"Heç vaxt pisliyə pisliklə
cavab verməmişəm"
AKTRİSA ÜLVİYYƏ ƏLİYEVA İLƏ
SÖHBƏT
Azərbaycan Dövlət Musiqili Teatrının
aktrisası Ülviyyə Əliyeva "Gülmək
qadağandır", "Çal-çağır
şou", "Burda və indi" "Zəhmətkeş
ulduzlar", "Toy olmayacaq" kimi verilişlərin
aparıcısı olmaqla bərabər, "Aramızda
qalsın", "Üç bacı",
"Bacanaqlar", "Qız atası", "Ər
quyusu", "Köhnə çamadanlar" kimi film və
seriallarda da rollar alıb. Ülviyyə Əliyeva həmçinin
20-dən çox tamaşada, o cümlədən
"Ölülər", "Atamın kitabı",
"Xoşbəxt gün", "Şübhəli əhvalat",
"20 il sonra", "Bəxtəvər", "Molla Nəsrəddinin
beş arvadı" kimi səhnə əsərlərində
oynayıb.
Aktrisa Ülviyyə Əliyeva ilə söhbəti təqdim
edirik.
- Oynadığı obrazlarla izləyicilərinin
çöhrəsində daim təbəssüm yaradan
Ülviyyə xanımın çöhrəsində kim təbəssüm
yarada bilir?
- İlk növbədə ailəm, doğmalarım və
təbii ki, tamaşaçılar. Biz bu sənətdə
güzgü kimiyik - müsbət enerji görəndə
üzümüzdə təbəssüm yaranır. Kimsə
şəhərdə, yolda, ya iş yerində qarşına
gülər üzlə çıxırsa, təbii ki, həmişə
üzündə təbəssüm yaranır.
- İnsanın bir fərd kimi formalaşmasında ailənin
rolu danılmazdır. Hansı ailənizin sizin aktrisa Ülviyyə
Əliyeva olmağınızda daha çox payı var?
- Bildiyiniz kimi, iki anam, iki atam var. Körpə olanda
anamgil məni bibimə verdi, o vaxtdan iki ailəm var. Mənim
ikinci valideynlərimin şəxsiyyət kimi
formalaşmağımda çox böyük rolları olub. Mən
doğma bacı-qardaşımdan çox fərqlənirəm.
Təbii ki, onlar da alitəhsillidirlər, peşə sahibidirlər,
amma mən tamam başqa cürəm, onlardan çox
seçilirəm. Elə bil, doğma bacı-qardaş deyilik.
Bunun əsas səbəbi ikinci anam və atam idi. Mənim ilk tənqidçim
bibim olub. Səhnəyə ilk çıxdığım
vaxtdan premyeralarıma gəlib baxırdı və
iradlarını bildirirdi. Zövqü çox gözəl
idi. Bu sahəyə də məni istəmədən
özü yönəltmişdi. O özü də teatral insan
olub, kitabları sevib. Evimizdə böyük kitabxana var idi,
kitabları da anam sevdirib. 5 yaşından məni Opera Balet
Teatrına, Gənc Tamaşaçılar Teatrına
aparırdı. Biz mərkəzdə qalırdıq. Evimizin hər
tərəfində teatr var idi. Həftədə ən azı
bir dəfə teatra getməliydik. Beləcə özü istəmədən
mənə bu sənəti sevdirdi.
- Qadın aktrisalarımızdan bir qisminin ailəsində
incəsənət adamı olmayıb deyə bu sahəyə
gəlmək üçün xeyli mübarizə aparmalı
olublar. Siz də onlardan birisiniz. Həmin mübarizədə
ümidinizi itirdiyiniz məqam oldumu?
- Bizim ailədə kosmonavtlar çox olub. Məni
böyüdən anam - Zemfira
Əliyeva ilk azərbaycanlı təyyarə bələdçisidir.
