Bir atalar
sözünün yaradılış hekayəsi
Yəqin ki, xoşumuz gəlməyən bir varlıq
daim qarşımıza çıxanda işlətdiyimiz
"İlanın zəhləsi yarpızdan gedər, o da
yuvasının ağzında bitər" atalar sözünü
hamı eşidib. Zənnimizcə, bu atalar sözünün
yaradılış hekayəsi də
maraqlı olar.
Dünyada otuza qədər növü olan yarpız kəskin
qoxulu, ətirli bitkidir. Adətən su mənbələrinin
yaxınlığında - bulaqların, arxların kənarında,
çayların və göllərin sahilində çox
bitir. Hələ XI əsrdə yaşamış
M.Kaşğarinin məşhur
"Divani-lüğat-it-türk" əsərində yarpız
haqqında deyilir ki, "gözəl rayihəli bir ot, qır
nanəsi"dir. Onun gözəlliyinə və valehedici ətrinə
çoxlu mahnılar qoşulmuş, şeirlər, hekayələr
və romanlar yazılmışdır. Yazılmaqda da davam
edir.
İnsanlar yarpızı çox sevirlər. Vaxtı
ilə quşəppəyi, yemlik, quzuqulağı, cincilim, əvəlik,
nanə, dağkeşnişi kimi yarpız da milli mətbəxtimizdən
əskik olmazdı. Hətta yay fəslində toplayıb
qurudur, ilboyu yararlanırdılar. İndi də istifadə
edilir. Sağlamlıq üçün çox
faydalıdır, xalq təbabətində geniş tətbiq
olunur.
Bəlkə də, ilanın əsasən quraq səhralarda
yaşadığını, yarpızın isə adətən
sulu yerlərdə yetişdiyini, onun quraq yerlərdəki ilan
yuvalarının qarşısında bitmə
ehtimalının düşük olduğunu nəzərə
alaraq ilan - yarpız əlaqəsinin məntiqsiz olduğunu,
"İlanın zəhləsi yarpızdan gedər, o da
yuvasının ağzında bitər" atalar
sözünü "Divani-lüğat-it-türk"də
rastlaşdığınız "Yılan yarpuzdan
kaçar, kança barsa, yarpuz utru kəlür" ifadəsinin
təhrif olunmuş şəkli kimi
düşünürsünüz.
Amma belə düşünməyə tələsməyin.
Əvvələn, ona görə ki, ilan heç də həmişə
quraq yerlərdə, səhralarda olmur. Zooloqlar qeyd edirlər
ki, onlar hər yerdə - meşələrdə, çöllərdə,
dənizlərdə və dağlarda, hətta Himalay
dağlarının 4900 metr yüksəkliyində də
yaşayırlar. Digər canlılar kimi, onların da suya (o
cümlədən yarpızın yetişdiyi məkanlardakı
su mənbələrinə) həyati ehtiyacları var.
İkincisi, "Yılan yarpuzdan kaçar, kança
barsa, yarpuz utru kəlür" atalar sözündəki
"yarpuz" R.Əskərin də yazdığı kimi,
"...əslində bitki deyil, firon siçanı imiş...
İlanın zəhləsi yuvasının ağzında
"bitən", yəni dikəlib duran və onu gözləyən
firon siçanından, manqustdan (quş, ilan və xırda gəmiricilərlə
qidalanan yırtıcıdan - İ.V.) gedirmiş..." Bizim bəhs
etdiyimiz atalar sözündə isə bitkilərin bir
növü olan yarpızdan ("mentha pulegium"dan) söhbət
gedir.
Mütəxəssislər göstərirlər ki,
mükəmməl iybilmə qabiliyyətinə malik olan ilan
yarpızın qoxusuna da yaxşı bələddir. Bəs niyə
ilanın belə bir gözəl və ətirli, min bir dərdin
dərmanı olan bitkidən zəhləsi gedir? Bunun səbəbi
nədir?
AMEA-nın Zoologiya İnstitutunun əməkdaşı,
biologiya üzrə fəlsəfə doktoru T.İsgəndərov
"İlanın zəhləsi yarpızdan gedər, o da
yuvasının ağzında bitər" atalar
sözünün əsaslı olduğunu qeyd edərək
bildirir ki, iylə də oriyentasiya edən ilanlar onlara pis təsir
edən istənilən kəskin qoxudan çəkinirlər.
O cümlədən, yarpız, sarımsaq, nanə iyindən.
Bu, onların kəskin iy və qoxulara qarşı həssas
olmasından irəli gəlir (Hazırda sənaye üsulu ilə
kimyəvi ilanqovucuların istehsalı da buna əsaslanır).
Yarpızdan ayrılan uçucu efir yağları da çox kəskin
olduğundan ilana toksiki təsir göstərir. Alim müsahibələrinin
birində deyir ki, "Əgər
yaşadığınız yerdə ilanın gizlənməsi,
yumurta qoyması, sərinlənməsi üçün yer,
qurğu varsa, ...ora kəskin iyli yarpız, sarımsaq kimi bitkiləri
qoymaqla ilandan qoruna bilərsiniz". Onların qoxusu ilanlar
üçün son dərəcə rahatsızedicidir.
Digər mütəxəssislər də təsdiq
edirlər ki, ilanlar daha çox mexaniki titrəmə təsirlərinə
və kəskin iyə qarşı həssasdır. Ona görə
də ilan süründüyü marşrutda kəskin iyə
rast gəldikdə kənara gedir. Türkəçarə kimi
ilandan qorunmaq üçün onun ola biləcəyi yerlərə
yarpız, nanə, sarımsaq və s., sonralar isə daha kəskin
iyli digər maddələrin (kükürd, naftalin, kerosin,
mazut, keçi tükü, kül və s.) qoyulması da bunu
sübut edir. İlan onların spesifik iyindən çəkinir.
