Güney
poeziyasının milli duyğu və düşüncə mənzərəsi
Güney Azərbaycan ədəbiyyatı dünyadan,
özəlliklə başqa türk ölkələrilə
sıx mədəni əlaqələri olmayan, təcrid
olunmuş bir ədəbi adaya bənzəyir. Bu həm də
İranın getdikcə dünyadan hər bir sahədə təcrid
olunmasıyla bağlıdır. Təbii ki, belə bir durumda
bir xalqın bütün çətinlikləri və istəkləri
ədəbiyyata yüklənir, yazılan əsərlərdə
iz qoyur. Onsuz da uzun illər ədəbi-mədəni həyatın
inkişaf mərhələlərini normal şəkildə
keçməyən və öz təbii hüququndan məhrum
olan güneyli yazarlar bütün çətinliklərə rəğmən,
öz mənəvi həyatının davamına
çalışır.
Güneydə vətənə, xalqa
bağlılıq çox güclüdür və yazarlar
real həyatı, problemləri əks etdirməyə
çalışırlar. Elə bu səbəbdən
İranda Azərbaycan ədəbiyyatı janrlara və qəliblərə
hesablanmadan, daha çox məzmuna söykənən ədəbiyyatdır.
Tanınmış şair M.E.Yurdaqulun məşhur bir
kəlamı var: "Unutma ki şairləri
qışqırmayan bir millət, sevənləri torpaq
olmuş yetim uşaq kimidir".
Şair İsmayıl Cəmili də məhz mənsub
olduğu xalqının haqqını, hüququnu dilə gətirən,
taleyüklü həssas məsələləri şeirlərinə
yansıdan milli şairlərdəndir. Onun şeirlərində
vətənsevərlik hissi çox güclüdür. Və
bunu da deyə bilərik ki, bu şairin poeziyası
xalqının qan yaddaşının poetik
daşıyıcısıdır. Onun "Təbrizin sevgi
payı" adlı şeirlər toplusu ötən il
İsveçdə nəşr olunub. İ.Cəmili elə ilk
şeirlərindən özünü azadlıq şairi,
mücadilə şairi kimi göstərib. Azadlıq bir millətin
canlı bayrağıdır, şair də bu bayrağı hər
zaman yüksəklərə qaldırmaq istəyir. Və
şair üçün ən acınacaqlısı da yan-yana
düzülən azadlıq bayraqlarının içində
vətəni Güney Azərbaycanın bayrağının
olmamasıdır. İ.Cəmili onlarca şeirində ana dili,
vətən mövzusunun müxtəlif tərəflərinə
toxunub.
Heca vəznində gözəl nümunələr
yaradaraq əsərlərində milli koloriti əks etdirənlərdən
biri də Nadir İlahidir. Onun şeirləri klassik şeir
üslubuna yaxındır. Rübai və qəzəllərlə
yanaşı, sərbəst şeirlər də yazır.
Şeirlərində Qərb imajist şairlərinin də təsiri
duyulur:
Saçlarının həsrətindən,
Dedim, darağa dönəcək.
Ay gülüm! Nə biləydim mən
Əlim orağa dönəcək...
Artıq xeyli müddətdir ki, "Ədəbiyyat və
incəsənət" portalının sevilən
"Güneydən gələn səslər"
rubrikasında Güney Azərbaycan təmsilçiləri
Əli Çağla və Vida Heşməti oxucuları
güneyli yazarlarla vaxtaşırı tanış edirlər.
Onlardan biri olan Əli Nurvəş (Çağla) yazıçıdır,
tərcüməçilik və naşirlik fəaliyyəti
ilə də məşğuldur. "Dəlilərin
sevgisi" və "Niyar karvanı" romanlarının
müəllifidir. Musa Yaqub, Baba Vəziroğlu, Qənirə
Paşayeva, Əjdər Ol kimi qələm
adamlarımızın kitablarının Güney Azərbaycanda
çapını və yayılmasını gerçəkləşdirib.
Əli Çağla dərin düşüncəli,
güclü duyğulu və yenilik sevən gənc şairdir.
"Savadlı, oyaq kiçik uşağları dustaq edib
incitdilər, çoxunu sütül boyunlarından asdılar,
bir çoxu da oyundan qaçıb özün asdı"
deyir özünün "Vətən oyunu" şeirində:
Oyunumuzun adın
Səsləyərdilər "Vətən".
Bu oyunda çoxları
Oldu uduzan, itən...
Vətən, vətən, ay vətən,
Səndən acığım gəlir!
Sənin bu oyununda,
Bütün dostlarım ölür...
Şeirlərini yalnız dövrü mətbuatda dərc
etdirən Zaman Paşazad?nin, nəhayət, bu yaxınlarda ilk
kitabı çap olundu. "Aynada öldürülmək"
kitabı belə başlanır:
Bu bir dueldir, əziz oxucum,
Üz çevirib bir birımızdən
uzaqlaşırıqHər səhifə bir addımdır.
