Ömür ləyaqətlə
yaşananda...
ƏMƏKDAR JURNALİST VASİF SƏMƏDOVUN 75
İLLİK YUBİLEYİNƏ
"Gəlimli-gedimli dünya, Son ucu ölümlü
dünya..." Əzəl başdan binası belə qoyulub
dünyanın: bir gün gələn bir gün gedər. Amma
hərə bir başqa cür: kimi 80-90 il yaşar,
varlığının bir mahiyyət olmaz, nə bir xeyir əməl,
nə bir faydalı iş qalar özündən sonra; kimi də
qısa ömrünə saysız yaxşılıqlar,
faydalı əməllər, gözəl dostluqlar, unudulmaz
xatirələr sığdırar.
Bütün ömrünü vətəninə, millətinə,
seçdiyi peşəsinə faydalı olmağa həsr edən,
özündən sonra hələ illər boyunca
danışılacaq xeyirli əməllərə imza atanlardan
idi Vasif Səmədov. 74 illik ömründə Azərbaycan
jurnalistikasının böyük bir dövrünü əhatə
edə biləcək fəaliyyətə malik V.Səmədov
eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya
tanıdılmasında mühüm işlər görüb.
Yaşasaydı, bu gün 75 illik yubileyini qeyd edəcəkdi.
Təəssüf ki, 2024-cü ilin aprel ayında xəstəlik
səbəbindən gözlərini dünyaya əbədi
yumdu. Ancaq onun adı Azərbaycan jurnalistika tarixində, xatirələri
isə həmkarlarının, onu tanıyanların,
yazılarını daimi izləyən oxucularının
yaddaşında əbədi qaldı.
Vasif Həzərxan oğlu Səmədov 1950-ci il
yanvarın 22-də Masallıda anadan olub. 1968-ci ildə
Masallıda N.Nərimanov adına orta məktəbi bitirərək
ali təhsil almaq üçün paytaxt Bakıya üz tutub.
Burada ali məktəbə hazırlaşdığı
dövrdə "Azərbaycan pioneri" qəzetində
ştatdankənar müxbir kimi fəaliyyətə
başlayıb. O, 1965-68-ci illərdə Masallıda dərc
edilən "Çağırış" qəzetində,
1968-69-cu illərdə "Azərbaycan pioneri" və
"Azərbaycan gəncləri" qəzetlərində
çalışıb.
1969-cu ildə Azərbaycan Dövlət Radio və
Televiziya Verilişləri Komitəsində (indiki "Azərbaycan
Televiziya və Radio Verilişləri" QSC) redaktor vəzifəsinə
təyin edilib. Həmin il Azərbaycan Dövlət
Universitetinin (indiki Bakı Dövlət Universitetinin) jurnalistika
fakültəsinin qiyabi şöbəsinə daxil olub.
1977-ci ildə ali təhsilini başa vuran jurnalist zəngin
peşə fəaliyyəti müddətində
"Kommunist" (indiki "Xalq qəzeti") qəzetində,
həmçinin, keçmiş SSRİ-nin
"İzvestiya", "Oqonyok", "Literaturnaya
qazeta" kimi tanınmış media orqanlarında
çalışıb, "Oqonyok" jurnalının və
"Literaturnaya qazeta"nın Mərkəzi Asiya və Qərbi
Asiya ölkələri üzrə müxbir bürosunun
müdiri, "Kaspian-İzvestiya" beynəlxalq informasiya
agentliyinin təsisçisi və direktoru olub. 1991-95-ci illərdə
Bakı şəhər sovetinin deputatı seçilib.
1996-cı ildə jurnalistikada göstərdiyi
yaradıcılıq fəaliyyətinə görə
"Oqonyok" jurnalının laureatı adına, eləcə
də "Araz" ali ədəbi mükafatına,
"Qızıl qələm" və "Həsən bəy
Zərdabi" mükafatlarına layiq görülüb.
Kütləvi informasiya vasitələrində uzun müddət
səmərəli fəaliyyətinə görə Əməkdar
jurnalist fəxri adı ilə təltif olunub. Amerika
Biblioqrafiya İnstitutunun Direktorlar Şurasının tərtib
etdiyi "Dünyanın 1000 nüfuzlu şəxsi"
adlı biblioqrafik sorğu kitabında jurnalistika üzrə Azərbaycanı
məhz V.Səmədov təmsil edib.
V.Səmədov "Vtorjenie", "Müdaxilə",
"Təki vətən yaşasın", "Vətən
üçün lazım gəlsə" kitablarının,
beynəlxalq kütləvi informasiya vasitələri dərsliyinin
müəllifi, habelə "Leyla Əliyeva: "Xocalıya ədalət!"
(Beynəlxalq erməni terroruna qarşı yeni strateji
model)" üçcildliyinin həmmüəllifidir.
