Təbiət insanı yaşadır
və bəzən sınağa çəkir
(Əvvəli ötən şənbə
sayımızda)
İnsanın yaranması, əlbəttə, bilavasitə
təbiətin işidir, müxtəlif dinlər isə buna
Tanrının bilavasitə
yaradıcılığının nəticəsi kimi
baxır. Mikelancelo da Vatikanın Sikstin kapellasının
plafonunda ilk insanın yaranmasını, ona məhz Allahın əlinin
dəyməsi ilə təsvir etmişdi və biz bu səhnəyə
böyük heyranlıqla tamaşa edirik. Dünyada baş verən
bütün hadisələrin də müəllifliyi
Tanrının adına yazılır. Lakin süni intellekt istənilən
maddi varlıqların, həmçinin ağıl qabiliyyətinə
malik olan insanın da yaradılması işinə də
girişsə, bu, bizim inanclarımızda da müəyyən
dəyişikliklərin yaranması imkanını meydana gətirə
bilər. İnsan ağlının məhsulu olan süni
intellekt, bizim münasibətimizdən asılı olmayaraq,
Tanrının bu sirli əməliyyatına da müdaxilə
etməklə, onunla elan olunmamış yarışa girir. Bu
bizə nə qədər qəribə görünsə də,
hələ tufan başlamasa da, onun tezliklə gələcəyindən
xəbər verən küləyin əsməsi də məhz
buna əyani bir işarədir.
Dünyada baş verən bütün hadisələr,
insanın da yaranması daxil olmaqla ilahi qüvvələrin
iştirakının nəticəsi hesab olunur. Elmin nailiyyətləri,
xüsusən süni intellektin tətbiqi sirr kimi görünənləri
izah etməyi bacarmaqla, indiyə qədər insanlara hakim kəsilən
inanclarda da düzəliş aparılmasını tələb
edəcəkdir. Süni intellekt insanın təbiətlə
mübarizəsinin, onun xeyrinə meyl etdiyini, dəyişdiyini
izaha ehtiyac duyulmayan bir şəkildə göstərəcəkdir.
İnsan təbii şəraitə uyğunlaşır
Tarixi inkişaf mərhələlərinə
qayıtdıqda, insanın daim düşdüyü şəraitə
uyğunlaşdığının şahidi oluruq. Bu baş
verməsə, insan nəsli məhv ola bilərdi. Çarlz
Darvin növlərin mənşəyi barədəki əsərində
şəraitin dəyişməsi ilə zəiflərin məhv
olduğunu, güclülərin yaşamaqda davam etdiyini iddia
edirdi. Amerika alimləri onun bu nəzəriyyəsinin mahiyyətini
inkar etməməklə, onda düzəliş apardılar.
Onlar təsdiq edirlər ki, şərait kəskin surətdə
dəyişdikdə zəiflərlə yanaşı,
güclülər də məhv olurlar, öz
mövcudluğunu yalnız yeni meydana gələn şəraitə
uyğunlaşmağı bacaranlar qoruyub saxlayırlar. Ona
görə də otla yanaşı, balıq yemələrinə
görə yırtıcı sayılan dinozavrlar da sıradan
çıxdığı halda, onlarla müqayisədə
çox kiçik və zəif olan tarakanlar milyon illərdir
ki, ömür sürürlər. Sadəcə olaraq, tarakandan
fərqli olaraq, dinozavrlar yeni şəraitə uyğunlaşa
bilmədiklərinə görə məhv oldular,
gücsüz tarakanlar isə hər cür dəyişikliyə
uyğun qaydada yaşadıqlarına görə, bizim
dövrümüzə gəlib çıxdılr.