Bəs görəsən, bu duelin sonu nə olacaq?
Şairmi öləcək, yoxsa oxucumu?! Halbukı şair ilk səhifədə
yazır:
Əslində şeir yazanda
səni öldürümşdüm mən,
Amma işıq üzü gördüsə
kitabım,
dirilirsən!
Heydər Bayatın yaşadığı ölkə
haqqında poetik düşüncələri 80-90-cı illər
Cənub şeirindəki poetik üslubdan tamam fərqlidir. Onun
şeirlərindəki ənənəvi sarsıntı, məyusluq
və iztirab ovqatının alt qatında kin, nifrət və
ironiya var. "Dar ağacı" şeirində "Boynumu
qucaqlamağa, bilirəm, boyun çatmaz - bu ölkənin dar
ağacları ucadır" söyləyən şair
"Yalançı şeiri"ndə cəmiyyətin ruhi xəstəliyinə
çevrilən yalançılığı tənqid edir:
Uşaqlıqda ay əllərimi aldatdı gölməçədə,
Cavanlıqda sən ürəyimi aldatdın həyətdə,
İndi baxıram, yol ayaqlarımı
aldadır küçədə.
Poetik təbiət təsvirləri arasında Behruz
İmaninin "Payız" şeirləri diqqət çəkməkdədir.
Onun şeirində bir payız mənzərəsi və
ovqatı vəsf olunur:
Söz payızındır,
Yarpaqların
Küləklə
Talanması,
Sarı rəngin yaşıllığa
Hörmətsizliyi
Nə acı və qüssəlidir
Kaş ki sənin
Düşüncənə sığaydı -
Mən, payız və uzaq yollar...
Biz zahiri dünyamıza duyğularımızdan
boylanıb baxırıq. Şair üçün
görülən mənzərə və ya varlıq bir
duyğunun aynasıdır. Eynən Nəsim Cəfərinin
bir şeirində olduğu kimi:
Sap qırılır,
Ulduzlar tökülür,
Röyalar tökülür,
Yalnız
Buludlar qalır yoxluğumla.
Nəsim Cəfəri güclü duyğulu və
yenilik sevən gənc şairdir. Bir qadın kimi onun
dünyagörüşü rəngarəng, düşüncələri
dərindir.
İsmayıl Lütfinin "Sən bir pionistsən,
şairim" kitabında təsvir etdiyi mənzərələr
kiçik detallara qədər araşdırılır, onlara
yeni obraz verilir:
Yasa var gözlərində,
Son bir duraq, son bir bir trendir.
"Savaş və barış" kitabını
oxudunmu heç
Sən bir acı "Tolstoy"san, sevgilim,
Saçların tanrı kimi sevgi yaradıb
Əllərimdəki boğulmuş barmaqlarda.
Görünən budur ki, güneyli şairlərin
yaradıcılığında ictimai-siyasi mövzularla
yanaşı, saf məhəbbətin, təmiz lirik
duyğuların da təsvir və tərənnümü
mühüm yer tutur.
"Şeir bir ruhı ilgıdır, nəsnələr
orada obyektivliyini əldən verib şairın duyğu və
düşüncələrinə köklənir" -
yazırdı Rza Bərahəni. Lap Rəhim Həqqinin poetik
parçalarında olduğu kimi:
Yuxuma gələndə səssiz gəl, gözəl,
Ulduzun yuxusu çox yungül olur.
O gün də gözləri sataşıb sənə
Hələ də gecələr mənə göz
vurur.
Gələndə adımı yavaşca
çağır,
Kəpənək gül üstə gərnəşən
kimi.
Ya da bir körpənin dodaqlarından
Qundağa gülüşü sürüşən
kimi.
Milli ənənəvi şeirin bədii intonasiya
sistemi Vüqar Nemətin şeirlərində poetik nida ilə
birləşir. Misralardakı həyati detallar duyğuların
ifadəsində poetik əyaniliyə xidmət edir:
İçimdə qanayan bir mahnıdır gözlərin
Nəbzimlə işləyən qol saatım,
Və başımdakı havamdır
Qara geymiş gözlərin.
Güney şeirində Qarabağ ağrısı
1990-cı illərin əvvəllərindən
Güney poeziyası doğma Azərbaycanın yaraları,
ağrıları, vətənpərvərlik hissləri ilə
nəfəs almağa başladı, bu mövzu oradakı
yazarların əsərlərində ədəbiyyatın
baş mövzusu olan milli-azadlıq ideyaları ilə
qovuşdu. Və Güney şeirində Qarabağ
ağrısı Araz yanğısını sanki arxa plana
keçirdi. Məhsa Mehdilinin şeirlərindəki həzinlik,
kövrəklik Qarabağ dərdindən Təbriz sevgisindən,
gəlir, dünyaya etirazını bəzən vərdişə
çevrilmiş hayqırtı ilə yox, təmkinli bir
ovqatla ifadə edir. Ümumiyyətlə, formalaşmaqda olan Cənub
şeirindəki bu üslubun, bu poetik təhkiyənin bədii
uğurları göz önündədir.
