AĞILLI DƏLİSOV  

 

Bu dünyada lətiflik heç vaxt tükənməyəcək. Çünki lətafət dünyanın da, insanın da lap yaranışdan mahiyyətindədir. Lətafət bitməyəsəksə, demək, mayasına şuxluq qarışmış lətifəyə də həmişə ehtiyac duyulacaq. Nə qədər insan var, o, kədərlənəcək də, qəzəblənəcək də, qayğılanacaq da, nigaranlaşacaq da və təbii ki, mütləq güləcək də.

Belədirsə, dünyanı, insanı tanıdığımız, bildiyimiz vaxtdan bəri var olmuş gülməcələr də yenə bəşər övladı ilə yol yoldaşlığını davam etdirəcək, indiyədək dünyanın hər yerində, hər dövrdə və hər dildə yarandığı kimi, təzə-təzə zarafatlar da, məzəli söyləmələr də doğulacaq, kağıza köçəni də olacaq, dil-dil ötürülərək yaşayanı da. Təbii, belə dodaq qaçıran, ovqat şuxlaşdıran sözləri doğuran yeni-yeni insanlar həmişə olacaq və yazılmamış bir qanunauyğunluqla ən yeni sözləri köhnə mizah qəhrəmanlarının adı ilə qələmə vermək vərdişi də davam edəcək.

Bizdə və Yaxın-Orta Şərqin daha onlarca xalqında Molla Nəsrəddin əsrlərcə diri olan kimi, başqa onlarca və yüzlərcə xalqın da öz Molla Nəsrəddinləri həmişə olub, bundan belə də olacaq. Bütöv xalqın ortaq duzlu söz ustaları kimi məşhurlaşmışları bir yana qalsın, arasan, bizdə olan sayaq, dünyanın hər ölkəsinin, hər bölgəsinin hər kəndində-qəsəbəsində də hökmən azı bir nəfər tapılacaq ki, o da həmin yerin məhəlli Molla Nəsrəddini kimi məşhurlaşıb. Bir adət, bir hadisə ki insan olan yerdə həmişə var, deməli, bu, ümumən bəşərin sabit keyfiyyətlərindəndir və elə bunun özü bütün adamların ruhca, ürəkcə bir-birlərinə yaxınlıqlarının, ortaqlıqlarının göstəricisidir. Gülüş daim dünyanı və insanı birləşdirən, yekdilləşdirən, qohum edən ən vacib körpülərdən olub, yəqin, nə qədər insan var, elə belə də qalacaq.

Hər adamın içində dəli də var, ağıllı da. Yəni hər adamın həm o, həm bu üzü var. Hər kəsdə azacıq da olsa danəndəlikdən də, divanəlikdən də əlamət var. Odur ki, Bəhlul olmasa idi belə, onu uyduracaqdılar. Ancaq gah Divanə, gah Danəndə adlandırılan Bəhlul olub, yaşayıb, min ildən də əvvəl ömür sürüb getsə də, yenə yaşamağında davam edir. İnsan varsa, Bəhlul hara gedəsidir ki!

Zamanında Bəhlul Danəndə bir növ cəmiyyətdə sahman yaradan xalq nəzarətçisi kimi imiş. Nəzarətçi olmalı olub o işi camaatın ürəyinə yatan kimi yerinə yetirənlər qıtlaşanda, yaxud görməli olduğu işin əksini edənlər tapılanda elin sözünü deməyi bacaran belə dikbaşlara və diribaşlara cəmiyyətin həmişə ehtiyacı olub. Onları vaxt və insanın tələbatları doğurub. Gerçəkdən belələri olmayanda o cür dili neştərliləri el-oba öz rəvayətlərində, söyləmələrində, əfsanələrində, nağıllarında yaradıb.

Bəhlul günlərin birində eşidir ki, səhənglər, dolçalar, küplər düzəldən bir kuzəçi var, amma həm də sələmçilik edir, ayrı-ayrı adamlara yüksək faizlə borca pul verir. Kimsə borcu vaxtında qaytara bilmirsə, o adam ödənməli məbləği üçqat artırır. Üstündən bir müddət keçərkən borclu olan sonradan təyin olunmuş məbləği də ödəməyə aciz qalsa, bu sələmçi-kuzəçi tutub həmin adamın malından, mülkündən əlində nə varsa, hamısını qamarlayır.

Bəhlul həmin adam haqqında bunu da eşidir ki, hər məclisdə şəstlə tez-tez ürəyindən cənnətə düşmək keçdiyini söyləyir. Günlərin birində Bəhlul bir çəkic götürüb yollanır bu sələmçinin kuzəxanasının qarşısına. Elə çöldə satış üçün düzülmüş küplərə çatınca çəkicini çıxarıb başlayır qabağına çıxan güyümləri, səhəngləri, dolçaları ağına-bozuna baxmadan qırıb-sındırmağa. Hay-küyə kuzəçi özünü başılovlu atır küçəyə, yapışır Bəhlulun əlindən, deyir: "Əşi sənin ağlının olmadığını eşitmişdim, daha bu qədər də yox da, sən lap divanə imişsən ki. Niyə sındırırsan mənim küplərimi?"

