Müslüm Maqomayev möcüzəsi
Görkəmli müğənni və bəstəkar
Müslüm Maqomayev XX əsrdə Azərbaycanda və Sovetlər
İttifaqında yetişib formalaşmış və ən gənc
yaşlarında populyarlaşmış böyük sənətkarlardan
biri kimi şöhrət qazanmışdır. O, 25
yaşında ikən SSRİ Xalq artisti adına layiq
görülmüşdür. Bu, SSRİ-də musiqi sənəti
sahəsində təkrar edilməyən rekord göstəricidir.
Böyük istedada malik olan Müslüm Maqomayevin
cavan yaşlarından sürətlə parlamasında onun
ecazkar səsi, bənzərsiz ifaçılıq mədəniyyəti
ilə bərabər, görkəmli dövlət xadimi Heydər
Əliyevin xüsusi rolu olmuşdur. Heydər Əliyev Azərbaycana
rəhbərlik etdiyi XX əsrin 70-ci illərində gənc
Müslüm Maqomayevin böyük və parlaq
istedadını görmüş və tarixini, şəcərəsini
yaxşı bildiyi bu şərəfli nəslin istedadlı
yetirməsinə xüsusi qayğı və diqqət göstərməyi
zəruri saymışdı.
Ulu öndər Moskvada yaşayıb işləyən
Müslüm Maqomayevi Bakıya dəvət edib, onunla ən
doğma insanlardan biri kimi görüşmüş, ecazkar səsini
dinləmiş, bu nadir səsi qorumaq və inkişaf etdirmək,
dünyaya çatdırmaq üçün
düşünülmüş addımlar atmışdır.
Heydər Əliyev Müslüm Maqomayevi Azərbaycanın
intibah dövrü hesab edilən XX əsrin 70-ci illərində
tez-tez Azərbaycanda keçirilən dövlət tədbirlərinə
dəvət etməklə keçmiş Sovetlər
İttifaqının bütün dairələrində bu bənzərsiz
müğənninin arxasında kimin dayandığının
anonsunu vermişdir. Bu, Müslüm Maqomayev üçün əslində
böyük dayaq, mənəvi rahatlıq, hətta
toxunulmazlıq demək idi. İkinci tərəfdən isə
görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanda
keçirilən ümumittifaq səviyyəli tədbirlərdə
Müslüm Maqomayevin çıxışlarına yer verməklə
cavan və istedadlı müğənnini keçmiş
SSRİ-nin mədəniyyət, elm, təhsil sahəsindəki
rəhbərlərinin, görkəmli yazıçı və
şairlərin, böyük incəsənət ustalarının
diqqətinə çatdırmışdır. Beləliklə,
Müslüm Maqomayevin SSRİ Opera və Balet Teatrının
divarları arasında parlayan ulduzu Azərbaycandan geniş mənada
SSRİ miqyasında yayılmış və oradan da
dünyaya ayaq açmışdır.
Sovetlər İttifaqının rəhbəri Leonid
Brejnev də görkəmli dövlət xadimi Heydər
Əliyevin təqdimatından sonra Müslüm Maqomayevin
ecazkar istedadını yenidən kəşf etmişdi. Bundan
sonra Müslüm Maqomayevin qeyri-adi səsinə və bənzərsiz
ifaçılıq istedadına keçmiş SSRİ-də
Siyasi Büronun üzvləri, nazirlər, deputatlar, Sovetlər
İttifaqının bütün tanınmış
simaları, müttəfiq respublikaların rəhbər şəxsləri,
əslində daha geniş mənada xarici ölkələrin
tanınmış dövlət xadimləri, son nəticədə
dünya xalqları xüsusi rəğbət bəsləmişlər.
Onun şöhrəti hələ 25-30 yaşlarında ikən
SSRİ adlandırılan nəhəng imperiyanın beton
divarlarını, dəmir barmaqlarının sədlərini
aşaraq dünyaya qovuşmuşdu. Sözün çox
böyük mənasında Müslüm Maqomayevin sənəti
ümumdünya ifaçılıq hadisəsi kimi qəbul
olunurdu. O, artıq planetin, dünyanın Müslüm
Maqomayevi idi. Hətta indi də Müslüm Maqomayev səviyyəsində
dünya musiqi sənətini fəth etmiş ifaçı
göstərmək çətindir. Müslüm Maqomayev Azərbaycan
musiqi sənətinin iftixarı, dünya ifaçılıq
mədəniyyətinin patriarxıdır.
