Alqış və
qarğışlar linqvokulturologiya müstəvisində
Keçən ilin sonlarında "Mütərcim"
nəşriyyatı filologiya elmləri doktoru, professor Nərgiz
Seyidovanın "Hind-Avropa dillərində alqış və
qarğışların linqvokulturoloji xüsusiyyətləri"
adlı monoqrafiyasını çap edib. Məlumdur ki,
alqış və qarğışlar xalq məişətinin
və mədəniyyətinin tərkib hissəsidir və əsas
etibarilə folklorşünaslığın öyrəndiyi
problemlərdəndir. Bu monoqrafiyada isə alqış və
qarğışlar daha çox dilçilik və kulturalogiya
müstəvisində araşdırılır. N.Seyidova, hər
şeydən əvvəl, alqış və
qarğışların linqvokulturoloji statusuna diqqət
yetirir. Çünki alqış və
qarğışların etnokulturoloji mövqeyi mühüm
faktor olaraq özünü göstərir. Əgər
alqış və qarğışların etnik-mədəni
xarakteri, inanclarla bağlılığı və ictimai əhəmiyyəti
öyrənilməsə, mövzunu aydınlıqla diqqətə
çatdırmaq mümkün olmaz. Buna görə də
N.Seyidova öncə müxtəlif mənbələr əsasında
alqış və qarğışların statusunu
araşdırmalı olur. Bu istiqamətdə araşdırma
alqış və qarğış anlayışlarını
bildirən sözlərin müxtəlif dillərdəki
semantik mənasını nəzərə almaqdan
başlayır. Məsələn, fransız dilində
alqış anlayışını bildirən
"b?n?diction" sözünün "göydən gələn
xeyir-dua", "xeyirxahlığın
qarşılığında təşəkkür",
"müqəddəs sirr daşıyan xoşbəxtliyin təntənəsi",
"sakrallıq gətirən hər hansı bir hadisənin təntənəli
ayini" kimi semantik mənaları üzərində dayanmaqla
müəllif alqışların linqvistik-mifoloji statusunu
müəyyənləşdirməyə
çalışır. Müəllif belə hesab edir ki,
alqışlar müxtəlif xalqlarda uğura səsləyən
dil ritualı kimi təzahür edir. Ritualla bağlılıq
kitabda qarğışların da statusuna aid edilir. Fərq
ondan ibarət olur ki, ritual semantikası qarğışlarda
uğura yox, uğursuzluğa yönəltməklə əlaqələndirilir.
Alqışlar kimi qarğışlar da dildə özünə
o qədər geniş yer tutur ki, frazeoloji söz birləşmələrində,
idiomatik ifadələrdə bu nümunələrin izlərini
müşahidə etmək mümkün olur. Məsələn,
"gözü kəlləsinə çıxdı",
"papağın boş qalsın" kimi cümlələrdə
qarşılaşdığımız "gözü kəlləsinə
çıxmaq", "papağı boş qalmaq"
frazeoloji birləşmələri məhz qarğış
mahiyyətlidir. Bu mahiyyəti diqqətə çatdıran
N.Seyidova qarğışların and forması üzərində
dayanır: gözlərim kor olsun, qolum qurusun, özüm
ölüm, tikə-tikə doğranım, işığa
kor baxım və s. Qarğışların semantikasına
diqqət etmək tədqiqatçıya imkan verir ki,
qarğışların məna qruplarını müəyyənləşdirsin:
a) ritual qarğışları (üzünü mürdəşir
yusun; adın daşlara yazılsın; qulağına
pambıq tıxayım; boyuna qamış ölçüm və
s.); b) dini-mifoloji təsəvvürlərlə bağlı
qarğışlar (qapında bayquş ulasın; Quran sənə
qənim olsun və s.); c) məişət qarğışları
(qanın daşlara dağılsın; anan ağlar qalsın;
naqafil gülləyə gələsən və s.).
Tədqiqatçı alqış və
qarğışların statusunu müəyyən etdikdən
sonra, bu örnəkləri dünya xalqlarının mədəniyyəti
kontekstində nəzərdən keçirir. Belə bir
kontekst müəllifə imkan verir ki, Azərbaycan ədəbi
abidələrinə də müraciət etsin. "Kitabi-Dədə
Qorqud" belə abidələrdən biridir. N.Seyidova
"Kitabi-Dədə Qorqud"dakı alqış nümunələrini
araşdırarkən doğru olaraq qeyd edir ki, alqışlar
daha çox Allahın adıyla bağlıdır. İnsanlar
Uca Yaradana müraciətlə bir-birlərinə arzuların
çin olmasını diləyirlər:
Yerli böyük dağların yıxılmasın!
Kölgəlicə uca ağacın kəsilməsin!
Coşqun axan gözəl suyun qurumasın!
Çaparkən ağ-boz atın büdrəməsin!
Ağ birçəkli anan yeri behişt olsun!
Ağ saqqallı atan yeri cənnət olsun!
