“Ulduz” jurnalının Ankarada
xüsusi buraxılışı çıxıb
Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbu
orqanı olan “Ulduz” jurnalının xüsusi
buraxılışı qardaş Türkiyənin Ankara şəhərində,
“Gənc Ürəklər” dərgisində oxuculara təqdim
edilib.
“Gənc ürəklər” dərgisinin 14-cü
(Qış, dekabr-yanvar-fevral 2025) sayında “Ulduz”
jurnalının təqdimatı ilə azərbaycanlı
şair və yazarların əsərləri yer alıb.
“Ulduz” jurnalının baş redaktoru, Əməkdar
jurnalist, şair Qulu Ağsəs “525-ci qəzet”ə
açıqlamasında deyib ki, “Gənc ürəklər” dərgisinin
baş redaktoru Muhterem Şahin ötən ilin yayında “Ulduz”
jurnalını görüb və jurnalın redaksiya heyətinin
üzvü Rəsmiyyə Sabirdən nəşr haqqında
soruşub: “Sonradan biz Muhterem bəylə onlayn şəkildə
əlaqə saxladıq, tanış olduq. Söhbətimiz
zamanı təklif etdim ki, biz “Gənc ürəklər” dərgisinin
bir sayını Azərbaycanda çap edək, onlar da “Ulduz”un
bir sayını Ankarada çap etsinlər. Razılıq əldə
olundu və yazılar toplanmağa başladı. 2024-cü
ilin sentyabr ayında biz “Gənc ürəklər” dərgisinin
xüsusi buraxılışını Azərbaycanda- “Ulduz”
jurnalında çap etdik. “Bir millət, iki dövlət”
devizindən çıxış edərək,
yazıların Azərbaycan türkcəsinə
uyğunlaşdırılmasına ehtiyac görmədik, necə
göndərilmişdisə, elə də çap olundu.
Sonra isə Azərbaycandan AYB sədrinin, katibliyin, əməkdaşların,
o cümlədən, qəzet və jurnallarımızın əməkdaşlarının
yazılarını toplayıb Muhterem Şahinə göndərdik.
Bir neçə mərhələdən keçdikdən
sonra, nəhayət, “Ulduz” jurnalının Ankaradakı
xüsusi sayı çap olundu. Bu, hər birimiz
üçün çox sevindirici haldır. Əsasən də
ona görə ki, bu, bir ilkdir. İlk dəfə Azərbaycan
dərgisi Türkiyədə olduğu kimi çap edilir, eləcə
də Türkiyədəki dərgi Azərbaycanda olduğu
kimi yayımlanır. Burdakı proses orada da oldu. Yəni əsərlər
Azərbaycan türkcəsində olduğu kimi
yayımlandı. Bu yaradıcı əməkdaşlığımızın
davamlı olmasını arzulayıram. Muhterem bəylə
danışıqlarımız davam edir. İstərdim ki,
ayrıca olaraq Azərbaycanın gənc yazarlarına həsr
olunmuş xüsusi buraxılışı da Ankarada çap
etdirək”.
“Ulduz - Gənc ürəklər
qardaşlığı daim olsun” devizi ilə çap olunan
xüsusi buraxılışın ilk məqaləsində
baş redaktor Muhterem Şahin yazır:
“Dərgimizin bu sayında “Ulduz”dan gələn 39 əsəri
Azərbaycan türkcəsində olduğu kimi
yayımlayırıq. Buradakı məqsədimiz Azərbaycandakı
dostlarımızın Türkiyə türkcəsiylə,
Türkiyədəki qardaşlarımızın da Azərbaycan
türkcəsiylə bir yazını, şeiri, hekayəni,
esseni oxumaqlarına şərait yaratmaqdır. Azərbaycan
türkcəsi ilə Türkiyə türkcəsi bir-birinə
o qədər yaxındır ki, anlamamaq mümkün deyil. Bəlkə
bir neçə kəlməni başa düşməkdə
çətinlik çəkə bilərsiniz. Ləhcələr
arasında belə kiçik fərqlər ola bilər,
mümkündür. Onları da öyrənəcəyik,
öyrənməliyik”.
Qeyd edək ki, “Ulduz” jurnalının Ankarada çap
olunan xüsusi buraxılışında AYB-nin sədri, Xalq
yazıçısı Anar, Xalq şairi Nəriman Həsənzadə,
katiblik və Birliyin mətbu orqan əməkdaşlarının
ədəbi nümunələri yayımlanıb.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 22 yanvar(№11).- S.9.