Tanınmış
yazıçı-jurnalist Şərif Kərimlinin 70 illiyinə
həsr olunmuş tədbir keçirilib
Azərbaycan Yazıçılar Birliyində
“Borçalı” İctimai Birliyinin təşkilatçılığı
ilə tanınmış yazıçı-jurnalist Şərif
Kərimlinin 70 illiyinə həsr olunmuş tədbir
keçirilib.
Tədbirdə çıxış edən
Yazıçılar Birliyinin İdarə Heyətinin
üzvü, "Borçalı"İctimai Birliyinin sədri
Dəyanət Osmanlı yubilyarın keçdiyi həyat yoluna
qısaca nəzər yetirib, onun yaradıcılığının
özünəməxsusluğu ilə bağlı bir sıra
məqamlara toxunub.
Yazıçılar Birliyinin katibi Elçin
Hüseynbəyli Birliyin Şərif Kərimliyə
ünvanladığı təbrik məktubunu oxuyub,
yazıçıya yeni yaradıcılıq uğurları
arzulayıb.
Bakı Dövlət Universitetinin dosenti, şair-publisist
Knyaz Aslan yazıçının ədəbi, ictimai fəaliyyəti
barədə məruzə ilə çıxış edib.
Bir-birindən maraqlı, məzmunlu
çıxışlarla zəngin olan tədbirdə
müasir Azərbaycan nəsrinin, eləcə də milli mətbuatının
inkişafında yazıçı-jurnalist Şərif Kərimlinin
məhsuldar əməyi, orijinal yazı üslubu qeyd olunub.
Yazıçının yaradıcılığının məhsulu
olan klassik el pəhləvanlarının həyat və fəaliyyətindən
bəhs edən sənədli povest və romanların geniş
oxucu marağına səbəb olması və vaxtilə bu
kitabların 30-40 min tirajla yayımlanması tədbir
iştirakçısı olan tanınmış
yazıçılar, jurnalistlər tərəfindən
xüsusi marağa və müzakirələrə səbəb
olub.
Birləşmiş Millətlər Təşkilatının
Elm, Təhsil və Mədəniyyət üzrə
ixtisaslaşmış qurumu olan UNESCO-nun “Pəhləvanlıq
mədəniyyəti: ənənəvi zorxana oyunları, idman
və güləş” kimi qədim tarixi-milli dərinliklərdən
qaynaqlanan və xalqımıza məxsusluğu şübhə
doğurmayan bu dəyərlərin Qurumun Qeyri-Maddi Mədəni
İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsində
Şərif Kərimli yaradıcılığının da
müsbət rol oynadığı xüsusi vurğulanıb.
Sonda yazıçının "Pəhləvanın
taleyi" adlı yeni kitabı oxuculara hədiyyə olunub.
525-ci qəzet .- 2025.- 24 yanvar(№13).- S.9.