KƏDƏR VƏ HÜNƏR
GÜNÜ
Həmin gecə iblislərin əsəri idi. Zaman
keçdikcə o gecənin yeddi qat qıfıl
altındakı indiyədək bilmədiyimiz hansısa sirləri
də açılacaq, böyük məkrin xeyli naməlum
ayrıntıları da üzə çıxacaq. Biz o gecənin
içindən keçib gəlmişik. 1990-cı il
yanvarın 19-dan 20-nə keçən gecə, onun ardınca
yaşanan həyəcan dolu günlər yalnız o hadisələrin
şahidlərinin ömrünün anları deyil ki! O günlər
lap çoxdan bütöv millət tarixinin ibrətli səhifələrinə
çevrilib.
Dönə-dönə qayıdılmalı, dərslər
alınmalı, hər anı müdam anılmalı, heç
vəchlə unudulmamalı kədərli və şərəfli
tarix.
Yıxılabilməz, çökdürülməz
hesab edilən Sovet İttifaqının beli o gecə
sındı. Əslində SSRİ-nin dağılması da,
bizim və 70 il sovet pəncəsində yaşamağa məhkum
qalmış digər respublikaların müstəqilliyinin səhəri
də o gecədən açıldı. İstiqlal salnamələri
heç vaxt yalnız mürəkkəblə, qələmlə,
ya indinin digər çevik vasitələriylə - rəqəmsal söz qeydəalma ilə
yazılmaz. Millətlərin yaddaşına və ürəyinə
həkk olunan istiqlal tarixçələrinin hansını
açsan, orda şəhid qanlarından, qəhrəman
ruhlardan nişanə taparsan.
Hər gecə müstəqil Azərbaycanda, rahat
evinizdə, hətta lap narahat bir komada, amma sahibinin
özünüz olduğunuz müstəqil bir yurdun içərisində
yuxuya dalmazdan öncə canını bu istiqlal naminə qurban
verərək əbədi uyğuya dalmış
tanıdığınız və
tanımadığınız bütün Vətən
övladlarını sayğıyla xatırlayın. O gecəki
yuxunuz və bütöv həyatınız halalınız
olsun deyə onları anmağı unutmayın.
Müdam yad edilməlilərin şərəfli
qatarında 1990-cı il 20 yanvar gecəsi qurbanlarının da
əziz surətləri var.
Hər millətin var olduğu müddətcə
çata biləcəyi ən ali səadət, qazana biləcəyi
ən əziz nemət onun istiqlalı, dövlət müstəqilliyidir.
Bir çiçək boy atsın, bir ağac dikəlsin deyə
ona su gərəkdir. Bu, təbiətin qanunudur. Ancaq insanlıq
tarixində başqa bir yazılmamış kədərli
qanunauyğunluğu da var: azadlıq ağacları, istiqlal
çiçəkləri qanla sulanmadan nə bəhrə verər,
nə ucalar. Tarixi vərəq-vərəq çevirdikcə
çeşidli dövrlərdə və ən müxtəlif
xalqlarda istiqlala gedən yolun həmişə enişli-yoxuşlu
olduğuna şahid kəsiləcəksiniz. Bu yol heç vaxt
qurbansız olmayıb. Böyük istiqlalı öz qələbəsi
hesab edənlər, onu öz adına yazmaq istəyənlər
həmişə tapılıb. Ancaq bu da tarixin isbat etdiyi
başqa həqiqətdir ki, istiqlalın əsl müəllifi
həmişə xalq olur. Çünki onun yolunda qanı
tökülən də, onun uğrunda qurban gedən də həmişə
xalqdır. Azərbaycan nə xoşbəxtdir ki,
dünyanın və öz tarixinin ən təlatümlü, ən
hadisələrlə dolu parçasını - XX yüzili
suveren dövlət kimi başa vurdu və XXI əsrin ilk onillərini
müstəqillik içərisində, istiqlal qoynunda
yaşamaqda davam edir.
İstiqlal neməti Azərbaycana XX yüzildə
üç dəfə nəsib olub. 1918-ci ilin 28 mayında Azərbaycan
müstəqillik bayrağını ucaltdı. 1945-ci ilin 21 azərində
(12 dekabrında) Cənubi Azərbaycanda azadlıq bayrağı
qaldırıldı. 1991-ci ildə Azərbaycan yenə 1920-ci
ilin aprelində itirdiyi, 70 il həsrətini çəkdiyi
istiqlalına yenidən qovuşdu və 34 il əvvəlin
oktyabrından başlayan müstəqillik yolumuz bu günədək
davam edir, ən böyük arzumuz, ümidimiz və
inamımız da həmin bəxtiyarlığın sonsuza qədər
baş almasıdır.
Ancaq millət təqviminin
müstəqillik, istiqlal tarixçələrini izlədikcə
onu da görürük ki, bu yol pozulmaz, itibgetməz qan ləkələri
ilə doludur.
1918-ci ilin 28 mayında o istiqlala qanlardan keçərək,
saysız qurbanlar verərək gəldik. 1918-ci ilin mart
günlərində Bakı al qana
bürünmüşdü. Ermənilər və bolşeviklər
əlbir olaraq Azərbaycan xalqına qarşı ən qəddar
soyqırımını törətmişdilər. Bunun səbəbi
yalnız o deyildi ki, ermənilər azərbaycanlıların
qanına susamışdılar. Dərində gizlənən və
başlıca səbəb Azərbaycanın istiqlal
astanasında olmağı idi. Azərbaycanın müstəqilliyə
əlçatacaq qədər yaxınlaşması aşkar
idi və bolşevizm erməniçiliyin əli ilə o
istiqlalın qarşısını almaq, başında bu sevda
olan xalqa bəri başdan göz dağı vermək, onun
ruhunu sındırmaqçün həmin
soyqırımını törətmişdi.
1920-ci ilin aprelində Milli Cümhuriyyətimiz
süqut etdi, Azərbaycanda bolşeviklər hakimiyyətə
gəldi. Ancaq istiqlal sevər, millət bu acı gerçəkliklə
barışmaq istəmirdi. 1920-ci il mayın son həftəsində
Gəncədə xalq üsyana qalxdı. Cahangir bəy
Kazımbəylinin, Sarı Ələkbərin, Qaçaq Qəmbərin
rəhbərlik etdiyi xalq qüvvələri Gəncədə
sovet hakimiyyətini devirdi, yenidən istiqlalın
bayrağını qaldırdı, Gəncə Azərbaycanın
yeganə guşəsi oldu ki, burada mayın 28-də
Cümhuriyyətimizin ikinci ildönümü qeyd edildi.
