dar koridor səhnəsidir. Stenli Kubrikin "The
shining" filmindəki koridoru xatırladığımız
vaxt Elizabet koridor boyunca irəliləyir və
populyarlığının zirvəsindən sonuna qədər
bir yol keçmiş olur. Eləcə də onun bir başqa
halı gənc və cazibədar Su bu koridorda
populyarlığınının zirvəsinə doğru irəliləmiş
olur - biri sona, biri şöhrətə doğru.
Nəticə olaraq, elə, ya belə, yalnız bir həyat
yaşamaq mümkündür və o həyatda sənin
özün, öz bədənin, öz həyatın, öz
kimliyindən dəyərli heç nə yoxdur və ola da
bilməz. Bu mənada, xarici görünüşü
başqalarının zövq və tətmininə görə
üstün tutmaq, özünü olduğun kimi qəbul etməmək,
istənilən halda, faciəvi sonluq deməkdir. Elizabetin və
Sunun populyarlıq və gəncləşmə mübarizəsi,
uğuru əldə saxlamaq, ən yaxşı olmaq
yarışı insanın öz olmaq və başqalarına
görə davranmaq formasının toqquşmasıdır.
İnsan bütün qüsurları,
çatışmazlıqları ilə özüdür və
bu "öz"ü qoruması bütün hallarda daha
yaxşı sonluqdur, nəinki riskli ideal mən uğrunda
özündən imtina. Filmin bir başqa adı da məhz
budur: özündən imtina hər zaman faciə deməkdir.
Nihat Pir
525-ci qəzet .- 2025- 18 yanvar(№10).- S.14.