İbtidai icma quruluşundan, tarixdən əvvəlki
dövrlərdən başlayaraq, insan təbiəti
özünün sığınacaq yeri, doğma
yurd-yuvası, ilk vətəni hesab etməyə
başladı. Onda təbiətin sınaqlarına da, müəyyən
ölçüdə bir növ immunitet yarandı. Buz
dövrü canlılara böyük ziyan vursa da, insan onun sərt
şəraitinə dözməyi də bacardı,
köç etməklə daha əlverişli şərait
tapmağa da qadir oldu. Elmə məlumdur ki, son 2-3 milyon ildə
50 buz dövrü mövcud olmuşdur. Onlar bəzən
ardıcıl olaraq yüz il davam edə bilirdi. Buz
dövründə də insan olduqca ağır şəraitə
dözməyi bacarmışdır. Laplandiyanın sərt
şaxtası şəraitində yaşamağı bacaran
saamlar buz dövrü insanlarının
dözümlülüyünə və fədəkarlığına
haqq qazandırır.
Bəşəriyyət həm də tarixi mərhələlərdə
yaşa dolduqca, öz vətəninin, yaşayış
üçün daha əlverişli təsir göstərən
cəhətlərini qoruyub saxlamağa
çalışdı. İnsanın qərar tutduğu məskən
ananın körpəsi üçün qucağı rolunu
oynayır, hərarət verməklə, onu soyuğun, küləyin
mənfi təsirindən qoruyur, həm də döş
südü şəklindəki qida ilə təmin edir.
Axı ibtidai insan özünə nisbətən rahat
mənzil yaratmaqda gücsüz idi, daha çox təbiətin
onu himayə edəcəyinə inam bəsləyirdi. O,
başa düşürdü ki, onun özü də təbiətin
bir hissəsidir, onu həyata gətirib, müvafiq şəraitlə
təmin etməklə, özünün yaratdığı
doğma varlığa olan qayğısını da kəsmir.
Ona görə də insan öz yaşayış tələbatının
əsas hissəsini, bunu anlasa da, anlamasa da, təbiətin
üstünə yıxırdı. Buna görə də insan
haqlı olaraq təbiətin uşağı hesab edilirdi. Bu
uşaq yaşamaq üçün qida kimi hər şeyi təbiətdən
- ovçuluqdan, bitki meyvələrini və köklərini
yığmaqdan aldığına görə,
özünü dərk etməyə cəhd etməklə
yanaşı, digər canlı varlıqları da öyrənməyə
çalışırdı. İbtidai insan ovlayıb, ətindən
istifadə etdiyi heyvanların davranışını, ov
üçün nə dərəcədə yararlı
olduğunu yaxşı öyrənib, mənimsəyirdi. Müasir insandan
fərqli olaraq o, vəhşi heyvanların hərəkətini,
köç etməsini, başqa otlaqlara üz tutması
vaxtını mükəmməl qaydada bilirdi və onları
ovlamaq üçün öz biliklərindən və
qazandığı təcrübədən yaxşı istifadə
etməklə, ovda uğur qazanır və doğma
icmasını aclıqdan xilas edirdi. Onlar bitkilərin meyvələrinin
nə vaxt yetişdiyini, dənli bitkilərdən alınan məhsulun
yemək üçün nə vaxt sərfəli olduğunu
yaxşı bilirdilər və bu məsələdə də
səhvə yol verməməyə
çalışırdılar. İnsan təbiətə
kiçik ölçüdə ziyan vursa da, heç vaxt bu
sahədə həddi aşmırdı. Əsasən
istehlakına vacib olan həcmdə ov edir, meyvə və
kök yığırdı. Axı böyük ət
ehtiyatını xeyli müddətə saxlamaq imkanından da məhrum
idi. Ona görə də təbiətlə insan arasında
ittifaqa bənzəyən qarşılıqlı əlaqə
hökm sürürdü, bu cəhətdən olduqca vacib olan
harmoniya əsasən qorunub saxlanırdı.
