Təhsil müəssisələrinin
akkreditasiyası ilə bağlı mühüm addımlar
atılıb
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA)
peşə təhsil müəssisələrinin
akkreditasiyasını həyata keçirib. Bu məqsədlə
TKTA peşə təhsil müəssisəsinin institusional və
proqram akkreditasiyası üzrə qiymətləndirmə
meyarlarını hazırlayıb və onlar təsdiqlənib.
Bununla yanaşı, 4 peşə təhsil müəssisəsi
(Rabitə və İnformasiya Texnologiyaları üzrə
Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ
Dövlət Peşə Təhsil Mərkəzi, İsmayıllı
Dövlət Peşə Təhsil Mərkəzi, Cəlilabad
Dövlət Peşə Təhsil Mərkəzi) üzrə
müvafiq komissiyalar təşkil edilib və institusional
akkreditasiya qiymətləndirilməsinin sahə
baxışları həyata keçirilib.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin
Akkreditasiya və lisenziya şöbəsinin müdiri Samir
Quliyevin dediyinə görə, daha geniş auditoriyanın məlumatlandırılması
məqsədilə qeyd edək ki, akkreditasiya ali təhsil
müəssisəsinin (ATM) dövlət standartlarına və
digər normativ aktlara uyğun kadr
hazırlığını ölçən alətdir və
dövlətin verdiyi mandat əsasında Təhsildə Keyfiyyət
Təminatı Agentliyinin müəyyən etdiyi müvafiq
Akkreditasiya komissiyası tərəfindən 5 ildən bir 7
istiqamət, 30 meyar, 271 indikator üzrə dəyərləndirilir.
TKTA-nın "2024-cü təqvim ilində ATM-lərin akkreditasiyasının
keçirilməsi qrafiki"nə uyğun olaraq Azərbaycan
Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan
Turizm və Menecment Universiteti (ATMU), Bakı Biznes Universiteti
(BBU), Qərbi Kaspi Universiteti (QKU) və Gəncə Dövlət
Universitetində (GDU) institusional akkreditasiya qiymətləndirilməsi
həyata keçirilib. Akkreditasiya Şurasının 28 noyabr
2024-cü il tarixində keçirilən 4-cü
iclasının qərarına əsasən ADNSU, ATMU, BBU və
QKU 2024/2025-ci tədris ilindən etibarən növbəti 5 il
müddətinə institusional akkreditasiyadan keçmiş
hesab olunub. GDU ilə bağlı qərara gəlincə,
qüvvədə olan akkreditasiya şəhadətnamə
müddətinin növbəti 2
il üçün uzadılaraq, 1 ildən sonra təkrar
akkreditasiya olunması qərarı verilib. Bununla yanaşı,
cari ilin sentyabr-noyabr ayları ərzində Naxçıvan
Dövlət Universiteti (NDU), Azərbaycan İdman
Akademiyası (AİA) və Bakı Slavyan Universitetində
(BSU) institusional akkreditasiya üzrə sahə
baxışı TKTA tərəfindən müəyyən
edilən müvafiq Akkreditasiya komissiyaları tərəfindən
həyata keçirilib. Bununla yanaşı, dörd ATM-də
(ADA Universiteti və Corc Vaşinqton Universiteti, Azərbaycan
Dövlət Aqrar Universiteti və Ege Universiteti, Azərbaycan
Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton
Universiteti, Bakı Mühəndislik Universiteti və Inha
Universiteti) yekunlaşmış Azərbaycan Prezidentinin 2018-ci
il 16 noyabr tarixli, 711 nömrəli Sərəncamı ilə təsdiq
edilmiş "2019-2023-cü illər üçün Azərbaycan
Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin
artırılması üzrə Dövlət Proqramı"
çərçivəsində maliyyələşdirilən
11 ikili diplom proqramları üzrə akkreditasiya qiymətləndirilməsinin
nəticələri "əsasən uyğundur" hesab edilərək
növbəti 5 il müddətinə akkreditasiya edilməsi qərarı
alınıb. Bu nəticələr bir daha göstərir ki,
ATM-lər keyfiyyətin təminatı istiqamətində ciddi
səy göstərməlidir. Qənaətbəxş nəticələr
əldə etmiş universitetlər davamlı inkişaf
strategiyalarını gücləndirməli və bu istiqamətdə
zəruri fəaliyyəti davam etdirməli, qeyri-qənaətbəxş
nəticə göstərənlər isə struktur islahatları
aparmalı və proseslərin təkmilləşdirilməsinə
xüsusi diqqət yetirməlidir. Akkreditasiya prosesi ölkədə
ali təhsilin ümumi səviyyəsini yüksəltmək və
beynəlxalq rəqabət qabiliyyətini artırmaq
üçün mühüm bir addımdır.
