Sahibkarlıq sahəsində
yoxlamaların dayandırılmasının müddəti
uzadıldı
MÜDDƏT BİTDİKDƏN SONRA SAHİBKARLARIN
YOXLAMALARIN QADAĞAN EDİLDİYİ DÖVRDƏKİ
FƏALİYYƏTİ YOXLANILMAYACAQ
2015-ci ildəki devalvasiyadan sonra 10 ildir ki,
sahibkarlıq sahəsində yoxlamalar uzadılıb. Bu barədə
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların
dayandırılması haqqında" qanuna dəyişiklik
edilib. Dəyişikliyə əsasən, Azərbaycanda
sahibkarlıq sahəsində aparılan yoxlamaların
dayandırılmasının müddətinin 2026-cı il
yanvarın 1-nə qədər uzadılması nəzərdə
tutulur.
Qeyd edək ki, əvvəl bu müddət 2025-ci il
yanvarın 1-dək müəyyən edilmişdi.
Millət vəkili Vüqar Bayramov deyir ki, müəyyən
edilmiş məhdudiyyətlər nəzərə alınmaqla
bu müddətdə yalnız vergi yoxlamaları, maliyyə
bazarları sahəsində aparılan yoxlamalar, gömrük
auditi, özəl tibb fəaliyyətinin subyektlərində
aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin
keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət
edilməsi və qida məhsullarının təhlükəsizliyinə
nəzarətin həyata keçirilməsi ilə bağlı
yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət
nəzarəti, təhlükə potensiallı obyektlərin və
dağ-mədən sahələrinin təhlükəsiz
istismarına nəzarət və radiasiya təhlükəsizliyinə
nəzarət sahəsində yoxlamalar davam etdirilə bilər:
"Əlavə olaraq "Cinayət yolu ilə əldə
edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında" qanunun tələblərinə əməl
edilməsinə nəzarətin həyata keçirilməsi ilə
bağlı həmin qanunla müəyyən edilmiş nəzarət
orqanları tərəfindən həyata keçirilən
yoxlamalar, habelə insanların həyat və
sağlamlığına, dövlətin təhlükəsizliyinə
və iqtisadi maraqlarına mühüm təhlükə
yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilən
yoxlamalara icazə verilir".
Millət vəkili bildirib ki, digər mühüm məqam
yoxlamaların dayandırıldığı müddət
başa çatdıqdan sonra da həmin dövrdəki fəaliyyətlə
bağlı yoxlamaların aparılmasının qadağan
edilməsidir: "Yəni yoxlamaların qadağan edildiyi
müddət bitdikdən sonra sahibkarın yoxlamaların
qadağan edildiyi dövr üçün fəaliyyəti
yoxlanılmayacaq. Təbii ki, bu zaman icazə verilən
yoxlamalar üzrə fəaliyyətlər istisna ediləcək".
Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata
keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti
orqanına, prokurorluq orqanlarına, habelə inzibati və məhkəmə
qaydasında şikayət verə bilər.
İqtisadçı ekspert Xalid Kərimlinin dediyinə
görə, yoxlamaların dayandırılması ümumilikdə
müsbət qərardır: "Çünki hazırda
qeyri-neft sektoru ciddi problemlərlə üz-üzədir. Bu qərar
qeyri-neft sektorunda fəaliyyət göstərən bizneslərə
dəstək məqsədilə tətbiq edilir. Dövlət
orqanlarının yoxlama etikası və keyfiyyəti hələ
də arzuolunan səviyyədə olmadığı
üçün, bu qərarın müddətinin
uzadılması məqsədəuyğun hesab edilir".
X.Kərimlinin sözlərinə görə,
yoxlayıcı orqanların iş prinsiplərində ciddi
nöqsanlar var. Zamanla bunlar da aradan qalxmalıdır:
"Yoxlamalar zamanı əsas məqsəd bizneslərin
inkişafına dəstək olmaq və ya istehlakçı
hüquqlarını qorumaqdan daha çox, müəyyən
qüsurlar tapıb cərimələr tətbiq etməklə
məhdudlaşır. Bu yanaşma, bir tərəfdən
bizneslər üçün əlavə çətinliklər
yaradır, digər tərəfdən də dövlətin
inzibati idarəetmə sistemindəki problemlərin olduğunu
göstərir. Bu kimi problemlərin də aradan qalxmasına
ehtiyac var".
Ekspert vurğulayıb ki, Azərbaycanın qeyri-neft
sektorunun investisiyaya cəlbinə ciddi ehtiyacı var:
"Yoxlamaların dayandırılması investisiya cəlbini
şərtləndirən amillərdən biridir. Əlbəttə,
müəyyən müddətdən sonra yoxlamalar da bərpa
olunacaq. Amma hesab edirəm ki, hökumətin növbəti
addımı bu yoxlamaların sayının ciddi şəkildə
azaldılmasına diqqət etmək olmalıdır.
