Böyük
coğrafi kəşflər və yerli xalqlara onların gətirdiyi
bədbəxtliklər
(Əvvəli ötən çərşənbə
sayımızda)
Böyük coğrafi kəşflər imperializmə
geniş qapılar açdı
Pireney yarımadasının bu iki dövlətinin
işğal siyasətindən, başqa metropoliyalar da geniş
istifadə edirdi. Böyük kəşflər yeni
imperiyaların yaranmasına əlverişli şərait
yaratdı, çünki onların meydana gəlməsi
üçün böyük müharibələr aparmağa
ehtiyac qalmırdı. Bir qrup konkistador özlərinin Atsteklərə
və İnkalara məlum olmayan odlu silahları və
atları ilə yerli əhaliyə vahimə xofu təlqin
edirdi. Onlar çox asanlıqla böyük xalqları əsarət
altına alırdılar.
İspan işğalına qədər Meksikada
yaşayan mayyalar (b.e.III-IX əsrləri) və atsteklər
(XIII-XVI əsrlər) bu ərazidə inkişaf etmiş
sivilizasiya yaratmışdılar. Mayyalar Yunatan
yarımadasında və ətraf ərazilərdə
çoxlu şəhərlər salmışdılar. Onlarda
çox sayda məbədlər, saraylar, piramidalar mövcud
idi. Onlar əkinçiliklə məşğul olan bir millət
idi və bitkiçilikdə çox böyük nailiyyətlər
qazanmışdılar. Əkinçilikdəki bu həsəd
aparılacaq uğur həm də onunla əlaqədar idi ki,
Amerikalarda ev və qoşqu heyvanları yox idi, bu xalqlara
yalnız ev heyvanı kimi hinduşka, əti yeyilmək üçün
it saxlamaq və bal arısı məlum idi. Ona görə də
xalqın bütün diqqəti və qayğısı
bitkiçiliyə həsr olunmuşdu. Bu sahədə mayyalar
böyük zirvələr fəth etmişdilər.
Üstündə cəmi iki dəni və ot bitkisi olan
qarğıdalı, üzərində ağıllı
seleksiya apararaq, onu sonralar qıçasının
üstündə 650-800 dənin olmasına çatan qiymətli
ərzaq bitkisinə çevrilmişdilər. Buğdanın
sünbülündə isə dənin sayı yalnız onluq
rəqəmi ilə ölçülürdü. Ona görə
də qarğıdalı hər hektardan buğdaya nisbətən
iki dəfəyə qədər artıq məhsul verirdi.
Qarğıdalı Avropada da becərildikdən sonra əhalinin
taxılla təmin edilməsində əvvəlki ağır
kasadlığın yox olmasına köməklik göstərmişdi.
Qarğıdalı yalnız bol günəş olan cənubda,
yumşaq münbit torpaqlarda becərildikdə yaxşı məhsul
verir. Avropanın şimalında və bərk, qeyri-münbit
torpaqlarında qarğıdalı yetişdirilmir. SSRİ rəhbəri
N.S.Xruşşov 1960-cı illərin əvvəllərində
Rusiyanın şimalının və mərkəzinin sərt
iqlimində qarğıdalı becərməyə
regionları məcbur edirdi. Əsl volyuntarizm nümunəsi
olan bu aqrar siyasət biabırçılıqla nəticələndi,
məhsul vermədi.