Üç oğul atası olan mərhum jurnalist həm
də bir valideyn kimi dövlətimizə, millətimizə
layiqli, savadlı övladlar bəxş edib. Siyasi elmlər
üzrə fəlsəfə doktoru olan böyük oğlu
Arif Səmədov Azərbaycan Respublikası Prezidentinin Protokol
xidmətinin rəisi, ortancıl oğlu Ramin Səmədov
Moskva Polis Akademiyasının məzunu, kiçik oğlu Hikmət
Səmədov isə Fövqəladə Hallar Nazirliyində
katibliyin rəisidir.
Vasif Səmədov şəxsiyyətini daha
yaxından tanımaq üçün qısa araşdırma
və həmkarlarının, dostlarının xatirələri
kifayət edir ki, peşəkar jurnalistdən əlavə, bir
insanlıq nümunəsi ilə qarşı-qarşıya
olduğumuzu anlayaq. Bu mənada BDU-nun Milli mətbuat tarixi
kafedrasının müdiri, V.Səmədovun müəllimi
olmuş professor Cahangir Məmmədlinin bir zamanlar ona həsr
etdiyi oçerkində yer verdiyi xatirələr xüsusi
önəm daşıyır: "Universitetin Jurnalistika
fakültəsində Vasif Səmədovla görüş
keçirilirdi. Tələbələrlə çox səmimi
söhbət-dialoq vaxtı kamera yoxluğu ucbatından
görüşün lentə alınmadığını
hiss edən Vasif müəllim səhəri gün tələbələrə
diktofon və videokamera göndərdi".
C.Məmmədli keçmiş tələbəsini
"Azərbaycanın ağır gününə yanan, onun mənafelərini
qoruyan vətəndaş" kimi şərh edir: "Vasif bir
vaxtlar bitirdiyi universitetin jurnalist tələbələri ilə
çox bağlı ziyalıdır. Tələbələr
onun yanına işə düzəlmək üçün
getməyə adət ediblər. Vasif istedadı olan tələbə-məzunların
işə düzəlməyini kimdənsə, hansısa qəzetdən,
telekanaldan xahiş etməyə, zəmanət verməyə
heç vaxt simiclik etmir...
Vasifi beynəlxalq dünyaya bağlayan mənəvi
tellər var. Bu mənəvi tellər sırasında
xalqları barışdırmaq, xalqları bir-birinə
yaxınlaşdırmaq cəhdləri daha güclüdür.
Əsrin son illərinin jurnalistikasında xalqları bir-birinə
düşmən edən dini ayrı-seçkiliyə
çağıran mürtəce jurnalistikanın
acığına Vasif daha intensiv işləyir.
Vasif gördüyü işləri gözə soxan,
öz işi ilə öyünən, xüsusi ambisiyası,
iddiası olan adam deyil. O, sakitcə, haysız-küysüz bir
jurnalist işi görür..."
Mətbuat Şurasının sədri Rəşad Məcid
deyir ki, Vasif Səmədov Rusiya mətbuatında
çalışan jurnalistlərimiz içərisində
öz sanbalı ilə seçilirdi: "Vasif müəllimi
uzun illərdi tanıyırdım. O, vaxtilə
"Oqonyok" jurnalında çalışarkən təmaslarımız
olurdu. Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin
üzvü kimi tədbirlərimizdə də fəal
iştirak edirdi. Tez-tez əlaqə saxlayırdıq. Təəssüf
ki, ötən il Vasif müəllimi itirdik. Allah ona rəhmət
eləsin! Azərbaycan jurnalistikasının inkişafında
bu cür əməyi, fəaliyyəti olan jurnalistlərə
ehtiram bəsləmək bizim vəfa borcumuzdur".
Millət vəkili Anar İsgəndərovun sözlərinə
görə, Vasif Səmədov təkcə jurnalist deyil, Azərbaycan
mədəniyyəti, incəsənəti, kulinariyası ilə
bağlı Moskvada ermənilərlə ciddi mübarizə
aparan cəngavərlərdən idi: "Vasif müəllim
ömrünü jurnalistikaya bağlayan
ziyalılarımızdan biridir. "Oqonyok" jurnalı deyiləndə,
Azərbaycanda birmənalı olaraq Vasif Səmədov
xatırlanırdı. "Literaturnaya qazeta"da yayımlanan
ən çətin, Azərbaycanın maraqlarını
müdafiə edən materiallar Vasif Səmədovun imzası
ilə bağlı idi. Yaxud Azərbaycan tərəfindən
kimlər müraciət edirdisə, həmin materialların
çap olunması üçün əlindən gələni
edirdi. Onun bütün yazılarında Azərbaycan var idi.
Hansı formada olursa olsun, erməni tərəfi ilə
toqquşmalarda birmənalı olaraq qalib gəlirdi.
Çünki onun sonsuz vətən sevgisi və zəngin
mütaliəsi var idi. Ermənistanın Azərbaycana təcavüzündən
sonra Vasif müəllim vətənpərvər ziyalı kimi
bu istiqamətdə işlərini daha da artırdı. Həmmüəllifi
olduğu "Leyla Əliyeva: "Xocalıya ədalət!"
(Beynəlxalq erməni terroruna qarşı yeni strateji
model)" üçcildliyi isə bu istiqamətdə ən
uğurlu işi idi.Onun ən böyük uğurlarından
biri də yeni jurnalist nəslinin yetişməsindəki xidmətləridir
və bir pedaqoq kimi də kifayət qədər uğurlara
imza atdı.