İnsan heç vaxt ümdə tələbatından
artıq ehtiyat saxlamaq naminə izafi ov etməyə yol vermirdi,
əslində bunu bacarmırdı da, ovçuluq fasilələrlə
müşayiət olunmaqla, ov heyvanlarının sayının
kəskin sürətdə azalmasına gətirib
çıxarmırdı. Bitki məhsullarını
topladıqda da, ancaq qidasına yarayan dəni və ya meyvəni
yığırdı, bitkinin özünə ziyan vurmamağa
çalışırdı. Dən və meyvə
yığılsa da, kökü istehlak edilən növlər
istisna olmaqla, bitkinin kökü və gövdəsi zədələnməmiş
qalırdı, belə münasibət, gələcək məhsul
üçün onun ehtiyatlı tədbir xarakteri
daşımasından xəbər verirdi. Axı bitki ona bir dəfə
deyil, sonrakı illərdə də qida maddəsi
timsalındakı bəhrəsini verəcəkdi, onun ac
qalmasına imkan verməyəcəkdi.
Bu məsələdə Şimali Amerika
hindularının yabanı düyünü toplaması təcrübəsi
bitkiyə belə qayğıkeş münasibətin əyani
təzahürüdür. Hindu kanoelərdə su hövzələrinin
kənarında bitən yabanı düyü
"plantasiyalarına" yaxınlaşıb, onun gövdəsini
qayığın içinə əyib silkələyirdi.
Düyü dəni və ya çəltik qayığın
içinə tökülürdü, sonra o, ehtiyatla
düyü bitkisinin gövdəsini düzəldib,
yaxındakı digər bitkinin məhsulunu yığmağa
girişirdi. Həm də hər il yenidən həmin təbii
zəmilərdən məhsul toplamağa təkrar edirdi.
İbtidai insan hələlik məhsul istehsalı ilə
məşğul olmadığından, onu qida ilə təmin
edən təbiətə qayğıkeşliliklə, ziyan
vurmadan yanaşırdı, təbiətin təklif etdiklərini
qəbul etməklə kifayətlənirdi. Deməli, ibtidai
insan istehsal yolu ilə özünə ehtiyat yaratmasa da, ana təbiətin
ona ünvanlanan hədiyyəsinə, yırtıcı
heyvanlara xas olan qaydada deyil, gələcəyini təmin etmək
barədə düşünməyə qadir olan ağılla
hərəkət etməyə üstünlük verirdi.
Axı icma qida ilə təmin olunmaqla həm özünün
yaşamasını davam etdirmək, həm də nəsli
artırmaq imkanına malik olurdu.
Göründüyü kimi, ibtidai insan bu qaydada
yaşamaqla heç də təbiətlə mübarizə
aparmırdı, əksinə, onun mərhəmətinə, həm
də məhz minnətdarlıq ruhunda
sığınırdı. Bu onun məxsus olduğu icmanı
daim müəyyən ölçüdəki ərzaq payı
ilə təmin etməyə imkan verirdi. İnsanın qida maddələrinin
istehlakı da, məhz ixtiyarında olandan asılı idi.
İbtidai insan yalnız uğurlu ov etdikdə, iri heyvanı
öldürdükdə çox yeyirdi, mədəsində
qida ehtiyatı yaratmağa çalışırdı.
Onların həyat tərzini Rusiyanın Qütb
zonası ərazilərində və tayqa meşələrində
yaşayan azsaylı şimal xalqlarının nümunəsində
öyrənmək mümkündür. Bu barədə sovet
geoloqu, yazıçı Dmitri Yefremovun Sayan dağlarına
ekspedisiyada iştirak etdiyi vaxt, onlara xidmət edən və
evenk etnosuna məxsus olan bələdçinin
davranışının təsviri ibtidai, tam
sivilizasiyalanmamış insan barədə bizi biliklərlə
təmin edir. Yefremov özünün "Tayqa povestləri"
("Tayojnıe povesti") trilogiyasında olduqca maraqlı
hadisələri qələmə alır. O, şimalda
yaşayan azsaylı xalqlara məxsus olan adamların qidalanma təcrübəsini
müşahidə etmiş, onların bu məsələyə
fərqli yanaşdıqlarının şahidi olmuşdu.