SSRİ rəhbərinin əkinçilik
texnologiyasına, aqrotexnika tələblərinə məhəl
qoymaması Qazaxıstanın xam torpaqlarından istifadə
edilməsində də xoşagəlməz nəticələr
verirdi. Hər il eyni sahədə yazlıq buğda əkinləri
çətin iqlim şəraitində, yalnız payızda məhsul
verdiyindən, tam alaq basmış zəmilərə kombayn da
girə bilmirdi, həm də erkən yağan qar da biçin
aparmağı qeyri-mümkün edirdi. Əkin sahəsinin bir
hissəsinin dincə qoyulması, herik altında saxlanması hələ
qədim misirlilərə məlum idi və onlar torpaqdan istifadənin
bu qaydasına əməl etməklə zəmilərdən
bol məhsul götürürdülər. Çünki herik
altında saxlanan torpaqlarda dincə qoyulduğu dövrdə
alaq otlarının toxumu günəş enerjisi hesabına məhv
edilirdi və sonrakı ili istifadə dövriyyəsinə
daxil edilmiş sahələrdə alaq otlarının meydana gəlməsi
xeyli azalırdı. Misir böyük buğda
ixracçısı idi, Romanın taxıl anbarı hesab
olunurdu. Burada əkinçilik, qəribə görünsə
də, elmi qaydalara əsaslanırdı. SSRİ-də isə
ağılsız istifadə hesabına, suvarma tətbiq edilməklə
böyük sərvət olan qara torpaqlar öz münbitliyini
itirirdi. Nəhəng əraziyə, qara torpaq kimi olduqca
münbit torpaqlara malik olan Sovet İttifaqında aclıq təzahürləri
də meydana gəlmişdi, xaricdən taxıl almaqla əhalinin
çörəyə olan tələbatı ödənilirdi.
Qədim Romanın məşhur siyasi xadimi
Böyük Katon (b.e.ə. II əsrin birinci yarısı)
növbəli əkin dövriyyəsi barədə qiymətli
tövsiyələr vermişdi. Digər aqrar məsələlər
tədqiqatçısı Kolumella torpağı bir ana kimi min
illər ərzində bəhrə verməsinə görə,
onun, reproduktiv fəaliyyəti müəyyən zaman çərçivəsində
məhdudlaşan bütün canlı analardan fərqləndiyini
qeyd edirdi. Torpaq min ildən sonra da azacıq meliorasiya işi
görüldükdən sonra məhsul verməyə
başlayır. Bunu Çinin və Misirin beş min illik əkinçilik
tarixi real olaraq təsdiq edir.
Təəssüf ki, SSRİ-də rəhbərliyin səhvi
üzündən kənd təsərrüfatı istehsalı
düşdüyü ağır vəziyyətdən
çıxa bilmirdi və vaxtilə Rusiya xarici ölkələrə
taxıl satdığı halda, 1960-cı illərdən
başlayaraq, Kanadadan, Amerikadan taxıl almaqla, əhalinin
çörəklə əlaqədar problemi həll edilirdi.
1930-cu illərdə isə Ukraynada və Povoljedə aclıq
tüğyan etmişdi.
İmperiyalara gəldikdə, onların tarixə məlum
olan qədim dövrlərdəki növlərini, adətən,
müharibə adlanan ana doğurdu. İqtisadi və hərbi cəhətdən
qüdrətli olan dövlətlər qonşuluqdakı
ölkələri, bəzən hətta uzaq məsafədəki
torpaqları işğal edib, yerli əhalini öz
ağalığına tabe edirdi. Burada mülki əhalinin
qırğını hallarına yol verilmirdi. Çünki
onlar işçi qüvvəsi kimi imperialist dövlət
üçün də mühüm əhəmiyyət kəsb
edirdi. Çingiz xanın Xarəzmi tutduqdan sonra şəhər
sakinlərin ot biçən kimi qırmasından başqa,
buna bənzər digər bir nümunə diqqəti cəlb
etmir. Osmanlı və Avstriya imperiyaları da mülki əhalini
cəzalandırmırdı, onlardan can vergisi almaqla kifayətlənirdi.
Hətta yerli əhali nümayəndələri idarə etmə
fəaliyyətinə cəlb edilirdi. Bolqarıstanda yerli admlar
kəndxuda təyin edildiyindən, onlar türk dilinə
uyğun olaraq "muxtar" adlanırdı, indi də ölkədə
Muxtarov familiyalı adamlara rast gəlmək
mümkündür. Vaxtilə Makedoniyalı Aleksandr da Misirdə
məhz belə siyasət aparırdı, bəzi maliyyə
işlərini misirlilərə tapşırırdı.