Bolşevizm istiqlalın bu qayıdışını qəddarcasına
boğdu, bütün Gəncəni al qana boyadı, minlərlə
şəhidlər verdik. İndinin indisinəcən
bolşevik ordusunun o vaxt açdığı atəşlərin
çapıqları Gəncənin köhnə
binalarının divarlarında qalmaqdadır.
1945-ci ilin 21 azərində - dekabrın 12-də
Güney Azərbaycan xoşbəxt idi, Ərdəbil,
Marağa, Xoy, Zəncan səadətlə
çağlayırdı, Seyid Cəfər Pişəvəri
və onun mərd fədailəri Təbrizdə müstəqillik
bayrağını qaldırmışdılar, istiqlal elan
etmişdilər. Ancaq Quzeydə qazanılmış müstəqilliyin
ömrü 23 ay çəkmişdisə, Güneydəki
istiqlal daha gödək oldu,
vur-tut bir il çəkdi. Düz 12-ci ayın tamamında, yenə
Azər ayının 21-də 1946-cı ildə Amerikanın
dayaq durduğu şahlıq Zöhhak amansızlığı
ilə Təbrizdə qanı su yerinə axıtdı,
Güney Azərbaycanda Milli Hökumət devrildi, istiqlalı
beşikdəcə boğuldu və Cənubdakı müstəqilliyimizə,
bu millət dikbaşlığına əzazilcəsinə cəza
verildi. Minlərlə insan gülləyə tutuldu, dar
ağaclarından asıldı, on minlərlə insan
sürgünlərə göndərildi, nə qədər
ailələr pərən-pərən oldu, bir neçə nəslin
ömrü uzunluqlu mühacirlik başlandı.
Zaman öz gedişində idi. Məşəqqətlər,
ölümlər, zindanlar, sürgünlər, mühacirətlər
Azərbaycan insanının könlündəki istiqlal alovunu
söndürəcək gücdə deyildi - Güneydə də,
Quzeydə də.
Sovetin ən mənəm-mənəm
çağlarında, qılıncının sağa-sola kəsdiyi
ən bulanıq zamanlarda da azadlıq eşqi bu millətin
içərisində daim diri idi. Həm də yalnız vətəndən
uzaqlarda, mühacirətdə yox, elə Sovet Azərbaycanının
içərisində də. Vətən eşqli, azadlıq
sevdalı dəliqanlı cavanlar gizli antisovet təşkilatlar
düzəldirdilər, Lenin abidələrinin və Sovet
bayrağının SSRİ-nin dörd bucağında, o
sıradan, Azərbaycanın hər yerində
ucaldığı çağlarda yurdumuzun mərd balaları,
1957-ci ilin 28 mayında Qız qalasının üzərində
Azərbaycanın üçrəngli bayrağını da
ucaltmışdılar.
Və 70 il həsrətdən sonra Azərbaycan yenə
müstəqilliyinə çatdısa, yenə istiqlalına
qovuşdusa, heç kəs deməsin ki, elə bu tarixin
gedişi ilə öz-özünə baş verdi.
İstiqlalımız yenidən qayıtdısa, müstəqilliyimizə
təzədən qovuşduqsa, bunun əsas səbəbi
Sovetin qılıncının başımız üstündə
asılı qaldığı 70 il boyunca bir an belə sönmədən
ürəklərdə şölələnməkdə davam
edən azadlıq ocağı idi.
1980-ci illərin sonlarında Bakıda Azadlıq
meydanı adı almış məkanda insan dənizi
çağlayırdı, millət yenə istiqlal diləyirdi,
xalq müstəqillik arzusuyla ayağa qalxmışdı.
"Azadlıq!", "Müstəqillik!"
çağırışlarının zirvəsi 1989-cu ilin
31 dekabrında gəlib çatdı. Həmin gün Araz
çayının tikanlı məftillərlə çəpərlənmiş
o tayında və bu tayında qardaşlar üz-üzə
dayanmışdılar. Həmin gün, qəlbi azadlıq
eşqi ilə çırpınan otaylı və butaylı
azərbaycanlıların, ayrılıq rəmzinə
çevrilmiş Araz çayı üzərindəki zəfər
anı idi. Yalın əllərlə tikanlı məftilləri
qırdılar, sərhəd dirəklərini
aşırdılar. Ürəklərdəki od elə
güclü, həsrət səbirsizliyi elə həddə
idi ki, qışın qış günündə Araz
çayına atıldılar, burdan o taya, o taydan bu üzə
üzməyə başladılar. O gün sovet dövlətinin
nəzərincə ən toxunulmaz olanın - Şura hökumətinin
iradəsinin rəmzi sayılan sərhəddin mənəm-mənəmliklə
dağıdılan, Azərbaycan insanının imperiyaya meydan
oxuyan günü idi. Bütün bunları gendən çox
diqqətlə izləyən Kreml yaxşı dərk edirdi ki,
bu addımdan müstəqilliyə doğru məsafə həddən
artıq qısadır. Ona görə də bunu heç vəchlə
cəzasız qoya bilməzdi. 1989-cu ilin son gecəsinin əks-sədası
1990-cı ilin 19 yanvarından 20-nə keçən gecə
idi. O şənbə gecəsində Bakıda sovet ordusunun
törətdikləri müstəqilliyə, artıq nəfəsi
lap yaxından duyulan istiqlala verilən cəza idi. Sovet
silahlı qüvvələri Bakıya ona görə
yeridilmişdi ki, insanların gözünün odunu
alsınlar, iradəsini sındırsınlar, onların
içərisindəki müstəqillik, istiqlal atəşini
birdəfəlik söndürsünlər. Mərkəz
Bakıya yeritdiyi və dəhşət yaratmaq əmri verdiyi
qoşununun törətdikləri ilə, zirehli maşınların,
tankların qorxunc gurultusu, selləmə yağış kimi
açılan atəşlərin vahiməli
vıyıltısı ilə azərbaycanlılara bu dərsi
vermək istəyirdi ki, hamınızı ucdantutma beləcə
"uf" demədən qıra bilərik. Ancaq vulkan kimi
kükrəyən bir xalqı atəşlərlə
susdurmaqmı olardı?! Əslində həmin gün Azərbaycanın
nütləq gələcək və qayıdışsız
olacaq istiqlalının müqəddiməsi, Azərbaycanın müstəqilliyə
qovuşmasının həlledici təkan anı idi. Həmin
gün şər imperiyasının - Sovetlər
İttifaqının tar-mar olmasının, onun təməl kərpiclərinin
yerindən qoparıldığı gün idi. Millətimizin əleyhinə
bu fitnəni təşkil edən, Azərbaycanı öz
qanına boyamağa qalxan, millətin
müstəqillik ehtirasını biryolluq susdurmaq istəyən
Kreml - artıq dişləri laxlayan imperiya əlbəttə
ki, öz nöqteyi-nəzərindən düz
hesablamışdı ki, artıq bu xalqın
qarşısını sadəcə sözlə, təbliğatla,
hədə ilə almaq mümkün deyil, bu millət müstəqilliyin
lap ərəfəsindədir, onu yolundan döndərməyin
tək çarəsi qırıb-çatmaqdır.
