"Rəqəmsal bacarıqlar"
yeni nəsli ən müasir texnologiyalar dövrünə
hazırlayır
İnformasiya cəmiyyətinin və rəqabətədavamlı
yüksək texnologiyalı milli iqtisadiyyatın
yaradılması bir sıra ölkələrin dövlət
siyasətinin əsas istiqamətinə çevrilib. Artıq
informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsi
inkişafın ən önəmli amili kimi
çıxış etməkdədir. Bunu nəzərə
alaraq, son illər ölkəmizdə digər sahələrdə
olduğu kimi, təhsil sahəsinin də
informasiyalaşdırılması sürətli inkişaf
dövrünü yaşayır. Prezident İlham Əliyevin
imzaladığı "Azərbaycan 2030: sosial-iqtisadi
inkişafa dair Milli Prioritetlər" sənədində əsas
istiqamətlərdən biri də məhz dünyada artan rəqabətə
hazır olmaq üçün yüksək rəqabətli
insan kapitalının formalaşdırılmasıdır.
Bunun üçün isə XXI əsrin tələblərinə
uyğun müasir təhsil və innovasiyaları təşviq
edən münbit şərait əsas cəhətlərdir. Təhsil
sistemində gənc nəsli gələcək rəqəmsal
texnologiyalar dövrünə hazırlamaq üçün
onlara məktəb yaşından rəqəmsal səriştələrin
aşılanmasına diqqət yetirilməlidir. Qeyd
olunanları rəhbər tutaraq, "Rəqəmsal
bacarıqlar" layihəsi çərçivəsində
uşaqların məktəb yaşlarından alqoritmik
düşüncə, məntiqi təfəkkür, layihə
qurmaq bacarıqlarını inkişaf etdirməyə, eləcə
də onlara proqramlaşdırma əsaslarını
aşılamağa çalışılır.
"Rəqəmsal bacarıqlar" layihəsinin əsas
məqsədi şagirdlərin rəqəmsal sahədə
bilik və bacarıqlarını inkişaf etdirmək, rəqəmsal
savadlılığı artırmaq, orta məktəb
şagirdlərinin bu sahədə peşəkar
inkişafı üçün şərait yaratmaq, həmçinin
müəllimlərin təcrübə mübadiləsi və
yeni biliklərin əldə edilməsi üçün
platforma vasitəsilə bacarıqlarını təkmilləşdirməkdir.
Azərbaycanda təhsilin inkişafı üzrə dövlət
strategiyasının mərkəzində təhsildə bərabər
imkanların yaradılması dayanır. Ölkədə
şəhər və rayonlar arasında rəqəmsal istiqamətdə
bərabərsizlik olduğu üçün şagirdlər
arasında rəqəmsal bilik səviyyəsinin
artırılması xüsusi diqqət yetirilir. Bu səbəbdən
də layihənin getdikcə daha çox şəhər və
rayonu əhatə etməsi qərara alındı. Hazırda
layihənin genişləndirilməsi istiqamətində
planlaşdırma işləri aparılır, strateji məsələlər
müzakirə olunur və hədəflər müəyyən
edilir.
Məktəbəqədər və Ümumi Təhsil
üzrə Dövlət Agentliyinin Keyfiyyətə nəzarət
və monitorinq sektorunun müdiri Fidan Nəcəfovanın
sözlərinə görə, "Rəqəmsal
bacarıqlar" layihəsi Elm və Təhsil Nazirliyinin
"Alqoritmika" beynəlxalq proqramlaşdırma məktəbi
ilə əməkdaşlığı çərçivəsində
2017-2018-ci tədris ilindən etibarən tətbiq edilir.
