"İndi bir çox seriallar bir dəfə
baxılmaq üçün çəkilir"
ƏMƏKDAR ARTİST QURBAN MƏSİMOV:
"TAMAŞAÇI SEVDİYİ AKTYORLA ÇOX YAXIN OLANDA
BƏZƏN TƏƏSSÜRATLARI DAĞILIR"
Aktyor, rejissor, Əməkdar artist Qurban Məsimov
1994-cü ildən Xalq artisti Bəxtiyar Xanızadənin rəhbərlik
etdiyi "Dəli yığıncağı" pantomim
teatr-studiyasında fəaliyyət göstərib.
"Aramızda qalsın", "Oğlan evi", "Ac həriflər",
"Nigarançılıq", "Nekroloq" kimi 20-dən
çox film və serialda rol alan aktyor "Nəm-nəm",
"Gülməşəkər" kimi verilişlərin
aparıcısı olub, 20-dən çox tamaşaya
quruluş verib, "Kimdir müqəssir?", "Şəngül,
Şüngül, Məngül", "Balaca şahzadə",
"İnsan", "Kölgə" kimi tamaşalarda
oynayıb.
Əməkdar artist Qurban Məsimovla müsahibəni təqdim
edirik.
- Necəsiniz, Qurban bəy?
- Qaymaq kimi (Gülür).
- Gəlin söhbətimizə lap əvvəldən,
klounada fəaliyyətinizdən başlayaq. Hansı ki, bir
vaxtların məşhur kloun "Appası" olmusunuz. Bu sahədən
niyə uzaqlaşdınız?
- Uzaqlaşmamışam. Ehtiyac olanda və
marağım varsa, yenə də fəaliyyətimə davam
edirəm. Klounada əyləndirmə üslubudur. Amma mən
daha çox düşündürən klounada tərəfdarıyam.
Ona görə də klounu səhnədə görmək mənim
üçün daha maraqlıdır. Qismət elə gətirib
ki, kloun kimi xarici ölkələrdə - Bolqarıstanda,
Finlandiyada, Hindistanda, Yunanıstanda da səhnəyə
çıxmışam. Hətta ssenaridən kənar
"CırtdanŞou"da da çıxış etmişəm.
İmprovizə ilə 74 mindən çox
tamaşaçı qarşısına
çıxmışam. Bu özü cəsarət tələb
edən bir şeydir. Amma mən belə cəsarətli
addımlar atmağı xoşlayıram. Üzə bilirsənsə,
o dəniz, o okean - get, üz, nəyi pisdir ki?
- Bu gün gənclər arasında bu sahəyə
maraq varmı?
- İndiki gənclərin əksəriyyəti bu sahəni
biz bildiyimiz dərinlikdə bilmirlər. Onların çoxu
kloun kimi restoranda, ad günlərində cüzi proqramla nəsə
göstərməyə çalışırlar. Təəssüf
ki, onlara baxanda insanı ilk cəlb edən göstərdikləri
şou yox, üstlərindəki böyük ciblər olur
(Gülür). Onları da başa düşmək olar.
Avropada elə insanlar var ki, şar satır, amma geyimi klounada
geyimidir. Elə klounların adı da olmur. Sadəcə
marketinqlə bağlı bunu edirlər. Elə
satıcılar var ki, kloun libası geyindikdə bazarı
yaxşı işləyir. Əslində, onları bu sənətin
nümayəndəsi saymaq da doğru deyil. Onlar sadəcə
kloun geyimli satıcılardır.
- Pantomima Teatrının ən məşhur
simalarından birisiniz. Azərbaycan səhnəsinə klounada
janrını gətirən siz - "Appa", Elman Rəfiyev
- "Ninni" və Pərviz Məmmədrzayev -
"Zır-zır" izləyicilər tərəfindən
maraqla qarşılandı. Bu üçlü yenidən bir
yerə gəlməyi düşünürmü?
- İnanmıram. Bir ara təklif elədim, amma
alınmadı. Belə deyim, bu fikir bir dalğa kimi gəlir, təklif
edirik, sonra hər kəs öz qayığına
qayıdır, öz işinə başı
qarışır. Sonra yenə bir yerə yığılanda
ortaya təklif atırıq, ayrılanda yenə unuduruq gedir.