Azərbaycan xalqının Ümummilli lideri Heydər
Əliyev 1982-ci ilin dekabr ayında Azərbaycandan Moskvaya,
SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini vəzifəsinə
dəvət olunduqdan sonra Müslüm Maqomayev Sovetlər
İttifaqında mahir bir ifaçı kimi qəbul
olunmuşdu. Bundan sonrakı dövrdə görkəmli
dövlət xadimi Heydər Əliyev Müslüm Maqomayev -
Tamara Sinyavskayanın ailə qurmasına xeyir-dua vermiş,
Moskva şəraitində onların ən zəruri ailə-məişət
problemlərinin yüksək səviyyədə həll edilməsinə
qayğı göstərmişdir. "Müslüm, sən
oxumalısan, sənin səsin dünyanı
dolaşmalıdır" - deyən Ulu öndər Heydər
Əliyev Müslüm Maqomayevin dünya səhnələrinə
çıxması üçün onun böyük sənətinə
qarşı qısqanclıqdan doğan maneələri
aşaraq, böyük müğənninin yer kürəsinin ən
mötəbər ölkələrinin və ən məşhur
salonlarının səhnələrində konsertlər verməsinə
yaşıl işıq yandırmışdır.
Dünya şöhrətli böyük müğənninin
dövlət səviyyəsində təltif olunması məsələlərinə
də sözün ən yaxşı mənasında "nəzarət"
edilmişdir. Ən başlıcası isə Moskvada işlədiyi
illərdə Müslüm Maqomayev-Tamara Sinyavskaya SSRİ
Nazırlər Soveti Sədrinin Birinci müavini, Siyasi
Büronun üzvü Heydər Əliyevin ailəsinin doğma
üzvlərinə çevrilmişlər. Heydər Əliyev
məsuliyyətli iş cədvəlinə, Moskvada
görünən-görünməyən təsirlərə
və təzyiqlərə baxmayaraq, mütəmadi olaraq
Müslüm Maqomayevi qəbul etməsi, onun böyük sənətinin
parlaması üçün yaşıl işıq
yandırmış, böyük sənətkar Müslüm
Maqomayevin sənətkar kimi populyarlaşdırılmasında
mühüm rol oynamışdır. Heydər Əliyev kimi
yüksək zövqə malik görkəmli dövlət
xadiminin onun sənəti, ifaçılığı
haqqında fikir bildirməsi, münasibət ifadə etməsi
Müslüm Maqomayev - Tamara Sinyavskaya üçün
mühüm bir məktəb olmuşdur. Görkəmli
dövlət xadimi Heydər Əliyev səviyyəsində
böyük müğənni üçün yaradılan bu
qeyri-adi dərəcədə doğma mühit və göstərilən
birmənalı dəstək Müslüm Maqomayevi
yaşatmış, parlatmış və
ucaltmışdır.
Sözləri və musiqisi Müslüm Maqomayev tərəfindən
yazılmış və böyük müğənninin
böyük ürəklə oxuduğu məşhur "Hər
yanı gülşən Azərbaycan" mahnısı
görkəmli dövlət xadimi Heydər Əliyevə ithaf
olunmuşdur. "Hər yanı gülşən Azərbaycan"
mahnısında Heydər Əliyevin Azərbaycan boyda
obrazı yaradılmışdır. "Hər yanı
gülşən Azərbaycan" mahnısında həm də
Ulu öndər Heydər Əliyevə dərin, sonsuz minnətdarlıq
duyğuları mahnı vasitəsilə təcəssüm
etdirilmişdir. Bütövlükdə isə Müslüm
Maqomayevin ifasında səslənən "Hər yanı
gülşən Azərbaycan" mahnısı ümumiyyətlə
Azərbaycan haqqında yazılmış mahnıların
şahıdır. Bu mahnını yalnız və yalnız
xalqımız arasında böyük populyarlıq qazanmış
Xalq şairi Səməd Vurğunun məşhur "Azərbaycan"
şeiri ilə müqayisə etmək olar. Bu məqamda da
ifaçı-müğənni faktoru "Hər yanı
gülşən Azərbaycan" mahnısını
böyük sənətin zirvələrinə
qaldırmışdır. "Hər yanı gülşən
Azərbaycan" mahnısı SSRİ Xalq artisti Müslüm
Maqomayevin ecazkar sənət gülşəninin möhtəşəm
təqdimatıdır. Bu, Azərbaycan musiqi sənəti
miqyasında da, ifaçılıq mədəniyyəti
baxımından da böyük sənət əsəridir.