Lakin bu xalqı yaxşı
tanımırlarmış. Zənn etdiklərinin tam əksi
oldu. Azərbaycan xalqı susmaq, sınmaq, qorxmaq, kirimək əvəzinə
daha hiddətlə baş qaldırtdı və lap azacıq
sonra - 1991-ci ilin oktyabrında Azərbaycan artıq müstəqilliyini
yenidən bərpa etmişdi.
Qurbanlar verdi, acılar yaşadı, azadlıq
ağacını növbəti dəfə qanı ilə
suvardı, ancaq millət ali məqsədinə çatdı.
Fəqət imperiya çökmüşdüsə də,
hələ canı tamam çıxmamışdı.
İmperiyaçı qüvvələrin başında hələ
köhnə havalar qalmaqdaydı. 1992-ci ilin 26 fevralında
Xocalıda törədilənlər də artıq 4 ay öncə
elan edilmiş müstəqilliyə, təzədən
qayıtmış istiqlala verilən növbəti cəza idi.
1918-ci ilin martında bolşevizm, 1990-cı ilin yanvarında və
1992-ci ilin fevralında neobolşevizm Azərbaycana qarşı
bu qəsdləri yerinə yetirəndə erməniləri
qabağa buraxmışdı. Hətta 1990-cı ilin
yanvarında Bakıya hücum çəkəndə zahirən
hər şeyi edən sovet ordusu idisə də, SSRİ-nin
müxtəlif yerlərindən ehtiyatda olan erməni hərbçiləri
əməliyyata cəlb etmişdilər, KQB xətti ilə məqsədli
olaraq bu soraqları da yaymışdılar ki,
qırğını icra edən silahlıların əksəri
mənşəcə erməni olan əsgər və zabitlərdir.
Lakin gerçəkləri qondarma millətçi pərdəçəkmələrlə
ört-basdır etmək mümkünsüzdür. İstiqlal
çarışmalarımıza qarşı şimal
ayısının amansız qalxışlarının
hamısında erməniçilik sadəcə vasitələrdən
biri olub.
Azərbaycan təqvimində yanvarın 20-si
ümummilli hüzn günüdür. Kədərli olmağa,
qüssəyə qapılmağa əsasımız da var.
Çünki o günün əzabları millətin
bağrının başında həmişə qövr edəcək,
daim ürək göynədəcək.
Qurbanlarımızı, yaralarımızı əsla unutmayaq.
Kədərə də dalaq, kövrələk də, qəhərlənək
də, itkilərimizi hər zaman can yanğısıyla anaq
da.
Lakin bizim təqvimimizdə Zəfər günü
var! Qalib ınxalqa, yüksələn, ucalan millətin təqviminə
matəm, yas günü yaraşmır. Əslində mahiyyəti
ilə o tarix - 1990-cı il yanvar ayının 19-dan 20-nə
keçən gecə hünər, yenilməzlik, milli
müqavimət günü, millət iradəsinin təntənəsi
günüdür. Yanvarın 20-si yalnız millətimizin əllərdə
qırmızı qərənfillərlə küçələrə
çıxaraq şəhid məzarlarına doğru yönəldiyi
qəm günü kimi qala bilməz! Bu gün millət qətiyyətinin
tüğyanı, ümumxalq şərəf
günüdür. Bu gün başımız üzərində
üçrəngli bayrağımızın daha vüqarla
dalğalanmalı olduğu gündür.
1990-cı ilin başlanğıcından bu günə
qədər Bakıda, Azərbaycanın paytaxtında və
yurdun dörd bucağında bu günü qeyd edirik. Gələcəklər
boyu da həmişə bu günü əziz, uca tutaq, ancaq
hüzn günündən daha əvvəl və daha artıq
MİLLİ TƏPƏR günü kimi əziz tutub
ağırlayaq!
Millət tarixində həmişəlik qalacaq o faciənin
ən dəqiq qiymətini vermək səlahiyyəti ən
adil münsifin - Tarixin ixtiyarındadır. Amma başverənlərin
isti-isti ən doğru dəyərləndirən, etiraz səsini
ilkin qaldıranlar da gərək həmişə ehtiramla
anıla. Çünki o qiymətvermə faciənin törədilməsinin
ertəsi günü, hələ yaraların açıq
olduğu elə anlarda baş verirdi ki, o vaxt hər belə
cızığındançıxma gözlərini qan
örtmüş şər imperiyasının həmin şəxsi
aradan götürməsi ilə nəticələnə bilərdi.
1990-cı ilin yanvarında unudulmaz Heydər Əliyev
ailə üzvləri ilə bərabər, Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyinə gəldi.
Özünün, oğlu İlham Əliyevin həyatını
ən labüd təhlükə qarşısında qoyaraq gəldi.
Artıq əlləri onsuz da qana bulaşmış rejim elə
həmin gün onlara gözünü qırpmadan qəsd təşkil
edə bilərdi. Heydər Əliyev də bu dövlətin hər
üzünə və cikinə-bikinə bələd, zəngin
təcrübəli insan kimi bu həqiqətdən
yaxşı agah idi. Ancaq can hayına qalmaq məqamı
deyildi. Xalqın müqəddəratı hədəfdə
idi, susmaqmı olardı?!
Azərbaycanın dünyaya çıxa biləcək
səsinin hər tərəfdən qapadıldığı o
məşum tarix parçasında Heydər Əliyevin məğrur
səsi imperiyanın mərkəzindən ucaldı və dərhal
bütün dünyaya çatdı. Heydər Əliyev o
sınaqlı günlərdə xalqın kürəyinə, ən
etibarlı dayağına, ən məhrəm təsəlli
ünvanına çevrildi.
Heydər Əliyev böyük dövlət və
siyasət adamı idi, sözünü siyasətin dili ilə
deyirdi. Şairinsə gücü qələminə
çatırdı, mətləbini millətinə və
dünyaya söz silahına sarılaraq yetirir, Vətənin
ağır və ağrılı günlərində xalqa
şimşək kimi çaxan misraları ilə arxa dururdu.
O gözüyaşlı günlərdə şair
Qabil 20 yanvar şəhidlərinə qan ağlayan mərsiyəsini
həsr etdi:
Tutulub vahimədən nitq bu gün, dil bu səhər,
Bəzəyib Abşeronu qanlı qərənfil bu səhər,
Bakı fəryad eləyir, gözdən axır sel bu
səhər,
Gəmilər nalə çəkir, ərşə
çıxır zil bu səhər.