Əgər kimsə kənardan dəvət eləsə ki, bu
üç nəfər gəlib hansısa bir layihədə
iştirak eləsin, düşünürəm ki, onların
ikisi məmnuniyyətlə gələcək. Çünki mən
rejissor olduğum halda Pərviz və Elman aktyordur. Aktyor həmişə
gözləyir ki, kimsə onu dəvət eləsin. Ona görə
yeni bir layihə olsa və dəvət alsalar, o ikisi dərhal
gələcək. Təbii ki, onlar gəlsələr, mən
də orada olacağam.
- Vaxtilə tamaşaçıların maraqla izlədiyi
"Aramızda qalsın" serialında Mehman obrazı ilə
çox tanındınız. Ümumiyyətlə, serial
böyük səs-küyə səbəb oldu. Hətta layihə
Türkiyənin "Çocuklar duymasın" serialı ilə
oxşarlıq təşkil etdiyinə görə Birol Güvən
tərəfindən məhkəməyə qədər gedib
çıxdı. Həmin məsələ nə yerdə
qaldı?
- Məhkəmə məsələsi
bütövlükdə yalan məlumat idi. Bunu ilk dəfə
burada etiraf edəcəyəm. Türkiyəli əməkdaşlar
gəldilər, oturduq, danışdıq, hamı
dostlaşdı. Dedilər, biz sizi davamlı olaraq izləyirik.
Onsuz da bu işə başlayanda bilirdik ki, həmin layihənin
Azərbaycan modelidir. Türklərdə olan model isə
Fransanın, Kanadanın ayrı-ayrı seriallarının
modeli idi. Kimsə kimdənsə götürür,
özününküləşdirir. Ümumiyyətlə,
standart ailə əhvalatı deyəndə dünyanın hər
ölkəsində tək bir ideya yaranır - ata-ana,
bacı-qardaş, nənə-babadan ibarət bir hekayə. Bu
model hər yerdə var. Türkiyəli rejissor bizimlə
danışanda dedi ki, velosipedi yenidən kəşf etmək
istəmirik. Bu model onsuz da var idi və başlanğıcda
çəkilişin düzgün başlanması
üçün birə-bir eyni olmalı idi. Artıq 8-ci
bölümdən "Aramızda qalsın" serialında
Azərbaycanlaşma başladı. Düzünə qalsa, onlar
Mehman obrazını kobud görməyi
düşünmüşdülər. Mən obrazı
oynaya-oynaya heç kim bilmədən gizlincə müdaxilələr
etdim. Çünki oynadığım obraz azərbaycanlı
ailə başçısı idi, azərbaycanlı atası
idi və o, bu dərəcədə kobud ola bilməzdi. Ona
görə də öz aktyor və rejissor
bacarığımdan istifadə edib rolu tədricən camaata
sevdirməyə başladım.
- Rolunuza sərbəst şəkildə müdaxilə
etməyiniz rejissorla aranızda problem yaratmır ki?
- Bununla bağlı nə vaxtsa bir problem
yaşadığımı düşünmürəm. Hətta
bəzən ssenari xoşuma gəlmirdisə, çəkilişi
saxlayırdım. Elə olub ki, dörd dəfə mənə
verilən monoloqun üstündən xətt çəkmişəm.
Sonra özüm demişəm ki, kameranı işə
salın, özüm improvizə ilə monoloqumu deyəcəyəm.
- Bəs bu vəziyyəti ssenaristlər necə
qarşılayırdılar?
- Təbii ki, narahat olurdular. Amma mənim dəlillərim
var idi, sübutum var idi ki, bu belə ola bilməz. Elə olub,
mətni mənə veriblər ki, bu adamın rolunu səsləndirməlisən,
amma serialın reytinqi düşməsin deyə bunu etmirdim,
razı olmurdum. Çalışırdım ki, serial daha
geniş kütləyə çatsın, baxımlı olsun.
Hansısa bir işi hazırlayanda onun marketinq tərəfini də
düşünməlisən. Serial elə çəkilməlidir
ki, bundan sonra da pul qazana biləsən, hər hansı xarici
ölkəyə də sata biləsən. "Aramızda
qalsın"ın əcnəbi ölkələrə
satılmaq imkanı var idi. Çəkiliş vaxtı ora
müdaxilə olunan sponsorlara, gizli
və ya gözə girən reklamlara müdaxilə
edirdim. Deyirdim, kadrı bu qədər yükləməyin.
