"Yerdə mənəm, göydə
mən, sonsuz kainatdayam..."
Zəlimxan Yaqub-75
Qüvvətim, zorum torpaq,
Ocağım, qorum torpaq,
Səndə bir iz qoymasam,
Alışsın gorum torpaq!
Bu misralar sevimli şairimiz Zəlimxan Yaqubundur.
Bütün varlığı ilə sinəsində
ölçüyəgəlməz torpaq, Vətən sevgisi gəzdirmiş
Zəlimxan Yaqubun.
Zəlimxan Yaqub üçün bir şair kimi
mövzu qıtlığı olmayıb heç zaman. Ona
görə, dünya sözün həqiqi mənasında
poeziyadır. O, adi həqiqətlərə, müşahidə
etdiklərinə elə dərin və poetik don geydirir ki,
heyran qalmaya bilmirsən.
İndi şeir yazan, şairlik eşqinə
düşənlər çoxdur. Yazırlar,
yazdıqlarının heç mürəkkəbi
qurumamış da kitabları çap olunur. Ancaq bircə
misraları da yadda qalmır, oxucu qəlbinə yol
tapmır. Zəlimxan Yaqubun isə
öz dünyası vardı, özünəməxsus söz
dünyası. Bu dünya hikmətlə doludur. Hər gün
oxusan da, bu şeirlərdən ayrıla bilmirsən. Onun
şeirlərinin əksəriyyəti dillər əzbəridir,
mahnılar bəstələnib, yaddaşlara həkk olunub. Bir
şair kimi, bu, Zəlimxan Yaqubun xoşbəxtliyidir.
Çünki Zəlimxan Yaqub sadəcə yazmaq xatirinə şeir yazanlardan
deyildi, ürəyinin atəşi püskürüb onu dilləndirəndə
yazırdı. Daha doğrusu, qəlbinin dərinliyindən
süzülüb gələn misraları kağıza
köçürürdü.
Elinə, yurduna bağlı əvəzsiz şairimiz Zəlimxan
Yaqubun dünyasını vaxtsız dəyişməsi
çox ürəklərə dağ çəkdi. Hələ
sağlığında ikən milyonların könlündə
özünə mənəvi abidə ucaldan, barəsində
elmi monoqrafiyalar, yüzlərlə elmi-publisistik məqalələr
yazılan, şəninə şeirlər qoşulan bu
böyük söz ustadına sevgi onun vəfatından sonra nəinki
azaldı, əksinə, daha da çoxaldı. Əziz xatirəsinə
həsr olunmuş məqalələr və şeirlər
yazıldı, kitablar nəşr olundu.
Bu il Zəlimxan Yaqubun anadan olmasının 75 illik
yubiley ilidir. İl təzə başlasa da, artıq ölkəmizin
müxtəlif guşələrində yubiley tədbirlərinin
keçirilməsinə başlanılıb. Mən də qərara
gəldim ki, onunla bağlı respublikamızın
tanınmış elm və sənət adamlarının
fikirlərini öyrənim. Kimə üz tutdumsa, ölməz
sənətkardan ağızdolusu minnətdarlıq hissi ilə
danışdı. Onlardan bir neçəsinin dediklərini
oxuculara təqdim etmək istəyirəm:
Xalq şairi Nəriman Həsənzadə Z.Yaqubla
bağlı unudulmaz xatirələrinin olduğunu, onun Azərbaycan
ədəbiyyatında xüsusi yeri olduğunu vurğuladı
və sözlərini belə tamamladı: "Xalq şairi Zəlimxan
Yaqub mənim unudulmaz dostum və istedadlı şairimiz olaraq
qalır, sevilir, bundan sonra da seviləcək".
Əməkdar jurnalist Zemfira Məhərrəmli isə
şairlə bağlı ürək sözlərini belə
ifadə etdi: "Görkəmli şairimiz Zəlimxan Yaqub
çox həyati, dinamik adam idi. Olduqca insansevər, cəmiyyətə
çatımlı bir şəxs idi. Hər kəs onunla
çox rahat ünsiyyətə girə bilərdi. O qədər
xoşqılıq, pozitiv bir adam idi ki... Yazıları da
başdan-ayağa həyatdı. İnsan onun şeirlərini
oxuduqca oxumaq istəyirdi. Onun yazılarında nə qədər
gözəl aura, xoş ovqat, əhval-ruhiyyə var. İstəyirsən
ki, onun şeir kitabını birnəfəsə oxuyub başa
çıxasan. Zəlimxan Yaqub yaradıcılığı
insanı özünə ahənrüba kimi çəkir. Həm
də düşünürəm ki, bu, onun dəsti-xəttinin
bənzərsizliyindən,
dilimizin bilicisi olmasından irəli gəlir.