Yeni Tarixə qədəm qoyan XVI əsrdə meydana gələn
imperiyalar isə Amerika qitələri torpaqlarında geniş
ölçüdə müharibə aparmadan, bu ərazilərə
yiyələnmişdi. Kiçik hərbi dəstə
böyük əraziləri işğal etməyə qadir
olmuşdu. Bunun nümunələrini biz ispan
konkistadorlarının Mərkəzi Amerikadakı Meksikada
Atsteklərin, Cənubi Amerikada isə İnkaların
güclü imperiyalarını məhv etmələrində
görürük. Onlar geniş miqyasda silah işlətmədən,
axı işğalçıların hərbi qüvvəsi də
olduqca kiçik idi, geniş ərazilərə yiyələnə
bilmişdilər. 1517-ci ildə indiki Meksika torpaqlarına ilk dəfə
qədəm basan Ernen Kortesin hərbi qrupu 500 nəfər əsgərdən
və 16 atdan ibarət idi. Atstek hökmdarı Montesuma 1519-cu
ildə onları qəbul edərkən, vaxtilə ölkəni
tərk etmiş allahın nümayəndələri hesab etməklə,
qonaqpərvərliklə qarşıladı, gələcək
qəddar işğalçılara qızıl hədiyyələri
verdi. Paytaxt Tenoçtitlanda qalacağı müddətdə
yaşamaları üçün onlara saray da verdi. Lakin Kortes
bu münasibətə əsl nankorluq göstərib,
Montesumanı əsir götürdü və
öldürdü. Bir il sonra paytaxt sakinləri qiyam
qaldırıb, ispanları şəhərdən qovdu. Kertes
daha böyük qüvvə ilə şəhərə
hücum etməyə hazırlaşırdı. Kertesə
atsteklərin ağalığında cana doyan ətraf dövlətlərin
əhalisi də kömək göstərmək istəyirdi.
Onlardan ən böyüyü olan Tlakskala Kortesə 50 min nəfər
əsgər verdi. İspanlar yerli müttəfiqləri ilə
paytaxta hücum edib, onu tutdular.
Bu vaxt Tenoçtitlanda kütləvi ölümə səbəb
olan su çiçəyi xəstəliyi yayılmağa
başladı. Şəhər sakinləri artıq ispanlara
müqavimət göstərə bilməyəcəkdi.
Bu dövrdə şəhərin küçələrində
ölü cəsədlərinin çoxluğundan, sərbəst
yerimək mümkün deyildi. Ölü o qədər
çox idi ki, bu, hətta ispanların da təəccübünə
səbəb olmuşdu. Ölü bədənlərdən
yayılmış üfunət şəhəri
bürümüşdü, hətta bu səbəbdən
Kortes özü də xəstələnmişdi.
Paytaxtdakı bu dəhşətli vəziyyəti
müşahidə edən bir ispan yazmışdı ki,
"Biz cəsədlərin üstündən və
ölü hinduların başlarını tapdıqlamaqla
addımlamamış gəzə bilmirdik. Torpağın
üstü cəsədlərlə dolu idi. Hətta Kortes
yayılan üfunətə dözməyib, burnunu
örtmüşdü". Su çiçəyi xəstəliyi
paytaxt sakinlərinin qırğınına səbəb
olmuşdu, həyatı viranə qoymuşdu. Lakin xəstəliyin
törətdikləri, haqsız olaraq Kortesin böyük qələbəsinin
adına yazılmışdı.
Üstəlik, hindulara tanış
olmadığından, ona qarşı bu adamlarda immunitet yox idi
və həmin xəstəliyi də buraya məhz ispanlar gətirmişdilər.