Sabah sən bu serialı Fransaya, İngiltərəyə
satanda arxadakı reklamın üstünü rəngləyəcəklər və
keyfiyyət azalacaq. Düşünürəm ki, elə indi də
seriallar yalnız Azərbaycan bazarı üçün
hesablanır. Serial bütövlükdə böyük maliyyə
tələb edir. Rejissor qrupu və prodüserlər
düşünməlidirlər ki, məhsulu əcnəbi
ölkəyə də sata bilsinlər. Buna görə də
digər ölkələrin serialları ciddi bədii filmə
bənzəyir. Onlar filmləri, serialları təkcə
öz ölkələri üçün yox, digər ölkələr
üçün də çəkirlər.
- Vaxtilə Kukla Teatrının baş rejissoru
olmusunuz. Teatrın digər rejissoru Saida Haqverdiyevadır.
Qadın rejissorlarla işləməyin hansı fərqli
yönləri var? Hansı ki, bir çox kişi rejissorlar
qadınlarla işləməkdən boyun
qaçırırlar.
- Orada bizi ayıran tək məqam mənim baş
rejissor, Saida xanımın isə quruluşcu rejissor olması
idi. Qadın rejissorlar teatra rəng verir, teatrda yalnız
kişi rejissorlar olanda artıq ora kişi məbədinə bənzəyir.
Qadınlar tamaşaya yumşaqlıq gətirir, baxış
bucaqları fərqli olur. Əgər truppada qadın, kişi,
gənc, yaşlı rejissorlar varsa, hər biri rəngarəng
çələngin bir hissəsi olur. Yaratdıqları
tamaşalar da rəngarəng olur. Hər teatrda heyət rəngarəng
olmalıdır.
- Bildiyimə görə, tanınmaqdan
qaçırsınız. Hətta tanınmamaq
üçün qara eynəkdən istifadə etdiyiniz də
olub.
- Onsuz neyləsək də, tanınırıq. Bu dəqiqə
küçəyə çıxsaq, on nəfərdən
yeddisi tanıyacaq. Çox tanınanda, məşhurlaşanda
insan öz sərbəstliyini itirir, rahat, azad ola bilmirsən,
daim özünü səhnədə hiss edirsən.
Çünki ətrafındakıların hamısı
tamaşaçılardır. Kafedə oturursansa, tamaşaçılar
çevrilib sənə baxır və hər jestini izləyirlər.
Sən də məcbursan, evdə yediyin kimi yox, daha çox
teatral, daha bədii, plastik, musiqili yeyəsən
(Gülür).Tamaşaçı sevdiyi aktyorla çox
yaxın olanda bəzən təəssüratları
dağılır, yanılır. Əksər hallarda biz
ekranda, səhnədə bir cür, real həyatda isə tamam
başqayıq. Bizim real xasiyyətimizi təkcə
yaxınlarımız bilir. Tamaşaçılar bunu bilmir və
heç vaxt da bilməyəcəklər.
- Bu günün istedadlı aktyorları əsasən
şəraitsiz, balaca teatr binalarında yetişiblər. Amma
bu gün gənc aktyorlar üçün demək olar ki, hər
cür şərait, kurslar var. Bunun müqabilində gənclərdə
bu sahədə inkişaf hansı yerdədir?
- Biz o vaxtlar nəhəng aktyorları görüb,
onların oyununu sevib bu sənətə gəlmişik.
İndi gələn nəslin əksəriyyəti onların
işlərini görmürlər və xəbərsizdirlər.
İndi gənclərin bir çoxu bu sənətə
seriallarda, filmlərdə məşhur olmaq həvəsi ilə
gəlirlər. Həmin məşhurluq istəyi ilə gələnlər
görürlər ki, heç də hər şey asan deyil.
