ƏNƏNƏNİ SINDIRARAQ DAVAM
ETDİRƏN
Daha bir dəfn karvanı Sorxab məhəlləsindən
keçərək "Məqbərət
üş-şüəra"ya üz tutmuşdu. Artıq
üç əsrdən çox idi ki, o məzarlığa
el çiynində gedənlər vardı, amma həmin
yasların da daha izdihamlısı, daha az adamlısı olurdu.
Təbrizin yaxında-uzaqda başqa qəbiristanlıqları
da vardı - hətta bu ətraflarda da, Sorxab həndəvərində
də. Ancaq yazılmamış bir qaydayla bu məzarlıqda hər
yetən ölüsünü basdırmazdı.
Əvvələn, mərhumlarını torpağa
tapşıranlar səy edirdilər ki, son dəfn etdikləri
həmin ailənin və nəslin əvvəlki rəhmətliklərindən
ayrı düşməsin, imkan daxilində bir-birlərinə
yaxında uyusunlar, o biri yandan da "Məqbərət
üş-şüəra"nın adı üstündə
idi - nə ayrıca fərmana ehtiyac vardı, nə qazinin
hökm verməsi lazım idi. Bir təbrizlinin son mənzilinin
bura olmasının zəminini o adam həyatı ilə, əməlləri
ilə, yazıb-yaratdığı ilə özü
hazırlayırdı. Artıq sağkən bilinirdi ki, belə
azman şəxsiyyətin son duracağı elə bura olar.
1390-cı ildə şair Əssar Təbrizinin tabutu Təbrizin
bir ayrı qəbiristanlığına deyil, məhz "Məqbərət
üş-şüəra"ya yönəlmişdisə, əsas
səbəb bu deyildi ki, o, şairdi. Ondan əvvəl də,
sonralar da Təbrizdə o qədər şairlər
ömür sürüb dünyadan köçdülər ki!
Fəqət Haqqın dərgahına üz tutanların
yüzündən, minindən birinə nəsib oldu ki, burada
basdırılsın. Bu məzarlıq nəşi ora
tapşırılanların dünyadakı son bəxti idi.
Əlbəttə, layiq olduğu halda bura düşməyən
ünlü təbrizlilər də oldu. Lakin layiq
olmadığı halda bura gömülənə təqribən
rast gəlinmədi. Əvvəldən burada elə
böyüklər, elə müqəddəslər, elə
parlaqlar torpağa tapşırılmışdı ki,
artıq el iradəsi heç vaxt macal verməzdi ki, o nizam
pozulsun. "Məqbərət üş-şüəra"
artıq ziyarətgah kimi idi, burada əbədi rahatlıq
tapmış ruhca, çəkicə, miqyasca bir-birinə
yaxın olanlar sanki hansısa ilahi cazibəylə yanlarına
yalnız özlərinə uyğunları çəkirdilər.
Ondördüncü yüzilin bitər-bitməzində
duyğuca, fikircə, məsləkcə ona simsar olanların
yanına irəliləyən Əssar hələ çox illər
qabaqdan bir gün həyatdakı ən son yolunu
özünün getməyəcəyini, bundan sonra yalnız
sükut içərisində qalacağı
axırıncı evinə çiyinlərdə
çatacağını bilirdi və ona görə
özünə də, başqalarına da tövsiyə
etmişdi ki, bu keçəri həyatda heç nəyə və
heç kəsə güvənmədən, tamahdan uzaq
duraraq, gələcəkdə səni gözükölgəli,
başıqaxınclı edəcək işlər görməyərək,
rəzil, bədxah insanlardan aralı gəzərək azad
yaşamaq lazımdır.
Əzəl gündən kəc dolanan fələkdə
var bu adət,
Nə vermişsə alacaqdır geriyə o, nəhayət.
Heç bir kəsə rəhm etməmiş çərxi
dönmüş asiman,
Ağlı olan fani dəhrə bel bağlamaz heç
zaman.
Çoxlarının başına o, qızıl səpib
qoymuş tac,
Sonra isə taxtdan salıb, etmiş çörəyə
möhtac.
Dostum, sən də bu zülmkar ruzigara inanma,
Azad yaşa, bu vəfasız fələyə arxalanma!
Əssar Təbrizinin həyatı bitmişdi, nəfəsinin
axırıncı dəfə gəlib-getdiyi andan sonra onun,
haqqında başqalarının nə düşünəcəyi,
nə danışacağı, harada
basdırılacağı, nə qədər xətir-hörmətlə
dəfn ediləcəyi qəbilindən olan dünya işlərinə
müdaxilə etmək, gedişata nə şəkildəsə
təsir göstərmək fürsətləri də
bitmişdi. İndi, artıq özünün cansız cəsədə
döndüyü məqamda ehtişamla, ehtiramla ən şərəfli
bir ünvana - "Məqbərət üş-şüəra"ya
aparılırdısa, demək, ömrü bihudə
yaşamamışdı.
