Azərbaycan Qahirə
Beynəlxalq Kitab Sərgisində təmsil olunur
Yanvarın 23-də Misirdə 56-cı ənənəvi
Qahirə Beynəlxalq Kitab Sərgisi öz işinə
başlayıb. Kitab sərgisinə 80 ölkədən 1300-dən
artıq nəşriyyat qatılıb. Misirdəki səfirliyimizin
dəstəyi ilə sərgidə ölkəmizin kitab stendi
yaradılıb.
Misirin bir sıra nazirliklərinin rəhbərləri,
xarici ölkə səfirliklərinin nümayəndələri,
Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov, o cümlədən
səfirliyimizin digər əməkdaşları sərginin
açılışında iştirak ediblər.
Azərbaycana dair yeni nəşr olunan qiymətli
kitabların nümayiş olunduğu milli stendi Misirin vəqflər
naziri Usamə əl-Əzhəri və mədəniyyət
naziri Əhməd Fuad Henno ziyarət ediblər. Onlara ölkəmizin
tarixi, mədəniyyəti ilə bağlı geniş məlumat
verilib. Stendimizdə nümayiş olunan kitablar sonda kitab həvəskarlarına
hədiyyə olunacaq.
Fevralın 5-dək davam edəcək sərgi çərçivəsində
600 mədəni tədbirin, o cümlədən simpoziumların,
uşaqlara həsr olunmuş təqdimatların keçirilməsi
planlaşdırılır.
Oman Sultanlığı builki tədbirdə fəxri
qonaq qismində çıxış edir. Mərhum misirli alim
dr. Əhməd Mustəcir sərginin və yazıçı
Fatimə əl-Mədul isə uşaq kitabları sərgisinin
simaları seçiliblər.
Qeyd edək ki, 1969-cu ildən keçirilən Qahirə
sərgisi Yaxın Şərqin ən böyük kitab sərgilərindəndir.
Frankfurt sərgisindən sonra 2006-cı ildə dünyada ən
böyük ikinci kitab sərgisi hesab edilib. Ötən il sərgini
5 milyona yaxın insan ziyarət edib.
525-ci qəzet .- 2025.- 25 yanvar(№14).- S.21.