Burada daxili mətbəxi görəndə seriallardakı aktyorların
oyunlarına qarşı şübhə yaranır. Burada fərqinə
varırlar ki, heç nə göründüyü kimi
deyilmiş. Bəzi hallarda film, serial çəkilişlərinə
böyük məbləğdə pul verib istedadlı aktyor
çağırmaq əvəzinə aktyor olmayanı dəvət
edirlər. Hansı ki, həmin şəxslər pulsuz da
çəkilməyə razı olurlar. Gənclər də gəlib
buradakı ciddiyyəti görəndə həmin aktyorlara
qarşı münasibətləri dəyişir,
gördükləri işə tərəddüdlə
yanaşırlar. Artıq dərs prosesində aktyor olmaq istəyənlərin
əksəriyyəti buna tab gətirmir. Birinci kursda bu ixtisasa
on beş nəfər gəlirsə, dördüncü kursda
artıq onlardan iki nəfəri qalır. Digərlərinin nə
fiziki, nə psixoloji gücü burada qalmağa dözür. Nə
yaxşı ki, elə ikisi qalır.
Ümumiyyətlə, İncəsənət
Universitetini bitirən uşaqlar hər yerdə işləyə
bilirlər. Onlar burada psixologiyanı, bədən dilini,
plastikanı, rəqsi öyrənirlər, ona görə burda
çox universal məzunlar yetişir, hər bir sahədə
çox yaxşı işləyə bilirlər. Ən
istedadlıları isə bizim sənətdə qalır. Bu sənətdə
qalmaq üçün fədai olmaq lazımdır. Biz vaxtilə
sənətdə nəyisə bir ideya naminə, məqsədlə
edirdiksə, indiki gənclər daha çox marketoloq kimi
düşünürlər, nəsə xeyir güdürlər.
Düşünürlər ki, filan teatrda işləsəm,
yaxın üç ayda mənim maaşım artacaq, ya yox?
Neçə rol oynayacağam, ömrümün altı
ayını ora sərf etsəm, nə qazanacağam. İndi bizneslə bağlı o qədər
ədəbiyyat var ki, bu sahədə gənclərə
çatmağa çalışırıq. Amma bizim
üstünlüyümüz təcrübədədir. Ən
əsası, Pantomima Teatrının yaranmasında iştirak
eləmək bizə çox şey qazandırdı.
Yaradıcılıq baxımından çox səhv istiqamətlərə
getdiyimiz halda sonda düz yolu tapırdıq. Ona görə
artıq hansısa bir işə başlayanda bütün səhv
yollar bizə bəlli olur, buna görə də düz istiqamətlə
gedə bilirik.
- Bir çoxlarına Kukla Teatrındakı baş
rejissorluq fəaliyyətinizə niyə son
qoymağınız hələ də maraqlıdır.
Yaradıcı insan kimi sizi bu qərarı verməyə nə
vadar etdi?
- Düşündüm ki, yetər, bəsdir. 10 il idi
ki, orada fəaliyyət göstərirdim. Artıq dəyişmək
lazım idi. Növbəti 10 ildə də orada baş rejissor
kimi qalmaq maraqlı deyildi.
- Qurban bəy, deyəsən, bir yerdə daimi
qalmağı sevmirsiniz?
- Niyə bir yerdə daimi qalmalıyam ki? Mən
davamlı olaraq bir şəhərdə yaşamağı
sevmirəm. Ayrı-ayrı ölkələrdə festivallara
getmək yaxşıdır, yoxsa həmişə öz səhnəndə
oynamaq? İnsan kimi həyatın rəngarəng
olmalıdır. 30 il eyni rəngli divarlarla yaşamaq xoşuna
gələr? Yox. Bir gün deyəcəksən ki, artıq bu
rəngi dəyişmək lazımdır. İnsan bir gün
oturduğu stuldan belə bezir və onu yenisi ilə əvəz
edir. Telefonu üç aydan bir, beş aydan bir yeniləyir. Bir
yerdə qalmaq insanı tənbəlləşdirir. Bilmədiyim
bir məkanda fəaliyyət göstərməyi sevirəm.
Balığı akvariumun içərisində digər
balıqların yanına qoyurlar, əvvəldən akvariumda
olan balıqlar sakitcə üzürlər, təzə gələn
də bu rahatlıqdan yararlanır, tənbəlləşir,
ancaq yeyir və kökəlir. Birdən sakit balıqları
sudan çıxarıb yerinə pirana qoyurlar, avtomatik tənbəl
balıq hərəkətə keçir və çevikləşir,
gümrahlaşır. Rahatlıq passivliyə gətirib
çıxarır. Yaradıcı adamsansa, daima
axtarışda olmalısan, yenilikləri yoxlamalısan.