Bir zamanlar başqalarına öyüd-nəsihət
edəndə ən əvvəl özü də həmin
şərtlərə riayət etməyə
çalışmışdı, şairlikdə də
simasını qoruyub saxlamağı bacarmışdı. Vəfatından
azı 15 il qabaq yazdığı misralarda gələcəyə
hesabatını qabaqcadan vermişdi:
Qane oldun öz varına, olmadın çox tələbkar,
Hərisliyi çəkdin dara, acgözlüyü
etdin xar.
Mədh ü tərif yazmadın sən ləyaqətsiz
adama,
Həqiqətə çatmaq üçün yol
axtardın daima.
Qəsidələr yazıb heç vaxt şahları
mədh etmədin,
Hədiyyələr almaq üçün bir qapıya
getmədin.
Qəsidələr yazdınsa da, həsr etmədin bir
kəsə,
İlhamını salmadın sən dar, qaranlıq məhbəsə.
Səbr eylədin sən kasıb, sadə güzəranına,
Bir tələbçün getmədin kübarların
yanına.
İstəmədin heç qapıdan sən
özünə himayət,
Taxtın, tacın oldu sənin azad həyat, qənaət.
Uymadın sən boş şöhrətə,
qısıldın öz guşənə,
Təkəbbürlü bir adam da qoymadı minnət sənə.
Tamahı bir quduz ittək qovdun könül
qapından,
Vəziyyətdən razılığı etdin
özünə ünvan.
Uzaqlaşdın bədzat, rəzil adamlardan dünyada,
Yaxınlaşdın vicdanı pak, fikri təmiz ustada.
Əssar Təbrizi öz ömrünü,
keçmiş olduğu yolu, hansı mənəvi
ölçülərlə, hansı meyarlarla
yaşadığını təsvir edirdi. Bu sətirləri
yazdığı çağlarda həyat sona
yaxınlaşmaqdaydı, yetərincə yaşı vardı
və yazdığı kimi, gözütox, qənaətcil bir
ömür yaşadığına da peşman deyildi. Həyatının
bundan sonrakı axırıncı çərəyini də
elə həmin təhər yaşadı ki, dünyadan
ayrılanda çağdaşları, həmşəhərliləri
onu eyni ruh ailəsinin üzvü kimi Qətranla, Xaqani ilə,
Mücirəddin Beyləqani ilə, Zülfüqar Şirvani
ilə yanaşı basdırmağa yekdil oldular, bir kimsədə
bununla bağlı zərrəcə tərəddüd
yaranmadı.
Necə yaşadığını söyləyirdi,
bu doğruçu xəbərləri verdikcə həm də
özündən sonra gələnlərə nəsihət
edirdi ki, belə ömür sürməkdə,
yaradıcılıqda kimsənin buyruğundan asılı
olmadan belə xətt tutmaqda can rahatlığı, asudəlik,
təmənnasızlıq var. Ancaq dərhal bunu da əlavə
edirdi ki, belə bir ömür ülgüsünü təsadüfən
seçməyib, indi başqalarına təlqin etməyə
çalışdığı qızıl qaydanı da belə
davranışı özünə şüar etmiş
USTADdan əxz edib. Açıqca bəyan edirdi ki, yalnız
yaradıcılıqda yox, elə nə təhər
yaşamaqda, hansı məsləkə qulluq edib hansı əxlaqa
sahib olmaqda da o, Nizamini özünə qiblə sayıb, daim həyatda
da, yaradıcılıqda da onun kimi olmağa
çalışıb:
Öz vaxtını sərf elədin elmə, şeirə
durmadan,
Bunlar ilə qəlb aynasın təmizlədin hər
zaman.
Nizamitək sən də daim çəkildin bir xəlvətə,
Təmənnasız rövnəq verdin məna dolu hikmətə.
Onun kimi sən də fikir mədənindən müntəzəm
Yüz xəzinə bəxş elədin xalqa müftə-müsəlləm.
Dünyadan bunca hörmət-izzətlə yola
salınan, özü də belə iqballa
qarşılaşacağını irəlicədən təxmin
etmiş Əssar Təbrizi necə ömür
yaşamış, hansı irsi doğurmuşdu ki, belə
şərəfə layiq görülmüşdü və bu
cür bir gedişin, gedişindən sonra qalışın da
taleyində olmasından arxayınlıq onda haradan
yaranmışdı?
Ona ilk ən yüksək qiyməti verən (hər
halda bugünə əldə olanımıza əsaslanırıq,
mümkün deyil ki, daha əvvəl də onun qələminə
və şəxsiyyətinə verilən yüksək dəyərləndirmələr
olmasın) farsdilli klassik şeirin "altun
dövrü"nün son zirvəsi Əbdürrəhman Cami
olub. "Baharistan"ında Caminin Əssar haqqında
söylədikləri həm də təbrizlilərə
çağırış, vəsiyyət kimidir ki, bu şəxsiyyətin,
bu irsin yerini həmişə uca tutun: "Bu kişi təbrizlilərin
üzünü ağ edib". Caminin heyranlığına səbəbsə
Əssarın "Mehr və Müştəri" məsnəvisi
idi, bu əsərdə olan yüksək bədiiliyi və lətifliyi
məxsusi vurğulayırdı. Yazırdı ki, kiminsə bu
bəhrdə belə gözəl məsnəvi yaratması
mümkün deyildir.