Bəhlul özünü o yerə qoymur: "Yox, elə bir şey deyil. Narahat olma. Mənim iki dəvəm var idi, onları itirmişəm, axtarıram ki, bəlkə sənin küplərindən, kuzələrindən hansınınsa içərisindədir". Sələmçi qayıdır ki, ay başıxarab, kuzənin, küpün içərisində də dəvə olar? Bəhlula da elə bu söz lazımmış: "Hə? Deyirsən küpün, kuzənin içində dəvə nə gəzir, yaxşı, bəs sənin o qara ürəyində Cənnət nə gəzir?"

Di dur Bəhlulun bu sözünün qabağında.

...Təbəssüm və təfəkkür Bəhlul sözündə beləcə, həmişə əl-ələ olub və onun bir təxəllüsü də varmış: "Məczub", yəni "cəzbəyə uğrayan".

Məşhur deyişdir ki, bir var ağıl adamı tərk edir, ona "dəli" deyərlər, bir də var, adam ağlı tərk edir, buna "cəzbə" söyləyərlər. Ancaq keçmişlərdə cəzbəyə tutulanlara həm də "vəli" deyiblər. IX yüzilin böyük mütəsəvvifi və filosofu Cüneyd Bağdadi söylərmiş ki, vəliliklə dəlilik arasında fərq bir zərrə qədər olar.

Bəhlul Danəndə soraqlı lətifələri, söyləmələri, rəvayətləri ard-arda dinlədikcə, oxuduqca, onların məğzinə daldıqca bunu da görürsən ki, onların hamısında həm də hikmət qaynayır, elm işığı parlayır. Yəni Bəhlul Danəndə sözün həqiqi mənasında danəndə imiş, alim adammış. Bir çox lətifələrinin arxasından "Quran" ayələrinin əks-sədası ucalmaqdadır. Məşhur Bəhlul lətifələrindəndir ki, günlərin birində Harun ər-Rəşid sarayın yanında görür ki, Bəhlul Danəndə əyləşib, qarşısında cürbəcür çör-çöp, qum topaları, saman, nəsə özü üçün qurdalanır. Soruşur ki, ay Bəhlul, nə ilə məşğulsan? Cavab verir ki, heç, Cənnət üçün evlər tikirəm, satmağa hazırlaşıram. Dübarə lağla xəbər alır ki, evləri neçədən deyirsən? Deyir: "Biri bir quruş, alırsansa götür apar, az qalıb". Harun ər-Rəşid bu hərəkəti Bəhlulun növbəti divanəliyi sayaraq gülüb keçir. Amma eyvandan Harunun zövcəsi də baş verənləri seyr edirmiş, əri içəri girəndə dillənir ki, "Bəhlul evləri lap ucuz satırdı, nahaq almadın". Harun ər-Rəşid rişxəndlə gülür: "Onun ağlı yoxdur, elə danışır, sənə nə olub ki, belə gülünc sözlər deyirsən?" Xanımı razılaşmır ki, yox, nahaq almadın, ucuzca verirdi, o, Bəhluldur, heç nəyi boş yerə deməz".

Xanım özü eyvandan enir, yaxınlaşır Bəhlula. Bir də soruşur ki, ay Bəhlul, o satdığın nədir? Bu da yenə kəmali-ədəblə qayıdır ki, evlərdir, satıram, kim Cənnətə getmək həvəsindədir, alıb aparsın, orada istifadə edər.

Xanım çıxarır bir quruşu verir, Bəhlul da qumun, torpağın üstündə çəkdiyi, üzərinə çör-çöp, samanlar atdığı rəsmi pozur, deyir ki, hə, ev oldu sənin.

Ancaq lətifə hələ davam edir - həmin gecə Harun ər-Rəşid yuxusunda Cənnəti görür. Baxır ki, Cənnətdə bir-birindən gözəl imarətlər sıralanıb və mülklərdən də birinin eyvanında zövcəsi əyləşib. Səhər oyanınca düşünür ki, bu yuxunu boşuna görməmişəm, yəqin, nəyinsə əlamətidir. Eyvana çıxınca gözləri Bəhlulu axtarır. Görür Bəhlul həmənki yerində, həmin işindədir, yenə qarşısında saman topası, çör-çöp, qum, torpaq. Soruşur ki, ay Bəhlul, yenə evlər tikib-satmaqda davam edirsən? Cavab verir ki, bəli, işimin adı nədir, yenə Cənnət mülklərini satışa çıxarmışam, ürəyindən keçirsə, birini də sənə satım, almaq istəyirsənsə, düş aşağı. Harun ər-Rəşid enib gəlir Bəhlulun yanına, əlini cibinə atıb bir quruş çıxarır ki, buyur, bu sənin pulun, evi ver. Bəhlul qımışır: "Yox, qiymət elə deyil axı. Dünən ev bir quruşa idi, bu gün birini min tüməndən satıram".

Harun əsəbiləşir: "Noldu axı, bir gecəyə nə dəyişdi? Dünən gözümün qabağında arvadıma bir evi bir quruşa satmısan, nə baş verib ki, səhər açılanacan qiyməti bu qədər qaldırmısan?"

"Yox, qardaş, xanımına evi bu səbəbdən bir quruşa satdım ki, o, görmədiyinə inanmışdı. Sən isə yatdın durdun, ev röyana girdi, indi gördüyünün, təcrübədən keçirdiyinin ardınca gəlmisən. Hələ bunun üçün min tümən də azdır. On min tümən də istəyə bilərəm, hələ ondan da artıq".