Təsadüfi deyildir ki, xalq arasında əsrlərin
sınağından çıxmış belə inanclar da
mövcuddur: "Yarpız olan həyətdə ilan olmaz",
"Yarpız bitən bostana ilan dolanmaz" və s. Hətta
xalq arasında yumorla deyilmiş belə bir ifadə də var:
"Dərisi avtomatik olur vız-vız, İlan hər dəfə
görəndə yarpız". Qaşqayların el şairi
M.İbrahimin "Atasın öldürən oğlunu qoyan,
Olur yarpuz inən mar aşnalığı" və Ə.Bəşiroğlunun
"İlanlar sevmir əzəldən yarpızı",
O.Bahadırsoyun "Bir ilana çiyələk, birinə
yarpız olar" misraları da məlum ilan-yarpız
münasibətindən xəbər verir.
Alman alimləri müəyyən etmişlər ki,
ilanların uzaqlaşdırılması üçün
tapılan və əsrlərin sınağından
çıxmış üsul və vasitələr uzun
müddət davam etmiş təkamül nəticəsində
yaranan məlum fobiyanın nəticəsidir. Hətta bir qrup
alim hesab edir ki, bu qorxu hissi insanlarda anadangəlmədir. Ona
görə də insanlar ilanı həyət-bacadan,
ev-eşikdən uzaqlaşdırmaq və ondan qorunmaq
üçün müxtəlif yollar axtarmışlar. Belə
yollardan biri də yarpızdan istifadə etmək olmuşdur.
Tarixi faktlar göstərir ki, vaxtı ilə Virciniyada
zərərvericiləri məhv
etmək məqsədilə yarpızın qurudulmuş
yarpaqlarından istifadə
olunub. Pulqar yarpızı (Azərbaycanda Böyük
Qafqazın şərqində, Qubada və cənub zonasında
- Lənkəran ovalığında rast gəlinir) isə o qədər
məşhur bitki idi ki, hətta Kral Cəmiyyəti 1665-ci ildə
onun çıngırlı ilanlara
qarşı istifadəsi haqqında Fəlsəfi Əməliyyatlar
kitabının birinci cildində məqalə dərc etdirib.
Deməli, ilanın yarpızdan zəhləsinin getməsinin
əsas səbəbi yarpızın ona pis təsir edən kəskin
qoxusu, toksik təsiridir. Sarımsaq qoxusu kimi, nanə iyi kimi.
Beləliklə, aydın olur ki, "İlanın zəhləsi
yarpızdan gedər, o da yuvasının ağzında bitər"
atalar sözü tam məntiqi əsasda formalaşıb.
Heç də "Divani-lüğat-it-türk"də
rastlaşdığınız "Yılan yarpuzdan
kaçar, kança barsa, yarpuz utru kəlür" atalar
sözünün təhrif olunmuş forması deyil. Onun fərqli
zamanda və fərqli şəraitdə yaranmış və
fərqli həyat təcrübəsini ifadə edən yeni
variantıdır (Xüsusi olaraq qeyd edək ki, lüğətdə
"yarpuz" sözü həm bu gün "yarpız"
dediyimiz bitki, həm də heyvan (manqust) adı kimi izah olunur. Yəni
eyni nitq hissəsinə aid omonimlərdir). Buradakı
variantlaşma daha çox omonimləşmə amili ilə əlaqəlidir.
Ümumiyyətlə, variantlaşma atalar sözləri
üçün qanunauyğun hal, həm də onların
konstitutiv xüsusiyyətidir.
Qaldı ki, "...yuvasının ağzında bitər"
ifadəsinə, bu ifadə məcazi mənadadır. Atalar
sözlərinə həmişə formal məntiq prinsipləri
ilə yanaşmaq düzgün deyil. İ.Abbasovun "Atalar nə
deyibsə, düz deyib... yaxud "əlində
qayçı" qoyun otarmaq nə deməkdir"
başlıqlı yazısında dediyi kimi, "...insanlar sadəcə
bir amili nəzərdən qaçırırlar ki, atalar
sözləri hər şeydən əvvəl bədii
düşüncə məhsuludur və məcazi obrazlar, rəmzi
deyimlər hesabına formalaşır... Atalar
sözünün məğzində, mayasında hifz edilən
dərin mənanı, müdrik fikri tam anlamaq, dərk etmək
üçün insandan, doğrudan da, müəyyən bir
düşüncə potensialı, mütaliə səriştəsi
tələb olunur və nəhayətdə başa
düşürsən ki, atalar nə deyibsə, düz
deyib". Bu sahədə araşdırma etmiş Honek və
Templin fərziyyələrinə görə, atalar
sözünün qavranılması müxtəlif mərhələlərdə
baş verir. İlk öncə, eşidilən atalar
sözünün ilkin mənası, daha sonra isə onun ifadə
etdiyi əsas məna başa düşülür. "Mənanı
daha dərindən başa düşmək
bacarığına sahib olmaq" isə əsas şərtdir.
Obrazlı desək, atalar səhv etməz,
"Quran" yanında gedən" hər bir atalar
sözünün öz yaradılış hekayəsi olur. Fərqli
zamana, məkana, məqama və fərqli həyat təcrübəsinə
uyğun yaradılış hekayəsi. Biz də belə bir
hekayədən bəhs etdik.
Ömrünüz həmişə yarpız kimi
gözəl və xoş ətirli olsun, ilandan-çayandan
uzaq olasınız!
İmran VERDİYEV
Əməkdar müəllim
525-ci qəzet .- 2025.- 25 yanvar(№14).- S.21.