Əsas məqsədimiz təhsilalanların İKT
bacarıqlarına dərindən yiyələnmələri,
onların informasiya məkanında sərbəst və məqsədyönlü
fəaliyyətinə nail olunması, rəqabətqabiliyyətli,
məntiqi və qeyri-standart düşüncə tərzinə
malik şəxslər kimi formalaşmalarını təmin
etməkdir. Bununla yanaşı, layihədə iştirak edən
şagirdlərə alqoritmik və məntiqi təfəkkür,
layihə hazırlama bacarıqları, həmçinin
proqramlaşdırmanın əsaslarını öyrətməyi
hədəfləyir. 2024-2025-ci tədris ilində "Rəqəmsal
bacarıqlar" layihəsi 510000 nəfərədək
şagird və 6000-dən çox müəllimi əhatə
edir. Cari tədris ilində layihəyə yeni 100000-ə
yaxın məktəbli cəlb olunub. "Rəqəmsal
bacarıqlar" layihəsi işğaldan azad olunmuş əraziləri
də əhatə etməklə ölkə üzrə 57
regionda, 762 məktəbdə həyata keçirilir. Bundan
başqa, "Rəqəmsal bacarıqlar" təmayül
siniflərində ümumilikdə 10 və 11-ci siniflər
üzrə 1266 şagird təhsil alır. Layihə, demək
olar ki, ölkənin bütün regionlarında uğurla tətbiq
edilir. Nəzəri biliklərlə yanaşı, praktiki
bacarıqların da öyrədilməsi şagirdləri daha
da ruhlandırır. Bu, təbii ki, layihənin uğurunun əsas
göstəricilərindən biridir. Layihə çərçivəsində
2018-ci ildən etibarən "Kod saatı: rəqəmsal gələcəyə
addım" adlı qlobal hərəkat ölkəmizin
müxtəlif regionlarında həyata keçirilir və bu təşəbbüs
də böyük maraqla qarşılanır. Ötən tədris
ilində Quba, Şəmkir və Füzuli rayonlarında təşkil
olunan "Açıq qapı" günləri buna bariz
nümunədir. Həmin günlərdə ümumilikdə
1500-ə yaxın şagird iştirak edərək layihə
haqqında daha ətraflı məlumat əldə edib və təşkil
olunan maarifləndirici və əyləncəli fəaliyyətlərdə
fəal iştirak edib. Bu göstəricilər ölkənin
regionlarında rəqəmsal bacarıqların
inkişafına olan marağın və ehtiyacın yüksək
olduğunu nümayiş etdirir: "Elm və Təhsil
Nazirliyi "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində
"Alqoritmika" beynəlxalq proqlamlaşdırma məktəbi
ilə birlikdə 2021-ci ildən etibarən "İnformasiya
texnologiyaları" ixtisasına yiyələnmək istəyən
10-11-ci sinif şagirdləri üçün proqram həyata
keçirir. "Rəqəmsal bacarıqlar" təmayül
siniflərdə təhsil alan şagirdlərə informatika fənni
həftədə 5 dəfə tədris edilir. Bununla onlar XXI əsr
bacarıqları hesab edilən məntiq, alqoritmik
düşünmə və digər yumşaq
bacarıqlarını (soft skills) inkişaf etdirmək
imkanı qazanırlar. Şagirdlər nəzəri biliklərini
artırmaqla yanaşı, onları təcrübədə tətbiq
edir, informasiya texnologiyaları üzrə layihələr həyata
keçirir və daha geniş təcrübəyə sahib
olurlar. Şagirdlər mobil və masaüstü tətbiqləri,
saytları, oyunları, 3D modelləri və digər multimedia məhsullarını
tərtib etməyi öyrənirlər. Layihə çərçivəsində
"Rəqəmsal bacarıqlar" təmayül 10-cu siniflərdə
təhsil almaq istəyən 9-cu sinif şagirdləri
üçün qəbul imtahanı təşkil olunur.
İmtahanda uğur qazana bilməyən şagirdlər
üçün intensiv kurslar təşkil edilir və ikinci dəfə
imtahan vermək imkanı yaradılır. Cari tədris ilində
respublikanın 13 regionu üzrə 39 məktəbində
"Rəqəmsal bacarıqlar" təmayül siniflərdə
ümumilikdə X-XI siniflərdə 1266 şagird təhsil
alır".