Bu lətifənin özü elə Bəhlul sözünün təkindəki bilikdən, hikmətdən deyir. Üzdən sadə görünən bu hekayətdəki dərinliyin əks-sədası "Quran"a çatır. Müqəddəs Kitabın "Bəqərə" surəsinə. "Bəqərə" surəsində ayə var: "Onlar qeybi təsdiq edərlər". Beləcə, Bəhlulun üzdən bəsit təsir bağışlayan, saya səslənən deyişlərinin ardında yalnız sancmalar gizlənməyib, sözünün məna qatları çox, hər layda da ayrı bir fəlsəfə.

 

Tarixi vəsiqələrin, məxəzlərin təsdiqləməsincə, Bəhlul Danəndə daim insanları düşündürərək güldürsə də, özü adətən gülməz, heç dodağı da qaçmazmış. Onun gülməsi elə nadir hadisə imiş ki, biri hətta tarixə də düşüb.

Güney Azərbaycanda dolaşan Bəhlul Danəndə lətifələrindən birində deyilir ki, hökmdara Bəhlul Danəndənin yerli-dibli gülməməsinin sorağı çatır. Çox təəccüblənir ki, bu, mümkünsüz işdir, heç elə adam ola bilərmi ki, gülməsin, ağlamaq da, təbəssüm də hər insanda hökmən var. And-aman edirlər ki, yox, bu, elə adamdır ki, heç ömründə yüngülvari də olsa, dodağı qaçmır.

Xəlifə marağa düşür: "Yaxşı, elədirsə, yoxlayaq. İzləyin onu, kim harada görsə ki Bəhlul güldü, gəlib mənə xəbər çatdırsın, o adama ənam verəcəyəm".

Mükafat xəbərini eşidincə Bəhlul Danəndənin ardınca düşənlər çox idi. Nəhayət, Təbriz bazarında bir nəfər bir qəssabxananın yanında görür ki, Bəhlul Danəndə şaqqanaq çəkib güldü.

Dabanqırma özünü çatdırır sarayaki, bəs müjdə, Bəhlul güldü.

Hökmdar soruşur ki, necə yəni güldü, axı təsdiq edirdilər ki, o, heç gülmür. Xəbər gətirən and-aman edir ki, şəxsən gözümlə görmüşəm, özü də elə xalaxətrin qalmasın yox, əməlli-başlı, ürəkdən güldü.

Hökmdar göstəriş verir ki, təcili Bəhlulu tapıb gətirin bura, görək nə səbəbə gülüb.

Çox keçmir ki, Bəhlul hökmdarın hüzurunda dayanır.

Xəlifə: "Eşitmişəm bu gün gülmüsən, doğru xəbərdirmi?" - soruşur.

Bəhlul təsdiq edir: "Bəli, bu gün yaxşıca gülmüşəm". "Axı gülən deyildin, nə baş verdi ki, birdən-birə bu təhər qəhqəhə çəkmisən?" "Vallah, özüm də məəttələm. Bir qəssabxananın yanından keçirdim, baxdım ki, bir qoyunu kəsib qarmaqdan asıblar, başlayıblar soymağa. İstər-istəməz sevincimdən başladım gülməyə". "Burda sevinməli nə var ki! Adətən elə qoyunu kəsib qarmaqdan asar, soyarlar da. Burda qeyri-adi olan, sevinib-gülməli nə ola bilər ki!"

"Xəlifə sağ olsun, baxdım o qoyuna, fikirləşdim ki, bu dünyada hər insan öz əməlinə özü cavab verəcək. Yaxşı iş görübsə, onun mükafatını da özü alacaq, bəd əməl törədibsə, cəzasını da özü çəkəcək. İndi qoyundur, təkcə asılmışdı orda, öz taleyini yaşayırdı. Mən də ona baxıb fikirləşdim ki, mən də heç kimin əvəzinə cəza çəkməyəcəm. Gün gələcək, məhşər ayağı yetişəcək, mizan-tərəzi qurulacaq. Hər kəs öz əməllərinə görə özü cavab verəcək. Kim hansı mükafata layiqdir, onu alacaq, kim hansı cəzaya layiqdir, o da başına gələcək. Yəni Bəhlulun boynuna heç kimin cəzasını qoymayacaqlar. Onu indidən fikirləşərək sevindim və başladım gülməyə. Bu da ağlımdan keçdi ki, hər kəs öz qəbrində yatır. Nə xəlifə gəlib Bəhlul olar, nə də Bəhlul gedib xəlifənin yerini tuta bilər. Hərənin öz qisməti var".

1223-1256-cı illərdə yaşamış, Marağada yazıb-yaradaraq elə orada da torpağa tapşırılmış və Bəhlul təbiətli olan bir müdrik şəxsiyyətimiz də varmış - Əbül Fərəc Bar Ebrey. O da məşhur "Cami ət-təvarix" müəllifi, vəzir və alim Fəzlullah Rəşidəddin kimi əslən yəhudi olsa da, azərbaycanlılaşmış, mədəniyyətimizə, elmimizə xidmət edən zəka sahibi idi. Əbül Fərəcdən qalan yadigarlar arasında onun başdan-sona elə Bəhlulanə söyləmələrdən ibarət "Maraqlı əhvalatlar kitabı" adlı bir əsəri də var ki, orada İbrahim peyğəmbərdən bəhs edən rəvayət də yer alır.

Allah İbrahim peyğəmbərdən sual edir ki, bilirsənmi nədən məhz səni özümə dost seçmişəm?