"Hər yanı
gülşən Azərbaycan" - SSRİ Xalq artisti
Müslüm Maqomayevin Azərbaycan sevdasının parlaq ifadəsidir.
Nəhayət, "Hər yanı gülşən Azərbaycan"
mahnısı SSRİ Xalq artisti Müslüm Maqomayevin Azərbaycan
pasportudur.
Müslüm Maqomayevin abidəsi önündə mahir
heykəltaraş Ömər Eldarovla dialoq
Bakı, 27 mart 2024-cü il
Əlbəttə, Müslüm Maqomayevin
mahnıları dünya mahnı
yaradıcılığının şedevrləridir.
Müslüm Maqomayevin mahnıları planetin mahnısı
kimi səslənir. Həm ifaçının dünya
şöhrətli Müslüm Maqomayev olması və həm
də onun mahnılarındakı böyük insani hisslər
və düşüncələr, sərt lirizm, dərin həyat
fəlsəfəsi dahi müğənninin ölməz sənətinə
planetar miqyas gətirmişdir. Dünya müğənniləri
içərisində planet adından oxumaq və planet
haqqında oxumaq səlahiyyəti hamıdan qat-qat çox
Müslüm Maqomayevə məxsusdur. Digər parlaq istedada
malik olan ən populyar dünya ifaçılarının
yaradıcılığında da yer kürəsinin hər
yerində qəbul edilən iki-üç mahnı yəqin ki
vardır. Amma Müslüm Maqomayev yeganə müğənnidir
ki, onun repertuarında olan mahnıların mütləq əksəriyyəti
dünya xalqlarının mənəvi sərvətinə
çevrilmişdir. Hətta istənilən məşhur
müğənni konsert verərkən Müslüm Maqomayevin
repertuarına müraciət etməklə həm
özünün hansı estrada məktəbinə aid
olduğunu böyük iftixar hissi ilə bəyan etmiş və
həm də ustad müğənniyə sonsuz
ehtiramını bildirməklə imicinin üstünə imic
gətirmişdir.
Müslüm Maqomayevin hər bir mahnısı
böyük sənət hadisəsidir.
Müslüm Maqomayev dünya estrada
ifaçılığı məktəbinin zirvəsidir.
Müslüm Maqomayevin səsi dünya qızıl səslər
xəzinəsinin nadir incisidir. Dünya ifaçılıq sənətində
bas, tenor və bariton səs tembrlərindən hər birinin
kralları vardır. Müslüm Maqomayev Briton səs
Kralıdır. Bas, tenor, soprano və bariton səs kralları
dünyada kifayət qədər olduğu halda, yalnız ən
yüksək aktavada səslənən bariton səsli
müğənni barmaq ilə sayılacaq qədər
azdır. Onların da arasında Müslüm Maqomayev səviyyəsində
bütün incəlikləri və genişliyi ilə Bariton səs
çalarları nümayiş etdirən ikinci sənətkar
göstərmək çətindir. Yuxarıdakı "incə"
sözü ilə Bariton səs tenbri haqqındakı təsəvvürlər
bir-birini tutmur. Çünki dünyanın əksər
Baritonçuları bu səs tembrini qorumaq üçün
oxuduqları mahnıları yuxarı oktavada səsləndirməklə
məqsədlərinə nail olmağa üstünlük verməyə
çalışmışlar. Bu çox vaxt alınsa da, bəzi
məqamlarda Baritonda oxunan parça
çığırtı-bağırtı kimi
qarşılanır, mahnının sözləri başa
düşülmür. Müslüm Maqomayev isə əvvəla,
Bariton səsinin ucaldıla biləcəyi ən yüksək
rekord həddi göstərmək baxımından həmişə
ən böyük reytinqə malik olmuşdur. Böyük xanəndəmiz
Xan Şuşinskinin məşhur "Qarabağ şikəstəsi"ndə
göstərdiyi əlçatmaz səs zirvəsini
Müslüm Maqomayev əksər mahnılarında fərqli
çalarlarla nümayiş etdirmişdir. Obrazlı şəkildə
belə demək mümkündür ki, Müslüm Maqomayev
Bariton səsinin Qafqaz zirvəsini fəth etmişdir.