Bu, hansısa təzkirəçinin, lap onların
arasındakı ən məşhurunun verdiyi qiymət deyil,
bu, özü də ustadlar ustadı olan Əbdürrəhman
Caminin qənaətidir ki, bu babətdə Əssardan daha
yaxşını yaratmaq mümkünsüzdür.
Cami belə ifrat kimi görünən səxavətli
qiyməti hər böyük söz sehrkarına yox, yalnız
mənəvi müəllimi saydığı Nizami Gəncəviyə,
öz yetirməsi Əlişir Nəvai kimi əlçatmazlara
verib."Mehr və Müştəri" Əssarın
şah əsəri olsa da, yaratdığı tək inci
deyildi. O, zəmanəsinin hərtərəfli bilik sahibi olan
düşüncə, duyğu adamlarından idi ki,
şeirşünaslıq sahəsində də yetərincə
məşhurmuş. Onun əruz, qafiyə, bədi elmləri
ilə bağlı əsərlərinin olması, lüğət
tərzində "Vafi fi tedad ul-qəvafi" kitabının
varlığını da qaynaqlar təsdiqləməkdədir.
"Daneşməndan-e Azərbaycan"ın yazmasınca, bu
sonuncu risalə şeirdə qafiyənin özünəməxsus
xüsusiyyətləri və incəliklərindən bəhs
edir.
Məşhur "Qamus ül-əlam" təzkirəsində
Əssar Təbrizidən söz açan Şəmsəddin
Sami bəy onu "İranın məşahir şüərasından
olub təbrizlidir" deyə təqdim edərək Sultan
Üveys Elxaninin məddahlarından sayırsa və bir para
başqa təzkirələr də bunu təkrarlayırsa,
Əssar özü mədhiyyəçilikdən uzaq
durduğunu "Mehr və Müştəri"sində
açıqca bildirir.
Əssar riyaziyyat, fələkiyyat (nücum), rəml və
üstürlab elmlərində də, yenə təzkirələrin
təsdiqləməsinə görə, sadəcə səriştəli
olmayıb, bu sahələrin hər birində "zəmanəsinin
məşhur alimlərindən" biri imiş. Orta əsrlər
astronomiyası sahəsində imzasını qoya bilməsi həm
də onun yaxşı məktəb keçməsi, Mövlana
Əbdüssəməd Münəccim Təbrizinin şagirdlərindən
olması ilə bağlı idi. Əssarın öz nücum
ustadına həsr etdiyi silsilə qəsidələri də olub.
Həyatının bir parçasında Əssar təsəvvüfə
də meyil edib, Şeyx İsmayıl Sisinin müridlərindən
olub. Seyid Məhəmməd Nurbəxş "Silsilət
ül-ovliya" əsərində Əssar haqqında müfəssəl
və faydalı biliklər verərək göstərir ki,
"elm kanı olan Hacı Məhəmməd Əssar Təbrizi
(Allah onun qəbrini müqəddəs və pak etsin) həm dəqiq,
həm humanitar elmlərdə bilik sahibi idi,
bağlandığı təsəvvüf təriqəti ilə
bağlı şeirlər yazmışdır".
Söz yox, Əssarın bu qəbil şeirləri onun
poeziyasının fəlsəfi səmtini izləmək
baxımından çox maraqlıdır, neyləmək ki,
görkəmli alim və şairin irsinin bu hissəsi də
indiyədək toplanmamışdır.
Ayrı-ayrı mənbələrin təsdiqləməsincə,
Əssarın mükəmməl "Divan"ı da olub. Məhəmmədəli
Tərbiyət onun qəzəllər, qəsidələr, qitələr,
rübailər və digər şeir şəkillərindəki
mənzumələrdən ibarət "Divan"ından bəhs
edərək həmin topludan bir qitəni örnək gətirir.
"Daneşməndan-e Azərbaycan"ın bu məlumatı
hər halda Tərbiyətin o "Divan"ı
gördüyünə dəlalət edir. Əssar
"Divan"ının mükəmməlliyi, bədii cəhətdən
yüksəkliyinə Tərbiyətin ayrı bir sorağı
da işarə vurur. "Daneşməndan-e Azərbaycan"ın
məlumatına görə, Süruri Osmani öz müntəxəbatında
Əssarın bir çox qəzəllərini vermişdir.