İbrahim təvəqqe edir ki, ya, Rəbb, səbəbi deyin.

Onda Allah belə izah edir ki, sən özünə incidənin yox, incidilənin, təhqirə məruz qalanın taleyini seçmisən. Ona görə də hamı indi bilir ki, Allahın savabını qazanmaq, xeyir-duasını artırmaq üçün onlar da İbrahimin yolunu getməlidirlər.

Bəhlul da, əlbəttə ki, Pərvərdigarın seçdiyi və sevdiyi bəndələrdən olub. Çünki o da məhz bu təhər - incinmişlərin taleyini özünə ömür qəlibi seçmiş, zəmanə yükünü daşımaq əziyyətlərinə könüllü qatlaşan nadirlərdəndi.

...Əllərini açarmış göyə, üz tutarmış Allaha: "Qurbanın olum, qalxmısan ora, adamlar Səni uzaqda bilib aləmi qarışdırıblar bir-birinə. Düş bu camaatın arasına, bəlkə Səni görüb özlərini bir az yığışdıralar".

Bunu deyən nə dərin bir filosof, nə mütəfəkkir bir şair olub.

Sıradan olan bir dəlinin sözüdür. Zarafat etmirəm, həqiqətən, rəsmən dəli kimi qəbul olunmuş, həkim arayışı ilə dəliliyi təsdiqlənmiş, XX yüzildə ömür sürmüş, adı, əsil-nəsəbi, ünvanı bəlli bir dəlinin sözü. Ancaq rəsmən dəli olan bu sərsəri ara-sıra belə iti, dərrakəli deyişləriylə çevrəsindəkiləri heyrətləndirərmiş. Ağzını açınca hamı mat qalarmış ki, dəli budursa, bəs ağıllı nədir, dəli harda bitib, ağıllı hardan başlanır?

1950-ci illər Şəkisində məşhur olan bu hazırcavab Dəli Abdulcabbar haqqında məzə və düşüncə dolu əhvalatları mənə vaxtilə birgə işlədiyimiz qocaman ədəbiyyatşünas Əbdürrəhman Abdullayev (o, şair Arif Abdullazadənin atası idi) danışardı.

Söyləyərdi ki, Abdulcabbar obaşdandan özünü çatdırardı şəhərin baş meydanına, amma ora yetişəndən sonra lal-dinməz bir nöqtədə donuxub durardı. Çaş-baş qalıb vurnuxduğunu hiss eləyənlər soruşardılar: "Ay Abcabar, nə olub?"

Qayıdardı ki, sən Allah, səhərdən fikir verirəm, biri sağa gedir, biri sola gedir, biri o yana gedir, biri bu yana. Hamı bir tərəfə getsəydi, mən də onlara qoşulub gedərdim.

Bu cür ağıllı-ağıllı danışan dəlilər həmişə olub, yəqin, böyür-başınızda indi də var və xalq "dəlidən doğru xəbər" ifadəsini də elə belələrinə yaraşdıraraq yaradıb.

Unudulmaz şairimiz Bəxtiyar Vahabzadə də mənə hələ tələbəlik illərimdə Abdulcabbardan elə əhvalatlar nağıl etmişdi ki, o kişinin əslində dəli deyil, özünü dəliliyə vurmuş aqil olmasına yəqin kəsilmişdim.

 

Amma bu qəbil tək-tək seçilmişlər öz yerində, tarix boyu sözün düzünü özünü elə guya qanmazlığa vuraraq deyənlər də az olmayıb. Dediyi hansı dərdə dərman olacaq, - bu, başqa məsələ, lakin sözü deyən ən azı ürəyini boşaldıb, ətrafdakıların da onu dəli hesab etdiklərinə görə başı salamat qalıb.

Haqq sözü, doğrunu dilə gətirmək çətin olanda qəlbində şişib-şişib ürəyini partladacaq sözü quyu qazıb ora pıçıldayanları da tarix görüb. Fəqət düz söz quyuda qalmayıb, qamış olub qalxıb, tütək olub səslənib. "İskəndərin buynuzu var, buynuzu" həqiqətini qazdığı quyuya deyib üstünü torpaqlayan çobanın sözünü sonralar həmin torpaqda bitən hər qamış tütəyin aləmə car çəkməsi haqda rəvayətcidanı heç vaxt çuvalda sonacan gizlətməyin mümkün olmayacağının ibrətidir.

İnsan diliylə həqiqətləri demək qəliz olanda həmin diləkləri quşların, heyvanların, otların, çiçəklərin, ağacların diliylə söyləyiblər. Bu minvalla Ezopun təmsilləri, "Hitopadişa", "Kəlilə və Dimnə", "Tutinamə"... hekayətləri yaranıb.

Və bir də məmləkətlərin, millətlərin AĞRI Daşıyıcısı olan kişilər yaşayıblar. Onlar həkim ola bilməyiblər, təbib olub yaraları sağaltmağa imkanları çatmayıb, cərraha dönüb zoqquldayan yerləri kəsib atmağa bıçaqları olmayıb. Amma bundan əsla kiçik olmayan şücaətlər göstəriblər. Gücləri öz canlarına çatıb. Hamının könül sancısını, dərd-qəmini özlərinə çəkərək varlıqlarıyla və sözləriylə bir topa ağrıya çevriliblər.