Ondan öncə rus, ləzgi, yəhudi, gürcü
qızları olub, amma azərbaycanlı qızlarından bu vəzifədə
olan olmayıb. Onun haqqında sənədli film, Aviasiya muzeyində
şəkillər və disk var. Əvvəllər SSRİ
vaxtı elanlar rusca olurdu. İlk dəfə təyyarədə
elanı Azərbaycan dilinə tərcümə edib verən də
mənim anam olub. Biz ilklərdən olmuşuq deyə buna
öyrəşmişik (Gülür). Təbii ki, bu sənətə
gələndə ilk başlarda anam razı deyildi. Bir il
mübarizə apardım və qalib gəldim, sonda onu
inandıra bildim. Əslində, onu qınamıram,
çünki 9-cu sinifə qədər həkim olmaq istəyirdim,
daha sonra xarici dillərə böyük maraq göstərdim və
tərcüməçi olmaq istədim. Hazırlıqlara o
istiqamətdə gedirdim və birdən-birə 11-ci sinifdə
aktrisa olmaq istədiyimi deyəndə anam elə bildi ki, bu, mənim
növbəti kaprizimdir. Amma Dövlət Gənclər
Teatrına dava-qırğınla işə düzəlib ilk
dəfə "Ölülər" tamaşasında
Nazlı rolunu oynayandan sonra dedi ki, qızım, səndə nəsə
var, sən aktrisa ola bilərsən. Xeyir-duasını onda
verdi (Gülür).
- Artıq 7 ildir sizi verilişlərdə
görmürük. Hansı ki, aparıcısı olduğunuz
verilişlər izləyicilər tərəfindən maraqla
qarşılanırdı. Bunun xüsusi səbəbi var?
- 7 il bundan qabaq "Zəhmətkeş ulduzlar"
verilişinin fəaliyyətinə son qoydum. Çünki ailə
həyatı qururdum. Fikirləşdim ki, onsuz da iki teatrda fəaliyyət
göstərirəm, həm Azərbaycan Akademik Musiqili
Teatrında, həm də Kukla Teatrında. Veriliş
üçün bölgələrə gedib-gəlmək
çətin idi. Çünki çəkiliş bir sutka
olurdu. Mən də yenicə ailə qurmuşdum, sözün
düzü, özümü daha çox ailəmə həsr
etmək istədim. Düşündüm ki, qoy ailəmin təməlini
möhkəm qurum. Ona görə "Zəhmətkeş
ulduzlar"dan uzaqlaşdım. Hazırda heç bir
veriliş aparmıram, amma yenidən danışıqlar gedir.
İnşallah qismət olsa, ailədən bir sutkalıq
ayrıla bilsəm, gedəcəyəm (Gülür).
Bilirsiniz, evdə körpə uşaq var, səhər gəlirəm
məşqə, teatra, axşam evə qaça-qaça gedirəm
ki, uşaq tək qalıb. Ona çox bağlıyam, işdə
olanda darıxıram. Belə çox çətin olur.
- İstedadlı aktyor və aktrisalarımızın
bir çoxu Hüseynağa Atakişiyev məktəbinin yetirməsidir.
Bu gün Hüseynağa müəllim kimi peşəkar aktyor
yetişdirən müəllimlər varmı?
- Deyim ki, yoxdur, düzgün çıxmaz, amma onun
kimisi yoxdur. Çünki Hüseynağa Atakişiyev həqiqətən,
böyük bir məktəb idi. Ümumiyyətlə, baxaq
Dövlət Gənclər Teatrında kimlər olub - Sənubər
İsgəndərli, Afaq Bəşirqızı, Rafael İsgəndərov,
Coşqun Rəhimov, Ayşad Məmmədov, Qurban
İsmayılov, mən, Çingiz Əhmədov, Natiq Fərzəliyev.
Ora doğrudan da məktəb idi. Biri var teatrın tərkibində
aktyor yetişdirmək üçün studiya olsun, biri də
var ki, teatrın özü böyük bir universitet idi. Mən
Dövlət Gənclər Teatrında öyrəndiklərimi
heç İncəsənət Universitetində öyrənməmişəm.
Heç kəs inciməsin, çünki aktyoru aktyor edən
səhnədir, teatrdır, rejissordur və əsərdir.
Düzdür, universitet mənə istiqaməti göstərdi.
Almazı yonursan, təmizləyirsən, brilliant olur. Amma mən
3 il ərzində Gənclər Teatrında öyrəndiklərimi
27 ildir tətbiq edirəm. Görün Hüseynağa müəllim
nə boyda təməl qoyub. Allah ruhunu şad eləsin.
Çox təəssüflənirəm ki, bu gün belə
insanlar çox az qalıb.
- Ülviyyə xanım, istedadınızın ortaya
çıxmasında hansı rejissorun daha çox payı
var? Ümumiyyətlə, rejissorlarla münasibətləri necə
tənzimləyirsiniz?