Məlihə Əzizpurun şeirində də
düşmənə nifrət, yurda, türklərin
yaşadığı torpaqlara sevgi hissləri çox
güclüdür:
Vətən:
Sürgünlərimdir.
Vətən:
Şəhidlərimdir.
Vətən:
Yaralarımdır...
Vətən... vətən... vətən...
Təbrizsizləyən hər boğazda
lallığını yaşayır
insanlığın uzun dili
Urmuda
Qarabağda
Urumçuda
və Təbrizdə,
Qarabağ müharibəsinin bədii inikasında Cənub
poeziyası Şimalda yaranan ədəbiyyatdan əsla geri
qalmamış, bu hadisəni o taylı-bu taylı Azərbaycanın
milli fəlakəti, dərdi kimi qəbul etmiş, Qarabağ
mövzulu poetik örnəklər Azərbaycan
poeziyasını zənginləşdirmiş, ona yeni
çalarlar gətirmişdi.
Gənclərin yaradıcılığında klassik
şeirlə yanaşı, dünya poeziya ənənələrindən
qaynaqlanan maraqlı poetik nümunələrin də
yarandığını qeyd etməliyik.
Ötən yüzilliyin 40-cı illərindəki
milli-siyasi hərəkat və Əli Tudə
Heç bir dövrdə Güney Azərbaycan ədəbiyyatı
XX əsrin 40-cı illərində olduğu qədər
güclü olaraq siyasi hadisələrlə, kütləvi hərəkatla,
xalq həyatı ilə səsləşməyib. Şair və
yazıçılar demokratik hərəkatın ədəbi
iştirakçısına çevrilir, xalqı İran
istibdadına qarşı çıxmağa səsləyir,
mübarizə əzmini artırırdı.
İyirminci yüzilliyin 40-cı illərində
İranda - Güney Azərbaycanda baş verən
milli-azadlıq hərəkatında bir çox şair,
yazıçı və ziyalılar da ön sıralarda yer
almış, süngü və qələmi ilə
vuruşmuşdular. 1946-cı ildə milli hərəkatın
qan içində boğulması həmin yazarların
çox hissəsinin Sovet Azərbaycanına mühacirətə
vadar etdi. Onlar şahidi və iştirakçısı
olduqları hadisələri ömür boyu ürəklərində
və əsərlərində yaşatdılar. Həmin
şairlərdən biri də Əli Tudə idi. Son 10 ildə
şairin yaradıcılığının 20 cildliyi və
2023-cü ildə "Əli Tudə-100" kitabı
işıq üzü gördü.
Quzeydə mühacirət həyatı yaşayan
yazarlarn əsərlərində Cənub həsrəti,
bölünmüş millət dərdi motivləri
üstünlük təşkil etsə də, onların əsərlərində
daha çox Güney Azərbaycanda demokratik hərəkatın
yenidən qələbə çalacağına ümid və
inam duyğusu ifadə edilirdi. Əli Tudə də həmin nəslin
nümayəndəsi və mühacirət ədəbiyyatnn
yaradıclarından idi.
Bakıda doğulan, Ərdəbildə böyüyən
Əli Tudə erkən yaşlarından şeirə könül
verib. Onun poetik əsərləri həmişə
azadlığa, yeni həyata doğru can atan, öz məqsədi
və ideyası uğrunda vətən torpağını
qanı ilə boyayan, lakin geri çəkilməyən, imkan
tapdıqca yenidən mübarizə meydanına atılan bir
xalqın döyüş nəğmələri idi. Şair
canıyla, ruhuyla bağlı olduğu Vətənin
sabahına ümidlə baxırdı:
Nə qədər döyüş var, mübarizə
var,
Bayrağım vətəndir, silahım qələm!
İnqilab şairin
yaradıcılığının çiçəklənməsinə
imkan yaratmışdı. Mübarizlik, cəsarət, mərdlik,
azadlıq ruhu Əli Tudə şerinin əsas motivinə
çevrilmişdi. Bakıda "Ədəbiyyat qəzeti"ndə
ədəbi işçi vəzifəsinə işə
düzələn Əli Tudə burada görkəmli şair və
yazıçılarla yaxından ünsiyyətdə olub. O,
milli-inqilabi ruhlu əsərləri ilə çağdaş
Güney Azərbaycanda siyasi lirikanın təməlini
qoyanlardandır. Azərbaycanın ikiyə bölünməsi
faciəsini bir daha həyatında yaşayan şairin əsərlərində
bu ağrılı mövzu qırmızı xətt kimi
keçir.
Pərvanə MƏMMƏDLİ
525-ci qəzet .- 2025.- 24 yanvar(№13).- S.13.