Zəlimxan Yaqub eyni zamanda Azərbaycan folklorunu, xalq ədəbiyyatımızı
çox gözəl bilən bir qələm adamı idi".
Zəlimxan Yaqub irsinin araşdırıcısı,
Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu
isə bunları söylədi: "Xalq şairi Zəlimxan
Yaqubun dünyasını dəyişdiyi 2016-cı il
yanvarın 9-dan bizi artıq doqquz il ayırır. Doqquz ildir
ki, o, bizimlə deyil. Amma bu ayrılıq sadəcə cismani
ayrılıqdır. Şeirlərinin birində
özünün də dediyi kimi, o, qəbirdə yatsa belə,
bu gün də həyatdadır, bizimlədir. Onu sadəcə
"əsli olmayanlar" duya bilməz, şair "soyda,
kökdə, özüldə, əsildə və
zatdadır", "keçmişdə kökü
yaşayır, gələcəkdə budağı". Şər
özünü nahaqdan yormasın, "Adəmdən, Nuhdan bəri
yolların yolçusu" olan şair artıq Haqqın dərgahındadır.
"Səhraların qumu, dəryaların damlası" kimi,
o, bu gün hər yerdədi - özünün dediyi kimi, Yerdədi,
göydədi, sonsuz kainatdadı:
Səhraların qumuyam, dəryaların damlası,
Yerdə mənəm, göydə mən, sonsuz
kainatdayam.
Canım qara torpağın, nəfəsim göylərindi,
Qəbirdə yatsam belə, həmişə həyatdayam.
Xalqın sevgisi onu heç zaman tək qoymadı,
dünyasını dəyişəndən sonra isə
xalqın öz şairinə olan sonsuz sevgisi, məhəbbəti
nəinki azaldı, əksinə, daha da artdı. Dillər əzbəri
olan şeirləri, şirin sözü-söhbəti, "illərin
izini yaşadan" unudulmaz xatirələri ilə bu
böyük söz ustadı daim bizimlə oldu.
Nə qədər ki, xalqımız var, böyük
Türk dünyası var, Zəlimxan Yaqub da var olacaq, ona olan
ümumxalq məhəbbəti hər ötən gün daha da
artacaq".
Filologiya üzrə fəlsəfə doktoru Sevinc
Muğanna öz fikrini belə ifadə etdi: "Yaradanın
kainata bəxş etdiyi ən ali varlıq olan insanların
içərisində elələri olur ki, həqiqətən
də Tanrının seçilmişləri olurlar. Zəlimxan
Yaqub da bu cür insanlardandır: ailəmizin əzizi, evimizin ən
arzulanan, əvəzolunmaz qonaqlarından biri. El arasında belə
bir misal var: nədənsə çiçəyi
çıtlamaq. Atamla anam Zəlimxan müəllimi görəndə
üzlərində çiçək açardı, sevincə
bələnərdilər.
O, atama hamı kimi İsa müəllim deyə
müraciət etməzdi, "qağa" və
"ustad" deyərdi. Atama bu cür müraciəti
duyduğu doğmalıqdan, istilikdən, heyranlıqdan irəli
gəlirdi. Həmişə sazı sinəsində,
üzündə qəribə bir təbəssümlə
içəri girərdi. Öz haylı-haraylı, səsli-küylü
avazıyla evimizin divarlarını, hər küncünü,
bucağını sevindirərdi. Onun haqqında
danışanda özümdən asılı olmayaraq
içimdə qəribə bir fərəh oyanır. Qan
bağlarımız olmasa da, o, bizim doğmamızdır, əzizimizdir.
Çaldığı saz havaları, oxuduğu şeirləri
indi də qulağımdadır. İndi də o səsi
duyuram, eşidirəm. Onunla ünsiyyətdə atam xoşbəxt
olurdu. Onun xoşbəxt olması isə bizə
dünyaları bəxş edirdi".
Atam dünyasını dəyişəndə onun ailəmizə
doğmalığını bir daha hiss etdim. Aralarında qan
bağı olmasa da, ata-bala münasibətinin həqiqi
olduğuna bir daha şahidi oldum. Onun atama həsr elədiyi
"Ün" poeması bu ayrılıqdan sonra bizim
üçün ən böyük təsəlli oldu. Onlar sadəcə
Haqq dünyasındadırlar. Biz yalan dünyadayıq, onlar
haqq dünyasında. İkisinin də məqamı uca, ruhu
şad olsun!"
Fuad BİLƏSUVARLI
525-ci qəzet.- 2025.- 23 yanvar(№12).- S.13.