- Kukla Teatrında fəaliyyətinizi bitirmisiniz,
üstəlik, 2020-ci ildən televiziyada da sizi
görmürük. Deyəsən, çoxşaxəli fəaliyyətinizi
müəllim kimi yekunlaşdırırsınız.
- Düşünürəm ki, indi burada daha çox
lazımam, çox sahədə böyük təcrübəm
var və bunu indiki nəsillə bölüşməliyəm.
Bu, növbəti işlərə böyük xeyir gətirəcək.
Seriallara gəldikdə isə, bu sektor hazırda bizdə
çox zəifdir. Zəif işlərdə insan aktyor kimi
görünmək istəmir. Çünki nə qədər
istedadlı aktyor olursansa ol, sənin maraqlı görünməyin
ətrafındakı ansambldan, aktyor heyətindən və
filmin rejissorundan, operatorundan, texniki heyətdən
asılıdır. Nə qədər yaxşı
oynayırsan oyna, əgər işıqçı
işığı düzgün qurmayıbsa, sənin oyunun
görünməyəcək. Elə olub çəkiliş
başlayanda hiss eləmişəm ki, alnım yanır,
parıldayır. Amma bunu məndən başqa heç kim hiss
edib dilə gətirməyib. Qrimyora mən demişəm ki,
deyəsən, alnım parıldayır. O da
qaça-qaça gəlib düzəldib. Təsəvvür
edin, bu, hələ ən adi məsələdir. Bütöv
heyət professional olanda, rahat işləyirsən. Təcrübə
var, ayağımızı çəkiliş
meydançasına qoyan kimi bilirik ki, kamera düzgün
qurulub, ya yox. İstedadlı aktyorlar hər məsələyə
həssaslıqla yanaşırlar. Hazırda serial sektorunda o qədər
də həssaslıq hiss eləmirəm. İndi bir çox
seriallar bir dəfə baxılmaq üçün çəkilir.
10 ildən sonra heç kimin yadına düşməyəcək
ki, vaxtilə belə bir serial olub. Həm də indiki bəzi
aktyorlar keçmiş aktyorlardan fərqlənirlər. Bu
gün onlar daha çevik olmalıdırlar. Əvvəllər
aktyora deyəndə ki, gəl tamada ol, kommersiyaya marağı
olan aktyorlar bunu edirdilər. Amma indikilər demək olar ki, imtina
edirlər, bunu aşağı səviyyəli iş
sayırlar. Deyirlər, mən aktyoram, toy idarə edə bilmərəm.
Amma toy aparmaq özü bacarıq tələb edir. Sən həm
toyu idarə edirsən, rejissor olursan, həm də aktyor kimi
davranırsan. O boyda kütləni idarə etmək
böyük təcrübə istəyir. Səhnədə
mühafizə olunursan, tamaşaçıdan hündürdə
çıxış edirsən, arxada kulis var, narahat olan
vaxtı gedə bilərsən. Toyda isə böyük bir
kütlənin içindəsən, burada da aktyorluqdur, amma
tamam başqa texnikalarla. Müasir dövr aktyordan çox
şey tələb edir, həm gözəl qiraətçi
olmalısan, yeri gələndə klounadanı da bilməlisən,
dramatik aktyor da olmalısan, kütlə ilə işləməyi
də bacarmalısan. İndi bir planda olan aktyor film bazarında
o qədər də dəyərli sayılmır. Müasir
aktyor unikal olmalıdır.
- İncəsənətin fərqli sahələrində
olmusunuz. Getdiyiniz hansısa yolda büdrədiyiniz olubmu?
- Heç vaxt büdrəməmişəm. Nə
vaxtsa büdrəyib yıxılmaq təhlükəsi olubsa
da, o an elə bir hərəkət eləmişəm ki, elə
biliblər belə də olmalıdır. Mən məğlubiyyətlərimi
hər zaman qələbə saymışam. Gör o məğlubiyyyətlər
mənə nə qədər şey öyrədib. Ümumiyyətlə,
hansısa işdə keçirdiyin hisslər qəlbində
yeddi qapı arxasında qalmalıdır ki, onu özündən
başqa heç kim bilməsin.
Ləman İLKİN
525-ci qəzet .- 2025.- 25 yanvar(№14).- S.12;13.