Bir az əvvəl qeyd etdiyimiz "incə
çalarlar" sözü isə tonallıq
baxımından səsin incəliyini, məsələn, Bas səsinin
tenor məqamına enməsini deyil, bu nadir və sərt səsin
də fərqli çalarlarını, lap elə incə
çalarlarını tapmaq və təqdim etmək mənalarını
ifadə edir. Müslüm Maqomayev dünya Bariton müğənniləri
sırasında bu səsin müxtəlif ifa tərzlərini,
fərqli səsləndirmə imkanlarını, incə
çalarlarını kəşf etmişdir. Bütün
bunlara görə onun ifasında Bariton səsi bir-birindən
doğan və biri digərini tamamlayan eyni tembrə və lakin
fərqli çalarlara malik ifaçılıq səviyyəsidir.
Bariton səsinin bu mərtəbəsinin əbədi və
nadir hakimi Müslüm Maqomayevdir. Təkcə “О море, море” - "Ah dəniz, dəniz"
mahnısının ifa xüsusiyyətlərinə nəzər
salsaq, Müslüm Maqomayevin Bariton səs tembri və onun fərqli
çalarları haqqında əyani təsəvvür əldə
edə bilərik. Əvvəla, "Ah dəniz, dəniz"
mahnısı dənizin sakit ləpələrini də,
şahə qalxan dalğalarını da həyatın
qabarmaları və çəkilmələri kimi bütün
fəlsəfəsi ilə mənalandıran ecazkar
mahnıdır. Əslində Müslüm Maqomayevin Bariton səs
tembri tufanlı vaxtda şahə qalxmış dənizin
qızğın ruhunu əks etdirməkdə əvəzsizdir.
Bu səs məqamının ən yüksək səviyyəlisini
Müslüm Maqomayev nümayiş etdirir. Lakin dənizin digər
görkəmi - bir-birini əvəz edən, toqquşub
dağılan və yenidən yaranan dalğaların (həyatın
- İ.H.) təqdimatı üçün bariton səs, ləpələrin
nəğməsi üçün tenor səs,
pıçıltısı üçün isə bas səsi
daha münasibdir. Müslüm Maqomayevin dahiliyi ondadır ki, o,
"Ah dəniz, dəniz" mahnısının bütün
məqamlarını axıradək, lakin fərqli
çalarlarla, Baritonun müxtəlif tonallıqlarında ifa
edir. Ümumiyyətlə, Bariton səslər
üçün səsi zirvəyə doğru ucaltmaq hünər
hesab olunur. Müslüm bu "yarışmanın"
alternativsiz lideridir. Lakin ifaçılıqda aşağı
tonallıqlarda səsləndirilməsi zəruri olan hallarda
Bariton səslilər müəyyən çətinlik
qarşısında qalır, istər-istəməz onlar
üçün çox da səciyyəvi olmayan tenor və
ya bas səs diapazonuna keçməli olurlar ki, bu da çox
zaman "xaric səslər" kimi mahnının səviyyəsini
olduğu kimi saxlamağa imkan vermir. Qəti olaraq o fikirdəyəm
ki, Müslüm Maqomayev "Ah dəniz, dəniz"
mahnısında olduğu kimi, digər mahnılarında da
Bariton səs tembrinə sadiq qalmaqla bu qalın və sərt səsin
tonallığını təbii bir axarla dəyişməklə
tenor səsə və bas səsinə uyğun olan məqamları
da Baritonun müxtəlif çalarları vasitəsilə
böyük məharətlə ifa edir. Bariton zirvəsinin
tenor tonallığını, bas
başlanğıcını bir mahnı daxilində
nümayiş etdirmək cəhətdən də
Müslüm Maqomayevin altenativi yoxdur. Ona görə də
Müslüm Maqomayevin monotonluqdan çox uzaq olan
mahnıları nəinki insanları yorur, bu mahnılar həssas
dinləyicini haralardan-haralara qədər desən,
qanadlandıra bilir. Müslüm Maqomayev sərt realizmi də,
lirik romantikanı da, hətta bəzən ani
danışıq kimi səslənən naturalizmi də Bariton
masştabında təqdim etməyin nadir gedişlərini
nümayiş etdirir. Bəzən isə o, musiqinin
müşayiətilə hər hansı bir mahnı mətnini
nadir və qeyri-adi diksiyası ilə sadəcə söyləyəndə
də Baritonun qiraət çalarının mahir
ifaçısı kimi çıxış edir. Beləliklə,
Bariton Müslüm Maqomayevin təkcə sənət səviyyəsi
deyil, həyat tərzidir. Müslüm Maqomayev sərt və
qanadlı, ciddi və romantik Bariton abidəsidir.