İspanlar sonra ölkədə yeni dağıntı
dalğası yaratdılar. Piramidaların
dağıdılmasına cəhd edilirdi, məbədlər və
saraylar yerlə-yeksan edilirdi. Atsteklərin böyük əziyyət
hesabına tikdikləri, qısa müddət ərzində məhv
edilirdi. Uçurulmuş sarayların daşları
işğalçıların yeni hökumət
binalarının və xristian kilsələrinin tikintisinə
sərf olunurdu. Meksika ərazisinin böyük atstek
imperiyası artıq mövcud deyildi. 1531-ci illə 1550-ci illər
arasında ispanlar Şimali Meksikada nəzarəti
bütünlüklə ələ keçirdilər.
Digər ispan konkistadoru Fransisko Pisarro və onun
ardıcılları 1531-ci ildə Sakit okean sahilindən Peruya
gəlib çatanda, İnka böyük imperiyanı idarə
edirdi. Bu imperiyanı onlar Tayaktinsuyu adlandırırdılar və
onun ərazisi Ekvadorun şimal sərhədindən Mərkəzi
Çiliyə qədər uzanırdı. Köhnə
hesablamalara görə, imperiyanın əhalisi 12 milyon nəfər
idi və bu əhali azı 20 dildə danışırdı.
Bir əsr əvvəl isə İnkalar Kusko vadisindəki
kiçik bir əraziyə nəzarət etmişdilər.
Onlar yüzdən artıq etnik qrupu məğlub edib,
onları özlərinə tabe etmişdilər. Bir cəhət
də ondan ibarət idi ki, Andın dağlıq ərazisi
çox müxtəlifliyi ilə ekoloji mozaikaya bənzəyirdi.
Əlverişli sahələrdə bitkiçilik məhsullarından
ibarət qida maddələri kimi istehlak edilmək
üçün nemətlər istehsal edilirdi.
Qarğıdalı şəklindəki taxıl dəniz səviyyəsindən
3 min metr hündürlükdəki ərazilərdə nadir
hallarda əkilirdi.
Peru dağlıq ərazi idi, orada becərmə
mövsümü çox qısa olurdu. Əsas qida maddələrindən
biri olan kartof isə nadir hallarda aşağı zonalarda becərilirdi.
Ölkə üçün ideal vəziyyət o
sayılırdı ki, Andda qida ehtiyatlarının
bütün növlərinə malik olunsun.
İnkalar və onların dövlətləri özlərinin
tarixi boyu, əhalini ərzaqla təmin etmək qaydasında fəallıq
göstərirdilər.
And xalqları, adətən, öz əcdadlarını
mifik şəxsiyyətlərdə görürdülər,
guya onlar yerin deşiyindən çıxmışlar. Həm
də onlar bu hadisəyə həsr olunmuş dini ibadətlər
icra edirdilər. Onların imperiyası getdikcə genişlənirdi.
Axırıncı imperatorlardan biri olan Paçakutu Kuskonu yenidən
tikməyə başlamışdı.
1532-ci ildə ispanlar Perunun şimal ərazilərinə
qədəm basdılar. Onlar imperator Atahualpa ilə
görüşmək istəyirdilər ki, onu
oğurlasınlar. Pisarro və onun adamları İnkaya loyal
olan liderləri devirir və sonra edam edirdilər. Həm də
onun özünə xəbər göndərdilər ki, onu
qanuni hökmdar kimi tanıyırlar. İspanlar onlardan ərzaq
almaq üçün özlərinin ərzaq ehtiyatının
çox uzaqda olduğundan şikayətlənirdilər.
Atahualpa da ispanların ona müttəfiq olmasını istəyirdi
və 1532-ci ildə oğurlandıqdan sonra da bu fikrini dəyişməmişdi.
İspanlar onu dustaq saxladıqda, o, öz məsləhətçiləri
ilə görüşdə, onun azad olması
üçün tələb olunan girov məbləğini
ödəmələrinə göstəriş verirdi. Lakin
Pisarro girov məbləğindəki qızılı alsa da,
onu azad etmədi. İspanlar həm də hakimiyyətə
iddialı olanların hamısını edam edirdilər.
Sonrakı iki il ərzində isə Perunun ispanlar tərəfindən
real şəkildəki işğalı baş verdi.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2025.- 22 yanvar(№11).- S.14.