Bu məlumatların diqqətəlayiq cəhəti
ondan ibarətdir ki, bizi izə salır, anladır ki, Əssar
"Divan"ının bir yox, bir neçə nüsxəsi
varmış və gərəyincə axtarılarsa, İranda
və Türkiyədə həmin əlyazmaların üzə
çıxması ehtimalı da böyükdür. Lakin nəzərə
alaraq ki, indiyədək Əssar Təbrizinin "Mehr və
Müştəri"sinin ixtisarlı tərcüməsindən
savayı onun bu məsnəvidən kənardakı heç
bir əsəri öz ana dilində səslənməmişdir,
Məhəmmədəli Tərbiyətin iqtibas etdiyi şeiri
farscadan çevirərək bura əlavə etməyi
münasib sayırıq. "Divan"ı aşkarlanıb
ortaya çıxana qədərsə ən azı Süruri
toplusundakı qəzəlləri yığaraq Azərbaycan
dilinə çevirmək məqsədəuyğun olardı.
İş ondadır ki, Əssar ədəbiyyatımızın
az öyrənilmiş bir əsrinin - XIV yüzilin şairidir
və onun yaradıcılığının
hamınınkılaşan hər nümunəsi yalnız onun
öz yaradıcılığının deyil, həmin əsrdəki
ədəbi mühitimizin də mənzərəsinin daha
dolğun görünməsinə yardımçı olar.
Əssarın bu qitəsində də, "Mehr və
Müştəri"sində olduğu kimi, onun həm cəmiyyət
həyatı, həm də şəxsi münasibətləri
ilə bağlı gerçəkçi cizgilər yer
almaqdadır. Güman ki, "Divan"ı ilə
bütöv şəkildə tanışlıq yalnız
Əssarın sənətkarlıq xüsusiyyətlərini
bir az da yaxından müşahidə etmək baxımından
yox, həm də zəmanəni dürüst təsəvvür
etməkçün bir münasib güzgüyə dönə
bilər. Bu qitəsində də Əssar şikayətlənir.
Ayrı-ayrı adamların nakəsliyindən şikayətlənir.
Niyə? Bəlkə bu səbəbləri aça biləcək
başqa şeirlər elə tezliklə vərəqləməyi
arzuladığımız "Divan"ındadır?
Məcu Əssar, mehr əz təb`-e mərdom,
Ke gol hərgez ze şurestan nəxizəd.
Vəfa əz surət-e biməni-ye xəlq
Çu əz surət məlayek miqorizəd.
Beğər bal-e fələk bər fərq-e inha
Qəza coz məkr o ğəddari nəbizəd.
Bemehr anra ke niki biş xahi
Bekinət hər zəman bədtər setizəd.
Çu əşk anra ke sazi cay dər çeşm
Əgər dəstəş dəhəd xunət berizəd.
Sən insanda mehr axtarma, Əssar,
Görən varmı çiçək açsın
şoranda.
Mələk hürküb itər surət
görüncə,
Çürüklərdən o cür
qaçmış vəfa da.
Belə insanlara göydən yağıbdır
Amansızlıq, məkr sanki davamla.
Məhəbbət göstərib hey
yaxşılıq et,
Deşər kinlə səni imkan olunca.
Ona yaştək gözündə yer də versən,
Macal düşsə sənə qan uddurar ha!
Əssar Təbrizi irsinə və şəxsiyyətinə
Qərb şərqşünaslığında maraq, onun
"Mehr və Müştəri"sindən
parçaların almancaya çevrilərək nəşr
edilməsi artıq XIX yüzilin ortalarına təsadüf
edirsə, bizdə bu qüdrətli söz ustamızın
öyrənilişinin təzkirə səviyyəsindən elm
müstəvisinə keçməsi az qala 100 il sonraya -
1940-cı illərə təsadüf edir. Həmid
Araslının ilk dəfə Əssarı müasir Azərbaycana
təqdim etməsindən sonra 1950-ci illərdə "Mehr və
Müştəri" digər yorulmaz araşdırıcı
və mütərcimimiz Məmmədağa Sultanovun diqqət
dairəsinə keçir, bunun da bəhrəsi məsnəvinin
ana dilimizə uğurlu tərcüməsi olur. Əslən
Güneyli alim Qasım Cahaninin 1960-cı illərdə
"Mehr və Müştəri" mövzusunda müdafiə
etdiyi dissertasiya və nəşr olunan monoqrafiyası ilə
zahirən Əssarla bağlı daha geniş və dərin
araşdırmalar mərhələsinin başlanmalı
olduğu halda müfəssəl öyrənilişi vacib olan
bu şairimiz sanki asta-asta arxa cərgəyə keçir,
unuduluşunun yeni mərhələsinə daxil olur. Əslində
isə başqa cür olmalı idi axı! Zahirən Əssar
Təbrizinin həyat yolunu da, ədəbi və elmi
mirasını da bütün yönləriylə tədqiq etməkdən
ötrü artıq münbit özül yaranmışdı.