S.Quliyev bildirib ki, "Təhsil müəssisələrinin
akkreditasiyası Qaydaları"nın təsdiq edilməsi
haqqında Nazirlər Kabinetinin qərarına əsasən, təhsil
müəssisəsi və ya təhsil proqramı akkreditasiya
meyarlarının tələblərinin üçdə biri
üzrə "qismən uyğun" və ya hər
hansı istiqamət üzrə "uyğun deyil" hesab
edildikdə qüvvədə olan akkreditasiya şəhadətnaməsinin
müddəti növbəti 2 il üçün uzadılaraq,
təhsil müəssisəsi və ya proqramı 1 ildən
sonra təkrar akkreditasiya olunur. Akkreditasiya Şurasının
bu qərarından sonra yekun hesabatda göstərilən
tövsiyələrin icrası ilə bağlı ATM fəaliyyət
planı hazırlayır və TKTA ilə
razılaşdırmaqla təsdiq edir. TKTA fəaliyyət
planının icrasına nəzarət edir və illik
hesabatları təhlil edir. Təkrar akkreditasiya zamanı
Akkreditasiya Komissiyası indikatorların qiymətləndirilməsində
fəaliyyət planını təsdiqedici sənəd kimi tələb
edir. Sözügedən sənəddə ATM-in verilmiş
tövsiyələrdən irəli gələn fəaliyyəti
haqqında məlumat əks olunur: "Akkreditasiya prosesi
zamanı ATM-lərdə müxtəlif
çatışmazlıqlar müşahidə edilir. Hər
bir ATM özünəməxsus xüsusiyyətlərə və
struktura sahib olduğu üçün
çatışmazlıqlar da fərqli ola bilər. Lakin bəzi
çatışmazlıqları aşağıdakı kimi
ümumiləşdirə bilərik. Tələbəyönümlü
tədris və elmi fəaliyyət: Bir çox hallarda
Akkreditasiya komissiyaları sahə baxışı zamanı tələbəyönümlü
tədrisin təşkilində əsaslı boşluqları
müşahidə edir. Xüsusilə tədrisin tələbəyönümlü
təşkilinə və beynəlxalq nəşrlərdə
məqalə sayının artırılmasına diqqət
yetirilməlidir. Həmçinin elmi tədqiqatlara maliyyə dəstəyinin
artırılması və tədqiqat laboratoriyalarının
təsis və təchiz edilməsi vacibdir. Peşəkar
inkişaf və müasir pedaqoji metodlar: Professor-müəllim
heyətinin xarici dil biliklərinin inkişafı və
müasir pedaqoji metodların tətbiq edilməsi, təhsilverənlərin
peşəkar inkişafının dəstəklənməsi,
bu sahədəki çatışmazlıqları aradan
qaldırmağa kömək edir.