O bildirib ki, kursun proqramı informasiya ilə işləmək,
layihə fəaliyyəti, eləcə də alqoritmik
düşüncənin formalaşdırılması üzrə
təlimləri əhatə edir. Bu layihə çərçivəsində
məktəb şagirdləri iki proqramlaşdırma dilini
öyrənir: ibtidai siniflərdə və V-VI siniflərdə
"Scratch", VII-XI siniflərdə isə "Python".
Şagirdlər üçün hazırlanan
tapşırıqlar praktiki yönümlüdür. Layihə
çərçivəsində formalaşan bacarıqları
şagirdlər digər fənlərin öyrənilməsi
zamanı və gündəlik həyatda tətbiq edə bilərlər.
"Rəqəmsal bacarıqlar" layihəsi uşaqlara
müasir dünyada həyat üçün vacib olan
bacarıqları öyrənmək imkanı yaradır. Layihə
təhsilin keyfiyyətini artırmaq məqsədilə
müasir texnologiyaların və tədris metodlarının
inteqrasiyasını dəstəkləyir. Bu layihə
şagirdlərdə əmək bazarının tələblərinə
uyğun bacarıqlar formalaşdırır və onları rəqəmsal
iqtisadiyyatın çağırışlarına
hazırlayır.
"İnformatika" fənninin tədrisinin təkmilləşdirilməsi
və fənnin tədrisində yeni yanaşmanın tətbiqi
şagirdlərdə analitik düşüncə tərzi, məntiqi
təfəkkür, XXI əsr bilik və bacarıqları,
kodlaşdırma, təşəbbüs göstərmə,
müstəqil və komandada çalışma kimi vərdiş
və səriştələrin inkişafına nail olunur. Gələcək
nəslin hərtərəfli inkişafı və onların
bilik və bacarıqlarının təkmilləşdirilməsi
bu günün təhsilindən asılıdır. Bu illər
ərzində müşahidəmizə əsasən deyə
bilərik ki, layihədə iştirak edən şagirdlər
yüksək texnoloji ixtisaslara daha çox maraq göstərir.
Şagirdlər arasında keçirilən sorğuları və
müsahibələri təhlil etdikcə, onlar tərəfdən
marağın artırılmasında layihənin rolunun
böyük əhəmiyyət kəsb edildiyi ortaya
çıxır. Layihə təhsilalanlara yeni texnologiya və
rəqəmsal bacarıqları təcrübədə öyrənməyə,
proqramlaşdırmanın sirlərinə bələd
olmağa imkan verir. Onlar təkcə proqramlaşdırmanı
deyil, biliyin təcrübədə tətbiqi
bacarıqlarını da öyrənirlər. Yeni
texnologiyalardan istifadə, rəqəmsal bacarıqların tətbiqi
günümüzün reallığıdır. Təbii ki, məktəbdə
bu bacarıqların şagirdlərə aşılanması
çox vacibdir. Yeni nəsilin bu istiqamətdə kifayət qədər
maraqlarının olduğu da nəzərə
alınmalıdır. Bu maraq və bacarıqların
düzgün şəkildə inkişaf etdirilməsi
üçün onları mütləq istiqamətləndirməliyik.
Çünki əks təqdirdə bacarıqlarından zərərli
yönümdə də istifadə etmələrinə imkan
vermiş olarıq. Bu baxımdan da Rəqəmsal bacarıqlar
- informatika fənninin fərqli formatda tədrisinin həyata
keçirilməsi olduqca faydalı və lazımlıdır.
Rəqəmsal bacarıqlar birmənalı şəkildə
zamanın tələbidir. Bu istiqamətdə gələcəkdə
yeni ixtisaslar da yaranacaq. Bütövlükdə rəqəmsal
bacarıqlara malik olmadan yaxşı mütəxəssis olmaq
mümkün olmayacaq.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 25 yanvar(№14).- S.23.