Kədərin "fövqündəki"
cəmiyyət
Bu gün cəmiyyətimizə hər nəzər
salanda, xüsusən, sosial şəbəkələrdə
"gəzişəndə" tanınmış həkim-oftalmoloq,
şair, professor Paşa Qəlbinurun illər öncə
öz müsahibəsində söylədiyi bir fikir yadıma
düşür: "Əslində, kədərin zirvəsi
qara yox, qırmızı rəng, ağlamaq yox, gülməkdir.
Məsələn, bir insan öz doğmasını itiribsə,
ağlayırsa, bu, kədərin son həddi deyil, zirvəyə
gedən yoldur, ancaq qəhqəhə çəkib
gülürsə, kədərin son nöqtəsidir.
"İblis" əsərində bir ifadə var:
"Ağlamaq istər ikən həp gülərəm" -
kədərin zirvəsi budur. Ya da gənc insan rəhmətə
gedəndə üstünə qırmızı rəngli
parça salırlar. Bu zaman qırmızı rəng kədərin
son həddini ifadə edir".
Çox uzağa getməyib (ki, əgər getsək,
orada da bənzər mənzərəni görəcəyik), ən
yaxın keçmişimizə nəzər salsaq, cəmiyyətimizin
saysız-hesabsız kədərə, ağrı-acıya məruz
qaldığını, çətin sınaqlardan
keçdiyini görərik. 5-6 il öncə dünyanı cənginə
alan COVİD-19 pandemiyası cavanlı-qocalı neçə-neçə
canları özü ilə apardı. O pandemiyadan sağ
qurtulmağı bacaranlar isə həmin dönəmdə
keçirdikləri stressin, təlaşın, qorxunun,
ağır həyat tərzinin nəticəsində gözlənilmədən,
qəfil ölümlərlə getdilər aramızdan, getməyə
də davam edirlər.
COVİD bəlası ilə
çarpışdığımız dövrdə
xalqımız başqa bir imtahanla - müharibə ilə
sınandı. Bu müharibə illərin qalaqlanmış həsrətinin,
kədərinin, gözləntisinin, həyəcanının
bir göz qırpımında üzə
çıxdığı, insanların qəlbində
duyğular fırtınasının qopduğu bir dönəm
idi. Bircə anın içərisində sevinc kədərə,
göz yaşı gülüşə, ümid qorxuya, həyəcan
təlaşa qarışdı. Düz 44 gün
xalqımız bütün bu duyğular
fırtınasının tən ortasında qaldı. Hər
gün torpaqlarımızın azadlıq xəbərinin
yaşatdığı sevinclə bərabər, bu
azadlığı bizə bəxş edən
oğullarımızın şəhadəti ilə qəhr
olduq.
Bütün bunların üzərindən heç də
çox zaman keçməyib və əlbəttə, bu qədər
yaralar almış bir cəmiyyətin bircə anda, ya da
çox qısa zamanda sağalmasını gözləmək
absurddur.
Ona görədir ki, bu gün cəmiyyətimizin bəzən
hadisələr qarşısındakı reaksiyası kənardan
baxan adam üçün çox qəribə, normallıqdan
uzaq təsiri bağışlayır. Hər acıya, hər
ağrıya gülməyi bacaran, insanların kədəri ilə
zarafat edən, yaşanan faciələri belə lağa qoya
bilən, başına gətirilən hər ciddi problemi qəhqəhə
ilə qarşılayan bir cəmiyyət necə normal ola bilər
ki? Ölümə gülən, ona heç bir zərəri dəyməyən
insanların faciəsinə sevinən cəmiyyət, sizcə
də, qəribə deyilmi?
Bu günlərdə 43 yaşında bir aktrisa səssiz-səmirsiz,
qəfil dünyasını dəyişdi. Özü də xərçəng
kimi günümüzün bəlası olan çox
ağır bir xəstəlikdən. Sən demə, aktrisa
xeyli vaxtdan bəri bu bəla ilə
çarpışırmış təkbaşına, səssizcə,
heç kimsəni narahat etmədən. Elə bunun özü
başlı-başına bir insan faciəsi, bir qadının
gücünün, vüqarının, qürurunun göstəricisi
deyilmi?!
365 (366) günün içərisində doğulmaq
üçün də, ölmək üçün də eyni
günü seçmək, bu dünyada var olduğun,
bütün ömrün boyunca gözlədiyin, şərəfinə
məclislər keçirdiyin, ətrafındakı
insanların təbriklərini qəbul etdiyin gündə həm
də yoxluğa çevrilmək, hər il kimlərsə tərəfindən
"uzun ömür, cansağlığı" arzusunu qəbul
etdiyin gündə xəstəlikdən qısacıq
ömrünün yarıda qırılması nə qəribə
tale yazısıdır, İlahi!
Ölümündən sonra yaşadığın evdəki
səssizlik, kimsəsizlik, dərin, amansız sükut, arxanca
tökülməyən göz yaşları bir qadının
43 illik tənhalığının növbəti
ağrılı səhifələri deyilmi?!
Hələ ömrünün baharında bir gəncin
bircə anda anasız qalması, necə, heç zarafat obyekti
ola bilərmi?
Bəli, əslində, hər ölüm kimi bu
ölüm də sayğıya, kədərə, bircə
"Allah rəhmət eləsin" sözünə, ya da ən
azından sükuta layiq idi. Bəlkə də bəzi
ölümlərdən daha çox...
Amma son zamanlarda zarafata, lağlağıya ifrat aludəçi
cəmiyyətimiz bu ölümlə də məzələnməyə
arqument tapdı. Sırf məşhur olmadığı
üçün evində, ailəsində, dörd divar
arasındakı günahlarına, hətta
mundarlıqlarına kor olanlar aktrisanın ekranlara yansıyan həyat
tərzini, müəyyən foto və videolarını səbəb
kimi gətirərək bir gənc ömrün bu cür faciəvi
bitişinə sevindilər. Öz həyatı xəyanətlər,
yalanlar, böhtanlar içərisində itib-batanlar bircə
anda namus keşikçisinə, əxlaq mücəssəməsinə
çevrildilər. Aktrisanın sağlığında şəkillərinə,
paylaşımlarına bəh-bəhlə şərh bildirənlər,
baxdıqca "ağzının suyu axanlar", videolarına
baxmaq üçün müəyyən məbləğ
ödəməkdən çəkinməyənlər, hər
vəchdə o və onun kimi qadınlarla bircə saatlıq
görüş üçün "ilan dili"
çıxaranlar bu gün onun ölümünə
"çırtıq çalırlar".
Yenə Paşa Qəlbinurun sözləri
düşür yadıma: "...Kədərin zirvəsi qara
yox, qırmızı rəng, ağlamaq yox, gülməkdir".
Öz kədərində boğulan, ard-arda travmalara məruz
qalan cəmiyyət artıq nəyə gülüb, nəyə
kədərlənəcəyini, nəyə
danışıb, nəyə susacağını belə
qarışdırıb. Sevinci, xoşbəxtliyi
başqasının ölümündə tapan cəmiyyət
mənəviyyatı xəstə bədbəxtdən başqa
bir şey deyil.
Allah insaf və şəfa versin!
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 25 yanvar(№14).- S.15.