"Tərcümə təcrübələri": dünya, ədəbiyyat, insanlar  

SEYFƏDDİN HÜSEYNLİNİN BİR KİTABINA İKİLİ BAXIŞ

 

 

Xarici ədəbiyyatı - dünya ədəbiyyatını oxumağı az qala hamı sevir. Əsas olan nə oxumaqdır. Nə vaxt idi, müasir dünya, ələlxüsus Avropa ədəbiyyatından səviyyəli əsərlər tapıb oxumaq istəyirdim, hətta deyim ki, ana dilimizdə yaxşı xarici ədəbiyyatın əməlli-başlı aclığını çəkirdim. Seyfəddin Hüseynlinin "Tərcümə təcrübələri" arzuladığım, uyğun zamanda və uyğun yerdə mənə yetən, özümlə daşıyıb bilə-bilə ləzzətini uzatdığım, ilk səhifələrdəncə stolüstü yox, əlüstü kitabıma çevrilən mənbə oldu. Deyim ki, hələ kitaba baş vurmamışdan, mütaliədən alacağım həzzi hiss edirdim... yox, bilirdim. Bunu yaxın ətrafımla da bölüşmüşdüm. Çünki tərcüməçinin zövqünə bələd idim. Bu "Təcrübələr" gərgin yaradıcı zəhmətin bəhrəsi olmaqla bərabər, müəllifin çoxspektrli istedad və qabiliyyətinin də məcmusudur. Tanınmış qələm adamı, peşəkar redaktor, əsl ziyalı olan Seyfəddin Hüseynli "Tərcümə təcrübələri" adında sanballı kitabı ilə kitabsevərlərin və sevənlərinin qarşısına tam bir bədii tərcüməçi ampluasında çıxdı. Bu məcmuəyə qədər də S.Hüseynli tərcümə sənətimizi (bilavasitə dilimizi) hər fürsətdə zənginləşdirən səriştəli tərcüməçi kimi tanınır, oxunurdu. Hələ 2017-ci ildə postmodernizmin görkəmli nümayəndəsi C.P.Barnsın "Buker" mükafatına layiq görülən, Böyük Britaniya və Fransanın ekranlaşdırdığı romanını Azərbaycan dilinə "Aqibət duyğusu" adı ilə yüksək bədii keyfiyyətdə çevirmişdi. L.Pirandellodan ana dilimizdə kitab halında çıxmış ilk tərcümələr də onun adı ilə bağlıdır. "Təcrübələri"nin vəzni, tərcüməçinin peşəkarlığı bu ağır "baqaj"ı daha da ağırlaşdırdı. Bədii tərcümənin vəziyyətinin heç də ürəkaçan olmadığı, həmin arealda mütəxəssis qıtlığı yaşanan zamanda bu yeni nəşr ədəbi cameədə şəksiz hadisəyə çevrildi. S.Hüseynli həm də işinin ustası kimi bu sahədə ən ixtisaslı orqanlardan olan "Dünya ədəbiyyatı" dərgisinin baş redaktorudur.

Kitaba maraq oyadan adı olur. Sərlövhə əsərin açar sözüdür. "Tərcümə təcrübələri"... Burada cinas da var, metafora da, hətta uğurlu marketinq tapıntısı da. Necə deyərlər, "gəmiyə necə ad qoyarsan..."

Hələ Puşkin mütərcimləri maarifin "poçt atları" adlandırmışdı (Əlbəttə, burada bədii dəyəri olmayan sətri və səthi tərcümə nəzərdə tutulmur). Abbas Səhhət tərcümə sənətinə yüksək qiymət vermiş, "mədəniyyətcə nə qədər zəngin olsa belə, heç bir xalqın bəşər mədəniyyətindən təcrid olunmuş şəkildə yaşayıb inkişaf etməsinin" mümkün olmadığını ərz etmişdi. Böyük maarifçi avropalıları nümunə göstərərək yazırdı ki, öz ədəbiyyatları olduğu halda, yenə də "ərəb və farsın məşhur ədib və şairlərinin əsərlərini öz dillərinə tamamən tərcümə etmişdir. Belə olan surətdə biz nə üçün avropalıların əsərlərini lisanlarımıza tərcümə etməyək?" Bununla da, həqiqi maarifpərvər kimi Şərqlə Qərbin mücərrəd toqquşmasını deyil, bir-birindən bəhrələnməli, faydalanmalı olduğu məqamları qabardırdı. Nədən ki, "ədəbi əlaqələr ürəklərin körpüsüdür". Xalq yazıçısı Anarın bədii tərcümə ilə bağlı dediyi kimi - "bir xalqın həyatından alınmış lövhələr və personajlar başqa bir xalqa da doğma gəlir". Başqa sözlə - tərcümə sənəti dünya xalqlarının ədəbiyyatını (elə özünü də), bir-birinə tanıdan əsas vasitədir. Dünya ədəbiyyatı dilindən, dinindən asılı olmayaraq həmişə insanlığın sərvəti olub və bu belə də qalacaq.

