Natiq Rəsulzadənin 40 il əvvəlki
əsərinin davamı nəşr olunub
Bir çox oxucu daima bu kitabı harada tapmaq
mümkün olduğunu soruşurdu. Hətta ədəbi
birlikdə də onu əldə etməyə
çalışıblar, lakin sovet dövründə nəşr
edilən kitabı tapmaq demək olar ki, mümkünsüz
oldu.
Bu barədə Azərbaycanın Xalq
yazıçısı Natiq Rəsulzadə Bakıdakı Rus
evində keçirilən yeni kitabın, dilogiya – “Gecədə
atlı” povestinin və “Poker oyunu” romanının təqdimat mərasimində
bildirib.
Kitabın ilk əsəri yazıçının
1981-ci ildə yaratdığı və oxucuların geniş rəğbətini
və məhəbbətini qazanmış məşhur “Gecədə
atlı” povestidir. İkincisi, povestin davamı, 2024-cü ildə
yazılmış “Poker oyunu” romanıdır. Burada müəllif
otuz ildən sonra baş verən hadisələrdən, qəhrəmanının
taleyindən, çətin sınaqlardan keçdiyi, lakin
yıxılmadığı və məqsədinə
çatdığı ömür yolundan bəhs edir.
Natiq Rəsulzadə Azərbaycanın Xalq
yazıçısı, Qorki adına Ədəbiyyat
İnstitutunun məzunu, nasir, dramaturq, ssenarist, Əməkdar
incəsənət xadimi, “Şöhrət” ordenli, bir
çox yerli və xarici ədəbi mükafatlar laureatı,
Bakı, Moskva və Avropa ölkələrində nəşr
olunmuş əllidən çox kitabın, çoxsaylı
povest, hekayə, ssenari və pyeslərin müəllifidir.
O deyib ki, illər sonra oxucular kitabın tarixçəsinə,
qəhrəmanın taleyinə maraq göstərməkdə
davam ediblər. Məhz bu, müəllifi kitabı davam etdirmək
barədə düşünməyə vadar edib.
“Zaman keçdikcə düşünməyə
başladım: o kitabdakı baş qəhrəmanın taleyi
yarımçıq qaldı, ən həyəcanlı anda kəsildi.
Bu, xüsusi olaraq edilib ki, oxucular personajla daha dərindən
empatiya qura bilsinlər, onun taleyi haqqında
düşünsünlər və bunun necə baş verdiyini
təsəvvür etsinlər. Məhz oxucuların sönməz
marağı məni əsərin davamını yaratmağa
vadar etdi”, - deyə yazıçı qeyd edib.
Müəllifin dediyinə görə, o, bu
yaxınlarda yeni kitab üzərində işləməyə
başlayıb və birdən dərk edib ki, elə həmin hekayənin
davamını yazır.
“Təxminən 30-40 səhifə yazdım və birdən
başa düşdüm ki, bu, hələ 1981-ci ildə hekayəsi
yarımçıq qalmış bir qəhrəmanın həyatının
davamıdır. Ötən illər ərzində onun həyatı
əsaslı olaraq dəyişdi və o, tamam başqa bir yol
tutdu. Bilirsiniz, bunun davamı məni o qədər cəlb etdi
ki, kitab nəşr etmək qərarına gəldim”, - deyə
o əlavə edib.
Natiq Rəsulzadə onu da bildirib ki, o, əsərlərində
çox vaxt şəxsiyyətinin bir hissəsini personajlarda
canlandırır.
“Qəhrəmanlarımın çoxu ilə prinsiplərim
və həyata baxışlarım üst-üstə
düşür. Müəllif personaj yaradarkən hər zaman
öz ruhunun bir hissəsini ona ötürür: xarakter,
düşüncələr, hərəkətlər, həyata
baxış. Lakin bu, təkcə baş qəhrəmana aid
deyil - ikinci dərəcəli personajlar da ətrafımdakı
insanların xüsusiyyətlərini mənimsəyiblər.
Deyə bilərəm ki, mən öz tanışlarım,
onların həyat və taleləri ilə bağlı
müşahidələrimdən ilham almışam”, - deyə
Xalq yazıçısı yekunlaşdırıb.
525-ci qəzet .- 2025.- 24 yanvar(№13).- S.9.