Müslüm Maqomayev ucalığına ehtiram İsa
Həbibbəyli və Ağarza Rüstəmov Moskva, 17 avqust
2014-cü il
Müslüm Maqomayev sənəti yaşayır və
həmişə yaşayacaqdır. Biz bu sözlərlə
ilk növbədə dahi bəstəkar və böyük
müğənninin böyük sənətinin əbədiyaşarlığını
nəzərdə tuturuq ki, bunun isbata ehtiyacı yoxdur. Ölməz
mahnıları birmənalı şəkildə Müslüm
Maqomayevin adını əbədiyyətə qədər
yaşadacaqdır. Bunu isbat etmək üçün
özünü yormağa dəyməz. Bununla belə, dahi bəstəkar
və ustedadlı müğənni Müslüm Maqomayevin
Moskvada və Bakı şəhərində
ucaldılmış heykəlləri də bu dahi sənətkarın
parlaq adını və ölməz sənətini əbədiyyətə
qədər, nəsillərdən-nəsillərə
çatdıracaqdır. Bakıda mavi Xəzərin sahilində
Xalq rəssamı Ömər Eldarov tərəfindən
ucaldılmış əsl sənət hadisəsi olan
Müslüm Maqomayevin nadir heykəli onun böyük sənətinin
yaşamaqda davam edən reallığıdır. Dahi heykəltaraşın
dahi bəstəkara ucaltdığı təbii, canlı və
təsirli heykəl sənətdə əbədiyyətin təsdiqidir.
Xəzərin sahilində ucaldılmış romantik heykəl
Müslüm Maqomayevi hər gün doğma xalqına və
mavi dənizinə qovuşdurur. Dənizkənarı bulvardan
keçən insan seli hər gün müdrik və gür səslə
oxunan "Hər yanı gülşən Azərbaycan"
mahnısının melodiyası və sözlərilə yola
çıxır, yaşayır, yaradır, ölkəmizin
daha da çiçəklənməsinə öz töhfələrini
verməyə çalışmaqda davam edir.
Bu gün də, sabah da "Oxuyur Müslüm
Maqomayev" - demək - dünya Müslüm Maqomayevin
mahnılarını oxuyur deməkdir.
"Oxuyur Müslüm Maqomayev"... demək -
yaşayır, yaradır, inkişaf edir Azərbaycan deməkdir!
Müslüm Maqomayevin ölməz sənəti
ümumdünya ifaçılıq mədəniyyəti hadisəsidir.
Azərbaycan xalqının nə qədər
istedadlı xalq olduğunu əyani şəkildə dərk
etmək üçün Müslüm Maqomayevin səsini
eşitmək və mahnılarını dinləmək yetərlidir.
Qüdrətli müğənni Müslüm Maqomayev
dünyanı Azərbaycana, Azərbaycanı dünyaya
qovuşdura bilmişdir.
Müslüm Maqomayevin sənətinin qüdrəti və
möcüzəsi bundadır.
5 avqust 2024-cü il
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti, akademik,
525-ci qəzet .- 2025- 18 yanvar(№10).- S.12;13.