Əməkdar
rəssam Ülviyyə Həmzəyevanın qrafika sərgisi
açılıb
Yanvarın 22-də Azərbaycan Milli İncəsənət
Muzeyində Əməkdar rəssam, Naxçıvan Rəssamlar
Birliyinin sədri, millət vəkili Ülviyyə Həmzəyevanın
“Çağırış – zaman və məkan
boşluğunda itmiş simvollar” adlı qrafika sərgisi
açılıb. Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin
birgə təşkilatçılığı ilə
keçirilən sərginin açılışında
tanınmış mədəniyyət
və elm xadimləri, millət vəkilləri, digər
qonaqlar iştirak ediblər.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin
və 44 günlük Vətən müharibəsində
canlarını qurban vermiş şəhidlərin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə çıxış edən Azərbaycan
Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova,
Xalq rəssamı Səlhab Məmmədov, Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Bahar Muradova, millət vəkilləri Hicran Hüseynova, Elnarə
Akimova rəssam Ülviyyə Həmzəyevanın müasir
Azərbaycan təsviri sənətində seçilən
yaradıcılığa malik olduğunu, dərin məna, məzmun
yükünə sahib əsərlərinin minilliklər ərzində
formalaşmış zəngin sənət ənənələrimizdən
güc aldığını vurğulayıblar.
Sonda Əməkdar rəssam Ülviyyə Həmzəyeva
yaradıcılığına verilən dəyərə
görə çıxış edənlərə və sərginin
təşkilinə görə Azərbaycan Milli İncəsənət
Muzeyinə təşəkkürünü bildirib.
Daha sonra tədbir iştirakçıları sərgi
ilə tanış olublar.
Sərgilənən 50-dən çox qrafika nümunəsinin
fəlsəfi mahiyyəti müəllifin dünyaya göz
açdığı, boya-başa çatdığı qədim
Naxçıvan elinin ruhu ilə səsləşir. 44
günlük Vətən müharibəsindəki şanlı
Qələbə, Qərbi Azərbaycanın tarixi-mədəni
irsi, COVİD-19 pandemiyası, yuxu və gerçəkliyin bir
arada, fasiləsiz vizual axın kimi təsviri bu əsərlərin
aparıcı mövzularıdır.
Sərgi 28 fevral tarixinədək ziyarət
üçün açıq olacaq.
525-ci qəzet .- 2025.- 25 yanvar(¹14).- S.14.