Bir ilə yaxındır, aramızdan ayrılmasına
baxmayaraq, Vasif müəllimin əməlləri onu
yaşadır və əminəm ki, bundan sonra da gənc nəsil,
yeni jurnalistlər onun Vətənə olan məhəbbətini
özlərinə örnək alacaq, bu ruhda fəaliyyət
göstərəcəklər. Vasif müəllimin irsi isə
əbədi yaşayacaq. Çünki o, Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması üçün hər
şey etdi. Təsadüfi deyil ki, onun adı
"Dünyanın 1000 nüfuzlu şəxsi" arasında
yer alıb.
Vasif müəllimlə şəxsi
tanışlığımız, gözəl münasibətimiz
vardı. Onu hər zaman sonsuz ehtiram və dərin hörmətlə
yad edirəm".
Xalq yazıçısı Elmira Axundova V.Səmədovu
mərd, ləyaqətli və peşəkar həmkarı kimi
xatırlayır: "1990-cı illərin əvvəllərində
Vasif müəllimlə birlikdə Rusiya mətbuatında
xüsusi müxbir kimi çalışırdıq. Bu,
çox çətin illər idi. Çünki müstəqil
jurnalistika təzə yaranırdı. Azərbaycan həqiqətlərini,
Qarabağ problemlərini dilə gətirmək çox
müşkül məsələ idi. Hər yerdə ermənilər
yolumuzu kəsməyə çalışırdılar. Ancaq
o, xüsusi müxbir kimi çox uğurlu fəaliyyət
göstərirdi. Bütün səylərini, əlaqələrini
Azərbaycan haqqında maraqlı materiallar çap etdirməyə
yönəldirdi. Hətta iki dəfə "Oqonyok"
jurnalının tamamilə Azərbaycana həsr olunmuş
xüsusi buraxılışını çap etməyə
nail oldu. Təbii ki, bu o vaxt üçün misilsiz qəhrəmanlıq
idi və böyük əks-səda doğurmuşdu.
Xatırlayıram ki, mərhum liderimiz Heydər Əliyev də
bunu yüksək qiymətləndirmişdi.
Prezident Heydər Əliyevin rəsmi səfərləri
zamanı Vasif müəllimlə birgə yol yoldaşı
olmuşuq. Çox mülayim, sakit, həsəd hissindən
uzaq bir insan idi. Öz işini çox sevirdi. Sonralar həmkar
kimi yollarımız ayrılsa da, əlaqələrimiz itmədi,
ara-sıra əlaqə saxlayar, özəl günlərdə
bir-birimizi təbrik edərdik.
Vasif Səmədov çox dəyərli insan idi və
dəyərli həyat yaşadı. Ömrünü ləyaqətlə,
mərdliklə keçirdi. Azərbaycan jurnalistikasında
silinməz iz qoydu. Fəxr edirəm ki, onunla eyni rayondanıq.
Bu gün Masallıda da onun xeyirxah əməllərinin
şahidi olan, bu əməllərdən danışan insanlar
var. Hələ çox işlər görə bilərdi.
Heyif ki, xəstəlik ona çox yaşamağa imkan vermədi.
Allah rəhmət eləsin".
Araşdırmaçı jurnalist, ssenarist, mərhum
jurnalistin həmyerlisi Cəfər Cəfərov deyir ki, Vasif Səmədovun
ömür yolu bir örnəkdir: "Beynəlxalq jurnalistikanın
azərbaycanlı təmsilçisi kimi özünəməxsus
yeri və çəkisi olan Vasif Səmədov informasiya
blokadasını qıran, Qarabağ həqiqətlərini
dünyaya yayan ilk jurnalistlərimizdəndir.
Sevinirəm ki, peşəkar jurnalist Vasif Səmədovdan
müsahibə götürmək mənə nəsib olub.
Ümummilli liderin 100 illik yubileyi ərəfəsində
birlikdə "Heydər Əliyev və Masallı" sənədli
filmi üzərində işləmişik. İdeya və
ssenari müəllifi mən olduğum ekran əsərinin məsləhətçisi
Vasif müəllim idi.
Vasif müəllimi bir jurnalist kimi xalqa sevdirən onun
vətənpərvərliyi, milli ləyaqəti, torpaq təəssübkeşliyidirsə,
bir şəxsiyyət kimi fərqləndirən, hörmət
və rəğbət doğuran isə fərdi xüsusiyyətləri,
insani keyfiyyətləridir. O, sədaqətli dost, ədalətli
müəllim, nəfsinə sahib Allah adamı,
sözübütöv, mərhəmətli, prinsipial və
xeyirxah insan idi.
Müdriklik zirvəsini fəth edən ləyaqətli
vətəndaş, peşəkar jurnalist, hər zaman milli-mənəvi
dəyərlərə sadiq ziyalı Vasif Səmədova
Allahdan rəhmət diləyirəm".
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 22 yanvar(№11).- S.12.