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi gülləbaran eylədilər.
Şair Məmməd Aslan o şanlı və qanlı
günlərin rəmzinə çevrilmiş qərənfillərin
hər birini sadəcə çiçək saymırdı,
"şəhid qanının gülə dönmüş
damlaları" deyə mənalandırırdı:
Sinələr güllə-güllə,
Qan axır, dönür gülə.
Qərənfillər ağlayır,
Düşmənə gülə-gülə.
Ağla, qərənfil, ağla!
Qərənfillər qoşadı,
İkisi baş-başadı.
Sizdən qalan günləri
Qərənfillər yaşadı.
Ağla, qərənfil, ağla!
Sovet İttifaqı rəhbərinin birbaşa əmri
ilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə
SSRİ Müdafiə Nazirliyi, SSRİ Dövlət Təhlükəsizlik
Komitəsi və SSRİ Daxili İşlər Nazirliyinin
qoşun hissələrinin Bakıda, Azərbaycanın bir
neçə rayonunda törətdikləri bu mənhus dövlətinin
bütün tarixindəki ən qaniçən əməliyyatlardan
oldu. Azərbaycan insanının istiqlal eşqini və
müstəqillik canatmalarını ürəyində və
düşüncəsindəcə məhv etməkçün
Bakıda kütləvi qətllər törədən Sovet
ordu hissələri müstəqillik niyyətlərini belə
amansızlıqla məhv etməyə cəhdin məşqlərini
hələ 1956-cı ildə Macarıstanda, 1968-ci ildə
Çexoslovakiyada keçmişdi...
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə,
onun ardınca yaşanan həyəcan dolu günlər
yalnız o hadisələrin şahidlərinin
ömrünün anları deyil ki! O günlər lap
çoxdan bütöv millət tarxinin ibrətli səhifələrinə
çevrilib. Dönə-dönə qayıdılmalı, dərslər
alınmalı, hər anı müdam anılmalı, qətiyyən
unudulmamalı məhzun və məğrur tarix səhifələrinə!
Sovet dövründə "ölkəm" deyəndə
SSRİ, "Vətənim" söyləyəndə Sovet
İttifaqı nəzərdə tutulurdu. 15 respublikada hər kəsə
uşaq bağçasından, ilk məktəb dərsliklərindən
başlayaraq bu düşüncə aşılanırdı.
Çoxdan gorbagor olsa da, soveti həmişə məzardan
çıxararaq ittiham və ifşa edəcək edəcək
bir dəlil də bu olacaq ki, yaxşı, insanlara bu
imperiyanı "Vətən" deyə təlqin edir,
onların hamısını bərabərhüquqlu vətəndaş
sayırdınsa, bəs onun üstündən tankla keçmək
qədər cəlladdanbetər xislət nə idi?! Sovet
ordusunun Bakıda yağdırdığı güllələr
də adi güllə deyildi, öldürücülüyü
mütləq olan, bədənə girəndən sonra da
fırlanaraq bütün vücudu dağıdan iblisanə
güllələrdi. Azərbaycan paytaxtında və bölgələrdə
Moskvadan dövlət başçısı tərəfindən
sanksiyalaşdırılmış qətllər gedişində
131-imiz öldürüldü, 744-ümüz yaralandı, təcavüz
əsnasında 841-imiz həbs edildi, bunlardan 112-si SSRİ-nin
ayrı-ayrı şəhərlərindəki həbsxanalara
göndərildi.
1990-cı ilin 20 noyabrında artıq Vətəndə
- Naxçıvanda olan Heydər Əliyev Ali Məclisin
kürsüsündən dünyaya car çəkirdi: "Mən
belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi
qurtarandan sonra Sovet İttifaqında, ölkənin daxilində
- heç bir yerdə, heç bir regionda bu qədər, bu
miqyasda qanlı qırğın olmamışdır. Bunu da
Sovet ordusu edib. Və bunun nə qədər böyük
miqyasda olmağını onunla da ölçmək olar ki, bu
hərbi aksiyanın həyata keçirilməsi
üçün SSRİ-nin müdafiə naziri, SSRİ daxili
işlər naziri hadisələrdən qabaq gəlib. Burada
oturublar, bu əməliyyatlara rəhbərlik ediblər.
1941-45-ci illərdə - müharibə vaxtı hərbi nazir
az-az cəbhəyə gedirdi. Ancaq görün Bakıdakı
hərbi əməliyyata bunlar nə qədər böyük
fikir veriblər, bunun miqyası nə qədər böyük
olub ki, marşal Yazov gəlib Bakıda oturub və bu əməliyyata
rəhbərlik edib. Demək, bu, Azərbaycan xalqına
qarşı hərbi təcavüzdür, təhqirdir, Azərbaycan
xalqının qarşısında cinayətdir".
O dərdli və dirənişli günlərdə
şair Zəlimxan Yaqub belə hayqırırdı:
Alçaqların başında qiyamətlər
qoparan,
Vətənin dar günündə dəniz kimi qabaran,
Zaman-zaman bu xalqı haqqa doğru aparan
Yoldu, izdi, naxışdı, cığırdı
şəhid qanı!
Əzizim keçər gedər,
Gələnlər köçər gedər,
Hər kəs öz əkdiyini
Axırda biçər gedər.
O gecə həmişə bizimlə qalacaq, o gecə
daim millətin həm dərin ələm, həm də
böyük əməl gecəsi kimi anılacaq. Biz
bugünümüzə o gecədən keçib gəldik.
Müstəqillik səhərinin yolu o gecədən
açıldı.
...Tarixin izahsız cazibəsi, qaçılmaz məntiqi
var.