Xısın-xısın yaşanan məşəqqətləri, göynəyi dilə gətirilməyən dərin dərdləri özlərindən keçirərək və camaatı ağrıtmasın deyə bir az da məzə qataraq faş eləyiblər, sarıq altındakı yaraları, görünməyən örtülü nisgilləri adamların daxilindəki dustaqlıqdan gün işığına çıxarıblar.

Biri bunu gülə-gülə edib, biri ağlaya-ağlaya, biri içə-içə edib, biri oxuya-oxuya.

Canlarına çəkdikləri ağrılardan hamını hali etməkçün biri məzhəkəçiyə dönüb, biri təlxəyə çevrilib, biri dərviş libası geyinib, biri yerli-dibli bəni-adəm geyim-kecimindən imtina edərək keçəyə, dəriyə bürünərək sufiliyə qurşanıb, biri ağıllı dəli, bir başqası dəli ağıllı olub.

Amma qocalmayan müdrik - həmişəcavan Bəhlul bunların hamısından olub. Həm də o, işinin xatirinə özünü yalandan dəliliyə vurmayıb - həyat onu hərdən elə girinc edib ki, doğrudan da dəliləşib, gendən baxanlar da aşkarca duyublar ki, bu, özünü dəliliyə vurmaq-filan deyil, elə xalis dəlilikdir.

Bəzən də elə ağsaqqalcasına, elə hikmətamiz danışıb ki, görənin-eşidənin əli-ayağı yerdən üzülüb. Anlayıblar ki, bu, sadəcə dəlinin doğru xəbəri deyil. Dərk ediblər ki, bu, təpədən-dırnağa alim olan bir zəkanın söyləyişləridir.

Amma gahdan aqilə, gahdan dəliyə çevrilən bu əsrarəngiz insanın heç kəsə bənzəməyən bir özəlliyi də odur ki, ən dəli vaxtında da, ən dəli sözünün içərisində də ağlının parıltısı sezilib, ən alimanə anında da dəliliyindən bir işartı duyulub. Bilici Bəhlula, Dəli Bəhlula Bəhlul Birdanə də söyləyiblər, Bəhlul Rindanə də, Bəhlul Dana (bizim dildəki sütül inək anlamında yox, farscadakı "bilgin" mənasında), Bəhlul Zana da.

Söyləmələr onu ərəb edib, xəlifə Harun ər-Rəşidin qardaşına çevirib. Lakin başqa rəvayətlər də var ki, onu Harun ər-Rəşidin "böyük qardaşı", bəziləri "əmisi oğlu", digərləri "qardaşı oğlu", hansılarısa "müşaviri", bir qismi də "nədimi" adlandırıb.

Amma bu qəbil rəvayətlərin onu Abbasilər xilafəti dövrünün Ərəbistanı ilə bağlamasına rəğmən, Bəhlul əsrlərcə ərəb yazılı və ağız ədəbiyyatından daha əvvəl Azərbaycan, osmanlı, əfqan, kürd, fars və bir silsilə İran xalqları söz dünyasının sevilən və dəbdəndüşməz surəti olmuşdur. Əsrlərcə belə olub, indi də belədir.

Muğam harada, necə, niyə yaranıb, onu ilk dəfə ifa edən nədə çalıb, nə təhər - sözləmi, sözsüzmü oxuyub? Nə üçün muğam bir yerdə qərar tutmayıb, səyyaha çevrilib, dəmir çarıq geyərək el-el gəzib? Bəlkə heç belə deyil?! Bəlkə muğam heç gəzib-dolaşmayıb, var olduğu məkanların hamısına eyni vaxtda nazil edilib?! Yağış kimi, qar kimi, külək kimi, günəş şüası kimi göylərdən göndərilib?..

Bəhlul da belədir. Muğam kimi, xalça kimi, saz kimi, tar kimi bir xalqın sərvəti olmaq çərçivəsini çoxdan aşıb. Qorqud kimi, Molla Nəsrəddin kimi, Koroğlu kimi... bir xalqın dədəsi, bir xalqın balası, bir xalqın igidi olmaq səviyyəsindən yüksələrək onlarca xalqın doğma övladı sayılmaq mərtəbəsinə ucalıb.

Rəvayətlərə inansaq və gerçəkdən də Bəhlul Danəndənin Abbasilər zamanında, Harun ər-Rəşid dönəmində yaşadığını qəbul etsək, gərək ona aid lətifələrin də yaşının 1000-dən çox olduğunu qəbul edək. Amma Yaxın və Orta Şərq boyu Bəhlul Danəndə lətifələri VIII əsrdə də yaranıb, X yüzildə də, XIII əsrdə də, XV də də, XX əsrdə də və elə ömrünü yenicə başlamış təzə minillikdə də. Bəhlul kimi insanlar nağıl deyillər. Onlar haçansa mütləq dünyaya gəliblər. Amma bütün başqa xəlq olunmuşlardan fərqli, ölməyiblər, həyatdan getməyiblər, yaşamaqda, yeni sözlərini deməkdə, yeni macəralarını yaşamaqda davam ediblər. İnsanlar qıymayıblar və qoymayıblar ki, onlar ölsün - öz sözlərini də onların diliylə bəyan ediblər.

Onların diliylə deyiləndə bu sözlərin təsir gücü daha da artıb.

Onların diliylə deyiləndə bu sözlər həmin sözlərin əsl müəllifləri üçün xəta-bəla ocağı olmaq təhlükəsindən də aralanıb.

