Borxesin Babil
simvolikası: Əbədiyyətlə ədəbi ünsiyyət
Xorxe Luis Borxesin yaradıcılığında fəlsəfə,
ədəbiyyat, mifologiya, psixologiya, mistika və spiritualizmin sərhədləri
sezilmədən qaynayıb-qarışır və az qala
yazıçının ədəbi kimliyinə çevrilən
labirintlər, zirzəmilər, güzgülər, yuxular
simvolikası vasitəsilə reallıq sonsuz bir sistemə
çevrilir. Bu çoxqatlı aura Borxesin az qala bütün
yaradıcılığına hopub, hətta şeirlərinə
də.
Bairesli (Buenos Ayresin danışıq dilində
qısaldılmış versiyası) gənc Xorxe Luisi
dünyanın Borxesinə "çevirən"
özünəməxsus ədəbi-fəlsəfi simvollar aləmi
o qədər zəngindir ki, hər hekayəsində
"görəsən, bu səfər nələrlə
qarşılaşacağam?" dediyin anda bu dahi yazıçı-mistik
növbəti əsərdən öz ədəbi-ruhi əzəməti
ilə fərqli simvollarla boy göstərir.
Borxesin yaradıcılığında Babil simvolu da
dolğun tərzdə işlənən bir ədəbi-fəlsəfi
məcazdır. Müəllifin fərqli vaxtlarda işıq
üzü görmüş kitablarında yer alan "Babil kitabxanası"
və "Babildə lotereya" hekayələrində də
fəlsəfə, ədəbiyyat, psixologiya, bəzi məqamlarda
isə hətta kainatın ölçülü-biçili
strukturuna göndərmə olaraq ali riyaziyyatın da sərhədləri
görünmədən bir-birinə "calaq edilib".
Yazıçının məşhur "Alef"i kimi,
"Babil kitabxanası" da çoxsaylı mürəkkəb
mövzular və simvollar üzərində qurulub. Əsərdə
dilin, mənanın və ümumən bilginin nisbiliyi
hazırlıqlı oxucuya xitabən, daha qəliz bədii-fəlsəfi
dillə işlənib. Hekayədə əsas simvol olan
kitabxana biliklərin sonsuz bir arxivini təsvir edir; burada hər
kitab özünün unikal və sonsuz bir təkrarıdır.
"Alef"dəki kimi burada da ilahi yaddaşa müraciət
var: Akaşa və Lövhi-məhfuz anlayışları nəzərə
çarpır, amma burada olmuşların və olacaqların
iki fərqli fəlsəfi sistemdə öz əksini tapan
bilgisi daha dərindən təqdim olunub. "Babil
kitabxanası"nda hər kitab bir məna daşıyır,
lakin bu anlamlar oxuyanın subyektiv baxış aspektinə
görə dəyişir. Borxes bu kitabxanada hər kitabın həyatın
və həqiqətin müxtəlif versiyalarını, sonsuz
ehtimallarını əsasən absurdizm və paradoksal
düşüncə elementləri ilə təqdim edib.
Bir çox hallarda Borxes eyni cümlələri təkrarlayıb,
məsələn: "Kitabxana sonsuzdur və əbədidir"
ifadəsi müxtəlif formalarda bir neçə dəfə
qeyd olunub. Bu təkrarlamada insanın müvəqqətiliyi həqiqət
kitabxanasının əbədiliyi fonunda vurğulanır.
Hekayənin hər cümləsi oxucunu suallarla
qeyri-mümkün olan həqiqətlərə doğru
aparır, amma heç vaxt o suallara tam cavab vermir. Bununla da
Borxes ədəbi tərzinə sadiq qalaraq mücərrəd
mənaları, dilin pozulmaz sərhədlərini və eyni
zamanda məhdudiyyətlərini oxucuya anladır.
"Babil kitabxanası"nın fəlsəfi əsaslarını
anlayışın sonsuzluğu və insanın hər
şeyi anlamaq cəhdi təşkil edir. Bu kitabxana biliklərin
nəhəng şəbəkəsi kimi qarşımıza
çıxır. "Alef"dəki qədər "Babil
kitabxanası"nda da Platonun fəlsəfəsi (bu kontekstdə
"Mağara" alleqoriyası) "işə
qarışıb". Mağarada əzəl kimliklərini
unudan və ali həqiqətin parçası olan kölgələrdə
olduğu tək, "Babil kitabxanası"nda hər bir kitab
özündən başqa bir həqiqəti izah edir, amma
heç biri də tam o həqiqət deyil. Bu isə insanın
gerçəyi tapmağa yönələn ehtiraslı
axtarışlarını, lakin heç vaxt gerçək həqiqətə
çatmadığını vurğulayır. Hekayədəki
kitabxana və onun məzmunu insanın daxili vəziyyətini və
düşüncə dünyasını təmsil edir.