Heyiflər ki, bu yol davam etdirilmədi və ədəbiyyatmızdakı,
ədəbiyyatşünaslığımızdakı
Əssar boşluğu bu gün də qalmaqda, yola
çıxacaq sanballı araşdırıcıları
gözləməkdədir. İlk növbədə Əssar mətnlərinin
toplanaraq nəşrindən başlanası bu istiqamətin
sevindirici nəticələrə gətirəcəyi şəksizdir.
Çünki Əssarın əsərlərinin
çoxsaylı əlyazmalarının Avropa ölkələrinə
gedib çatmış nüsxələrinin
axtarışına çıxmazdan əvvəl ilk növbədə
İranda və Tacikistanda, eləcə də Türkiyə,
Özbəkistan və Türkmənistanda da aparılacaq tədqiqatlar
kifayət qədər ümidverəndir. Hələ sərhədlərin
qapalı olduğu vaxtlarda, istər Qərb, istərsə də
Şərq ölkələrindəki əlyazma xəzinələrinə
Sovet İttifaqında yaşayan alimlərin əllərinin
çatmadığı, yaxud hansısa izlərə
düşsələr belə o nüsxələrin surətlərinin
əldə edilməsinin uzun və çətin sürən
bir iş olduğu 1960-cı illərdə Əssar tədqiqatçısı
Qasım Cahani elə bizim öz Əlyazmalar xəzinəmizdəcə
bir cüngdə şairin 240 misralıq "Saqinamə"
adlı məsnəvisini tapmışdı. Həcmcə
kiçik olsa da, bu məsnəvidə Əssarın həm
şəxsiyyəti və yaradıcılıq üslubu, həm
də həyata baxışları, ictimai-siyasi
dünyagörüşü ilə bağlı diqqətəlayiq
nöqtələr yer almaqdadır.
Elm aludəsi olan Əssar "Saqinamə"sində
biliyi həyatın başlıca mənalarından hesab edərək
oxucusunu öyrənməyə, elmə dəyər verməyə
çağırır:
Bedeh mey ke, hekmət biyamuzəmət,
Ze daneş ço əxtər bər əfruzəmət.
Xerəd həmçu nurəst sər-e şəm`ra,
Besuzanəd və xoş konəd cəm`ra.
Hikmət öyrədərəm, gətir badəni,
Biliklə ulduztək parladım səni.
Şamın şöləsinə bənzəyər
zəka,
Yanar, fərəh verər o, insanlara.
"Saqinamə"sindəki başqa bir beytində
Əssar yenə ağlın, biliyin insan ömründəki
ağır çəkisinə diqqət yönəldərək
fəlsəfədə İbn əl-Ərəbi yolunun
yolçusu olduğunu söyləyir. Peyğəmbərin
adaşı olan şair bəyan edir ki, Rəsulumuz Allah dərgahına
meraca getmişdisə, mənim meracım da İbn əl-Ərəbinin
əsərini oxumaqdır:
Məhəmməd mənəm vəz xerəd tac-e mən,
"Futuhat-e Məkki"st merac-e mən.
Məhəmmədəm, düşüncəm
tacdır mənə,
"Fütuhat-e Məkki" meracdır mənə.
Əssar Təbrizi ruhu etibarilə etirazçı bir
şair olub. Zəmanəsi ilə barışmaması,
haqsızlıqlara, bərabərsizliklərə dözməyərək
səsini qaldırması "Mehr və Müştəri"də
də gözə dəyirsə, "Saqinamə"də
bariz şəkildə ortadadır. Təbii ki, belə
dikbaşlığı ilə,
düşündüyünü sərt şəkildə
şeirinə gətirmək vərdişləriylə onun
sarayda qərar tutması çətin olar, sadəcə də
müşkül olmaz, başına bəlalar gətirərdi.
Necə ki, Xaqani, Fələki kimi dərbarda isti yer
qazandıqdan sonra dilini və qələmini dinc
qoymayanların yeri tezliklə soyuq zindan olmuşdu.
Mən ke gerd-e giti begəştəm bəsi,
Cegərxuntər əz xod nədidəm kəsi.
Həme nam-e niku be nəng amədəm,
Məkon fekr dər kar-e in ruzeqar,
Ke in bəhr-e bi bon nədarəd kenar.
Məqu kəz çe şod in çenan o
ançenan
Yeki şod zəmib digəri aseman.
Görmədim dünyanı lap çox gəzdimsə,
Mənimtək ciyəri qan olan kimsə.
Oldu pak adıma qaralar yaxan,
Boğaza yığıldım mən bu həyatdan.
Çox da bənd olma sən heç ruzigara,
Sahilsizdir heyhat bu sonsuz dərya.
Söyləmə o elə, bu belə niyə,
Biri xar, digəri dikəlmiş göyə?