Və həmişəcavan qoca Bəhlullar, Nəsrəddinlər öz nəvələrini bu yolla da qoruyublar, çəpər olublar, sipər çəkiblər.

Bəhlul Danəndə bir gün yol qırağında oturubmuş. Şahla vəziri ona çatınca atlarının cilovlarını dartırlar.

Vəzir məsləhət etsə də ki, "onunla işiniz olmasın", şah dinc durmur, söz atır: "Kimsən, nəçisən, burda neynirsən?"

Sözün altında sözdən balaca adamlar qalarlar. Bəhlul özü sö boydaydı, özü söz idi, söz altında qalardımı: "Heç kiməm, heç nəçiyəm, burda da heç nə eləmirəm. Bəs sən kimsən?"

"Mən şaham, işim də padşahlıq eləməkdir".

"Yaxşı, bundan sonra da bir az böyüsən nəçi olarsan, kim olarsan?"

"Heç kim! Bundan böyüyü yoxdur ki!"

"Nə təhər bundan böyüyü yoxdur? Sən hələ indən belə biraz da böyüsən heç kim olacaqsan. Demək, mən səndən böyüyəm. Çünki mən artıq heç kiməm!"

Hikmət və qüdrət elə bundadır. Heç kim ola-ola əbədiyyət qazanmaq, saysız-hesabsız şahları, hökmdarları yola salaraq diri qalmaq və hamı tərəfindən sevilmək.

Kim idi bu Heç Kim?

VIII əsrin sonlarında dünya əvvəlki əsrlərə nisbətən xeyli yığcamlaşmışdı.

Ərəb xilafəti möhtəşəmlik dövrünü yaşayırdı və nəhəng ərazini əhatə edən bu imperiyanın dördbucağını bir-birinə yaxınlaşdıran, qovuşduran güclü amillər vardı: müsəlmançılıq, İslam mədəniyyəti, ortaqlaşmış elm dili - ərəbcə...

Bu ucsuz-bucaqsız imperatorluğun ərazisinə səpilmiş yüzlərlə xalqlar öz milli köklərinə və hisslərinə nə qədər sadiq olsalar da, məhz həmin birləşdirici, qohumlaşdırıcı vacib körpülərin sayəsində özlərini bütöv imperiyanın vətəndaşı sayırdılar.

Sonralar ərəbcənin elmdə yerinə yetirdiyi ortaq dil vəzifəsini şeirdə farsca çiyinlərinə götürəcək və Mavərən nəhrdən Qafqazlara, Yaxın-Orta Şərqdən Hindistana qədər yenə nəhayətsiz kimi görünən iri məkanda ortaq bir dildə yaradan şairlər öz xalqlarına və yurdlarına nə qədər sədaqətli qalsalar da, hər halda onlar bütöv bu məkanın şair balası və sərvəti sayılacaqlar.

Elə özləri də belə düşünəcəklər. Həmin düşüncə iliyə, qana sorulacaq. Artıq XIX-XX yüz illərdə nə ərəbcənin, nə farscanın hökmranlığının qaldığı, nə xilafətin mövcud olduğu çağlarda Mirzə Fətəlidə, Mirzə Cəlildə, Hüseyn Caviddə mövzularını alanda da, insanlara səslənəndə də gözlərinin önünə yalnız Azərbaycanı gətirməyəcəklər. Özlərini azərbaycanlı və sədalarının çatdığı müsəlman Şərqinin yavrusu kimi görəcəklər və sanki həm də yalnız Azərbaycan üçün yox, bütün o ərazidəki xalqlardan ötrü yazacaqlar, onların ürəyindən və talelərindən keçənləri də sözlərinə gətirəcəklər.

Harun ər-Rəşid Abbasilərin beşinci xəlifəsi idi və o, 786-809-cu illərdə taxt-taca sahiblik etdi. Harun xəlifələrin ən qüdrətlisi olmayıb, amma xəlifələrin ən şöhrətlisi olmasına söz yoxdur. O, məşhur "1001 gecə" nağıllarının, bütün Şərqboyu dillərdə dolaşan rəvayətlərin, söyləmələrin, lətifələrin surətinə çevrilərək gerçək tarixdəkindən daha cazibəli bir görkəm qazanıb.

Orta çağın vicdanlı salnaməçisi İbn Cərir ət-Təbəri (838-923), tarixçiliyin və coğrafiyaşünaslığın dirəklərindən olan Əbülhəsən əl-Məsudi (vəfatı 956-cı il) Harun ər-Rəşidin özünün də, səltənət illərinin də doğruçu mənzərəsini cızan qiymətli səhifələri yadigar qoyublar.

O səhifələrdə Harun ər-Rəşid şifahi ədəbiyyatdakı əlvan, işıltılı təqdimindən xeyli solğundur. Lakin istənilən halda onun dövrü iqtisadi qalxımın, xüsusi bir mədəni tərəqqinin (illah da ədəbiyyatın), həmin inkişafda əcəm təsirinin əhəmiyyətli dalğası və izləriylə seçilir.

Orta əsrlərdə "əcəm" deyirkən müsəlman qeyri-ərəblər, iranlılar düşünülürdülər ki, onların da əksəri elə indi olduğu kimi, o vaxt da əsasən Azərbaycan türkləriydi. Harun ər-Rəşid zəmanəsinin xilafət mədəniyyətində bu sığal daha bariz şəkildə üzə çıxırdı. Tale elə gətirmişdi ki, Harun 766-cı ilin fevralında İranda, Rey şəhərində, indiki Tehran yaxınlığında anadan olmuşdu və 809-cu ilin martında da İranda, Tus şəhərində vəfat etdi. Hər iki şəhərdə o zamanlar azərbaycanlılar əksəriyyət təşkil edirdi.

