Sumqayıt Dövlət
Dram Teatrından “Xeyir xəbər”
Sumqayıt Dövlət Dram Teatrı “Xeyir xəbər”
tamaşasını yanvarın 22-də Azərbaycan Dövlət
Milli Gənc Tamaşaçılar Teatrında nümayiş
etdirib.
Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin tövsiyəsi ilə gənc rejissor Fuad Cavadzadənin
quruluş verdiyi səhnə əsəri Əməkdar incəsənət
xadimi, yazıçı-dramaturq Əli Əmirlinin eyniadlı
pyesi əsasında hazırlanıb.
Mədəniyyət Nazirliyi və Akademik Milli Dram
Teatrının birgə təşkilatçılığı
ilə həyata keçirilən "Bölgə
teatrlarının Bakı premyeraları" layihəsi üzrə
nümayiş olunan tamaşa eyni zamanda "Mədəniyyət"
kanalı vasitəsilə canlı yayımlanıb.
Birhissəli qəhrəmanlıq dramı olan
"Xeyir xəbər"in bədii rəhbəri Xalq artisti,
Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru
Firudin Məhərrəmov, quruluşçu rejissoru Fuad
Cavadzadə, quruluşçu rəssamı Nizami Dadaşov,
musiqi tərtibatçısı sənətşünaslıq
üzrə fəlsəfə doktoru Telman Qəniyev, qrafika
işləri Sahil Nəzərovundur.
Rollarda Əməkdar artist Elmira Kərimova, aktyorlar
Habil Xanlarov, Şəmistan Süleymanlı, Məryəm
Hüseynli, Elay Xasıyev, Siyavuş Mahmudov, Akif Mirzəyev,
Kamran Muradlı, Ramazan Xanlarov, Etibar Əmirov və Əmrah Cəbiyev
çıxış ediblər.
Tamaşa 44 günlük Vətən müharibəsində
əldə etdiyimiz şanlı Qələbəyə, şəhidlərimizin
əziz xatirəsinə, müharibə veteranları və
qazilərimizə ithaf olunub.
Səhnə əsəri paytaxt teatrsevərləri tərəfindən
maraqla qarşılanıb.
525-ci qəzet .- 2025.- 25 yanvar(№14).- S.21.