Əmək qəhrəmanı Tərlan Musayeva
haqqında kitab təqdim edilib
Yanvarın 22-də Gəncliyə
Yardım Fondunda əmək qəhrəmanı, Prezident təqaüdçüsü
Tərlan Musayevanın 70 illik yubileyi münasibətilə
"Ulu Öndərin "canlı əsəri" Tərlan"
kitabının təqdimatı keçirilib.
Mirvarid Dilbazi Poeziya Məclisi
İctimai Birliyinin təşəbbüsü ilə
işıq üzü görən kitabda Tərlan
Musayevanın ömür yolundan, ictimai fəaliyyətindən
bəhs edilir.
Tədbirdə kitabın müəllifi, ədəbi təhlilçi,
yazıçı Vaqif Osmanlı, redaktoru, Mirvarid Dilbazi Poeziya
Məclisi İctimai Birliyinin rəhbəri Güllü Eldar
Tomarlı, Milli Məclisin deputatı Razi Nurullayev, şəhid
anası Sevil Hüseynova, Əməkdar Mədəniyyət
işçisi Çimnaz Əliyeva, Vətən müharibəsi
qazisi, şair Rafael Tağızadə, şəhid
bacısı, şair Lalə İsmayıl və
başqaları çıxış edərək əmək
fəaliyyətinə görə “Qırmızı Əmək
Bayrağı”, “Xalqlar Dostluğu” ordenləri ilə təltif
olunmuş, şəninə mahnılar, poemalar, şeirlər,
sənədli əsərlər yazılan tanınmış
mexanizator, pambıq ustasını 70 illik yubileyi münasibətilə
təbrik ediblər.
Çıxış edənlər bildiriblər ki, Tərlan
Musayeva kimi əmək qəhrəmanlarını nəinki
bugünkü, həm də gələcək nəsillər
tanımalıdır. O, hələ lap gənc
yaşlarından çalışdığı sahədə
fədakarlığı ilə seçilib. 17 yaşında
orta məktəbi əla qiymətlərlə bitirib ali təhsil
arxasınca getmək əvəzinə, peşə məktəbini
seçməklə ailəsini, müəllimlərini, həm
də məktəb yoldaşlarını təəccübləndirib.
18 yaşında pambıq tarlasında "dəmir
at"ın sükanı arxasına keçəndə, 21
yaşında 10 il dalbadal Sevil Qazıyeva adına
mükafatın, həmçinin Paşa Angelina, Tursunoy Axunova
mükafatlarının qalibi olanda da çoxları heyrətlənib.
23 yaşında SSRİ Ali Sovetində deputat kimi Azərbaycanın
9 rayonunu təmsil edən ən gənc deputat kimi
hamının diqqətini özünə cəlb etməyi
bacarıb. Keçən yüzilliyin 70-80-ci illərində
orta məktəb şagirdləri əmək mövzusunda
inşa yazanda çoxları Tərlan Musayevanı
özünün idealı, qəhrəmanı, kumiri hesab
edirdi.
Qeyd edilib ki, "Ulu Öndərin "canlı əsəri"
Tərlan" kitabının yazılmasının məqsəd
və məramı əsəri oxuyandan sonra oxuculara aydın
olacaq. Kitabla tanış olanlar bir daha əmin olacaqlar ki,
müəllifin gördüyü iş, sadəcə, indiki
zamana yox, daha uzaq zamanlara hesablanıb. Tərlan Musayeva vətənimizdə
tanınan, üzdə olan, əməyindən,
uğurlarından, mənəvi məziyyətlərindən həddən
artıq çox yazılan, danışılan məşhur
Azərbaycan xanımıdır. Müəllif onun ilk
baxışda görünməyən, necə deyərlər,
kölgədə qalan, az işıqlandırılan cəhətlərini
axtarıb tapmağa, onun haqqında yazılan ədəbiyyat
nümunələrini, rəngarəng mövzulardakı
saysız-hesabsız müsahibələrini, cəsarətli
çıxışlarını bir toplu kimi
düzüb-sıralayıb kitaba
sığışdırmağa çalışıb.
Öz qəhrəmanını onu tanımayanlara daha
yaxşı tanıtmağa çalışıb. Kitab Tərlan
xanımın 70 illik zəngin və mənalı ömrünə
müəllifin özünəməxsus prizmadan
baxışıdır.
Kitabda Azərbaycanın ən yaxın tarixinin – ötən
əsrin 70-80-ci illərindən çağdaş günlərimizə
qədərki dövrünün ictimai-siyasi mənzərəsinə,
sadə bir zəhmət adamının şəxsiyyətinə,
mənəvi dünyasına, eləcə də Vətən və
torpaq sevgisinə Tərlan xanımın ömür və əmək
yolunu vərəqləməklə işıq salınır.
Təqdimat mərasimində Tərlan Musayeva onun
haqqında yazılmış kitabın ərsəyə gəlməsində
əməyi olan hər kəsə təşəkkürünü
bildirib, tədbirin təşkilatçılarına və
iştirakçılarına minnətdarlıq edib.
O, özünün keçdiyi zəhmət yoluna
qısa nəzər salaraq deyib ki, Ulu Öndər Heydər
Əliyev onun qazandığı uğurlara hər zaman
xüsusi diqqət və qayğı göstərib və
böyük qədirbilənliklə yanaşıb.
Qazandığı bütün uğurlara görə
özünü Ümummilli Lider Heydər Əliyevə borclu
bildiyini xüsusi olaraq vurğulayıb.
Yubilyar gəncləri zəhmətdən qorxmamağa,
daim əməksevər olmağa səsləyib, çəkilən
zəhmətin mütləq öz bəhrəsini verəcəyinə
əminliyini ifadə edib.
Təqdimat mərasiminin yekununda kitab müəllifin
imzası ilə iştirakçılara təqdim olunub.
525-ci qəzet .- 2025.- 25 yanvar(№14).- S.16.