Kitabxanadakı sonsuz kitablar insanın psixoloji vəziyyətinin
də simvollarıdır: altıüzlülərdəki
kitablar düşüncələri, qorxuları və
ümidləri təmsil edir. Altıüzlülərdən
ibarət Babil kitabxanasında da Borxes psixoloji labirintlərindən
vaz keçməyib. Hekayədəki personajlar kitabxananın
sonsuz dəhlizlərində vurnuxur, yol tapmağa
çalışır, lakin hər bir yeni məlumat və
kitab onları daha çox çaşdırır.
Çünki hər bir həqiqət öz növbəsində
başqa bir sual doğurur. Borxesin "Babil
kitabxanası"nda altıüzlü simvolunu istifadə etməsi
həqiqətə fərqli baxışı təmsil edir. Bu
altıüzlülər bir daha anladır ki, gerçəklik
anlayışı çoxluq və fərqliliklərin birləşməsindən
ibarətdir. Bu simvol bilginin insanı manipulyasiya edə bilmə
imkanlarını da göstərir. Riyaziyyatda
altıüzlü hər tərəfi bir-biri ilə əlaqələndirilən
və birləşdirilən bir çoxbucaqlıdır. Bu, yəqin
ki, həm də biliklərin qarşılıqlı əlaqəli
və bir-birinə bağlı olduğu
anlayışını simvolizə edə bilər. Yəni əslində
ali bilgi indi qavradığımız kimi ayrı-ayrı bölümlərə
ayrılmır, o, birdir, bütövdür və onu
qavramağın yolu ancaq əvvəlcə onun
tamlığını qəbul etməkdən başlayır.
Kainatın və həyatın məntiqini anlamağa
çalışarkən altıüzlü bir çox ədəbi,
fəlsəfi, riyazi və təbiət qanunlarının birləşməsi
kimi dərin, zəngin mənalar təklif edir. Zənnimcə,
elə bu cür hərtərəfli, standart bəşəri
təfəkkürdən fərqli düşüncə tərzindəndir
ki, yazıçılar Borxesi fəlsəfəyə,
filosoflar ədəbiyyata aid hesab edirlər. Fiziki görmək
qabiliyyəti məhdudlaşan Borxes açılan bəsirət
gözünün dahiyanə ədəbi ifadə keyfiyyəti
ilə ədəbiyyatla fəlsəfənin ortaq ali məqamını
(mərtəbəsini) yaradıb...
Borxesin digər qısa hekayəsi - "Babildə
lotereya"da insan təbiəti, sosial strukturlar, lotereya və
ilahi nizam kimi mövzular işlənib. "Babil kitabxanası"ndan
fərqli olaraq bu hekayə daha sadə və aydın dillə
yazılıb, lakin burada da dərin mənalar bəsit
görünən qatların altında gizlədilib.
"Babildə lotereya" insanın sərbəst qərar
vermə və determinizm mövzularını dərindən
araşdırır. Determinizmə görə, insanın
seçimləri və qərarları müəyyən səbəblərə
və şərtlərə əsaslanır, buna görə də
tam azad iradə mövcud olmur. Babildəki lotereya
(püşkatma) psixoloji baxımdan mühüm məcazdır.
Bu, hər bir fərdin həyatını təsadüflərə
bağlayan və çox vaxt anlaşılmaz şəkildə
müəyyən edən vasitə kimi təqdim olunur.
"Babil lotereyası"nda insanın nəzarətində
olmayan ali gücün onun həyatına təsiri sezilir. Burada
püşk həm də qorxu, təsadüfilik və fəth
kimi psixoloji elementlərin təmsilçisidir. İnsanlar bu
sistemə qarşı heç bir şey edə bilmirlər və
lotereya onların həyatını idarə edir. Borxes təsadüflərin
və determinist dünyanın təbiətini göstərən
psixoloji yanaşmanı növbəti mükəmməl ədəbi
mətn kimi oxucuya çatdırır. İnsanlar öz talelərini
birbaşa idarə edə bilmirlər; lotereya şəxsi iradəyə
qarşıdır... Babildəki lotereya sistemini təsvir edən
Borxes insanların həmin sistemdəki yeri və bu sistemin idarə
etdiyi həyat haqqında fəlsəfi suallar irəli
sürür. Müəllif hekayədə gözəgörünməz
bir nizamın və sosial strukturların insanın həyatını
necə tənzimlədiyini və
azadlığımızı məhdudlaşdırdığını
göstərir, sistemlərin boğuculuğuna tənqidi
nöqteyi-nəzərdən yanaşır. Bu hekayə oxucunun
öz həyatı ilə bağlı verdiyi qərarları
yenidən düşünməyə vadar edən möhtəşəm
ədəbi nümunədir. Borxesə xas özünəməxsus
yumor bu hekayədə də gülümsədir və
düşündürür: məsələn, lotereya bileti
oğurlayan bir qulun hansı şəkildə cəzalandırılmasına
görə babillilər arasında əməlli-başlı
iğtişaşlar olur... "Qulu daha ağır necə cəzalandırmaq
olar" məsələsində xalq az qala bir-birini didir...
