"Həyatda artistlik pis
şeydir"
XALQ ARTİSTİ RASİM BALAYEV:
"HƏMİŞƏ ÇALIŞMIŞAM Kİ,
HƏYATDA MƏNƏ AKTYOR KİMİ BAXMASINLAR"
Azərbaycan kinosunun yaşayan əfsanəsi, dəyərli
Xalq artistimiz Rasim Balayevə hələ uşaqlıqdan sonsuz
hörmətim və rəğbətim olub. Sevimli aktyorumuzu
görüb, ona olan rəğbət və sevgimi əyani
şəkildə bildirmək ən böyük
arzumlarımdan biri idi. Nəhayət. bu yaxınlarda, necə
deyərlər, arzularım çin oldu - Azərbaycan
Yazıçılar Birliyində keçirilən bir tədbirdə
təsadüfən Rasim Balayevi qonaqlar sırasında
gördüm. Budur, çəkildiyi filmləri dəfələrlə
izlədiyim, canlandırdığı obrazları seyr etməkdən
usanmadığım sevimli aktyorumla üz-üzə
dayanmışdım.
Beləliklə, müsahibimiz Azərbaycan
Kinematoqrafçılar İttifaqının sədri, Azərbaycanın
Xalq artisti, aktyor Rasim Balayevdir.
- Rasim bəy, teatr səhnələrində
görünməməyiniz hər zaman diqqətimi çəkib.
Bunun səbəbi nədir?
- Əslində, teatrda oynamağı həmişə
istəmişəm. Hətta bir vaxtlar Azərbaycan Dövlət
Dram Teatrında işləmək fikrim də olub. Amma teatrdan mənə
dedilər ki, ştat yoxdur. Sonra "Azərbaycanfilm"
kinostudiyasında aktyor seçdiklərini eşitdim, müraciət
etdim və məni işə götürdülər. Elə
oldu ki, "Nəsimi" filminə çəkildim və
bundan sonra kino sahəsində qalası oldum. Bunun ardınca bir
çox filmlərə çəkildim. Artıq məni
Özbəkistana, Tacikistana, Moskvaya dəvət edirdilər.
Beləcə, başım kino sahəsinə
qarışdı və gördüm ki, artıq iyirmi-otuz il
keçib. O vaxtlar arada boşluq olanda teatra getmək istədim.
Teatrda iki tamaşada rol da almışam. Müəllimim
böyük rejissor Mehdi Məmmədov "İblis" əsərini
ortaya qoydu və həmin tamaşada Arif obrazını
oynadım. Bir də 2000-ci ildə "Aydın"
tamaşasında rol aldım. Daha sonra məni ştata dəvət
etdilər. Artıq kinoya daha çox
bağlanmışdım deyə getmədim. Həm də
repertuarlar xoşuma gəlmirdi. Mən istəyən klassik
rollar yox idi. Amma düşünürəm ki, yaxşı
aktyor teatrda fəaliyyət göstərməli, vaxtı olanda
isə kinoya çəkilməlidir. Çünki teatr aktyorun
peşəkarlığını qoruyub saxlayır.
- Bu günə kimi rol aldığınız
hansısa obrazla özünüz arasında bir oxşarlıq
hiss etmisinizmi?
- Mən də həyatda hamı kimi sadə bir insanam.
Hər kəsin qarşısına çıxan problemlər
mənim də qarşıma çıxıb. Buna görə
də elə bir obraz olmayıb ki, o, mənimlə eynilik təşkil
etsin. Amma bir şəxsiyyət kimi formalaşmağımda
oynadığım obrazların xüsusi rolu var. Məsələn,
mən Nəsimi, Babək, Beyrək kimi rollar oynamışam.
Özümlə o obrazlar
arasında hansısa uyğunluq görməsəm də,
formalaşmağımda xüsusi rol oynayıblar.
- Niyə həmin dövrdə tarixi şəxsiyyətlərin,
klassik əsərlərdəki qəhrəmanların
obrazlarına məhz sizi uyğun görürdülər?