Dünyanın böyük yazıçıları (onlar həm də böyük tərcüməçilərdir) tərcümə haqqında orijinal fikirlər söyləmişlər. Onlardan biri də, "tərcüməyə şübhə edirsənsə, tərcüməçiyə də inanmırsan deməkdir". Əsl tərcüməçi tək dili yox, həm də üslubu çevirir. Ömrünün onilliklərini "Hamlet"in tərcüməsinə həsr edən Pasternak üçün "o, daha Şeksprin deyil, Pasternakın Hamletidir" demişdilər. Üstünlüyü azad tərcüməyə verən V.A.Jukovskinin bu məsələyə cavabı ikibaşlı  olmuşdu: "Tərcümə etdiklərim başqalarının olsa da, əslində hamısı mənimdir"... Ədəbiyyatşünas alim Fəridə Vəlixanova bu fikirləri ilə azad tərcümənin tərəfində idi: "Sərbəstlik dəqiqliyə nail olmağın vasitəsidir. Tərcüməçi orijinalın ruhunu duyaraq, onu öz ştrixləri ilə dəqiqləşdirir, əlavələr edir, bəzən də lazım olmayanı ixtisar edir". Göründüyü kimi, fikirlər bir-birini təkrar etməsə də, kəsişən nöqtələr də yox deyildir və hər biri böyük işə töhfəsini verir.

Bədii tərcümə çox vaxt aparan, məşəqqətli zəka işidir. Tərcüməçinin boynuna belə bir yük də qoyulur ki, istəsə, hətta keyfiyyətsiz     düzəldər (Dünya ədəbiyyatında tərcüməyə yatmayan əsərlər də mövcuddur). Prosesə başlamamışdan yazıçının şəxsiyyətinin öyrənilib yaradıcılığının araşdırılması, hətta, hansı çevrədə dolaşıb necə geyindiyini bilmək də işin xeyrinə olan əhəmiyyətli amillərdən hesab olunur. Tərcümə edilmiş əsərin üzərində müəllifdən əlavə, tərcüməçinin də nəfəsi qalır və bu... sətirlərə hopur. Bədii tərcümənin dünya dilləri və mədəniyyətləri arasında gerçək vasitə və yaddaqalan nümunə olması üçün tərcüməçidən yüksək zövq, intellekt, səbir, vərdiş, improvizasiya tələb olunur ki, bunların hamısını ziyadəsiylə Seyfəddin Hüseynlinin "...Təcrübələri"ndə görürük. Forma və məzmunun tam vəhdəti!

Kitaba dünya ədəbiyyatının ayrı-ayrı ölkələri, dövrləri, müxtəlif ədəbi cərəyan və estetik təmayülləri əks etdirən nümayəndələrinin say-seçmə hekayələri, esseləri, söhbətləri (bəziləri ixtisarla) daxil edilib. Əsərlərin təsnifatı ölkə, müəllif və başqa faktorlara görə deyil, janrlar üzrə aparılıb. Burada toplanan bəzi yazıları nə vaxtsa rus dilində oxumuşdum, amma orijinal tərcümə sayəsində sanki təzə tanış oldum. Həm də, bilmədim əsərə valeh olum, ya tərcüməçinin kreativliyinə. Məsələn, "Latın Amerikasında roman" söhbətindəki kimi. Və məncə, ən əsası da odur ki, mütaliəni düşüncəndə qəfil kəsib tərcümənin keyfiyyətini qeyd etməyə macal tapırsan. Yəni tərcümə birbaşa mütaliəyə "mane olur".

S.Hüseynlinin "...Təcrübələri"ndə hər şeydən əvvəl ana dilimizin gücünü, qadirliyini, söz, ifadə üçün məəttəl qalmamasını görürük. Kəlmələr onun əlinin altında sözəbaxan, çevik, elastik, tutumludur. Tərcüməçi əsəri özünə ram edir, gedişat onun tam nəzarətində olduğu üçün uyğunlaşmada hər şey yerli-yerindədir. S.Hüseynli qarşısına qoyduğu vəzifəyə nail olub, mənbəyə ən mümkün sədaqətlə tərcümə etdiyi dildə kamil bədii nümunələr yarada bilib.

