Azərbaycanda elmin
populyarlaşdırılması: intellektual inkişafa
xüsusi təkan
Elm və təhsilin inteqrasiyası, elmin
populyarlaşdırılması qloballaşan dünyada
müasir dövrün əsas tələblərindəndir.
Elmi kadr potensialının inkişafını sürətləndirmək
və gənclərin elmə marağını artırmaq,
onların inteqrasiyası ilə bağlı zəruri
informasiya tələbatını təmin etmək məqsədilə
daim ciddi islahatların aparılmasına ehtiyac var. Hazırda
dünyada elmə böyük maraq var, onun auditoriyası
çox genişdir. Cəmiyyətin elm və təhsil,
onların inteqrasiyası sahəsində zəruri informasiya ilə
təminatına böyük tələbat vardır ki, bu da
elm və texnikanın dinamik inkişafı ilə
bağlıdır. Bu baxımdan elmin təbliği yetərli
qədər böyük əhəmiyyət kəsb edən məsələdir.
Ona görə də işlər yüksək səviyyədə
təşkil olunmalı və elmin ictimai əhəmiyyəti
daim diqqət mərkəzində saxlanılmalıdır.
ELMİN TƏBLİĞATINI TƏŞKİL
ETMƏKLƏ GƏNC NƏSLİN ELMƏ MARAĞINI ARTIRMAQ
Elmin populyarlaşdırılmasının və təbliğinin
vacibliyini nəzərə alaraq Azərbaycan Dövlət
İqtisad Universitetinin (UNEC) təşəbbüsü ilə
"Elm gözəldir: Məktəbdən elmə"
adlı layihəyə start verilib. Layihənin əsas məqsədi
məktəblilərin intellektual potensialının və
dünyagörüşünün inkişafına təkan
vermək məqsədilə elmi biliklərin kütləvi təbliğini
həyata keçirmək, elmin təbliğatını təşkil
etməklə gənc nəslin elmə marağını
artırmaqdan ibarətdir.
Layihə çərçivəsində UNEC-in müəllimləri
ölkə üzrə məktəblərə və liseylərə
səfər edərək, gənc nəslə elm və təhsil
sahəsindəki ən son yenilikləri, elmi kəşfləri
və uğurları tanıdırlar. Aparılacaq müzakirələr
gənc nəslin elmə marağının
artırılmasına, elmə yeni, gənc mütəxəssislərin
cəlb edilməsinə təkan verəcək.
Bu layihə Bakı və Sumqayıt şəhərlərində
yerləşən orta məktəbləri, Lənkəran,
Mingəçevir, Gəncə və Naxçıvan şəhərlərində
yerləşən ali təhsil müəssisələrini və
məktəbləri əhatə edir.
"ELMİN POPULYARLAŞDIRILMASINDA YENİ
YANAŞMALAR QAÇILMAZDIR"
UNEC-in Elm və innovasiya məsələləri
üzrə prorektoru, professor Rövnəq Rzayevin sözlərinə
görə, UNEC rektoru, professor Ədalət Muradovun
imzaladığı müvafiq əmrlə 2024-cü ilin dekabr
ayından 2025-ci ilin mart ayınadək "Elm gözəldir:
Məktəbdən Elmə" və UNEC Elmin
Populyarlaşdırılması Mərkəzinin təşəbbüsü
ilə "Elmin Populyarlaşdırılması" layihələrinin
icrası davam etməkdədir. Cəmiyyətdə fərqli
maraq qruplarının sürətlə artması elmin
Populyarlaşdırılmasında yeni yanaşmaları
qaçılmaz edir. Elmin populyarlaşdırılması cəmiyyətin
ümumi məlumatlılıq səviyyəsini artırır,
