Türkçülüyün
unudulmayan şəxsiyyəti – Yusif Ziya Talıbzadənin xatirəsi
anılıb
Abdulla Şaiqin mənzil-muzeyi və Azərbaycan
Türk Ocağının birgə təşkilatçılığı
ilə pedaqoq, hərbçi, dramaturq görkəmli ictimai və
siyasi xadim Abdulla Şaiqin qardaşı Yusif Ziya Talıbzadənin
anadan olmasının 148 illiyi münasibətilə tədbir
keçirilib.
Muzeydən bildirilib ki, “Yusif Ziya Talıbzadə – 148,
türkçülüyün unudulmayan şəxsiyyəti”
adlı tədbirdə əvvəlcə şəhidlərin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyinin direktoru Ülkər Talıbzadə çıxış
edərək dramaturqun yaradıcılığından
söhbət açıb. “Yusif Ziyanın adı o dövrdə
qadağan olunmuş adlar siyahısında idi. Kamal Talıbzadə
Ulu Öndər Heydər Əliyevdən Yusif Ziyanın
adının ictimaiyyətə tanıdılmasına köməklik
göstərilməsini xahiş etmişdi. Məhz Ulu Öndərin
köməkliyindən sonra Kamal Talıbzadənin səyləri
ilə Yusif Ziyanın adı bərpa olundu və
tanıdıldı”,- deyə o əlavə edib.
Tarix üzrə fəlsəfə doktoru Akif
Aşırlı Türk Ocaqlarının fəaliyyəti barədə
danışıb. O bildirib ki, Yusif Ziya Talıbzadə bu ocaqların
əsas qurucularından biri olub. Onun avtobioqrafik dram əsərində
türkçülük və birlik ideyalarına həsr
etdiyi fəaliyyəti əks olunub.
Muzeyin böyük elmi işçisi Elminaz Məmmədli
“Yusif Ziya Talıbzadə xatirələrdə” mövzusunda məruzə
ilə çıxış edərək, professor Zeki Vəlidi
Toğanın xatirələrində Yusif Ziyanın geniş təsvirinə
yer verildiyini bildirib. O, Yusif Ziyanın Ənvər
Paşanın tapşırıqlarını həyata
keçirən fövqəladə komissar kimi fəaliyyət
göstərdiyini vurğulayıb.
Tədbirdə professorlar Minaxanım Əsədova,
Solmaz Rüstəmova-Tohidi, tarix üzrə fəlsəfə
doktoru, Əməkdar müəllim Firdovsiyyə Əhmədova,
Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə
direktor müavini, tarix elmləri doktoru Fərhad Cabbarov Yusif
Ziyanın çoxşaxəli ictimai və siyasi fəaliyyətinin
təbliği, zəngin irsinin xalqımıza
tanıdılması, qorunması kimi mühüm məsələlər
ətrafında fikirlərini bölüşüblər.
Tədbirin bədii hissəsində muzeyin əməkdaşı
Fəridə Məmmədova Abdulla Şaiqin türk ordusunun Azərbaycana
gəlişinə həsr etdiyi “Neçin böylə gecikdin”
adlı şeirini səsləndirib.
Sonda Yusif Ziyanın 2027-ci ildə keçiriləcək
150 illiyinə hazırlıq məqsədilə onun
elmi-publisistik və ədəbi irsinin nəşri və şəxsiyyətinin
təbliği məqsədilə konfrans, simpozium və digər
tədbirlərin keçirilməsi müzakirə olunub.
525-ci qəzet .- 2025.- 24 yanvar(№13).- S.9.