Kitabın panoramı geniş və əhatəlidir. Və kitabın içindəkilər heç də təsadüfən seçilməyib. İmzaları nəzərdən keçirmək, səhifələri vərəqləmək kifayətdir ki, kitabdan ayrıla bilməyəsən. Hələ K.Paustovski ədəbiyyatda və incəsənətdə dəb dalınca qaçmamağı tövsiyə edirdi. Bunu meyar kimi götürən, seçimini məhz "kitabdan qəlbə" süzülən əsərlərdən yana edən S.Hüseynli ortaya mükəmməl bir iş qoya bilib. Tərcüməyə cəlb edilən əsərlərin aktuallığı, müasirliyi də vacib amil kimi əsas götürülüb. Məşhur klassika canlandırılıb, ona daha bir həyat verilib, tanınmayan isə peşəkarlarla bərabər, orta statistik oxucuya da tanıdılır. Yazıçılar milli ədəbiyyatı formalaşdırırlarsa, tərcüməçilər daha geniş missiyanı reallaşdırır, dünya ədəbiyyatına xidmət edirlər. Fransız ədəbiyyatının klassikləri Anatol Frans, Mişel Turnye, submədəniyyət daşıyıcısı Riçard Brotiqan, çex incəsənət və ədəbiyyat xadimi İvan Kraus, italyan Alessandro Piperno, macar İmre Kertes, müasirlərimiz Anna Qavalda, Sergey Lukyanenko, Roman Sençin və bir başqaları özlərini kitabın səhifələrində "boşqablarındakı" kimi hiss edirlər.

"Tərcümə təcrübələri"nin məxsusi energetikası var, bunu kitabı ilk əlimə alanda hiss etdim. Mənim təzə kitabı iyləmək kimi köhnə bir adətim var. Tək mətbəə qoxusunu sevdiyim üçün deyil. Elə bil kitabın ruhunu, məzmununu içimə çəkirəm, onunla birləşirəm, mən ona keçirəm, onun içindəkilər mənə. Kim nə deyir desin, "canlı" kitabın ötürdüyünü audio, onlayn kitab verə bilmir. Necə ki, "machine translation və computer aided translation" professional tərcümədən bir "əsr" geri qalır. Kitabın içindəkilər zövqə görə mənim "operam"dan, mənim "romanım"dandır. Xüsusilə söhbətlər... (Tədqiqatçıların nəzərinə: bu söhbətlər hazır istinad ünvanı, vacib mənbədir).

Oxu prosesində tərcümə ilə bağlı bəzi məqamlar diqqətimi çəkdi. Konkretlik üçün bir neçə nümunə gətirim... "Ona atasının, ağrı-acısız öldüyünü deyə bilməkdən ötrü münasib sözlər axtarırdım, ancaq ölümü kəlmələrlə pərdələmək mümkün deyil: cümlənin sonunda mütləq kimsə ölmüş olur". "Ailə qarderobunda asılıb-yellənən skelet kimi gizli qalmasını istədiyi bir erkən evliliyi olub". Bu cümlələrdə bir müəllifin nə demək istədiyinə fikir verirsən, bir də, ikinci müəllifin çatdırdığına.

Anna Qavaldanın "Bir kişi - bir qadın"ı tipik fransız əsəridir. Müəllifinə baxmasan, yazıçının kimliyini axtarmasan da, fransız ədəbiyyatı özünü bildirir. Məlum edir yəni. Bu - xırda nüansları ilə real həyat hekayəsidir. Hekayənin məzmunundan ayrılmaq çətin olsa da, diqqəti tərcüməyə yönəltmək istəyirəm. "Kişi istirahət günü qiyafəsindədir..." Maraqlı tərcümədir. Heç rast gəlməmişdim belə ifadəyə. Bir də, "əcəl oturacağı" diqqətimi çəkdi. Sürücünün yanındakı yer nəzərdə tutulur. Bura qara yumorla "qayınananın yeri" də deyirlər. Mən bir yazımda onu rus dilindən tərcümə etməyə çalışsam da, nə qədər o tərəf-bu tərəfə çevirsəm də, nəticə ürəyimcə olmadığı üçün sözdən vaz keçmişdim. Mükəmməl tərcümə sayəsində hekayəni orijinaldan oxuduğumu düşündüm.

"Memarın, mühəndisin, həkimin nəyə lazım olduğu hamıya aydındır. Amma söhbət yazıçılardan gedəndə hərə bir gümana düşür". Fikrə, xəyala deyil, məhz gümana. "Romanda Ursula adında 170 yaşında bir qadın var və əsər də elə onun "çiyinləri üzərində" qurulub". Burada həm yazıçının, həm tərcüməçinin haqqını vermək lazımdır.