XIII-XIV əsrlər tarixən çoxdilli olmuş və
indi də belə qalan milli ədəbiyyatımızın
tarixində mühüm dönüş məqamlarındandır
ki, farscanın genişmiqyaslı təsir dairəsindən
çıxaraq anadilli şeirimiz getdikcə daha artıq
aparıcı mövqe tutmağa başlayır. Farsca yazmaq ənənəsi
yenə davam etdirilsə də, Azərbaycan şairinin anadilli
"Divan"ı həm həcmi, həm keyfiyyəti etibarilə
onun digər dillərdə yazıb-yaratdıqlarını
üstələyir. Elə bircə İmadəddin Nəsimi
örnəyi yetər ki, farsca "Divan"ı, ərəbcə
bolluca şeirləri varsa da, türkcə bədii irsi onlardan
müqayisəedilməz qədər yüksəkdə durur.
Sözümü ona gətirirəm ki, Mövlana Əssar Təbrizinin
doğurduğu poetik irsin, nəhayət ki, toplanaraq bir
bütöv halında ədəbiyyat arsenalımıza qatılmasına
başlanarkən onun ana dilində də yazıb-yaratması
ehtimalının yüksəkliyini nəzərə alaraq bu səmtdə
də axtarışlar aparmaq lazımdır.
Sanballılığı ilə seçilən təzkirələrdən
birinin müəllifi, Səfəvilər dönəminin
tanınmış coğrafiyaşünası və ədibi
Əmin Əhməd Razi 1560 müəllifdən bəhs etdiyi
"Həft iqlim" təzkirəsində Əssar Təbriziyə
də yer ayırır, onu "xoşsöhbət və
şirindilli şair", "hər kəsin rəğbətini
qazanmış" ünsiyyətcil, qılıqlı insan
kimi səciyyələndirir. Bir sıra başqa təzkirəçilər
kimi, o da Əssarın yaratdıqları arasında "Mehr və
Müştəri"ni xüsusi seçdirir, bu məsnəvini
"şimal nəsimi qədər könülaçan, saf
sular kimi axıcı" adlandırır.
Artıq altı əsrdən çoxdur ki, bu
şirindilli şair yeni-yeni həmsöhbətlər taparaq
onların məhəbbətini qazanmaqda, misralarından əsən
könül ovudan mehlə ruhları oxşamaqdadır.
"Mehr və Müştəri"nin bəlli
yazılma tarixi var və bu xəbəri gününə, hətta
təxminən saatınadək dəqiqliklə elə
Əssar özü çatdırır:
Şəvval ayı "vav" ilə "dal"
günü, Günəş batanda,
Hicrətdən "ha", "mim" ilə
"zal" ili keçən zamanda.
Taleyimin gülən vaxtı Ay tutub Sövr
bürcünü,
Zöhrə isə Hut bürcündən göstərir
öz hüsnünü.
Günəş isə Keyvan ilə Şir
bürcündə həmqatar,
Ağ rəng ilə qara rəngi birləşdirmiş
ruzigar.
Dal bürcündə qərar tutmuş Ütarid ilə
Bəhram,
Müştərisə Əqrəb bürcü
içində tutmuş ehram.
Belə xoşbəxt dəqiqədə bitdi bu gözəl
əsər,
Tamamladım bu dastanı əvvəldən sona qədər.
Bu cür ancaq astronom yaza bilərdi. Əsərinin
başa çatma vədəsini yalnız nücum elminə
tam vaqif olan bir qələm sahibi bu cür ulduzlu göyün xəritəsini
cızaraq əks etdirməyi bacarardı. Orta
çağın digər bir çox şairlərinin də
şeirlərində mütəmadi olaraq göy cisimlərinin,
yaxud şahmat fiqurlarının adlarından, müəyyən
hərəkət və görünüş özünəməxsusluqlarından
sözün təsir gücünü artırmaqçün təşbih,
istiarə kimi istifadə edilir. Ancaq Məhsəti kimi bir şətrənc
ustası şahmat fiqurlarını rübaisinə gətirəndə
başqa şairlər kimi yalnız şahın, vəzirin,
topun, atın, piyadanın hər kəsə bəlli və
üzdə olan əlamətlərini misralarına
qatışdırmaqla dayanıb durmur, bir qədər də dərinə
gedir, dördcə sətir içərisində mənsubə
-- ayrıca bir şahmat məsələsi quraraq daha dərin
fəlsəfi mətləbləri ifadə edir. Yəni həm
şairliyini edir, həm də şeirin içərisində
XI-XII yüzillərdə oynanmış şahmat
partiyaları barədə xəbərləri gələcəyə
yollayır. Eləcə də Fələki Şirvani, Nəsirəddin
Tusi, Əssar Təbrizi kimi peşəkar göyşünas
olan alim şairlərin yaradıcılığında
ulduzların işığı səyyarələrə sadəcə
gendən baxmaqla kifayətlənən başqa şairlərin
romantik yanaşmalarından fərqli şəkildə gəlməkdədir.