Haqq yandıran çırağın sönməsin!
Qadir Tanrı səni namərdə möhtac eləməsin!
Göründüyü kimi, "Kitabi-Dədə
Qorqud" dastanından götürülmüş bu
alqış nümunələri sonda Tanrının adı ilə
əlaqələndirilir. Alqışı söyləyən
ozan arzu olunanların gerçəyə çevrilməsini məhz
Tanrının qüdrətində axtarır. Belə bir cəhəti
tədqiqatçı Hind-Avropa alqışlarında da
müşahidə edir: "Allah subay kişilərə
kömək olsun, evli kişilərə qadınları
kömək olacaq! Mənə kömək ol, Allah, amma mənə
tənbəllik də qismət eləmə! Köməyim ol,
Allah, elə elə ki, böyrümü yerə verib
yatmayım! Allah sizi qorusun, səfərdən sağ-salamat
qayıdasınız!" Göstərilən nümunələrdən
aydın olur ki, Hind-Avropa xalqları üçün səciyyəvi
olan alqışlarda da ilahi qüdrətə tapınmaq və
alqışları həmin tapınma üzərində qurmaq
mədəniyyətlərarası tipoloji yaxınlıqdan
danışmağa əsas verir. Yeri gəlmişkən qeyd edək
ki, alqış və qarğışların müxtəlif
dillərdə məzmun eyniliyi tədqiqatçını
xüsusi olaraq maraqlandırır. Müəllif din xadimlərinin
dilindəki alqış nümunələrinin müxtəlif
ölkələrdə eyni anlamda təqdim edilməsini səciyyəvi
hallardan biri sayır.
Kitabda Fransa, İtaliya, Hindistan mədəniyyətlərində
alqış və qarğışların spesifik
formalarına diqqət yetirilir. Tədqiqatçı
qarğışların yaranmasını dini-mifoloji və ictimai-sosial zəmində dəyərləndirərək
bu nümunələrin təsnifatını verir. Xalqın
mifoloji təsəvvürləri və müxtəlif
ritualları, xəstəliklər, yaxınların itkisi,
doğmaların bədbəxtliyi, yoxsulluq və rifahın
pozulması, valideyn xeyir-duasından məhrum olmaq, sevdiyindən
ayrılmaq, unudulmaq, bədxah qohumlar, puç olmuş arzular,
uğursuz nikah, böhtan, sonsuzluq və s. kontekstlər
qarğışların təsnifatında başlıca
çıxış nöqtəsi kimi
götürülür.
N.Seyidova linqvokulturoloji araşdırmada diaxronluğun əhəmiyyətini
xüsusi olaraq diqqət mərkəzində saxlayır. O qeyd
edir ki, linqvistik tədqiqatlarda sinxronluq və diaxronluq
qarşı-qarşıya qoyulmamalı, əksinə, onlardan
bərabər şəkildə istifadə edilməlidir.
Kitabda alqış və qarğışların
şifahi nitq kursunun janrları kimi araşdırılması
həm linqvistika, həm də folklorşünaslıq
baxımından xüsusi əhəmiyyət
daşıyır. Qeyd olunur ki, şifahi nitq linqvopoetika
baxımından ayrıca sahə olaraq öyrənilə bilər;
şifahi ədəbiyyatın meydana çıxmasında
şifahi nitq mühüm rol oynayır və bu problemə
dilçilik baxımından da yanaşmaq mühüm əhəmiyyət
daşıyır. Tədqiqatçı bu qənaətdədir
ki, hərəkət öz növbəsində nitq
aktını meydana çıxarır, mənfi və müsbət
məzmunlu arzular ünsiyyət formulunda reallaşaraq müəyyən
dil vahidlərinə çevrilir. Göründüyü kimi,
müəllif alqış və qarğışları
yalnız məna baxımından öyrənmir, həmin
nümunələri həm də dil aktının faktları
kimi diqqətə çatdırır.
İncil mətnlərində alqış və
qarğışların araşdırılması da tədqiqatın
uğurlu cəhətlərindən biri sayıla bilər.
Çünki adətən elmi araşdırmalarda səmavi
kitabların araşdırılmasına bir qədər laqeyd
yanaşılır. Lakin uzun zamanların sınağından
çıxmış hər hansı mətni inkar etmək
mümkün deyil, hər tarixi mətn funksional olaraq tədqiq
olunmalıdır. Bu məntiqə əsaslanan tədqiqatçı
İncildən müxtəlif nümunələr verərək
alqış və qarğışları Hind-Avropa dillərinin
prinsipləri kontekstində araşdırmaya cəlb edir.
