Dibsiz və üfüqsüz
qaranlığın rəqsi
Amerikanın yeni seçilmiş prezidentinin
miqrantların ölkədən çıxarılması qərarı
dünyada bu günə qədər baş vermiş ən
böyük antimiqrant aksiyası sayıla bilər. Bu xəbəri
eşidəndə Amerika və onun "çəhrayi
yuxuları" haqqında oxuduğum kitablar, izlədiyim filmlər
yadıma düşdü. Yeni dünyanın mərkəzi, mədəniyyətlərin
və ideologiyaların kəsişdiyi ölkə, keçən
əsrin "xəyallar aləmi". Dünyanın demokratiya
carçısı, liberal bayraqların
dalğalandığı möcüzəvi qitə... Bunlar, əlbəttə,
bizə göstərilənlərdir. Həqiqət isə odur
ki, Amerika mədəniyyətlərin, altmədəniyyətin,
ideologiyaların nəhəng zibilliyidir. Orada
yaşamağın nə qədər çətin
olduğunu bir vaxtlar Amerikaya, sözün bütün mənalarında,
uça-uça getmişlərdən öyrəndim. Sosial vəziyyət
və ya iqtisadi çətinlik deyil qəsd etdikləri.
Bayağılıq, radikallıq, fərqli görünmək
üçün bütün dəyərlərin
tapdalanması və sair. Niyəsə mənə həmişə
elə gəlib ki, bir kəs əgər haradansa baş
götürüb harasa qaçmaq istəyərsə, bu ya
Avropa ölkələrindən, ya da Uzaq Şərq ölkələrindən
biri olmalıdır. Mədəniyyət və xarakter olaraq bu
iki coğrafiya bir-birini həmişə tanıyıb. Amerika
isə plastik, "fəstfud" mədəniyyətin
ocağıdır. Tənqidçilər deyirlər ki,
dünyanın mərkəzi artıq Paris deyil, Nyu-Yorkdur. Bəlkə
də belədir, amma mən bununla razılaşa bilmirəm.
Keçək əsas mövzumuza.
Yuxarıdakılar haqqında düşünəndə
Lars von Trierin "Qaranlıqda rəqs" filmini
xatırladım. Təkrar izlədim. Və film
dünyasının bu dəcəl adamının kameraya necə
möhtəşəm istedadla hökmranlıq etdiyinin yenidən
fərqinə vardım. Trier həyatın gerçəkliklərini
bəzəmədən, ümid vermədən yaş əski
kimi izləyicinin üzünə çırpır. Təxminən,
belə: "Dünya duracaq yer deyil, ey can, səfər eylə!"
Filmin tən yarısında haradasa bir işıq
görünür, elə bilirsən, hər şey
yaxşı olacaq, amma rejissor bütün inadı ilə sənə
öyrədir ki, yox, bu, həyatdır və bunu da görməlisiniz.
Trier filmin həyata alternativ həqiqətlər vəd edəcəyinə
inanmır. Və bu inanmazlığını sinefillərə
- kino vurğunlarına da diktə edir. Gələk filmə.
Lars von Trierin "Qaranlıqda rəqs" ("Dancer
in the Dark", 2000) filmi insanın həyatını və
dünyadakı mövcudluğunu həm ağrılı, həm
də poetik bir şəkildə göstərən ekran
işidir. Film Trierin unikal rejissor üslubunu yansıdır və
musiqi ilə dramdan sənət əsərinin necə
yoğrulduğunu göstərir. Musiqilər və teatr səhnəsi
kimi qurulmuş xəyalat hissələr obrazın psixoloji aləmi
ilə real dünya arasındakı körpünü inşa
edir. Bu musiqili tamaşalar heç vaxt axıra qədər
oynanılmır. Baş qəhrəman Selma Yezekin (Byörk)
musiqiyə və teatra olan marağı onu həmişə xəyallar
aləmində gəzdirir. Hansı situasiyada olmağından
asılı olmayaraq Selma həmişə rəqs etməyi
arzulayır. Gözləri görmür. Oğlu da eyni xəstəlikdən
əziyyət çəkir. Amma o, əməliyyatla sağala
bilər. Selma fabrikada ağır şərtlər altında
işləyərək oğlunun əməliyyatı
üçün pul yığır. Lakin hər şey onun
istədiyi kimi davam etmir. Trier fabrik və məhkəmə səhnələrində
Amerikanın əsl üzünü açır. Selma köhnə
Çexoslovakiyadan qaçmış miqrantdır. O, Amerikaya fərqli
arzularla gəlsə də, buranın gəldiyi yerlərdən
daha pis olduğunun fərqinə varır. Bu fərqindəliyi
film boyu ondan yox, digər obrazlardan eşidirik. Selma
işçidir. Selma kordur. Selma qadındır. "1929
Böhranı"ndan sonra Amerika və Avropanın dünya
iqtisadiyyatına sırıdığı industriya və bənzər
anlayışları dəstəkləyən nə varsa,
Selmanın prototipində cəmlənib. Qadın haqları,
işçilərin sağlamlığı və təhlükəsizliyi,
iş yerində insan qaynaqları və sair. Amma reallıq
budur ki, Selma kapitalizmin iti dişli çarxları və
canavar xislətli insanları arasında məhv olur.