Əssar heyət elmində mükəmməl biliklər
sahibi olan alim və incə zövqlü, cazibədar
sözlü şair kimi iki qütbü qələmində
birləşdirir. Ulduzlar, bürclər ayrı şairlərə
demədiklərini onunla bölüşür, o da ulduz dili ilə
bir qisim düşüncələrini oxucuya gözlənilməz
baxış bucağından yetirə bilir. Belə təsviretmənin
bütün başqa gözəlliklərindən əlavə
bu məziyyəti də vardı ki, şeirdə sanki
bütün deyilməli və yazılmalıların deyilib,
yazılıb bitməsindən sonra büsbütün
seçkin bir deyiş tərzi hətta köhnə fikirlərin
də təzə kimi qavranılmasına səbəb olurdu.
Elə bu balaca parçada Əssarın naşı
gözün tuta bilməyəcəyi xeyli gizlətmələri
var. Əbcəd hesabında hər bir hərfin öz sabit rəqəm
ifadəsi var. Vav altıya, dal dördə, ha beşə, mim
qırxa, zal yeddi yüzə bərabərdir ki, bunları
üst-üstə gələndə 745 edir. Hicri tarixin 745-ci
ili isə miladi tarixə çevriləndə 1345-ə tən
gəlir.
Yerdəki saatlar bir-birindən fərqlənəndir,
ancaq səmanın saatı vaxtı ən dəqiq nişan verəndir.
Əssar "Mehr və Müştəri"ni həm sayı
bilinməyəcək qədər adi oxucu, həm də məhdud
sayda nücumçular üçün yazmışdı ki,
ikincilər sətirlərin ardında birincilərin oxuya, tuta
bilmədiklərini də görürdülər. Əssar
"Sövr" deyir, bu, Öküz bürcüdür, Hut -
Balıq, Əsəd - Şir, Dəlv - Dolça, Sərətan
- Əqrəb bürcünün müsəlman Şərqindəki
klassik adıdır. Zöhrə - Venera planetidir, eyni şəkildə
də Keyvan - Saturn, Ütarid - Merkuri, Bəhram - Mars,
Müştəri - Yupiterdir. Səyyarə və bürclərin
belə düzümü bir tərəfdən uğurlu
vaxtın əlamətidirsə, digər tərəfdən
nücumçuya da sadəcə əsərin 778-ci il şəvval
ayının 10-da gündüz saat 5-də
tamamlandığını xəbər vermir, həm də son
nöqtəsinin hansı dəqiqədə qoyulmasını
da pıçıldayır.
Hər bir sənətkarçün başqalarının
verdiyi qiymət nə qədər mühümdürsə də,
istənilən halda doğurduğu əsərin dəyərini
onun özündən yaxşı heç kim verə bilməz.
Çünki o, artıq bitirdiyi işin
yaxşısını da, yamanını da istənilən kənar
gözdən yaxşı görür, bundan da agah olur ki, bu
işə başlayanda qəsdi nə idi, istəyinə nə
həddəcən nail olub. "Mehr və Müştəri"ni
yaratmağı qərar verəndə isə Əssar zirvə
fəth etmək əzmində idi. Əssaradək artıq
Nizami "Xəmsə"sinə farsca və türkcə
xeyli cavablar yazılmışdı və o, indiyədək
yazılanlardan fərqli bir əsər doğurmaq niyyətində
idi. Nəzirəçiliyin sabit şərtləri vardı. Sən
cavab yazdığın əsərin məzmununu da, surətlərini
də, hadisələrin cərəyanetmə xəttini də
və digər bir çox özəlliklərini hifz edərək
bəlli məzmunu fərqli gözəllikdə, misralara
ayrı süs verərək çatdırmalısan. Yəni
bir çalğıçının, ya xanəndənin eyni
muğamı özündən əvvəlkilərdən fərqli
ifa etməsi kimi. Lakin Əssarın lap başlanğıcdan
oturuşmuş "Xəmsə" ənənəsindən
ciddi şəkildə aralanma məqsədi var. O, "Xosrov və
Şirin"dən vəzni, bəhri, ümumi havanı
götürmək, bəli, məhəbbət məzmunlu əsər
yazmaq, ancaq hətta sevgini də Nizami məsnəvisindən
tam seçilən biçimdə təqdim etmək niyyətində
idi.
Orta əsrlərdə şair olub şairlər cərgəsində
uca mərtəbəyə yetişməkdən ötrü
Nizamiyə layiqli cavab yaza bilmək ən çətin
sınaq, ən mötəbər imtahan sayılırdı.
Nizamiyə nəzirə yazmağa hazırlaşan
Əssar hansı ağır yükün altına girməsinin,
əlbəttə ki, fərqində idi:
Bilirəm ki, İsa dəmli böyük şair Nizami
Bu üslubda xətm elədi hər sözü, hər
kəlami.
Məsnəvidə o, misilsiz incəliklər
yaratdı.
...Misilsizdir xəyalının yaratdığı hər
əsər,
Allahın öz vergisiydi Nizamidə bu hünər.
Bu sənətdə bir söz varsa, Nizamiyə məxsusdur,
Başqa sözlər əfsanədir, solğun,
cansız, ruhsuzdur.