adi biliklərin intellekləşməsini təmin edir, kütləvi
və fərdi vətəndaş şüurunun
reallığı adekvat qəbul etməsində faydalı
olur: "Elmin cəlbediciliyini artırmaq, gənc nəslin elmə
marağını artırmaq məqsədilə bu günlərdə
start verilən "Elmin Populyarlaşdırılması"
layihəsi çərçivəsində UNEC ilk tədbirini
Lənkəran Dövlət Universitetində keçirib. Mən,
UNEC rektorunun müşaviri, dosent Elşən Bağırzadə,
UNEC Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri,
dosent Etibar Əliyevin elmi bilikləri, nailiyyətləri, yeni
elmi istiqamətləri təbliğ etmək, elmə
marağı artırmaq məqsədilə etdiyimiz
çıxışlar tələbələr tərəfindən
böyük maraqla qarşılandı. Dünyada və
ölkədə elmin populyarlaşdırılması vəziyyəti
də müzakirə edilib və sonda
iştirakçıları maraqlandıran suallar
cavablandırıldı. Layihə çərçivəsində
növbəti tədbirlər Mingəçevir Dövlət
Universitetində, sonra Gəncə və Naxçıvanda yerləşən
universitetlərdə təşkil olunancaq. "Elm gözəldir:
Məktəbdən elmə" layihəsi çərçivəsində
gənc nəslə elm və təhsil sahəsindəki ən
son yenilikləri, elmi kəşfləri və uğurları
tanıtmaq üçün UNEC-in Mühəndislik fakültəsinin
dosenti Ramil Sadıqov, İqtisadiyyat və idarəetmə
fakültəsinin dosenti Afaq Hacıyeva Bakı şəhəri,
291 saylı Ekologiya liseyində şagirdlərlə
görüşüblər. UNEC nümayəndələri
şagirdlərə elmin əhəmiyyəti, universitetin təhsil
imkanları barədə ətraflı təqdimatla
çıxış edib, şagirdlərə gələcək
təhsil seçimləri ilə bağlı geniş məlumat
veriblər. Sözügedən təqdimatlar şagirdlərin
marağına səbəb olub".
"ZİYALILAR ŞAGİRDLƏRƏ ELMİN
GÖZƏLLİYİNDƏN SÖZ AÇACAQLAR"
Rövnəq Rzayev bildirib ki, "Elm gözəldir: Məktəbdən
Elmə" layihəsi çərçivəsində həmçinin
ölkənin tanınmış alim və ziyalıları ilə
görüşlər təşkil olunacaq: "Ziyalılar
yuxarı sinif şagirdlərinə elmin gözəlliyindən
söz açacaqlar ki, onlar gələcəkdə elm sahəsini
seçməklə bağlı düşünə bilsinlər".
Hər zaman ilklərə imza atan UNEC-in irəli
sürdüyü bu təşəbbüs ölkənin elm və
təhsil adamları, alim və ziyalılar tərəfindən
böyük maraqla qarşılanıb.
"BU LAYİHƏ ELMİMİZƏ VƏ
TƏHSİLİMİZƏ YENİ UĞURLAR
GƏTİRƏCƏK"
Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor
Misir Mərdanov deyir ki, UNEC-in təşəbbüsü ilə
həyata keçirilən "Elm gözəldir: Məktəbdən
elmə" adlı layihə çox maraqlı və
dövrümüz üçün böyük əhəmiyyət
kəsb edən bir layihədir: "Son illər UNEC-in rektoru,
hörmətli Ədalət müəllim bir neçə
inkişafyönümlü təşəbbüslər irəli
sürüb və uğurlu nəticələr qazanıb.
Əminəm ki, bu layihə də elmimizə və təhsilimizə
yeni uğurlar gətirəcəkdir".