On doqquzuncu əsrin son çərəyindən etibarən
Çəmbərəkəndin xalq arasında Pirvənzərə
deyilən dağlıq hissəsi qəbiristanlığa
çevrilmişdi. 1918-ci mart qırğınlarında qətlə
yetirilən minlərlə insan da, həmin ilin sentyabrında
Bakının azad edilməsi uğrunda döyüşlərdə
həlak olan Qafqaz İslam Ordusunun əsgərləri də
orda torpağa tapşırılmışdılar və həmin
qəmli məkan bir şəhid məzarlığına
çevrilmişdi. Ancaq sovet kommunist liderlərindən
olmuş və bir ara Azərbaycana da rəhbərlik etmiş
Sergey Mironoviç Kirovun xatirəsinə 1930-cu illərin əvvəllərində
qurulması və şəhərin də hər nöqtəsindən
görünəcək abidəsinin ucaldılması nəzərdə
tutulan Dağüstü park yaratmaq niyyəti qətiləşəndə
ordan qəbiristanlığı köçürmək
göstərişi verilmişdi. Hansı qəbirin
sahibçıxanı vardısa, aparıb
ölüsünün qalıqlarını başqa yerdə
basdırmışdı, yüzlərlə, minlərlə
yiyəsiz məzar şumlanıb torpağa
qarışmışdı. Sonra yarım əsrdən
artıq bir müddətdə Dağüstü park
bakılıların ən sevimli istirahət guşələrindən
biri oldu. Sahil bağını gəzən insanlar funikulyorla
Dağüstü parka qalxar, gəzib-dolanar, əylənərdi,
bura onillərcə ailələrin, dostların, sevənlərin,
simsarların istəkli təmas yeri idi. Çox da uzaqda olmayan
tarix sanki unudulmuşdu.
Ancaq o məskənin yenidən şəhid məzarlığına
çevrilmək qisməti də varmış. 1918-ci ilin mart
və sentyabrının istiqlal qurbanlarının buradan
köçürülmüş, bir qismi də torpağa
qarışıb itmiş məzarlarının yerində
1990-cı ilin yanvarında yeni şəhid məzarları
qazıldı.
Söyləyirdilər ki, 1990-cı ilin yanvarında təzə
qurbanlar və şəhidlər üçün məzarlar
qazılanda neçə yerdən 1918-ci il qurbanları və
şəhidlərinin sümükləri də
çıxırmış. Tarix mükəddər
yazısı ilə o qurbanlarla bu qurbanları, o şəhidlərlə
bu şəhidləri belə
görüşdürürdü, istiqlal yolumuzun dünəni
ilə bugünü belə culaşırdı.
Beləcə, bu məkan ən müqəddəs and
yerlərimizdən biri olan "Şəhidlər
xiyabanı"na döndü.
O şəhidlərlə ayrılığın, millətin
onlara minnətdarlıqla daşan vida
dəqiqələrinin riqqətli mənzərələri
heç vaxt yaddaşlardan silinməyəcək.
O günlərdə Məhməd Akif Ərsoyun şəhidlərə
həsr olunmuş misraları dillərdə dua kimi səslənirdi:
Ey bu torpaqlar üçün torpağa
düşmüş əsgər,
Göydən əcdad enərək öpsə o pak
alnı dəyər!
Sənə dar gəlməyəcək məqbəri
kimlər qazsın
"Göməlim gər tarixə səni" - desəm
sığmazsın.
Ey şəhid oğlu şəhid, istəmə məndən
məqbər
Sənə ağuşunu açmış da durub
Peyğəmbər.
Məhmət Akif belə söyləmişdi və həmin
günlərin içərisində, elə bu gün də və
bütün gələcəkdə də bütün millət
o yavrularına qucağını açaraq irəliləməkdədir.
Qurbanlarımızla nisgilli ayrılıq günlərdə
böyük şairimiz Bəxtiyar Vahabzadə 20 yanvarın fəlsəfəsi
ilə əslində Azərbaycan
xalqının istiqlal uğrunda, müstəqillik naminə
mübarizəsinin meydanı olduğunu hərarətli
misraları ilə dolğunluğu ilə dilə gətirmişdi:
O şənbə gecəsi, o qətl günü,
Mümkünə döndərdik çox
namümkünü.
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü şəhidlər.
Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə biz də.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi şəhidlər.
İnsan insan olur öz hünəriylə,
Millət, millət olur xeyri, şəriylə.
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər.
...Bəzən insan bir sərvətin əsl dəyərini
yalnız onu itirəndən sonra dərk edir. 1990-cı ilin 20
Yanvar faciəsinin bir ibrəti də ondan ibarət oldu ki, Azərbaycan
insanı Milli radionun, Milli televiziyanın onun üçün
nə qədər böyük nemət olduğunu
çılpaqlığı ilə anladı. Azərbaycan
efirinin əsl doğum günü 1919-cu ilin noyabrından -
Əlimərdan bəy Topçubaşının ovaxtlar Avropa
radiostansiyasının yerləşdiyi Eyfel qülləsindən
Gəncə radiostansiyasına göndərdiyi teleqramdan
başlanır. Lakin 1926-cı il noyabrın 6-da Azərbaycan
radiosunun daimi yayımları başlandı, 1956-cı ildə
isə Azərbaycan Televiziyası ilk dəfə
ekranlarını insanlarımızın üzünə
açdı.
Və radio da, televiziya da tədricən bu millət
üçün ən möhtəşəm universitetə
çevrildi. Nəsil-nəsil insanların zövqlü
yetişməsində, ruhən zənginləşməsində,
biliklərinin artmasında radio da, televiziya da müstəsna
rol oynadı. İnsanlarımız bu danılmaz həqiqəti
bütövlüyü ilə 1990-cı ilin yanvar günlərində
bütün əyaniliyi ilə dərk etdilər. Azərbaycan
insanının müstəqillik çırpıntılarını
qəlbindəcə çürütməyi qəsd edən
imperiya başqa məkrli tədbir də
tökmüşdü: Azərbaycanın ağzını
bağlamaq, onun dünyaya çatan səsini kəsmək.
1990-cı il yanvar ayının 19-da saat 19.26 dəqiqədə
Azərbaycan Radio Televiziyasının enerji bloku
partladıldı. Bu, həmin şənbə günü -
yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan
insanına açılan atəşlərin elə
başlanğıcı demək idi. Həmin dəqiqədən
Azərbaycan radiosu da susdu. Azərbaycan televiziyasının
ekranlarının da işığı itdi. Düz yanvar
ayının 28-cən Azərbaycan insanı
radio-televiziyasız qaldı. Arada qondarma bir kanal düzəltmişdilər
- faktik olaraq idarəçiliyi ələ almış və
azərbaycanlılara etibar etməyən hərbçilərin nümayəndəsi
kələ-kötür Azərbaycan dilində kobud ləhcəylə
ara-sıra komendantlığın mətnlərini oxuyurdu.
