Bəstəkarlar
İttifaqının XI qurultayı keçirilib
Firəngiz Əlizadə
yenidən sədr seçilib
Yanvarın 24-də Azərbaycan Bəstəkarlar
İttifaqının (ABİ) XI qurultayı keçirilib. Bəstəkarlar
İttifaqının Üzeyir Hacıbəyli adına konsert
salonunda gerçəkləşən tədbirdə mədəniyyət
naziri Adil Kərimli, ABİ-nin İdarə Heyəti,
tanınmış mədəniyyət xadimləri iştirak
ediblər.
Nazirlikdən bildirilib ki, qurultayda qurumun sədri, Xalq
artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz
Əlizadənin hesabat məruzəsi dinlənilib.
Firəngiz Əlizadə Azərbaycan bəstəkarlarının
son illərdə qazandığı uğurlardan, ittifaq tərəfindən
həyata keçirilən layihələrdən, gənc
musiqiçilərə göstərilən dövlət
qayğısından danışıb. Bildirib ki,
2019-2024-cü illəri əhatə edən hesabat
dövründə bəstəkar və musiqişünaslar
öz yaradıcılıqları ilə Azərbaycan musiqi mədəniyyətini
inkişafına töhfə veriblər.
Mərasimdə çıxış edən mədəniyyət
naziri Adil Kərimli Azərbaycan musiqi sənətinin qədim
tarixə və zəngin ənənələrə malik
olduğunu bildirib. Qeyd edib ki, mədəniyyətimizin himayədarı
olmuş Ümummilli Lider Heydər Əliyev ölkəmizə
rəhbərliyinin hər iki dövründə ölkəmizdə
musiqi sənətinin inkişafını diqqətdə
saxlayıb, onun bir sıra bəstəkarlarımızla dostluq
münasibətləri olub. Ulu Öndər bəstəkarlarımıza
qayğı ilə yanaşıb, onların
yaradıcılığının təbliğinə daim dəstək
verib.
Prezident İlham Əliyev və Birinci vitse-prezident,
Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım
Əliyevanın Azərbaycan mədəniyyətinin
inkişafına göstərdiyi qayğıdan danışan
Adil Kərimli deyib ki, ölkəmizdə ayrı-ayrı sənətkarlarla
yanaşı, Azərbaycan Bəstəkarlar
İttifaqının da fəaliyyətinə dəstək
verilir. Bu qayğının sayəsində klassik və
müasir bəstəkarlarımızın əsərləri
dünyanın məşhur səhnələrində səsləndirilir.
Nazir qeyd edib ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi
və şanlı Ordumuzun qəhrəmanlığı sayəsində
ölkəmizin ərazi bütövlüyü və
suverenliyi bərpa olunub. Tarixi Qələbəmiz digər
yaradıcılıq istiqamətləri ilə yanaşı,
musiqi əsərlərində də yaşadılmalı, Vətən
övladlarının misilsiz qəhrəmanlığı
musiqinin dili ilə vəsf olunmalıdır.
Adil Kərimli çıxışının sonunda
ABİ-yə fəaliyyətində uğurlar arzulayıb.
Digər çıxışlardan sonra ABİ-nin rəhbər
orqanlarına seçkilər keçirilib. Açıq səsvermə
ilə Xalq artisti, professor Firəngiz Əlizadə yekdilliklə
yenidən Bəstəkarlar İttifaqının sədri
seçilib.
Qurultayda, eyni zamanda, ittifaqın İdarə Heyəti
və Nəzarət-təftiş komissiyasının tərkibi
də müəyyənləşib.
525-ci qəzet .- 2025.- 25 yanvar(№14).- S.14.