Borxesin "babilliləri" ağıl tələb edən
işlərə meyllənmirlər. "Öz həyatlarını,
ümidlərini, vahiməli qorxularını təsadüflərin
hökmünə tapşırırlar, təsadüfün
dolaşıq qanunauyğunluqlarını araşdırmaq
heç ağıllarına da gəlmir..."
Borxesin ədəbiyyat tarixində xüsusi yer tutan hər
iki hekayəsində "Babil" simvolikasının işlənməsi
xüsusilə diqqətçəkən məqamdır.
"Babil kitabxanası" hekayəsində Babil sonsuzluq,
çoxversiyalılıq anlayışı ilə
bağlı təqdim olunur. Babil həm də qədim
sivilizasiyanın müdrikliyinin və kompleks mədəniyyətinin
göstəricisidir. Borxes üçün Babil insan tarixinin ən
qədim və mürəkkəb sivilizasiyalarından biri kimi
bilik, incəsənət və dinin gücünü
simvollaşdırır. Onun əsərlərində Babil
mövzusu təsadüfi seçilməyib, qədim
mifologiyalara istinadla təqdim edilir. Burada sanki Babil qülləsi
mifinə də göndərmə var. Babil qülləsi əfsanəsində
insanların Tanrıya yaxınlaşmaq və göylərə
çıxmaq məqsədilə böyük bir qüllə
tikməyə qərar vermələrindən söz
açılır. Tanrıların səltənətinə bənzəyəcək
bu qüllənin tikilməsində məqsəd "göylə
birləşmək"dir. Ancaq Tanrı insanların bu hədəflərinə
çatmalarına əngəl törədir və qüllənin
inşasına son qoyur. Borxesin "Babil kitabxanası"
müəyyən mənada kainatın bilgilərinə
çatmaq istəyən insanlarla Babil qülləsi inşa
etmək istəyən insanların yerlə kifayətlənməyib
göylə əlləşdiklərinə də müəyyən
işarələr vurur. Yaradanla ünsiyyət səylərini
lakin eyni zamanda anlaşılmazlıq və bölünmə
ilə üzləşməsini hekayədə işləyib.
Qeyri-ixtiyari, mediada rast gəldiyim bir məlumatı xatırladım:
müasir bir yapon şirkəti yaxın vaxtlarda kosmosa lift layihəsini
həyata keçirməyi düşünür...
Babil həm də Borxesin yaradıcılıq
konsepsiyalarında reallıqla xəyali dünya, sehrlə
gerçəklik, yerlə göyün arasındakı əlaqələndirməni
ifadə edir. Fikrimcə, Babil anlayışı ilə
yazıçı insanın reallıq
qavrayışını mümkün olduğu qədər dəyişdirmək
məqsədi güdür. Borxesin Babil simvolikası insanın
mövcudluq, mənəviyyat və həqiqət haqqında
metafizik axtarışlarını da ehtiva edir. Babil həm Ali
Həqiqətin, həm də onun əlçatmazlığının
təmsilidir. Borxesin əsərlərində vaz keçə
bilmədiyi və tez-tez istifadə etdiyi paradoksların daha bir
ifadəsi...
Mistik Babil həm də tarixən böyük bir mədəniyyətin,
möhtəşəm sivilizasiyanın yüksəlişini və
dekadansının (mənəvi tənəzzül/əxlaqi
çöküş) təmsilidir. Babil simvolikası eyni
zamanda insan tarixinin zamanla dəyişən müvəqqəti
təbiətinin rəmzi kimi önə çıxır.
Borxesdəki Babil simvolikası həm möhtəşəmliyi,
həm də çöküşü xatırladaraq
bugünkü "hər şey"in sabah "heç nə"
ola biləcəyinə işarə edərək
yaradılığın sonsuzluğu və əbədiliyi
fonunda insanın bilgi, təkəbbür və neqativ eqosunun da
miskin mahiyyətini, mənasızlığını
xatırladır... Bəşəriyyətin hazırkı
halına uyğun bu simvolika insanların təbiəti
tapdalayıb kainata hökm eləmək istəyini, mifik Babil
qülləsi qurub az qala Yaradanın özü ilə cəng-cidala
qalxmağa çalışanların qaçılmaz sonunu
göstərmək üçün yazılıb.
Beləliklə, Borxes
yaradıcılığındakı Babil simvolikası həm
yaradılışın sonsuzluğunun, həm də
insanın bu sonsuzluğa çatmaq uğrunda
apardığı ümidsiz, mənasız mübarizənin rəmzi
olaraq zaman və məkanın ötəsindəki mürəkkəb
ali həqiqətə yetişməyin əlçatmazlığının
təsdiqidir.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet .- 2025.- 25 yanvar(№14).- S.17.