Şər imperiyası, Azərbaycan insanının
müdhiş istibdada və haqsızlığa qarşı
nifrətinin, respublikaya silahlı təcavüz əleyhinə
etirazlarının dünyaya çıxa biləcək
dalğasının qarşısını almaqda israrlı
idi. O günlərdə həyatlarını təhlükə
altında qoyaraq yanvar qırğınının
görüntülərini lentə alan
fotoçularımızın hər biri əsl qəhrəman
idi. 1919-cu ildə Paris Konfransına yola düşən
Əlimərdan bəy Topçubaşı və onun
başçılıq etdiyi nümayəndə heyəti
özü ilə 1918-ci ilin martında Bakı
qırğınları əsnasında çəkilmiş
yüzdən artıq fotoşəkili
götürmüşdü. O aşkar sübutları
aparmışdılar ki, azərbaycanlılara qarşı
hansı müsibətlər törədildiyini dünyaya
nümayiş etdirsinlər. Həmin fotolar Azərbaycan
üçün hansı tarixi dəyərə malikdirsə,
1990-cı ilin yanvarında cəsur Azərbaycan fotoçularının
- Fərman Bağırovun, Cahangir İbadovun, Rasim
Sadığovun, Ağəli Məmmədovun, Yaşar Xəlilovun,
Rafiq Nağıyevin... çəkdiyi şəkillər də
eyni qiymətdədir. Bunlar əslində Azərbaycanın
istiqlal uğrunda çarpışmaları salnaməsinin ən
vacib fəsillərindən birinin anlarıdır.
Həmin həyəcanlı yanvar günlərində,
Azərbaycan radiosunun da, televiziyasının da, susduğu
çağlarda mən "Amerikanın səsi"nin
müxbiri idim. Bakıda baş verən narahat hadisələr,
törədilən cinayətlər haqda reportajları,
ayrı-ayrı müsahibələri hər gün
"Amerikanın səsi"nin Azərbaycan, rus, ingilis,
türk, fars redaksiyalarına ötürürdüm. Səsimizin
dünyaya çatacaq bütün yollarının
qapadılmağa cəhd edildiyi həmin günlərdə
rabitəçilərimiz də bizə bir dayaq idi. Fədakarlıqla
çalışırdılar, onlar hər an ən sərt
şəkildə cəzalandıra bilərdilər - həbsə
atardılar, işdən çıxardardılar. Necə ki, həmin
dövrdə bir çoxları oxşar tənbehlərə məruz
qaldı. Lakin həmin günlərin son dərəcə əhəmiyyətli
bir dərsi vardı: millət yumruğa çevrilmişdi.
Milləti bunca vəhdətdə edən böyük dərd
və həmin kədərdən də qat-qat yüksəkdə
dayanan azadlıq eşqi idi. Millətin ruhunu sındırmaq
istəyən imperiyanın "qazandığı" bu oldu
ki, ona qarşı ümumxalq hiddəti zirvəyə
çatdı, bu qəzəb yatmışları, biganələri
də diksindirib oyatdı. Bu, mübaliğə deyil,
bütün keçmişimiz vərəq-vərəq
kitablarda, sənədlərdədir: Azərbaycan bütün
tarixi boyu o yanvar günlərindəki
qədər yekdil olmamışdı. Ona görə də 20
yanvarın millət təqvimindəki bir ayrı adı da
Milli Birlik günüdür!
...20 yanvar faciəsi milyonlarla azərbaycanlının
tanıyıb dəyər verdiyi gözlənilməz qəhrəmanlar
da yaratdı ki, onlardan biri Mirzə Xəzər idi.
Haçandır ki, dünyasını dəyişmiş,
müstəqilliyimizin ilk illərində 1990-cı illərin
yanvar-fevral günlərindəkindən fərqli olaraq
respublikamıza münasibətdə siyasi baxımdan
çaş mövqe tutmuş Mirzə Xəzər, hər
halda bu dünyadakı ömrü ərzində ən azı
2 savab iş gördü. Birincisi - Allaha xidmət edib
"İncil"i Azərbaycan türkcəsinə
çevirdi, ikincisi də, 1990-cı ilin sarsıntılı
yanvar günlərində öz içərisində qıvrılan
millətimizin boğulan səsini dünyaya
çatdırdı. Mirzə Xəzər kimi
tanıdığımız bu insan sovet dövrünün sadə
azərbaycancasıyla - göyçaylı Mirzə
Mikayılov idi. Radio-televiziyamızın, mətbuatımızın
dilinin qapadıldığı günlərdə, məruz
qaldığımız zülmün sorağını
xalqımıza və dünyaya çatdırmaq
imkanımız əlimizdən alınanda
Mirzə Xəzərin sərhədlərin o
tayından gələn məhrəm və ötkəm səsi
bizə hayan idi.
O, sovetin düşməni olan radionun əməkdaşı
idi. Təbiidir ki, soveti ifşa edən hər imkandan
yararlanmalı idi və məvacibi də buna görə
alırdı. Lakin Mirzə Xəzər o günlərdəki
hər efir çıxışında həm də azərbaycanlı
idi axı! Onun həmin üzüntülü günlərdə millətimizin dərdinin
dünyaya carçısı olduğunu unutmaq, bu haqqı
itirmək olmaz. Şeyxülislam Allahşükür
Paşazadənin baş verənlərlə bağlı
dünyaya müraciətini Mirzənin rus dilində hansı həssaslıqla,
hansı yanğıyla səsləndirməsi qulaq
yaddaşımızda indi də dalğalanmaqdadır. O
günlərdə Mirzənin səsi və səsləndirməsi
həmin mətnin özündən də təsirli idi!
Çünki hər sözün içində onun yanan
ürəyi vardı. Bu, elə məqamdır ki, orda aldatmaq,
rola girmək mümkünsüz olur.
Ya özünsən, ya da sünisən. O anlarda Mirzə
Xəzər ABŞ-nin maliyyələşdirdiyi və kəşfiyyat
təyinatlı radionun, maaş aldığı idarənin əməkdaşı
deyil, ilk növbədə izahsız bir torpaq cazibəsinin
hökmü ilə hərəkət edən vətənpərvər
azərbaycanlı idi!
Duyğulu səsində mənim kitablarımdan o
dövrdə parçalar oxuduğunu da hörmətlə
xatırlayıram. Zəng də vurmuşdu, Qərb adətincə
icazə də almışdı ki, olarmı oxuyum?
Mən də o günlərdə "Amerikanın səsi"
çərçivəsində gücüm çatanı
edirdim. Ancaq eyni qaynaqdan maliyyələşdirilsə də,
düyməsi eyni yerdən baslsa da, "Amerikanın səsi"
ilə "Azadlıq" radiosunun sərbəstlik
imkanları həmişə fərqli olub. Mirzə Xəzər
"VOA"də məndən əvvəl işləmişdi,
yayın siyasətindəki fərtqlərdən xəbərdar
idi. Ona görə də həmin yanvar günlərində mənə
ayrıca bunu da demişdi ki, nəyi orda səsləndirə
bilməsən, mənə ötür.
Təəssüflər ki, axıracan bizimki ola bilmədi.
Sonrakı illərdə xəttini dəyişəsi oldu.