İstər dini kitablarda, istərsə də əfsanə,
rəvayət, nağıl, dastan kimi müxtəlif folklor
janrlarında alqış və qarğışlar öz
başlanğıcını arxaik inanclardan
götürür. Belə inanclardan ən başlıcası
sözün yaradıcı gücünə və magik təsiretmə
funksiyasına tapınmaqla bağlıdır. Məlumdur ki,
dünyanın yaranmasında ilahi sözün mühüm rol
oynaması, yerin-göyün Tanrıdan gələn
"Olsun!", "Yaransın!" hökmü ilə bərqərar
olması haqda təsəvvür həm Şərq, həm də
Qərb xalqlarında geniş yayılıb. Alqış və
qarğışlarda sözün məhz bu funksiyası, yəni
nəyinsə sözün magik gücü ilə baş verməsi
inancı aparıcı yer tutur. N.Seyidova alqış və
qarğışlardakı bu cəhəti əldə əsas
tutub müxtəlif etiketlər, davranış normaları
üzərində dayanır, gündəlik həyatda işlənən
bir çox ifadələrin arxaik inanclara əsaslandığını
ayrı-ayrı xalqlardan gətirdiyi faktik materiallar üzrə
izləyir. N.Seyidova alqış və
qarğışların magik mahiyyəti barədə
yazır: "Qarğışlar və alqışlar sehrli
xarakter daşıyan mətnlərdir. Bu mətnlərin
yayılması qədim insanların sözün sehrinə,
xüsusən də onun xeyir gətirmək, eləcə də
zərər vermək gücünə inamla
bağlıdır... Bir çox xalqlar insanı lənətlərin
mənfi təsirindən qoruya bilən tədbirlər sistemi
hazırlamışlar. Belə hesab etmişlər ki,
xüsusi nitq formulları lənətlərə qarşı
qoruyucu funksiyaya malikdir, həmin formullar mənfi yüklü
sözləri linqvistik məlumatın göndəricisinə
yönləndirir, bununla da onların zərərli təsirini
neytrallaşdırmış olur". Alqış və
qarğışların magik gücünə inam gündəlik
işlədilən nitq etiketlərində də öz əksini
tapır. Həmin nitq etiketlərindən ən geniş
yayılanı salamlaşma etiketidir. Faktlar göstərir ki,
dünyanın müxtəlif dillərində müxtəlif
cür səslənən salamlaşma etiketi insanların
bir-birinə sağlamlıq və xoş gün arzulaması
ilə bağlıdır. Məsələn, fransız dilindəki
"bonjour" sözü "xoş gün" mənasını
verir və insanların bir-birinə xoş günlər
arzulamasından doğur. Yaxud "salut" sözü mənşəyinə
görə Roma imperiyasında firavanlıq və
sağlamlıq simvolu sayılan, Roma imperatorlarının sikkələrində
əksini tapan Salus ilahəsi ilə əlaqələndirilir.
Sağlamlıq və firavanlıq arzularını ifadə
etdiyinə görə "salut" sözü Avropa
xalqlarında salamlaşmaq etiketi kimi işlənməyə
başlayıb. Bütün bu kimi faktları tədqiqatçı
alqışların linqvo-mifoloji xüsusiyyətlərini
üzə çıxarmaq məqsədinə doğru istiqamətləndirə
bilir. Tədqiqatçının müraciət etdiyi dil
faktları sırasında asqırmaqla bağlı nitq etiketləri
də xüsusi yer tutur. Araşdırmadan aydın olur ki,
1347-1352-ci illərdə Avropa əhalisinin təxminən 30-40
faizinin məhvinə səbəb olmuş vəba
epidemiyasının əlamətlərindən biri dalbadal
asqırmaq olub. Bu cür qorxunc asqırmanın müqabilində
insanlar latın dilində "Absit omen!" ("Xata-bəladan uzaq olasan!")
ifadəsini işlədiblər. Əlbəttə, asqıran
adama sağlamlıq diləmək yalnız vəba xəstəliyi
ilə bağlı deyil. Bunu nəzərə alan N.Seyidova
asqırmaqla bağlı inancları da diqqətə
çatdırmalı olur: "Qədim dövrlərdə
insanlar asqırarkən ruhun bədəndən çıxa
biləcəyini güman edirdilər. Odur ki, asqıranda ruh
ağızdan çıxmasın deyə... ağızı əllə
qapamalı olurdular. Hər dəfə asqıran adama
cansağlığı arzulayırdılar ki, ruh bədəndən
çıxmasın". Belə bir inancın nəticəsidir
ki, həm Qərb, həm də Şərq xalqlarında
asqırmaq müqabilində "Sağlam olasan!" tipli nitq
etiketləri alqış nümunəsi kimi xüsusi işləklik
qazanır.
N.Seyidova alqış və qarğışları
yalnız şifahi nitq formaları, folklor mətnləri əsasında
yox, həm də yazılı ədəbiyyat nümunələri
üzrə araşdırır. Belə hesab edirik ki,
"Hind-Avropa dillərində alqış və
qarğışların linqvokulturoloji xüsusiyyətləri"
monoqrafiyası yeni tədqiqatlar üçün elmi zəmin
yaradır və xüsusi perspektivlər açır.
Vəfa İBRAHİM
Filologiya üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet .- 2025.- 25 yanvar(№14).- S.20.