Fənlərin məzmununun əmək bazarının
tələblərinə uyğunluğu: Fənlərarası
inteqrasiyanın təşkili və prerekvizitlik
qaydalarının gözlənilməsi, tədris
proqramlarının əmək bazarının tələblərinə
uyğun olması təmin edilməlidir. Bu, həm tələbələrin
daha hazırlıqlı yetişməsini, həm də əmək
bazarına uyğun peşəkarların
hazırlanmasını təmin edir. İdarəetmə
strukturlarının təkmilləşdirilməsi: İdarəetmə
qərarlarının mərkəzləşdirilmiş şəkildə
deyil, kollegial formada, maraqlı tərəflərin iştirak
etdiyi müzakirələr əsasında qəbul edilməsi
vacibdir. Bu, şəffaflığı və qərarların
dəqiqliyini artırır. Əlavə fəaliyyətlərin
və hesabatlılığın təmin edilməsi: Sorğu
nəticələrinin təhlili əsasında həyata
keçirilən işlərin izlənməsi və
hesabatlılığın təmin edilməsi daha da
inkişaf etdirilməlidir. Bu, təhsilin keyfiyyətinin
davamlı ölçülməsinə və təkmilləşdirilməsinə
kömək edir. Strateji planlaşdırma və beynəlxalq əməkdaşlıq:
Təhsil müəssisələrinin strateji planlaşdırma
və idarəetmə təcrübəsinin
artırılması, akkreditasiya meyarlarının
düzgün tətbiqi və beynəlxalq əməkdaşlığın
gücləndirilməsi xüsusilə vacibdir. Müəllim və
tələbələrin beynəlxalq mübadilə
proqramlarına cəlb edilməsi və tədrisin beynəlxalq
standartlara uyğunlaşdırılması ATM-lərin
inkişafında əsas amillərdən biridir. Əmək
bazarı ilə əlaqələrin gücləndirilməsi:
Tələbə qəbulunun proqnozlaşdırılmasında
əmək bazarı nümayəndələri ilə sıx əlaqələr
qurulmalıdır. Bu əlaqələr, həmçinin tədris
proqramlarının mütəmadi müzakirəsi və yenilənməsi
üçün də əhəmiyyətlidir. Təsdiqedici sənədlərin
mövcudluğu: Təlim-tədris fəaliyyətini
özündə əks etdirən təsdiqedici sənədlərin
mövcudluğu tədrisin keyfiyyətinin ölçülməsində
mühüm göstəricilərdən biridir".
Samir Quliyev qeyd edib ki, ATM-lərin institusional
akkreditasiyası onların öncəki akkreditasiya müddətinin
bitməsi ardıcıllığına uyğun olaraq müəyyən
edilir. Belə ki, 2025-ci təqvim ili üçün
akkreditasiya qiymətləndirilməsində iştirak edəcək
ATM-lərin adlı siyahısı TKTA tərəfindən əmrləşdirilib
və prosedur qaydalara uyğun olaraq, 2025-ci ilin fevral-may
aylarında akkreditasiyası nəzərdə tutulan ATM-lərə
3 ay öncədən bu barədə rəsmi məlumat
göndərilib. Göstərilən aylar ərzində Azərbaycan
Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi,
Bakı Qızlar Universiteti, Azərbaycan Dillər Universiteti,
Mingəçevir Dövlət Universiteti, Azərbaycan
Respublikası Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında institusional akkreditasiya qiymətləndirilməsi
gözlənilir: "2025-ci təqvim ili ərzində Sənaye
və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə
Təhsil Mərkəzi, Mədəniyyət və Sənətkarlıq
üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi,
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət
Peşə Təhsil Mərkəzi və Bərdə Dövlət
Peşə Təhsil Mərkəzində institusional
akkreditasiya qiymətləndirilməsinin həyata keçirilməsi
nəzərdə tutulur. Cari ildə olduğu kimi, növbəti
ildə də PTM səviyyəsində yalnız institusional
akkreditasiyanın həyata keçirilməsi
planlaşdırılır. Qanunvericilik mandatına əsasən,
TKTA ölkədə fəaliyyət göstərən
bütün təhsil müəssisələrinin
akkreditasiyasını təşkil edən publik hüquqi
şəxs statusuna malik olan qurumdur. 2025-ci ildə orta ixtisas təhsili
müəssisələrinin institusional və proqram
akkreditasiyası üzrə qiymətləndirilmə
meyarlarının hazırlanıb təsdiq olunması və
pilot qiymətləndirilmənin keçirilməsi
planlaşdırılır".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 22 yanvar(№11).- S.15.