Neyləməli, bu da vaxtla istedadlı insanın qəliz
rəftarlarındandır ki, hətta qabil oyunçular da bu qəliz
şahmat partiyalarından heç də həmişə
sonacan düzgün baş çıxara bilmir. Ancaq istənilən
halda, Mirzə Xəzərin çətin tarix
dolanbaclarında millətimizə həmdərd, həmnəfəs
olduğu 1990-cı ilin radioya
yapışdığımız o günləri, dar macalda
göstərdiyi xidmət də yadımızdan
çıxmaz.
...1990-cı ilin unudulmaz
və unudulmamalı yanvar günlərində Bakı
küçələri gül-çiçək içərisində
idi, hər yan qırmızı qərənfillərlə
döşənmiş xalıya bənzəyirdi. İnsanlar məhəbbətlərini
və nifrətlərini çiçəklərə
çevirərək küçələrə səpmiş,
xiyabanlar boyu düzmüşdülər. Şəhərdə
cinayətlərin törədildiyi hər qarışı,
qurbanlarımızın qan damlaların izi qalan hər nöqtəni
çiçəklər sığallayırdı. Başqa
vaxtlarda nə qədər dil töksən də,
satdığı gülün qiymətini cüzi endirməklə
də razılaşmayan gül alverçiləri milyonlarla qərənfili
Bakı küçələrinə təklif gözləmədən,
bircə qəpik ummadan maşın-maşın
daşımışdılar.
O günlər idi ki, hamı bir ata-ananın
övladı olduğu kimi bir millətin balası olmasına
izah etmədən, öyüd eşitmədən elə
sözq-təbii yəqin kəsilmişdi. Hamı can
atırdı ki, hər kəsin və hamının olan millət
mərasiminə öz töhfəsini verə bilsin.
Və həmin günlərin içərisində bir
möcüzə də baş verdi. Azərbaycan mətbuat
tarixinin heç vaxt olmamış, yəqin ki, bundan sonra da təkrarlanmayacaq
bir hadisəsinə şahid olduq. Azərbaycan qəzetçiliyinin
1875-ci ildən - Həsən bəy Zərdabidən
başlanıb bugünə çatan tarixi boyunca saysız qəzetlərimiz
nəşr edilib, nəşr edilir, şübhə yox, gələcəkdə
yeniləri də olacaq. Ancaq həmin yanvar günlərində
nəşr edilən "Səhər" qəzetinin
tirajı yəqin ki, bir də heç vaxt rast gəlinməz.
"Səhər" o yanvar günlərində 2 milyon sayda
çıxdı. Səsimizin kəsildiyi,
sözümüzün dünyaya çıxmasının
qarşısının alındığı günlərdə
"Səhər" qəzeti Azərbaycan insanının təsəllisi,
toxtaq yeri idi. "Səhər" o vaxtlar Azərbaycanın
bir saylı qəzeti "Kommunist"in əlavəsi kimi nəşr
olunurdu. Azərbaycanın patiya rəhbəri Əbdürrəhman
Vəzirov vəzifədən kənarlaşandan sonra onun
yaxın adamı sayılan Cəmil Əlibəyov da
"Kommunist"in redaktoru vəzifəsindən getmişdi. Qəzetə
rəhbərliyi redaktor müavini Rəfail Nağıyev
edirdi. "Səhər" möcüzəsini onun və ətrafındakı
cavan jurnalistlərin fədakar şücaəti doğurdu.
1990-cı ilin yanvarında elə Bakının əhalisi də
2 milyon civarında idi. Rəfail müəllim mənə
"Səhər"in o sayının necə üzə
çıxa bilməsinin macəralı tarixçəsini
nağıl edib. Söyləyirdi ki, hazır materialları
götürüb hərbi senzor Boris Aleksandrovun yanına
getdim. 12 səhifə buraxmağı
düşündüyümüz qəzetdəki hər
yazı, hər foto ilə bağlı senzorla dəqiqələrlə
deyil, saatlarla çənə-boğaz etməli oldum.
"Səhər"in redaktoru Məzahir Süleymanzadə
isə mənə çoxlarının bilmədiyi başqa
bir tarixi hekayəti danışdı.
Azərbaycan xalqının o nigaran günlərində
türk dünyasının böyük oğlu Oljas
Süleymenov Bakıda idi. Sonralar özü söyləyirdi
ki, yanvarın 20-də bərk soyuqlayıbmış,
qızdırmam 39-u keçib 40-a çatmışdı,
ancaq dayanmaq məqamı deyildi, xəbəri eşidən kimi
bilet alıb elə qızdırmadan yana-yana təyyarəyə
mindim, Bakıya uçdum. Çünki gəlməsəydim,
vicdanım rahat olmayacaqdı, digər tərəfdən də
nə illah etsəm də, heç kəsi inandıra bilməyəcəkdim
ki, o günlərdə doğrudan da bərk xəstə
olmuşam.
Və Oljasın, həyatını da,
karyerasını da ciddi təhlükələr altında
qoyaraq Bakıya gəlməsinin, təkləndiyimiz o günlərdə
Azərbaycanla olmasının mənəvi dayaq durmaqdan
savayı, başqa bir faydasını bilin. Oljasın
uzaqgörən nəcib tövsiyyəsi olmasaymış,
"Səhər"in yanvarın 22-də işıq
üzü görən o buraxılışı da nəşr
edilməzmiş. Məzahir yada salırdı ki, Bakı şəhərinin
o vaxtkı hərbi komendantı, general V.Dubinyak şərt
qoymuşdu ki, qəzetin çıxmasına o halda icazə
verirəm ki, komendantlığın bir əmri də orda dərc
edilsin. Redaksiya işçiləri isə hamılıqla bunun
əleyhinə imiş, millətin ağrısını
daşıyan, ana dilində çıxan bir qəzetin
içərisində hərbi komendantlığın əmrinin,
özü də onların öz dilində yer almasını
təhqir sayırmışlar. Məzahir söyləyirdi ki,
bu vəziyyət haqqında Oljasa dedim və soruşdum ki, nə
məsləhət görürsünüz, neynəyək?
Oljas da suala sualla cavab verir ki, təsəvvür edin, hərbi
komendantlıq ümumən heç bir qəzetin
çıxmasına icazə vermir, özləri lazımi xəbərlərini
və əmrlərini dərc etdikləri 2, ya 4 səhifəlik
rusca qəzet buraxır, sizə də orda balaca yer
ayırıraq hadisələrlə əlaqədar kiçik məqalənizi,
ya bir-iki fotonu yerləşdirməyə icazə verir. Səsinizin
xalqa çatması üçün bu imkandan istifadə edərdiniz,
ya yox?