"AKADEMİK FORMADA TƏBLİĞATI
ÇƏTİN OLAN MƏSƏLƏ POPULYAR DİLDƏ DAHA
ASAN MƏNİMSƏNİLİR"
Millət vəkili Hikmət Babaoğlunun sözlərinə
görə, o, çox sevinir ki, Azərbaycanın universitetləri
içərisində hazırda elmin inkişafı ilə
bağlı fundamental addımlar atan, elmi nəaliyyətlə
əldə edən, reytinq sıralamasında mövqeylərini
hər il yüksəldən universitetlər var. Bu universitetlərdən
biri də daim yeniliklərə imza atan Azərbaycan Dövlət
İqtisad Universitetidir. Qətiyyətlə demək olar ki, son
illərdə UNEC-də özünəməxsus yeni bir ənənə
yaranıb. Bu da elmin təbliği ilə bağlıdır:
"Son illərdə UNEC-də həm təlim-tədris, həm
də proqram yenilənməsi və müasir elmi istiqamətlərin
tətbiqi elmin populyar vasitələrlə təbliği
istiqamətində mühüm işlər görülüb.
Hazırda da sadalanan istimətdə işlər davam etdirilir.
"Elmin Populyarlaşdırılması" layihəsini də
elmin təbliği istiqamətində görülən işlərin,
həyata keçirilən layihələrin davamı hesab oluna
bilər. Hazırda gənclər arasında populyar olan və
elmi faydalılıq əmsalı az olan sahələr, istiqamətlər
mövcuddur. Ona görə də gənclərdə yeni təffəkür
formalaşdırmaq üçün elmi populyar şəkildə
yenidən təqdim etmək lazımdır. Akademik kontekstdə
hər hansı bir sahəni öyrənən zaman müəyyən
çətinliklər yaranır. Amma populyar kontekstə eyni məzmun
təqdim olunanda burada bir pedaqoji ustalıqdan istifadə olunur.
Yəni akademik formada təbliğatı çətin olan məsələ
populyar dildə daha asan mənimsənilir və daha asan öyrənilir.
Nəticə etibarilə bu da elmin inkişafına xidmət
edir. Sadəcə metod fərqli olur. Eyni zamanda səmərəli
və faydalılığı ilə seçilir. Ona görə
də mən hesab edirəm ki, gəncləri elmə cəlb
etmək üçün yeni və səmərəli metoddan
istifadənin Azərbaycan Dövlət İqtisad Universitetində
tətbiqi tamamilə yeni bir məlhələdir. Bu, gənclərin
elmə marağının artmasına və eyni zamanda Azərbaycanda
elmin inkişafına öz töhfəsini verəcəkdir".
GƏNC NƏSLİN İNTELLEKTUAL
İNKİŞAFINA XÜSUSİ TƏKAN
Millət vəkili Ceyhun Məmmədov bildirib ki, elm və
elmi biliklərin cəmiyyətdə təbliği hər zaman
aktual mövzulardan olub. Elmin təbliği yetəri qədər
böyük əhəmiyyət kəsb edən məsələdir.
Bu gün Azərbaycan təhsilinin qarşısında duran ən
vacib məsələlərdən biri elmin
populyarlaşdırılması və gənc nəslin elmə
marağının artırılması, intellektual səviyyəsinin
yüksəldilməsidir. Bu istiqamətdə ən uğurlu
addımları atan ali təhsil müəssisələrindən
biri də Azərbaycan Dövlət İqtisad Universitetidir.
UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin həyata
keçirdiyi "Elmin Populyarlaşdırılması"
layihəsi də xüsusi önəm və əhəmiyyət
daşıyır. Bu kimi layihələr gənc nəslin
intellektual potensialının və dünya
görüşünün inkişafına xüsusi təkan
verəcək. Onların elmi biliklərinin kütləvi təbliğinin
həyata keçirilməsi üçün şərait
yaradacaq: "Bu layihə elmin təbliğini təşkil etməklə
gənc nəslin elmə marağını artırmağa
öz töhfəsini verəcək. Bu baxımdan bu gün bu
cür addımların atılması xüsusi önəm və
əhəmiyyət daşıyır. "Elmin
Populyarlaşdırılması" layihəsinin gənclərdə
elmə marağın artırılması və elmin
populyarlaşdırılması baxımından uğurlu
olacağına əminəm. İnanıram ki, nəzərdə
tutulan məqsədə, hədəfə nail olunacaq".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2025.- 23 yanvar(№12).- S.15.