Əgər cüzi vaxt sərf edib yaxşı bir şey oxumaq istəyirsinizsə, R.Brotiqanın "Qocalar avtobusu" etüdünü oxuyun, özü də S.Hüseynlinin tərcüməsində. Bu hekayəni ard-arda neçə dəfə oxudum. "Hekayə belə olar", - dediyimiz bu. Kaş ki, orijinaldan oxuya biləydim. Yəqin onda tərcüməni daha yaxşı dəyərləndirə bilərdim. Qısa, kəsik cümlələrlə, əvəzsiz bənzətmələrlə nəql edilən əhvalat... yox, həyatın özü, üzü, astarı. "Adi bir adamam mən. San-Fransiskoda yaşayıram... Deməzdim dilxorçu gündü: çox gözəl, ilıq bir payız havası vardı. Bir qarı da avtobus gözləyirdi. Belə deyək: adi bir qarı... Gerçəklik bəzən adamı elə bərk qısnayır ki: eynilə o qadının əllərini kip bürümüş "tərəvəz qabığı" kimi". İnersiyaya dalıb az qala bütün hekayəni danışacaqdım... Gerisini özünüz oxuyarsınız...

Mündəricatda Çestertonun adını görüb sevindim. Mən onu "Braun atanın macəraları" detektiv hekayələrindən sevmişdim. Burada isə "Fransız və ingilis", "Böyük müəlliflərin korladıqları yaxşı süjetlər" esseləri ilə "iştirak edir". "Fransız və ingilis"də yazıçı iki xalqı - fransız və ingilisləri abzas-abzas fərqləndirir. Bu məsələyə məzəli tərəfdən baxsaq, Hatəmxan ağanın bizimlə firəngləri müqayisə etməsinə çox oxşayır... Onlarda... Bizdə... Çesterton yazır: "Fransızlar yüngül məzacdırlar, çünki hər işdə aşkarlığı, açıq-saçıqlığı yaman xoşlayırlar... Qadınları yorğun və hikkəlidirlər, kişiləri sərtdirlər, dava-dalaşda kimsə onlarla bacarmaz". Əsərdə hər iki xalqın qüsurları ilə bərabər, nəcib keyfiyyətlərindən də danışılır, heç biri digərinə qarşı qoyulub aşağılanmır. Fetişləşdirmək, təqlid pislənilir. "Əgər ingilis Fransaya ifrat heyranlıq duyarsa, fransızlaşmağa can atar; əgər o, Fransanı sevərsə, elə ingilis olaraq da qalar" (Razılaşmamaq çətindir). Bununla da, əsl beynəlmiləlçiliyin yolunun millətsevərlikdən keçdiyi önə çəkilir. Kiçik essedə belə böyük problemlərin qaldırılıb, üstəlik, çıxış yolunun da göstərilməsi əsərin dəyərindən xəbər verir. Bizə isə, özümüz üçün də aktual olan bir əsərin dilimizə belə uğurlu tərcüməsinə görə sevinmək qalır.  Əslində, "Fransız və ingilis"dən daha çox danışıb daha çox analiz etmək istəyərdim, amma bu qədər anons yetərli... Oxumağa dəyər.

Ən maraqlısı da budur ki, bu tərcümələri oxuya-oxuya onları həm də "görürsən". Müasir Argentina yazıçısı Xorxe Asisdən tərcümə edilmiş "Yazıçı və sahibkar" hekayəsində olduğu kimi... 30-35 yaşlı cavanların kreslolara sərələnib qurtum-qurtum viski, qəhvə içdiyi siqaret dumanı bürümüş bir otağı gözünüzün qabağına gətirin. Müəllif interyeri təsvir etməsə də, buranın ağır mebelli, qalın pərdələrlə örtülmüş hündür pəncərələri tüstü-duman arasından "görünür". Deyəsən, otaqda hökm sürən gərginliyi yumşaltmağa çalışan, ora-bura şütüyən ev sahibəsini unutdum... Əsərin məzmununu açmıram, onu oxumaq lazımdır.

"Kaş burada Konan Doyl da olaydı", - deyə düşünərkən "ektrasensliyim" tutdu və dünyanın əsas xəfiyyələrindən birinin müəllifinə də bu kitabda "rast gəldim". Lakin o, "Təcrübələr"də macəra ədəbiyyatı ilə deyil, tamam başqa məzmunda - "Din yeni vəhy işığında" düşündürücü essesi ilə "çıxış edir".

Professional həmişə professionaldır.

