"Özünü
tapandan sonra yaşamaq asanlaşır"
"Xalq qəzeti"nin ictimai-siyasi məsələlər
şöbəsinin müdiri İmran Bədirxanlının 60
yaşı tamam olur.
1965-ci il yanvarın 25-i Xaçmazın Həsənqala
kəndində doğulan İmran Bədirxanlı Bakı
Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunudur.
"Səhər", "Zaman", "Həftə",
"Gün səhər" qəzetlərində, STV
telekanalında çalışıb, İctimai Radioda
müxtəlif verilişlərə müəlliflik və
aparıcılıq edib, İctimai Televiziyanın
"TV-1" jurnalının redaktoru,
"Carçı-Film" Yaradıcılıq Birliyinin
böyük redaktoru, Kino və Dublyaj Departamentinin baş
redaktoru olub, Azərbaycan Tərcümə Mərkəzində
mütəxəssis və böyük mütəxəssis,
Publika.az saytında şef-redaktor postlarını tutub.
- Jurnalist bioqrafiyanız zəngindir. Demək olar,
bütün sahələrdən keçmisiniz: qəzetçilik,
radio-televiziya, tərcüməçilik, onlayn media. Bəs ən
çox ürəyinizcə olan?
- Necə deyim ki, həmkarlarımın xətri
qalmasın. Əslində, hər birinin özünəməxsus
özəlliyi var. Radioda canlı efirin həyəcanı, məsuliyyəti
ilə bərabər mikrofonun bir ayrı stixiyası,
hökmranlıq aurası var.
Televiziyada ssenariyə uyğun çəkilişlər,
"karkasın" yığılması kimi maraqlı
prosesdən, adi reportajın saniyə-saniyə
montajının əziyyətindən sonra hazır məhsulu
izləyərkən aldığın zövqü heç nə
ilə müqayisə etmək olmaz.
Eləcə də xarici dildən çevirdiyin elmi, bədii
mətndə hansısa ifadənin və ya terminin ana dilimizdə
qarşılığını tapanda sanki dünyanı sənə
verirlər.
Sayt xəbərçiliyi bunlardan uzaqdır.
Ümumiyyətlə, bir neçəsini çıxmaq şərti
ilə onlayn media məkanında "reytinq qovan" saytların
peşəkar jurnalistikaya birbaşa aidiyyəti yoxdur.
Qəzetçiliyə gəldikdə isə o, yenə
də jurnalistikanın ali kürsüsündədir.
Çünki sözlə ən yaxın, səmimi, hərfi təmas
günün salnaməsini sənədləşdirən mətbu
nəşrlərdədir. "Xalturaya" geniş meydan verən
elektron mediadan fərqli olaraq yazılı mediada sözlə həm
səliqəli, ehtiyatlı, həm də hörmətli,
urvatlı davranmalısan, burada onu "üfürmək",
onunla oyun oynamaq çətindir. Əgər fakta Əlahəzrət
deyiriksə, söykəndiyi mətbu Söz onun
Allahıdır. Əzəl başdan yalnız Söz olub
axı...
- Bir vaxt jurnalist olmaq istəyənlər ilk növbədə
indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini
seçirdilər. Siz də bu addımı
atmısınız. Uşaqlıq arzunuz idi?
- On üç yaşımda peşə seçimimi
etmişdim. Yazıları rayon qəzetində dərc olunan
altıncı sinif şagirdi jurnalist olacağına ürəyinin
istəyi ilə qərar vermişdi. Amma doğmaları,
dostları onun arzusuna çatacağına inanmırdılar.
O inadkar yeniyetmə isə buna əmin idi. Jurnalistika fakültəsinə
iki il staj baryeri ortaya çıxanda tarix müəllimim sənədlərimi
Azərbaycan Pedaqoji İnstitutuna, rus dili müəllimim Rus
Dili və Ədəbiyyatı İnstitutuna, dil-ədəbiyyat
müəllimim isə universitetin filologiya fakültəsinə
verməyimə təkid edirdilər. Attestatımda cəmi iki
"4" vardı. Mənə böyük ümidlərlə
baxan qohum-əqrəba deyirdi ki, ali məktəbə qəbul
olmasan, gedəcəksən əsgərliyə, vaxt keçəcək
və bildiklərin yadından çıxacaq, yəni
itib-batacaqsan.
Alın yazısı deyilən qismət var. 21
yaşımda, elə birinci cəhddən jurnalistika fakültəsinə
qəbul oldum. Bəli, peşənin insanın həyatında
rolu böyükdür. Bəlkə də jurnalistika tək-tük
peşələrdəndir ki, insanın bütün taleyini,
yaşam tərzini müəyyən edir. Rəhmətlik
müəllimimiz Famil Mehdinin sözü yadımdadır:
jurnalistin beyni sutkanın 25 saatı işləməlidir.
Jurnalistikanı məsləkə çevirənlər
üçün bu, bir növ, "xroniki xəstəlikdir".
Cəfası səfasından çox olan bir "xəstəlik".
- Yaşın elə dövrüdür ki,
keçmişə boylanmalı, ötənləri
saf-çürük eləməli olursunuz. Nələri, sənətinizə
uyğun ifadə eləsək, redaktədən keçirmək
istərdiniz?
- Yəni özünə hesabat verməli olursan.
