Xalq şairi Zəlimxan Yaqubun 75 illiyi qeyd edilib
Milli Kitabxanada
çağdaş Azərbaycan poeziyasında özünəməxsus
yeri, poetik nəfəsi olan Xalq şairi Zəlimxan Yaqubun anadan
olmasının 75 illiyi münasibətilə “Xalq şairi Zəlimxan
Yaqub” adlı kitab sərgisi istifadəçilərə təqdim
olunub.
Kitabxanadan bildirilib ki, sərgidə şairin əsərləri,
tərtibçisi olduğu, “Ön söz” yazdığı,
rəy verdiyi və redaktə etdiyi kitablar, həyat və
yaradıcılığı, ictimai fəaliyyəti
haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar,
sözlərinə bəstələnmiş musiqi notları,
fotolar nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.
***
Bu gün müasir Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, Xalq şairi Zəlimxan
Yaqubun anadan olmasının 75-ci ildönümü tamam olur. Cəfər
Cabbarlı adına Respublika Gənclər Kitabxanasında
görkəmli şairin 75 illiyi münasibətilə "Xalq
şairi Zəlimxan Yaqub - 75 " adlı elektron məlumat
bazası hazırlanıb.
Kitabxanadan bildirilib ki, elektron məlumat bazası kitabxananın
rəsmi saytında yerləşdirilib.
Məlumat bazası şairin zəngin bədii
yaradıcılığını, ictimai-siyasi fəaliyyətini
əhatə etməklə özündə bir sıra bölmələri
cəmləyir. Elektron məlumat bazasında Ulu Öndər
Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən
Zəlimxan Yaqubun layiq görüldüyü orden, medal və
təltiflərin verilməsinə dair imzalanan rəsmi sənədlər,
şairə həsr edilən professorlar Qəzənfər
Paşayevin “Zəlimxanın poeziya aləminə səyahət”,
Akif Abbasovun “Ədəbiyyatımıza yeni ruh, yeni nəfəs
gətirmiş Zəlimxan Yaqub”, Əməkdar mədəniyyət
işçisi Musa Nəbioğlunun “Sənsiz yaşamağa
öyrəşmək çətin...” kimi məqalələrinin
tam mətni, bir sıra görkəmli şəxslərin onun
haqqında söylədikləri dəyərli fikirlər yer
alır.
Kitabxana əməkdaşları tərəfindən
hazırlanan bazada Zəlimxan Yaqubun müəllifi, elmi rəhbəri
və məsləhətçisi, redaktoru olduğu
kitabların, məqalələrin, dissertasiya işlərinin
siyahısı, açıq məktubları, müsahibə və
söhbətləri də təqdim edilir. Müəllif
haqqında qələmə alınan kitab və məqalələrin
yer aldığı elektron bazada şairin kitablarının
virtual sərgisi, video və foto qalereyası da sərgilənir.
Kitabxanada Xalq şairi Zəlimxan Yaqubun həyat və
yaradıcılığına, ictimai fəaliyyətinə həsr
edilən virtual kitab sərgisi də hazırlanıb.
Kitabxananın rəsmi saytında yerləşdirilən virtual
sərgidə “Təltif və mükafatlar”, “İlk
yaradıcılıq nümunələri” kimi bölmələrlə
yanaşı Zəlimxan Yaqubun müəllifi olduğu
“Qayıdaq əvvəlki xatirələrə”, “Millətdə,
dövlətdə, sənətdə”, “Düşüncələrin
simfoniyası”, “Mən bir dağ çayıyam”, “Mən
öz dastanımı yazıb gəlmişəm”,
“Özün basdırdığın ağaca söykən”
kimi kitabların qısa annotasiyası, dövrü mətbuat
nümunələri də təqdim edilir.
525-ci qəzet .- 2025.- 22 yanvar(№11).- S.9.