Bu xüsusiyyəti onun əlindən heç kim, heç nə ala bilməz. S.Hüseynli burada da əsas sənətini - redaktorluğunu unutmayıb, Semih Gümüşdən "Redaktorluq qəliz peşədir" başlıqlı maraqlı esseni bizə təqdim edib: "Orxan Pamuk bildirir ki, hər romanını dost-tanışlarından hardasa on nəfərinə əvvəlcədən oxudur. Onların iradlarını, düzəlişlərini nəzərə almaqla, əsərin son variantını hazırlayır". Tədbiq edilməli təcrübədir, deyilmi?

Nobel mükafatı laureatı A.Soljenitsın özünün kiçik esseləri ilə nəşrdə layiqli yerini tutmaqdadır. SSRİ-nin Baş dissidentinin S.Hüseynlinin kitabında maraqlı esselərlə təmsil edilməsindən heç şübhəniz olmasın. Bəli, S.Hüseynlinin kitabı! Çəkilən zəhmət, iş zamanı professionallığa yenilməyib "bitərəf" qalmaq bacarığı, kitabın üzərindəki "keyfiyyət nişanı" tərcüməçini həmmüəllifə çevirir.

Bir az da Bulqakovdan bəhs edək. O Bulqakovdan ki, dünyanı iki gücün idarə etdiyini deyirdi: biri dollar, digəri ədəbiyyat (Buna da şükür...) "Ancaq bu yerdə sırtıq bir əngəl çıxdı qarşıma... mənzil məsələsi". Əsl tapıntıdı, deyə bilərik. Yaxud: "Yeddinci saatın başında, özüm kimi bir neçə adamın quyruğunca, bir kabinetə girdim". Ardınca da yaza bilərdi, heç bir problem də olmazdı. Amma bunun kimi də yerində işlənməz, vəziyyəti təsvir edə bilməzdi.

"Aha, burada Canni Rodari də varmış, uşaqlığımın sevimli yazıçısı", - deyib həvəslə "Qrafinya" hekayəsinə qərq oldum. Elə ilk abzaslardan keçmiş C.Rodarini tanıdım. Həmin dəst-xətt, o oynaq dil. Tərcümədə də, mütləq professionallıq, sözlə zərgər işi, o axıcılıq... Hər ikisi bir-birini tamamlayır. "Məsələn, keçən ay qaralı-qırmızılı cilddə bir kitab çıxmışdı, görəndə adamın nitqi batırdı". Tərcüməçi "hər sətrin öz qanunauyğunluğu var" kriteriyasını əsas götürərək sözü yerinə elə oturdub ki, başqa variant heç ağıla gəlmir.

Kitabı oxuyarkən müşahidə etdiyim bəzi nüansları qeyd etmək istəyirəm. Tərcümələr - müəllif əda və tərzinin, dil xüsusiyyətinin saxlanılması, dəqiq məna, ədəbi materiala həssas yanaşma, böyük söz ehtiyatı ilə diqqət çəkir. İş prosesində kompromis gözlənilib, təqdim olunan əsərlərin sənətkarlığına, sözün estetikasına xələl gəlməyib. Oxuduqca, özünü təsvir olunan atmosferin içində hiss edən də, yəqin ki, tək mən olmamışam...

Bu yazdıqlarım bir "tanıtım" deyil... Adın səni tanıtması üçün əvvəlcə sən özün onu tanıtmalısan. Bu gün S.Hüseynli imzasının məna, dəyər, çəki yükü imzanın müəllifə işləməsini təmin edir. Tənqidçi C.Yusifli bədii tərcümə sənətimizin bugünkü vəziyyətini araşdırarkən S.Hüseynlinin yaradıcılığını belə xarakterizə edir: "S.Hüseynlini istisna etməklə, bədii tərcümə tənqidi yox dərəcəsindədir".

Onun "...Təcrübələri" də kifayət qədər tanıdılıb, işıqlandırılıb, əks-səda doğurub, qiymət verilib. Lakin daha çox təşviq edilməli, yayılmalı olduğunu düşünürəm. Məncə, xarici ədəbiyyatı sevən hər kəsdə bu "ağıllı" kitabdan olmalıdır. Tarixi qədim olan Azərbaycan bədii tərcümə məktəbinin layiqli təmsilçisi S.Hüseynli bizi "tanımadığımız tanışlarla" görüşdürməyə davam edir. Müəllifi, oxucuları, ədəbi cameəni bu dəyərli kitab münasibətilə təbrik edir, S.Hüseynlinin "...Təcrübələri"nin ikinci cildini gözləyirik.

 

 

Dilarə ADİLGİL

525-ci qəzet .- 2025.- 25 yanvar(№14).- S.18;19.