- Bu sualın cavabını rejissorlardan soruşmaq
lazımdır (gülür). O vaxt tarixi filmlər çox
çəkilirdi. İndi təəssüf ki, bu mövzuda
filmlər demək olar, yoxdur. Həmin vaxtlarda Ümummilli
liderimiz Heydər Əliyevin tapşırığı ilə
belə bir tendensiya formalaşmışdı ki, bizim dahi
şəxsiyyələrimizi ekranda göstərmək, həm
özümüzə, həm də dünyaya tanıtmaq
lazımdır. Çünki Nəsimini, Nizamini daha çox
filologiya ilə, ədəbiyyatla məşğul olanlar,
maraqlananlar tanıyırdı. Böyük bir kütlənin
həmin dahi şəxsiyyətləri tanıması arzuolunan
idi. Ona görə də xeyli sayda tarixi filmlər çəkildi:
"Yeddi oğul istərəm", "Nəsimi",
"Babək", "Dədə-Qorqud", "Nizami",
"Axundov", "Hüseyn Cavid" və s. İndi də
tarixi filmlərin çəkilməsinə çox ehtiyac var.
Ancaq hazırda kinomuz ürəkaçan vəziyyətdə
deyil. Halbuki bu gün 44 günlük müharibədən bəhs
edən filmlər ərsəyə gətirmək olar.
Ümumiyyətlə, kino sahəsində qəribə bir
susqunluq var. Ümid edirəm ki, vəziyyət tezliklə
düzələr...
- Bəlkə xarici görünüşünüzə
görə tarixi şəxsiyyətləri canlandırmağa
daha çox sizi dəvət ediblər?
- Ola bilər. Bayaq qeyd etdiyim kimi, bu məsələni
rejissorlar daha yaxşı bilir. O vaxtı mərhum rejissor Həsən
Seyidbəylidən soruşublar ki, niyə "Nəsimi"
roluna məhz Rasim Balayevi çəkdiniz? O isə cavabında
deyib ki, mən onun üzündə bir qədimlik
gördüm.
- Oynamaq istəmədiyiniz, amma imtina edə bilmədiyiniz
rolunuz olubmu?
- Əlbəttə, olub. Bəzən boşluq
yaranırdı, mən də həmin boşluğu doldurmaq
üçün xoşuma gəlməyən filmlərə
çəkilirdim. Çünki məndə o qədər
kinoya çəkilmək həvəsi var idi ki. Amma sonra
peşman olurdum. Təxminən 20-25 ilim boşa gedib. Həm
burada, həm başqa dövlətlərdə ildə 2-3 filmə
çəkilirdim. O illər ərzində 25-30 rolda oynaya bilərdim
və həmin rollardan ən azı beşi brend ola bilərdi.
Ancaq bu məsələ təkcə məndən də
asılı deyildi. Həmin vaxt siyasi nöqteyi-nəzərdən
Azərbaycanda mürəkkəb dövr yaranmışdı,
Birinci Qarabağ müharibəsi başlamışdı və
buna görə kino sahəsinə az diqqət
ayrılırdı. Onda Azərbaycanı parçalamaq istəyirdilər,
əhali buna görə çox narahat idi. Amma Ulu öndər
Heydər Əliyevin güclü siyasəti nəticəsində
Azərbaycanın parçalanmasının qarşısı
alındı. Belə bir dövrə təsadüf
olunması, uzun müddət film çəkilməməsi
kino sahəsinə öz mənfi təsirini göstərdi. Təsəvvür
edin, altı-yeddi il kino sahəsində bir iş görülmədi.
Bu, az müddət deyil. Həmin vaxt kinostudiyada 1200 nəfər
işləyirdi. İşsizlikdən bir çox peşəkarlar
başqa sahələrə üz tutdular və Azərbaycan
kinosu kökdən düşdü, ənənələr
itdi.
- İncəsənətin müxtəlif sahələrində
olan insanlar hansısa yaş dövründə öz
istedadlarının fərqlərinə varırlar. Bəs siz
yaşınızın hansı dövründə həyat
yolunuzu aktyor kimi davam edəcəyinizi hiss etməyə
başladınız?
- Orta məktəbdə oxuyanda uşaqlarla gedib filmləri
izləyirdik, amma onlar mənim qədər film izləməkdən
zövq almırdılar. Mən onlardan fərqlənirdim. Bir
çoxu riyazi elmlərə və ya tibb sahəsinə daha
çox maraq göstərirdi. Mən isə özümdən
asılı olmayan səbəblərdən aktyor olmaq istəyirdim.
Bəlkə də, izlədiyim filmlər məndə bu sahəyə
maraq oyatmışdı. Həmçinin, yaxşı şeir
demək bacarığım var idi. Daha sonra dərnəkdə
oynamağa başladım. Beləcə, məndə bu sahəyə
qarşı daha çox maraq və sevgi yarandı.
- Bəs ilk vaxtlar aktyor olmağınızı ailə
üzvləriniz, qohumlarınız necə
qarşılayırdılar?