Müəllif yazır ki, bir dəfə sərt
şaxtalı havada yemək ehtiyatımız tükənmişdi,
son şans maral ovunun uğurundan çox asılı idi. Evenk
Yermolay məharətli ovçu kimi tanınırdı. Lakin
iki gülləsi lazımi effekt verməmişdi,
axırıncı patron öz işini görməsə,
aclıq daha qorxulu səviyyədəki fazaya keçə bilərdi.
Xoşbəxtlikdən, o, maralı vurub yerə yıxdı.
Biz ovun yanına çatdıqda o, bıçağını
çıxarıb maralın boynundan deşik açdı və
ağzını ora söykədi. O, ovunun qanını
içib xeyli cana gəldi, çünki isti qan onun bədəninin
hərarətini də artırmışdı. Afrika xalqı
olan masailər isə ov heyvanlarının deyil, sürülərindəki
danaların boğazını deşib, axan qanı qaba
toplayıb, südə qatır və onu içirlər. Bu
qan və süd qarışığı onlar
üçün olduqca qiymətli qida hesab olunur.
Sonra ovçu maralı soymağa başladı və
biz əti düşərgəyə gətirdik və onu
bişirdikdən sonra bir neçə günlük
aclığımıza son qoyduq. Evenk isə ət xörəyini
xirtdəyinə çatana qədər yedi, çünki bir
də nə vaxtsa doyunca yeyəcəyi fürsətinin yenidən
əlinə büşəcəyini bilmirdi.
Başqa bir hadisə isə evenkin hərəkətinin
bəzi ekspedisiya üzvləri tərəfindən
düzgün anlanılmaması ilə əlaqədar idi.
İş yoldaşları olan qadın istirahətdən
qayıtdıqda, Moskvadan özünün yeməsi
üçün şokolad və peçenye alıb gətirmişdi.
Bələdçi Yermolay bunları gördükdə,
sahibindən icazə almadan şokoladı və biskviti
iştahayla yeməyə başladı. Öz
ehtiyatının azalmasından hiddətlənən qadın
onu məzəmmət etmək istədikdə, biz onu sakitləşdirdik.
Ona başa saldıq ki, bu xalqlarda özəl mülkiyyət
anlayışı yoxdur, hər şey icmaya, onun bütün
üzvlərinə məxsusdur. Axı biz özümüz də
evenkin ovladığı maralın əti ilə qidalandıq.
Bunun üçün isə biz ondan heç bir icazə
almamışdıq. Hətta bunu etsək, evenkin təəccübünə
səbəb ola bilərdik, sadəcə olaraq, o, bizi
anlamazdı. Sənin özün üçün gətirdiyin
şirniyyatı da hamıya məxsus olduğunu güman
etdiyindən, o, icazə almadan onları yeməyə
başlayıbmış.
Geoloq qadın bu barədə lazımi təsəvvürə
malik olmadığını etiraf edib, ağılsız hərəkətdən,
evenki qınamaqdan onu yayındırdığımıza
görə bizə minnətdarlığını bildirdi.
Lakin bu o demək deyildir ki, ibtidai insan hansısa
davranış tərzinə bütünlüklə riayət
edir. Təəssüf ki, bəzi tayfalar acgözlükdən
və ya lazımi biliklərə malik olmadıqlarından, təbiətə
ziyan vurmaqdan da çəkinmirlər.
Böyük fransız mütəfəkkiri Şarl
Monteskyö özünün "Qanunların ruhu"
kitabında yazır ki, Luizianadakı (Birləşmiş
Ştatların cənubunda yerləşən müasir
ştat, onu ilk dəfə fransızlar kəşf etmişdilər,
yalnız Tomas Cefferson prezident olanda Napoleon həmin ərazini
ABŞ-a satmışdı) hindu tayfası meyvəni
yığmaq üçün ağacın gövdəsini kəsir,
yerə yıxılan iri bitkinin üstündəki meyvəni
toplayırdı. Bu hərəkətləri ilə, onlar
sonrakı ili başqa meyvə ağaclarını axtarmalı
olacaqdılar.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2025.- 25 yanvar(№14).- S.22.