Xanəndə Aqil Süleymanov
ABŞ-də nüfuzlu mükafata layiq görülüb
Bir müddətdir ABŞ-də yaşayan və fəaliyyət
göstərən azərbaycanlı xanəndə Aqil
Süleymanov 2025-ci ildə Amerikanın müxtəlif
ştatlarında 10-a yaxın musiqi proqramına qatılacaq. Bu
barədə sənətçi özü məlumat verib. Bu
yaxınlarda sənətçi Onlayn Beynəlxalq Vivaldi Musiqi
müsabiqəsində 2 mükafat qazanıb. Belə ki, Aqil
Süleymanov vokal sahəsi üzrə "Peşəkar"
və "Milli musiqi" kateqoriyalarında 1-ci mükafata
layiq görülüb. Qeyd edək ki, xanəndə
sözügedən müsabiqəyə ötən il
müraciət edib. Yeri gəlmişkən, dahi bəstəkarın
xatirəsini yad etmək üçün təsis edilən
Vivaldi Beynəlxalq Musiqi Müsabiqəsi onun musiqi irsini və
bədii sədaqətini qorumaq məqsədi
daşıyır. Qaliblər həmçinin Vivaldi onlayn
sosial media platformasında yer almaq imkanı əldə edirlər.
Bu, Aqilin mükafat qazandığı sayca 2-ci nüfuzlu beynəlxalq
musiqi müsabiqəsidir.
Qeyd edək ki, daha öncə Aqil ABŞ-də təşkil
olunan "LIT MUSIC AWARDS" Beynəlxalq Musiqi Festivalında 2
medal qazanıb. Nüfuzlu müsabiqədə "Ninne
yarım" mahnısını təqdim edən xanəndəmiz
"Ən yaxşı kişi ifaçısı"
kateqoriyası üzrə qızıl medala, "Ən
yaxşı xalq musiqisi" kateqoriyasında isə
gümüş medala layiq görülüb. Belə ki, ilk
uğurlarından stimul alan xanəndə onlayn musiqi
yarışlarında iştirakını davam etdirməyi
düşünür. Onu da qeyd edim ki, azərbaycanlı xanəndə
ötən il Zəfər Günü bayramında Nyu-Yorkun
böyük musiqi səhnələrindən biri "Linkoln Mərkəzi"ndə
Əməkdar artist, professor Nərgiz Əliyarova ilə bir səhnəni
bölüşüb. Sənətçi 2025-ci ilin fevral
ayından Nyu-Yorkdakı "Hunter Kollec"də master-klass dərslərinə
başlamağı planlaşdırır. O, həmçinin
professor Corc Mürerlə bərabər, ABŞ-də
"Leyli və Məcnun" operasını səhnələşdirmək
niyyətindədir.
(Foto: AZƏRTAC, Aqil Süleymanov Nyu-Yorkdakı Linkoln Mərkəzinin
Bruno Valter zalında IV Beynəlxalq Bəstəkarlar Müsabiqəsinin
qala-konsertində çıxış edir)
Məlumat üçün qeyd edək ki, Aqil Məhəmməd
oğlu Süleymanov 1992-ci ildə Cəbrayıl rayonunun
Qalacıq kəndində anadan olub. 1993-cü ildə Ermənistanın
Azərbaycana təcazüvü nəticəsində ailəsi
müvəqqəti olaraq Saatlı rayonunda məskunlaşmağa
məcbur olub. 5 ildən sonra isə Bakı şəhərinə
köçüblər. Aqil ilk musiqi təhsilini
2001-2004-cü illərdə paytaxtda "28 May" Mədəniyyət
Evində alıb. 2005-ci ildən isə təhsilini
Bülbül adına Orta İxtisas Musiqi Məktəbində
xanəndə, muğam ustası Firuz Səxavətin sinifində
davam etdirib. 2011-ci ildə Azərbaycan Milli
Konservatoriyasının bakalavr pilləsinə qəbul olunub.
Burada Xalq artistləri Səkinə İsmayılova, Mələkxanım
Əyyubova və Nəzakət Teymurovadan dərs alıb.
2015-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin magistr pilləsinə qəbul
olunub. Burada da Xalq artisti Mələkxanım Əyyubovadan dərs
alaraq muğamın sirlərinə yiyələnib. Magistr təhsili
ilə yanaşı, Aqil eyni zamanda müəllimlik fəaliyyətinə
də həvəs göstərib. O, 2016-cı ildə Müəllimlərin
işə qəbulu üzrə müsabiqəsində
uğurlu nəticə göstərərək Ağdam Xan
Şuşinski adına Uşaq Muğam Musiqi Məktəbinə
müəllim vəzifəsinə qəbul olunub. Burada təxminən
1 il yarım pedaqoji fəaliyyətlə məşğul olub.
(Aqil Süleymanov dostları və sənət
yoldaşları, tar ifaçısı Rüstəm
Müslümov və kamança ifaçısı Elvin
Novruzovla tədbirdə)
Aqilin oxumaq həvəsi onu hər zaman yeni
yaradıcılıq uğurlarına sövq edirdi. Bu barədə
onun özü belə xatırlayır: "2013-cü ildə,
Azərbaycan Milli Konservatoriyasının 3-cü kursunda təhsil
alırdım, Qlen Dolfi adlı amerikalı musiqi meneceri
fransız rejissorla birlikdə Azərbaycana gəlmişdilər.
Həmin il Konservatoriyamızda onlar tərəfindən bir
neçə videomaterial çəkildi. Hətta Xalq artistləri
Alim Qasımov, Natiq Şirinov, Ramiz Quliyev, həmçinin mən
də daxil olmaqla bir neçə gənc
ifaçıların ifalarını lentə aldılar. Cənab
Dolfi dedi ki, videoları Texasda keçirilən populyar musiqi
festivalına (South by Southwest) göndərəcək və nəticə
yaxşı olsa, məni Amerikaya dəvət edəcək. Belə
də oldu... Bir neçə aydan sonra xəbər gəldi ki,
sizin ifanızı çox bəyəniblər. Və beləcə
Amerikaya gəldik".
(Aqil Süleymanov və amerikalı musiqi meneceri Qlen
Dolfi)
(Aqil Süleymanov Xalq artisti Alim Qasımovla bərabər
ABŞ-də konsertdə)
Aqil Süleymanovla söhbətimizi burada
sonlandırırıq. Həmyerlimizin yeni
yaradıcılıq uğurları ilə bağlı
növbəti müsahibələrimizdə məlumat vermək
ümidi ilə...
525-ci qəzet .- 2025.- 22 yanvar(№11).- S.16.