Məzahir etiraf edirdi ki, gördüm Oljas
haqlıdır. Əlimizin hər yerdən üzüldüyü,
qəzetlərin çıxmadığı,
radio-televiziyanın dayandığı məqamda, doğrudan
da bir qəzetin balaca bir hissəsində kiçicik bir
yazımızın dərc edilməsi də o günlərdə
bizim üçün qənimət olardı, indi isə
ixtiyarımızda 12 səhifə vardı. Ona görə də
Bakı şəhərinin hərbi komendantının o qəzetin
içərisində əmrinin yer almasına
razılığımızı verdik.
Ancaq başqa bir maneə qalırmış. O günlərdə
bütün mətbəə işçiləri tətil elan
edibmiş. Tətilçilərsə yalnız xalq hərəkatının
fəallarından, jurnalist Nəcəf Nəcəfovun
sözünə qulaq asırmış. O isə
axtarışdaymış, komendantlıq onun həbs edilməsi
haqqında qərar veribmiş. Bunu da zamanında mənə
Rafael Nağıyev danışırdı ki, Nəcəfin
şəhərdən kənarda, Əhmədlidə hansı
evdə gizləndiyindən xəbərimiz vardı.
Komendantlıqdan icazə aldım, general Aleksandrovdan ad çəkmədən
xahiş etdim ki, "Kommunist"in digər redaktor müavini
uzaqda yaşayır, bu gecə mənə lazımdır ki, qəzetin
buraxılmasına kömək etsin, mümkünsə
maşınınızı verin, ardınca göndərək,
onu gətirsin. Şəhərdəki istənilən
maşını qırğının o ilk günlərində
hökmən saxlayır, sənədləri
yoxlayırdılar. Başqa sözlə, axtarışda olsan
Nəcəfin redaksiyaya, mətbəəyə gəlişi
heç cürə alınmazdı. Şəhərdə sərbəst
hərəkət imkanı olan general avtomobilini isə yoxlayan
olmayacaqdı.
Nəcəf gəlir, bütün gecəni o vaxtkı
"Kommunist", indiki "Azərbaycan" nəşriyyatında
mətbəçilərlə birgə keçirir,
yanvarın 22-də, dan yeri qızaranda bütün tiraj
hazır olur.
Bəs necə olmuşdu ki, "Səhər" qəzetini
belə fantastik tirajla nəşr edə bilmişdilər? Bunu
da mənə Rəfail Nağıyev danışırdı
ki, "Kommunist" o vaxt 600000 tirajla çıxırdı.
Ancaq bir neçə gün idi ki, nəşr edilmirdi.
Üst-üstə yığılaraq "Səhər"i 2
milyon sayda buraxa biləcək qədər kağız
ehtiyatımız vardı, bu fürsəti də əldən
qaçırmadıq.
Bu minvalla, 20 yanvar qurbanlarının dəfni
günü, ayın 22-də "Səhər"
bütün Bakıya və Azərbaycana yayıldı,
bir-birindən təsirli məqalələri, şeirləri,
fotoları ilə 20 yanvarın göynəkli mənzərəsini
hamıya göstərən aynaya, millət
ağrısının məlhəminə döndü, ürəklərdən
tikan çıxardı.
...Xalqımızın bütün mübarizələr
tarixinin in ali Zəfərinin Memarı, Fateh Prezidentimiz
İlham Əliyevin tariximizin 1990-cı il 20 yanvar səhifəsi haqqında yekun qənaəti
və qiymətləndirməsi olub-keçənlərin
cövhərini nişan verir və çox sərrastdır:
"20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq
eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir.
Azərbaycan xalqı öz iradəsini göstərdi... 20
Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə
məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq
ənənələrinə sadiq olduğunu bütün
dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin
müdafiəsi yolunda canlarından keçmiş vətən
övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq
salnaməsinə parlaq səhifə yazdılar".
Tariximizə və taleyimizə 31 mart və 26 fevral
kimi soyqırımı günləri də düşüb,
Millət Təqvimimizdə 20 yanvar kimi ümumxalq matəmi də
möhürlənib, Vətənin yaddaşında yurdun
ayrı-ayrı parçalarının işğal günlərini
də illərcə millətin itki və nisgil tarixçələri
kimi qeyd etməyimizin dərd şırımları
qalır. Bu, qədərdir -
Vaxtın bu cür möhnətli aşırımlarından və
girdablarından adlaya-adlaya xalq xalq olur, millət millət olur,
Vətən Vətən olur! Yaddaşsız nə torpaq Vətənə
çevrilər, nə də kütlələr millətə
dönər!
Ancaq bütün ələmli günlərimizin
müqabilində, milyonlarla soydaşımızın əsəblərini
və heysiyyətini gəmirən zəbt günlərinin əvəzində
bir-birinin ardınca milləti məsud edən fəth günləri
də gəldi axı! Axı biz təqvimində
baqyramların ən əzizi ZƏFƏR GÜNÜ olan
xalqıq!
Qalib dövlətə, Müzəffər millətə
qürur yaraşır. Biz Zəfərə dərin hüznləri
arxada qoyaraq çatmışıq. O səbəbdən də
hər 20 yanvarda can yanğısı ilə bütün
itirdiklərimizi anaq, onların mübariz ruhları
qarşısında sayğı duruşuna sıralanaq, amma
daha artıq həmin günün Ümumxalq Hüzn
Günündən qabaq Ümummilli Hünər Günü
olması həqiqətini tapınaq.
Bunu dövlətimizin başçısı da deyir,
tarixin dəmir məntiqi də təsdiqləyir!
... "Şəhidlər xiyabanı"nın lap girəcəyində
"Əbədi məşəl" şölələnir,
bayrağımız dalğalanır.
O dalğalanan bayraq, o yanan məşəl
Bakının hündür bir nöqtəsindədir. Azərbaycanın
xəritəsində bundan qat-qat yüksək dağlar da var,
zirvələr də. Ancaq bu millətin mənəviyyat
dünyasında o bayrağın indi dalğalandığı
nöqtədən, o məşəlin indi yandığı
ucalıqdan daha yüksək bir yer yurdun heç harasında
yoxdur.
O bayraq istiqlalımızın, müstəqilliyimizin rəmzidir.
O alovlanan məşəl
1990-cı ilin yanvarında və bütün tariximiz boyu
istiqlalımız və müstəqilliyimiz yolunda mübarizələrə
qatılmış, can fəda etmiş insanların qəlbidir
ki, alovlanır.
Və nə qədər ki, ürəyi bu yurda, bu millətə
məhəbbətlə çırpınan vətən
yavruları var, o məşəl yanmaqda davam edəcək, o
bayraq ən ucalarda dalğalanacaq!
9 yanvar 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025- 18 yanvar(№10).- S.8-9;10