Lars von Trier "Qaranlıqda rəqs"də ənənəvi
janrın sərhədlərini aşaraq onu dramatik və
emosional bir aləmə çevirib. Björk filmdəki baş
rolunda yalnız öz rolunu deyil, həm də fondakı
melodiyalar ilə Selmanın emosional vəziyyətini çox
güclü bir şəkildə ifadə edir. Musiqi çox
sadə və təkrarlanan olsa da, hər melodiyanın
arxasında böyük bir hiss yükü var. Bu sadəlik
Selmanın içindəki dünyanı yansıdır, hətta
bir çox hallarda onun içində yaşadığı
acıları təzələyir. Trier filmi həm də hər
hansı bir müasir dram kimi çox mürəkkəb şəkildə
qurur. Filmin qaranlıq və qorxulu atmosferi, təsadüfi
kadrları və sarsıdıcı gerçəkliyi ilə
izləyicini yalnız Selmanın dünyasına daxil etməklə
kifayətlənmir, həm də insan təbiətinin ən
ağır tərəflərini ifşa edir.
Trier filmdə təkcə industriyanı, fabrikləri,
siyasəti, toplumu insana düşmən göstərmir. O həm
də məşhur "insan insanın canavarıdır"
hökmünə də sadiq qalır və ssenariyə
"İuda gülüşü"nü əlavə edir.
Selmanın kirayə qaldığı evin sahibi onunla
yaxşı rəftar etsə də, dostlaşsa da, sonda
uşağının əməliyyatı üçün
yığdığı pulu oğurlayır, Selmaya şər-böhtan
atır və içindəki şeytanı üzə
çıxarır. Sonra isə Selmanın əli ilə
özünü öldürür. Beləcə bütün
ümidlər solur. Hər şey sona çatır. Edam
hökmü. Amma bir xilas var. Uşağın həkimi ilə
danışıb hər şeyi çözmək olar. Trier
bu nikbin gedişin də önünə bir lağım
atır. Uşaq anasının başına gələnləri
bilsə, stresdən həmişəlik kor qalma ehtimalı var,
yəni əməliyyat da ona kömək edə bilməyəcək.
Və Selma qərarını verir.
Son dəfə məhkəmədəkilərlə bərabər,
öz xəyalında, öz dünyasında rəqs edir, mahnı
oxuyur. Edam ipindən sallananda da nəğməsini oxuyur, amma
yenə də sona qədər eşitmirik o nəğməni.
O rəqsi sona qədər izləyə bilmirik. Trier bu mənada
çox qəddardır. İnsan heçmi yaxşı
şeylərə ümid etməz?
Bilmirəm bu sitatın yeri buradırmı, amma filmin
özündən də məşhur olan və filmi
bütünlüklə izah edən həmin replikanı bura
yazmaq istəyirəm:
"- Niyə gözlərin bağlı yeriyirsən?
- Bütün yolları əzbərləmişəm...
- Amma yıxıla bilərsən...
- Bütün yıxılmaqları da əzbərləmişəm".
Byörk bu filmdəki oyununa görə Kann Film
Festivalının "Ən yaxşı aktrisa"
mükafatını qazanıb. Trier isə festivalın
xüsusi mükafatını. Operator işi o qədər
mükəmməldir ki, filmdəki hər tərpənişdə,
hər səliqəsiz keçiddə izləyici gərginliyi,
təlatümü hiss edə bilir.
Bu ağır, qaranlıq və kədərli bir filmi
xatırlaya-xatırlaya mən sabah-birigün Amerikadan
deportasiya ediləcək yüz mindən artıq insanı
düşünürəm. Onlar üçün bu qərar
xilas yoludur, bəlkə də, bilmirəm. İndi dərk
etdiyim tək şey var: İnsan həyatı yaşamağa məhkumdur.
Rəvan CAVİD
525-ci qəzet .- 2025.- 25 yanvar(№14).- S.16.