- Yenə deyirəm, 27 ildə üç teatrda
işləmişəm və indiyə qədər heç
bir rejissorla aramda narazılıq olmayıb. Potensialımı
Hüseynağa Atakişiyev görüb. O vaxtı Rus Dram
Teatrı və Gənclər Teatrı evimizlə üzbəüz
idi. Mən rus məktəbində oxuyurdum deyə həftənin
beşinci, altıncı və bazar günlərinə anam Rus
Dram Teatrına bilet alırdı. Mütləq ön
sıradan yer istəyirdim ki, səhnəyə yaxın olum və
onun qoxusunu hiss edim. Bütün repertuarı əzbər
bilirdim. 17 yaşımda anam qarşıma seçim qoydu ki, qızım
gəl səni ya Rus Dram Teatrına, ya da Gənclər
Teatrına düzəldim. İdeya baxımından,
repertuarları əzbər bildiyimə görə Rus Dram
Teatrını seçməyim daha məqsədəuyğun
idi. Amma mən tamaşalarına baxmadığım halda
Dövlət Gənclər Teatrını seçdim və nə
yaxşı ki, oranı seçdim. Hüseyanağa
Atakişiyev kimi ustadın tələbəsi oldum. Sonradan
öyrəndim ki, anam məni teatra ordakı qalmaqalları
görüb uzaqlaşaram deyə düzəldib. Amma elə
kollektivlə qarşılaşdım ki, teatra daha çox
bağlandım. 27 nəfərlik, çox mehriban kollektiv idi, ən
kiçikləri mən idim, hamı məni ovcunun içində
saxlayırdı. Teatrımız da çox kasıb idi, təsəvvür
edin, tamaşalarda anamın paltarları istifadə olunurdu.
Çox soyuq olurdu, tamaşaçılar bizi paltoda oturub izləyirdilər,
danışırdıq ağzımızdan tüstü
çıxırdı, soyuqdan əsirdik. Amma sənət var
idi, yaradıcılıq var idi. Səhnəyə
yağış yağırdı, zəmi su olurdu, biz
tamaşa oynayırdıq. "Hamlet" kimi əsər
Hüseynağa müəllimin otağında qurulurdu.
"Ölülər", "Maqbet", "Karmen" əməlli-başlı
müzikl kimi qurulurdu. Hüseynağa müəllim məni
aktrisa kimi kəşf edəndən sonra universitetə yönləndirdi.
Orda hamı dram-kino ixtisasın bitirmişdi,
düşündüm məni də ora yönləndirər.
Məndən soruşdu ki, səsin var? Dedim bilmirəm. Dedi,
hansısa alətdə ifa edə bilirsən, dedim pianinoda ifa edirəm,
özüm öyrənmişəm. Məndən nəsə
ifa etməyimi istədi, başladım oxumağa. Dedi, sabah get
bəstəkar Sərdar Fərəcovun yanına, sənin səsini
yoxlasın. Getdim, Tofiq Quliyevin "Qızıl
üzük" mahnısını oxudum. Səhəri gün
Hüseynağa müəllim Sərdar Fərəcova zəng
elədi. Onunla danışandan sonra dedi, qızım sən sənədlərini
ver musiqili teatr fakültəsinə. O qədər pis
olmuşdum, dedim yəqin mənim istedadım yoxdur, zəifəm
deyə məni drama, kinoya yönləndirmədi. Mənim aləmimdə
dram, kino daha yaxşı idi. Sonradan bildim ki, musiqili teatrda
keçirilənlər orda da keçilir. Üstəlik,
musiqili teatrda vokal dərsləri də var. 17-18 yaşıma
kimi vokal səsimin olduğunu da bilmirdim. Məni istiqamətləndirən,
yönləndirən, məni aktirsa kimi, vokalist kimi kəşf
edən Hüseynağa müəllim oldu.
- Fəxri adınız olmadığına görə
etirazınızı bildirən videoçarx belə var. Bu məsələ
ilə bağlı səsini çıxarmayanlardan fərqli
olaraq siz sözünüzü demisiniz. Bunun faydası oldumu?
- Belə deyim, inşallah hər şey yaxşı
olar (Gülür). 27 ildir başımı aşağı
salıb halal zəhmətimlə, alın tərimlə,
Allahın verdiyi istedadla çalışmışam və
buna da davam edəcəyəm.