İndi durub desəm ki, həyatda və peşəmdə səhvim
olmayıb, qeyri-səmimi çıxar. Əlbəttə,
olub. Sadəcə, həmin dövr, şərait, situasiya və
sənin sosial-psixoloji durumun o addımı atmağa vadar edib.
Üstündən 20-30 il keçəndən sonra
"o vaxt belə eləsəydim, başqa cür ola bilərdi",
"gərək filankəsə qulaq asmayaydım" kimi
gecikmiş etiraflarla özünə təsəlli verməyi
faydasız məşğuliyyət, boş vaxt itkisi
sayıram. Təvazökarlıqdan kənar görünməsin,
keçmiş mənimçün oxunmuş və
bağlanmış kitabdır. Həyatına yeni kitabın
yeni abzasından davam etməlisən. Səhv etmirəmsə,
Stendalın sözüdür: həyatımızın
böyük hissəsini səhvlərimizə və səfeh hərəkətlərimizə
xərcləyirik. Yəni əsas hissəsi tənbəlliyimizə
qurban gedir, sonra da ömrümüzün qalan hissəsində
bunun altını çəkirik. Yazıçı təxəyyülünün
məhsuludur, sənət adamları ilə bağlı deyilən
sözdür, amma elə jurnalistlərə də aid etmək
olar.
"Mən kiməm? Hardayam? Hara gedirəm?" Mərhum
ustadımız Şirməmməd Hüseynovun
suallarıdır. Deyirdi ki, hər il növbəti
yaşınızın tamamında güzgünün
qabağında durub bu sualları özünüzə verin.
Əgər cavab verə bilsəniz, deməli, düzgün
yoldasınız, yaşamağa dəyər.
Çətin suallardır. Bu yaşımda iki
sualın cavabını qismən vermiş sayıla bilərəm.
Amma üçüncü sualın cavabını zaman verəcək...
- 50 yaşınız tamam olan vaxt "Yaşın nə
fərqi var" sualına maraqlı cavab vermişdiniz:
"İnsanın bir xoşbəxtliyi də öz
yaşını yaşamağı bacarmasıdır".
Yaşı yaşamağı bacarmaq. Sizcə, bu, bir az qəliz
məsələ deyilmi?
- Həyatımızı maraqlı edən sürprizlər,
qəlizliklər deyilmi? Bəlkə də ömrümüzə
kolorit qatan elə onlardır. Öz yaşını
yaşamaqdan ötrü içinə enməyi, orada
özünü tapmağı bacarmalısan. O daxili "dirəyə"
söykənmədən, özündən yapışmadan nəinki
gerçək yaşını yaşamaq, ümumiyyətlə
həyatda öz yerini tapmaq mümkün deyil. Nə qədər
çətin olsa da, gec-tez içindəki o mənəvi
güzgüyə baxmağa məhkumsan. Böyük
şairimiz Ramiz Rövşən necə deyib:
Doğradım-çapdım özümü,
Yoğurdum-yapdım özümü, Nə yaxşı
tapdım özümü, Böyrümdən keçib getmədim.
Bəli, ağlı və ruhu yerində olan hər bir
insan bu axtarışa çıxır. Uğurlu nəticə
axtarışın səmimiyyət dərəcəsindən
asılıdır. Özünü tapandan sonra yaşamaq asanlaşır,
çünki dünyanın qəddar və ədalətsiz
qanunları ilə barışırsan. Ömrü boyu
özünü axtaran, dəfələrlə yanından
ötüb keçən o qədər insan var ki. Yəqin
dünyada özünü tapan xoşbəxtlərdən
tapmayan talesizlərin sayı qat-qat çoxdur. Məsələnin
qəlizliyi ondadır ki, yaşlandıqca, həyat təcrübən
artdıqca beynini yoran sualların çoxuna cavab tapırsan,
amma həyat səni dərhal yeniləri ilə üz-üzə
qoyur. Bu, əbədi prosesdir. Xoşbəxt adam o sualların
cavablarının gizləndiyi otaqların
açarlarını tapandır. Beynimdə belə bir qənaət
möhkəmlənib ki, xoşbəxtlik
düşündüyün, danışdığın və
elədiyin arasında harmoniyadır. Əgər bu trionu eyni
lada kökləyə bilsən, bu halda qəliz sualların əlində
girinc olmaqdan qurtulmaq şansın var.
- "Xalq qəzeti" mühafizəkar tipli nəşr
sayılır, həm də rəsmi tribunadır. Belə yerdə
sırf yaradıcılıq baxımından manevr imkanları
çox olmasın gərək...
- Bəli, iş yerim rəsmi dövlət qəzetidir.
Burada vətəndaş-jurnalist olmağın məsuliyyətini
unutmamalısan. Əsas işimiz günün ictimai-siyasi salnaməsini
yazmaqdır. 50, 100 ildən sonra bu günün real tarixini
arxivdə qorunacaq məhz rəsmi nəşrlərdən
öyrənəcəklər.
O ki qaldı yaradıcılıq sərbəstliyinə,
bu məsələdə rəhbər şəxsdən
çox şey asılıdır. Şükürlər olsun
ki, baş redaktor Əflatun Amaşov bizə ürəyimizdən
keçən mövzunu yazmağımız üçün
bütün imkanları yaradıb. Təki deməyə
sözün olsun.
525-ci qəzet.- 2025.- 23 yanvar(№12).- S.10.