Və gələcək xəlifə Harun ər-Rəşidin gələcək vəziri iranlı Cəfər ibn Bərməki ondan bir həftə əvvəl doğulmuşdu. İşıqlı dünyaya gələn kimi də "xəlifə" "vəzir"in boğazına ortaq olmuşdu. Harunun anasının südü quruduğundan Cəfərlə eyni döşdən süd əmmişdilər, süd qardaşlarına çevrilmişdilər. Sonralar Harun ər-Rəşidin taxta çıxmağında Bərməkilərin itirilməməli haqq-sayı olmuşdu və o da Bərməkilərə, onların zəmanəti ilə əslən iranlı olan çox kimsələrə səltənətində yüksək kürsülər etibar etmişdi.

Harun ər-Rəşid hakimiyyətinin ilk 17 ili boyunca idarəçilikdə bütün ixtiyarı təxminən Bərməkilərin öhdəsinə buraxmışdı. Hərçənd günlərin birində - 803-cü il yanvarın 29-da çılğın əmriylə başda Cəfər Bərməki olmaqla bütün Bərməkiləri qılıncdan keçirməyə, zindana doldurmağa başlayır.

Məsudi təəssüflənir: "Xilafətin çiçəklənməsi Bərməkilərin süqutu ilə rövnəqini itirməyə başladı və hamı şahid kəsildi ki, Harun ər-Rəşidin hərəkətləri və qərarları nə qədər yaramaz, idarəçiliyi necə əbləh imiş".

İslam intibahını incəliklərinə qədər tədqiq etmiş isveçrəli şərqşünas Adam Mets Abbasilərin parlayışlarında, Bağdadın dövrün mədəni mərkəzlərindən biri kimi güc yığmasında Bərməkilərin müstəsna əməklərinə sıra-sıra dəlillər gətirir.

İran təsiri elə bariz imiş ki, Bağdadda Bərməkilərin bilavasitə təşəbbüsləri ilə yaranmış ilk kütləvi müalicəxanalar ərəbcə yox, elə fars kəlməsiylə "bimaristan"lar deyə nişan verilirmiş. Harunu öz ehtiraslı, çal-çağırlı, sərgüzəştli, əsrarəngiz dünyasının fəxri qonağına çevirmiş "1001 gecə" nağılları da ərəb nağılları kimi dillər əzbəri olsa da, onların rişələri Xəzər sahillərindən, İrandan gəlirdi. Unudulmasın ki, Harun ər-Rəşid özü xilafətinə başçılıq etməzdən öncə İfrikiyyə (indiki Tunis), Suriya, Azərbaycanın hakimi idi. Diqqətdən yayınmasın ki, Abbasilər dönəmində xilafətdə mənsəbləri uzun illər yüksək olmuş Bərməkilərdən Yəhya Bərmək (738-805), Fəzl Bərmək (doğumu 765) müxtəlif vaxtlarda Azərbaycan valisi olmuşdular.

Yorğun sözün qısası, bu insanların Azərbaycanla bağlılıqları və Azərbaycanın da onlara bələdliyi yetərincəydi.

Tarixi qaynaqlar Harunun Bəhlul adlı qardaşının, ya rəvayətlərin ona bağladığı şəkildəki hər hansı yaxın qohumunun olduğunu təsdiqləmir.

IX-XI əsrlərin Bağdad salnaməçiləri, rəvayətçiləri və ədibləri, eləcə də bu firavan həyatla qaynayan şəhərin əsnaf folkloru Harunu bir romantik surət, qəliblərə yerləşməyən hökmdar, taxt-tac həyatından əlavə gecələr əlbisəsini, zahirini dəyişən, vəziri Cəfəri, cəlladı və qoruyucusu Məsruru böyrünə alıb əhali arasına başmaq seyrinə çıxan, özünü dartmayan, ünsiyyətcil insan kimi təsvir edirdilər. Dürüst tarixi mənbələrdənsə başqa ahəng eşidilir.

Harun Bağdadı sevməzmiş, daha çox başqa şəhərlərə üstünlük verərmiş. Nağıllarda bulunduğu nağılvari həyat tərzi də əslində ona xas deyilmiş. Görkəmli ərəbşünas İ.M.Filştinskinin ərəblərin bir neçə yüzillik söz və mədəniyyət tarixini dərindən-dərinə araşdırandan sonra qətiləşmiş müddəalarından biri elə bu idi.

Amma Harun haqqında paytaxt Bağdadda mədhedici, məftun rəvayətlər yaranırdısa, imperiyanın ətəklərində, özəlliklə İranda və Azərbaycanda törəyib artan ağız ədəbiyyatında xəlifəyə münasibət tam əks idi. Bu tərəflərdə üsyanlar, iğtişaşlar, narazılıqlar artırdı.