- Ülviyyə xanım, uşaqlıqdan çətin
sınaqlarla qarşılaşmısınız. Ən
başlıcası, üç dəfə suda boğulmusunuz
və son anda xilas olmusunuz. Yaşadığınız çətinliklər
sizi yolunuzdan çaşdırmırdı?
- Hər dəfə bir sınaqla
qarşılaşanda Allahıma şükür edirəm. Mənə
qarşı böyük bir səhv olanda da həmişə
demişəm ki, ay Allah, sən mənə güc ver,
qarşımdakı kimi pis insan olmayım. Şükürlər
olsun ki, heç vaxt pisliyə pisliklə cavab verməmişəm.
Allahın verdiyi sınağa həmişə
şükür eləmişəm, çünki o sınaqlar
məni müdrikləşdirib, az da olsa,
ağıllandırıb və gücləndirib. Həmişə
deyirəm, həyat bir məktəbdir. Sonda qiymətləndirmə
ilə biləcəyik ki, hansı universitetə qəbul
olmuşuq - cənnətə, ya cəhənnəmə? Hələ
ki oxuyuruq.
- Deyir, balaca Ülviyyə yaman dəcəl olub. Həmin
dəcəl uşağı qoruyub saxlaya bilmisinizmi?
- Bəli. Bəzən olur ki, həyat
sınaqlarına başın o qədər qarışır,
o uşaq unudulur. Allah yoldaşıma cansağlığı
versin, onun sayəsində unutduğum o uşağı geri
qaytardım. Hərdən içimdəki uşaq çox
çölə çıxır, çox ərköyünləşir,
sonra deyirəm Ülviyyə ipini yığ, sən anasan, bir
az ciddiləş. Ümumiyyətlə, uşaqlara qoşulanda
çox uşaqlaşıram, baxmıram ki, hardayam
(Gülür).
"Keyxanım"ı "Toppuş
bacı"sız təsəvvür etmək olmur. Ülviyyə
Əliyeva ilə söhbət zamanı mərhum aktrisa
Tünzalə Əliyevanı da yada saldıq.
-Yəqin ki, darıxdığınız sənət
yoldaşınız var.
-Təbii ki. Nəinki darıxdığım, hər
dəfə hansısa rolda oynayanda çevrilib
axtardığım, burnum ucu göynədiyi, çətin məqamlarda
axtardığım biri var. Tünzalə çox gözəl
dinləyici idi. Bir problemin, dərdin olanda yaxşı məsləhətlər
verirdi. Bəzən elə situasiya olur ki, deyirəm Tünzalə
bu anda bu sözü deyərdi. Hələ ili
çıxmamışdı, yol gedirdim,
yaradıcılıqla bağlı sıxıntım var idi.
Birdən dedim, bu gün Tünzaləyə zəng etməmişəm.
Biz hər gün zəngləşirdik, səsi batandan sonra
mesajlaşırdıq. Tez götürdüm telefonu, ona zəng
eləmək istədim və birdən ayıldım ki, o
axı yoxdur... (ah çəkir) Tamaşaçılar hələ
də dərk eləmirlər ki, o nə qədər
böyük boşluq qoyub getdi. Hələ də onun
yoxluğunu qəbul edə bilmirəm. Sanki nə vaxtsa yeni bir
lahiyə olacaq və biz yenə görüşəcik.
Tamaşaçılar mənə yaxınlaşıb deyəndə
ki, Allah Tünzalə xanıma rəhmət eləsin və ya
hansısa paylaşımın altında yazanda ki, Allah
Toppuş bacımıza rəhmət eləsin, bir yandan pis
oluram, bir yandan da sevinirəm ki, nə yaxşı
tamaşaçılar məni görəndə onu yad edirlər.
Nə qədər ki, mən varam, o da var. Təki
tamaşaçılarımız onu unutmasınlar,
çünki o unudulası aktrisalardan deyil. Bu gün çox
təəssüf ki, bir qanadsız qalmışam, çox
çətindir...
- Son olaraq, sözün bitdiyi yerdə nə
başlayır?
- Sözün bitdiyi yerdə vergül başlayır.
Çünki həyat bitməyənə qədər o
vergüllər olacaq. Bəzən olur söz bitir və
nöqtə qoyulur, amma o nöqtənin yanında mütləq
bir vergül gələcək.
Ləman İLKİN
525-ci qəzet.- 2025.- 23 yanvar(№12).- S.11.