O şairin hər kəlamı bir hikmətdir, mətindir,
Ona qarşı dura bilib bir söz demək çətindir.
Yaxşı, bütün bunları bilə-bilə bəs
niyə Əssar yenə də Nizamiyə cavab yazmaq
sevdasından vaz keçmədi?
Özü izah edir:
Cəsarətim çatmır duram Nizamiylə
müqabil,
Buna görə ürək edir başqa yola təmayil.
Bəs həmin başqa yol nədən ibarətdi?
Axı "Xəmsə"çilik ənənəsinin
bünövrəsini qoyan Əmir Xosrov Dəhləvi idi ki,
onun da məsnəvilərinin Nizamininkilərdən təfavütü
yalnız quruluşdakı xırda-para təfərrüatlarda
idi. Yəni ki, tutalım, "Leyli və Məcnun" əvəzinə
"Məcnun və Leyli" yazmışdı, bu iki
aşiqin macəraları sırasına Nizamidə olmayan bəzi
əhvalatları əlavə etmişdi. Amma əsas məzmun
və hadisələrin inkişaf xətti Gəncəli
Müdrikdə necə idisə, aşağı-yuxarı onda
da həmən cürdü. Lakin "başqa yol"
tutacağını məsnəvisinin əvvəlində elan
edən Əssar elə bir fikrə düşmüşdü
ki, qəlibləri büsbütün sındırırdı.
"Xosrov və Şirin"ə cavab yazırdı,
həmin ritmi, həmin üslubu götürərək
yazırdı, məhəbbət dastanı yaradırdı,
ancaq onun qəhrəmanları eşq atəşi ilə
alovlanan bir gözəl qızla bir gənc oğlan deyildi.
Leyli və Məcnundan, Xosrov və Şirindən fərqli
də adıbəlli eşq qəhrəmanları vardı. Vis
və Ramin də, Vamiq və Əzra da, Yusif və Züleyxa
da məşhur aşiqlər və məşuqlardılar.
Başqa yol tutduğunu deyərkən Əssar heç də
sadəcə baş qəhrəmanları digər surətlərlə
əvəzləməyi düşünmürdü. Onun edəcəyi
hələ ki bir başqasının ağlına gəlməmişdi.
Söylədilər aşiq-məşuq
dastanını ürəkdən,
Bu yolda can verənlərdən, təmiz və saf diləkdən.
Hər aşiqin əhvalını şərh eləmək
çətindir,
Hər birinin fəlsəfəsi, hikməti çox dərindir.
Əcəl mənə aman versə əgər bir az
ölümdən,
Sizə dastan söyləyərəm hikmətlərlə
dolu mən.
Bil ki, məndən sonra uzun qərinələr
yaşayar,
Bu dünyada ilhamımdan qalar ölməz yadigar.
Əssar, bəsdir, vaxt itirmə, bu sözlərdən
sən əl çək,
Sərraflara xoş görünməz boş sözləri
söyləmək.
Yaxşıdır ki, eşqə dair yarat elə bir əsər,
Elə nadir bir əsər ki, dillərdə olsun əzbər.
Başlayıb tezliklə də bitirəcəyi,
özü demiş, "nadir əsərini" yazarkən
Əssar qəfil gələ biləcək ölümdən
qorxsa da, hələ cavan idi və bu gümanında haqlı
idi ki, yazacağı əsər uzun qərinələrcə
yaşayacaq, dillərdə əzbər olacaq, onu da
yaşadacaq.
O, məsnəvisini ənənəvi mövzuda - saf məhəbbətdən
yazmağı qət etmişdi. Ancaq kim deyir ki, təmiz,
ülvi məhəbbət və həmin sevginin əldən-ələ
keçərək oxunan dastanı yalnız bir igidlə bir
gözəl arasında ola bilər?
Bəs bir insanın öz yurduna, elinə, obasına bəslədiyi
sevgi?
Bəs bir insanın öz aləmində müqəddəs
kitablardakı nurlular ülviyyətinə ucaldaraq sevdiyi
atası, anası, onlara sonsuz eşqi?
Bəs bir-birinə qardaşca bağlı iki dostun sədaqətli,
vəfalı, fədakar məhəbbəti?
Əssar bu sonuncunu seçdi. Bir qəhrəmanı
Mehr oldu, bir qəhrəmanı Müştəri. İki
tay-tuş, iki sirdaş, iki dərrakəli, iki məğrur
cavan. Məsnəvini açıb vərəq-vərəq
oxuyanacan çaşanlar da, o iki aşiqdən birini qız
sayanlar da tapıldı. Ancaq misra-misra adladıqca təmənnasız
dostluğun sehrinə düşdülər və Mehrlə Müştəri
də aşiqlər kəhkəşanında daha heç vaxt
sönməyəcək ulduzlara dönüb əbədi
ömrünü başladı.
18 yanvar 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet .- 2025.- 22 yanvar(№11).- S.10-11.