- Açığı, əvvəl-əvvəl birtəhər
qarşıladılar. Deyirdilər ki, başqa bir sənətin
sahibi ola bilərdin. Çünki orta məktəbdə dərslərimi
çox yaxşı oxumuşam. Amma onu da deyim ki, valideynlərimin
tam ürəklərincə olmasa da, mənim aktyor
olmağımla fəxr edirdilər.
- İncəsənət sahəsini seçdikləri
üçün öz ailə və ya yaxınları ilə
illərlə küsülü qalan sənətkarlar olub. Siz
bu hal ilə qarşılaşmısınızmı?
- Xeyr, qətiyyən belə bir şey olmayıb.
Düzdür, atamın arzusu idi ki, mən tarixçi olum. Anam
isə xəstə idi deyə məni həkim kimi görmək
istəyirdi. Amma yenə də mənim aktyor olmağıma
mane olmadılar. Sonra televiziyada çıxış etməyə
başladım. Onda məni televiziyada görənlər atama zəng
edirdilər. Beləcə yavaş-yavaş valideynlərim
aktyor olmağımla barışdılar.
- Gənc Rasim Balayev ilə üz-üzə
olsaydınız, ona nə demək istəyərdiniz?
- Bu, mümkün olan şey deyil. Amma bir həqiqət
var ki, mənim gəncliyim indiki dövrə təsadüf etsəydi,
aktyor olmağı seçməzdim. Çünki mənim
potensial imkanlarımı göstərmək üçün
film olmayacaqdı. Bu sənətə Azərbaycanda kinonun
qaynar vaxtında gəldim və mənim üçün hər
şey uğurlu oldu. Lakin yenə deyirəm, gəncliyim bu
dövrə təsadüf etsəydi, aktyor olmazdım. Təbii
ki, sənət ölmür, sənətkarlar
dünyasını dəyişir. Tənəzzül
dövrü müəyyən bir dövrdür. Amma həmişə
deyirəm ki, bir neçə il sonra elə bir dövr gələcək
ki, kino sənəti öz məcrasına düşəcək.
Çox istərəm ki, mən də o günü
görüm.
- Çox rollarda oynamağınıza baxmayaraq, niyə
Rasim Balayevin adı çəkiləndə hər kəsin
ağlına məhz Nəsimi, Babək obrazları gəlir?
- Tarixi hadisələr, klassik nitq, estetika - bunlar
hamısı komponent halda tarixi filmləri baxımlı edir. Həm
də tarixi filmlər digər filmlərdən bir neçə
pillə daha yüksəkdə olur. Məhz bu səbəbdən
ola bilsin ki, insanlar məni ən çox Nəsimi, Babək
kimi xatırlayır.
- Biz aktyorlarımızı ya sənətinə, ya da
sırf şəxsi keyfiyyətlərinə, xarakterinə
görə qiymətləndirib sevirik. Rasim Balayev deyəndə
isə insanın ağlına həm peşəkar aktyor, sənətkar,
həm də bütün sözügedən bu keyfiyyətlər
gəlir. İkisini də balansda saxlamağı necə
bacarmısınız?
- Bunları uzlaşdırmaq lazımdır.
Yadımdadır, müəllimlərimiz deyərdilər ki,
aktyor var, bu gün tamaşada Vaqif rolunu canlandırır, amma
sabah küçədə özünü normal apara bilmir.
Aktyor sənəti ilə birgə şəxsi keyfiyyətlərini
də qoruyub saxlamağı bacarmalıdır. Böyük bir
tarixi şəxsiyyətin obrazını canlandırıb
tamaşaçının sevgisini, rəğbətini qazanan
bir adam küçədə özünü yüngül
aparsa, tamaşaçının gözündən düşər.
Ona görə də gərək gördüyün işə
uyğun həyat tərzi yaşayasan. Elə istedadlı
aktyorlar olub ki, müəyyən şeylərə
qurşanıblar və qeyri-ciddi adam kimi qəbul olunublar. Həmişə
çalışmışam ki, həyatda mənə aktyor
kimi baxmasınlar, mən bunun əleyhinəyəm. Real həyatda
necə varsansa, elə də qalmalısan. Sən kinoda,
tamaşada hansısa rolu oynaya bilərsən. Amma həyatda artistlik
pis şeydir. Belə bir deyim var: filankəs artistlik edir,
özünü normalara uyğun aparmır. Bax, həmin
normaları gözləmək lazımdır.
Aynur ƏDİL
525-ci qəzet .- 2025.- 24 yanvar(№13).- S.11.