Və rəvayətlərin, o çağın "siyasi lətifələr"inin təhkiyəsində daha Harun Bağdad ravilərinin təsvir etdiyi cəsur romantik qəhrəman deyildi. Qəddar, dayaz, dəmdəməki, qorxaq, dövlət işlərini idarə etməyə, ədalətli qərarlar qəbul etməyə təpəri çatmayan əfəlin birisiydi. Bu da etirazın ayrı bir şəkliydi. İndiyəcən dilimizdə işlənən, Haruna saymazyana, köntöy münasibətin əks-sədası olan "Burda mənəm, Bağdadda kor xəlifə" zərbülməsəli də elə o əyyamlardan qalmadır. Xalq sevmədiyi səltənət yiyəsini, xoşlamadığı yadellini bu sayaq damğalayırdı, imkanı çatan həddə hayıfını belə çıxırdı. Amma həqiqətdə Harun ər-Rəşid heç də o lətifələrdəki kimi gicbəsər deyilmiş. Həmin dövrün altından-üstündən xəbərdar akademik V.V.Bartold silsilə mənbələrə söykənərək onu "xəlifələrin ən savadlısı və alicənabı" kimi təqdim edir.

Bağdaddan uzaqlarda yaranan, dildən-dilə, yurddan-yurda dolana-dolana xilafət boyunca gəzən, xəlifənin əməllərini ifşa edən, onu aşağılayan Bəhlul lətifələri bir növ o çağın təqib edilməsi müşkül, səsinin batırılması çətin olan xarici azad radio kimiydi. Lətifələri inanımlı, doğruyayaxın etməyin yollarından biri idi ki, Bəhlulu onun qardaşına çevirmişdilər, başqalarının deməsinin ağlabatmaz olduğu bütün iynəli sözləri, ifşaçı səhnələri onun vasitəsilə aləmə car çəkirdilər.

Harun ər-Rəşid səfərdəymiş. Onun sarayda olmadığı müddətdə guya Bəhlul bir dəfə gözdən yayınıb keçib əyləşir xəlifənin taxtında. Görən kimi tutub onu bəs deyincə şallaqlayırlar və elə bu əsnada xəlifə qapıdan girir içəri. Bəhlul başlayır hönkürməyə.

Xəlifə: - Niyə ağlayırsan, ağrıdır? - soruşur.

- Yox, mən özümə görə ağlamıram ki! Sənin dərdindən ağlayıram. Vur-tut beşcə dəqiqə sənin taxtında oturdum, məni bu qədər döydülər. Sən neçə illərdir taxtda oturmusan. Gör ordan düşəndən sonra səni necə döyəcəklər. Sən yazığın o halına indidən acıyıb ağlayıram.

1990-cı illərin sonlarında Milli Təhlükəsizlik Nazirliyinin arxivində 1915-ci ildə Qafqaz müftisi tərəfindən Zəngəzur uyezdinin qazisi təyin edilmiş, sovetlərin gəlişindən sonra bir neçə dəfə həbs və sürgünlərə məruz qalmış, növbəti dustaqlıqlarından birinin aralığında "Azərnəşr"də korrektor işləmiş, xalq ədəbiyyatı ilə bağlı araşdırmalar aparmış "Behcət" təxəllüslü Bəhlul Əfəndinin bir neçə cinayət işini vərəqlədim

 

Onun cinayət işində nəşrə hazırladığı kitablardan, görüşdüyü, söhbətləşdiyi, ədəbi mübahisələr etdiyi şəxsiyyətlər sırasında Əhməd Cevdət Pepinovun, Hüseyn Cavidin, Salman Mümtazın, Abdulla Şaiqin olduğundan da söz gedirdi.

Şaiqin oğlu akademik Kamal Talıbzadədən soruşdum Bəhlul Əfəndini. Kamal müəllim atasının o əzabkeş insanla bağlı söylədiklərini mənimlə bölüşdü. Bəhlul Əfəndi Şaiqə danışıbmış ki, ona bu adı məhz Bəhlul Danəndənin şərəfinə veriblərmiş. Adaşıyla bağlı çoxlu tarixi vəsiqələr toplayıbmış, lətifələr yığıbmış, 1930-cu illərin ortalarında Bəhlul Danəndəli söyləmələri ayrıca kitabda nəşr etdirmək niyyətindəymiş. Şaiqə "Bir saatlıq xəlifə" pyesinə Bəhlul obrazını daxil etməyi də o, məsləhət görübmüş.

Bəhlul Əfəndi Bəhlul Danəndənin tarixi şəxsiyyət və azərbaycanlı olduğunu, IX əsrdə Təbrizdə yaşadığını, müasirləri arasında alim və bağban kimi şöhrətləndiyini yazılı və şifahi tutalqalarla sübut edir, hətta albalının təzə bir növünü kəşf etdiyini, həmin calaq cinsin Bəhlulun zəhmətinin bəhrəsinə el qiyməti olaraq "bəhli" adlandırıldığını deyirmiş.

Bəhlul Behcət 1937-ci ildə dördüncü dəfə həbs edilir və bir il sonra güllələnir. Onun Bəhlul Danəndə haqqında topladığı sənədləri və lətifələri ən müxtəlif arxivlərdə nə qədər aradımsa, gözə dəymədi.

Yəqin, əlyazmalarını da onun özü kimi məhv etmişdilər. Əslində Bəhlul Behcət də öz gününün Bəhlul Danəndəsiydi. Allah bilir, 1938-ci ildə NKVD-nin namərd atəşləriylə Bəhlul Danəndə IX əsrdən bəri neçənci dəfə öldürülürmüş!..

 

21 yanvar 2025

Rafael Hüseynov

Akademik

525-ci qəzet .- 2025.- 25 yanvar(№14).- S.10-11