Yoxlamaların sayının minimuma endirilməsi,
paralelçiliyin olmaması çox önəmlidir. Bəzən
eyni yoxlama müxtəlif dövlət qurumları tərəfindən
ayrı-ayrılıqda həyata keçirilir. Nəzərə
almaq lazımdır ki, ölkəmizdə qeyri-neft sektoru və
müxtəlif sahələr yeni-yeni dirçəlməyə
başlayır. Düşünürəm ki, yoxlamaların zəruri
məqsədi olmalıdır. Məsələn, ilk olaraq təhlükəsizlik
yoxlanmalıdır. Tutaq ki, bir tikinti şirkətinin tikinti
qaydalarına riayət etməsi önəmlidir. Bundan əlavə,
qida təhlükəsizliyi və ərzaq məhsullarının
saxlanılması önəmlidir. Həmçinin büdcə
daxilolmalarında yoxlamaların təmin olunması vacibdir. Yəni
büdcə daxilolmaları dedikdə vergilər, pensiya fonduna
ödənişlər düzgün şəkildə ödəniş
təminatına baxmaq lazımdır. Bunların təmini
olarsa, sahibkar üçün yoxlamalar kifayətdir".
İqtisadçı ekspert Natiq Cəfərli qeyd edib
ki, Azərbaycan iqtisadiyyatına problem yaratmırsa,
yaxşı olar, yoxlamaların ümumi fəlsəfəsi dəyişdirilsin:
"Kütləvi şəkildə yoxlamalara ehtiyac qalmır.
Çünki getdikcə elektronlaşma həyata
keçirilirsə, iş adamları ağ
mühasibatlıqdan istifadə edirsə, deməli, yoxlamalarla
bağlı yanaşmada da dəyişikliyə ehtiyac var.
Yoxlamaların dayandırılması ciddi fəsad törətmirsə,
deməli, onsuz da biznesi idarə etmək mümkündür.
Yalnız hansısa müəssisə ilə bağlı
şübhə yaranarsa, bu halda yoxlamalara getmək olar. Yoxlama
funksiyası olan dövlət orqanlarının sayı da
azaldılmalıdır. Biznesə kömək
üçün addımlar atılmalıdır. Ona görə
vaxtın uzadılması yaxşıdır. Bu müddətdə
isə yoxlamalarla bağlı əsasnamə və qanunvericilik
aktlarına da bəzi dəyişikliklər edilməlidir ki,
bu, birdəfəlik qalıcı hala gəlsin. Yoxlamalar
yalnız ən son, şübhə doğuracaq hallarda həyata
keçirilməlidir".
İqtisadçının söylədiyinə
görə, sahibkarlıq subyektlərinə lazımsız
yoxlamaların, müdaxilələrin qarşısının
alınmasında qanunvericiliyə edilmiş dəyişikliklər
müəyyən rol oynamalıdır. Ümumiyyətlə,
bu qanunun qüvvəyə minməsindən sonra məlum oldu
ki, bu illər ərzində yoxlamaların
dayandırılması vergi daxilolmalarına mənfi təsir
göstərməyib. Əksinə, vergi daxilolmalarında
artım müşahidə olunub: "Yoxlamaların
dayandırılmasından sonra vergi daxilolmalarının daha
da artdığı məlum olub. Bununla da məlum oldu ki,
yoxlamalar vergi daxilolmalarında artıma səbəb olan amil
deyilmiş. Əgər belə idisə, uzun illərdir
yoxlamalar sahibkarlara ciddi problemlər yaradırdısa, bunu
qanunla tənzimləmək daha doğru qərar idi.
Çünki yoxlamalar sahibkarlığa maneələr törədir
və onların iş fəaliyyətinə problemlər
yaradır və bununla da sahibkarlıq subyektləri yoxlamalar
artdıqca daha çox itkilərə məruz
qalırdılar. Nəticə etibarilə də onlar vergi
ödəmələrinə daha az təsir göstərirdilər".
İqtisadçı ekspert Akif Nəsirlinin dediyinə
görə, son iki ildə bir çox sahibkar fəaliyyətini
dayandırıb. Bundan əvvəlki illərdə də bu qərar
verilmişdi. Bu qərar indi daha bir il uzadılıb.
Sahibkarların fəaliyyətinə bürokratik əngəllərin
azaldılması məqsədi ilə bu qanun qüvvəyə
minib. Qərar təqdirəlayiqdir.
Ekspert sahibkarların çoxunun öz fəaliyyətini
dayandırdığını vurğulayıb: "Son iki ildə
bir çox sahibkar fəaliyyətini dayandırıb. Bundan əvvəlki
illərdə də bu qərar verilmişdi. Bu qərar indi
daha bir il uzadılıb. Sahibkarların fəaliyyətinə
bürokratik əngəllərin azaldılması məqsədi
ilə bu qanun qüvvəyə minib. Qərar təqdirəlayiqdir".
Ekspert hesab edir ki, qanunun müddəti
uzadılmasaydı, əlavə dəyişikliklər edilməsəydi,
müvafiq orqanlar qarşısında heç bir maneə
olmayacaqdı: "Hərə bir tərəfdən
sahibkarı yoxlayır, onları cərimələyir,
sanksiyalar qoyur və s. Ona görə də sahibkarlar fəaliyyətini
dayandırmaq məcburiyyətində qalır. Bu yoxlamalar da gəlsə,
o zaman ölkədə fəaliyyət göstərən
sahibkar qalmaz".
İqtisadçı ekspert Pərviz Heydərov deyir
ki, yoxlamaların dayandırılmasında əsas məqsəd
odur ki, ölkədə sahibkarların fəaliyyətinin
qeyri-qanuni, kortəbii şəkildə, ehtiyac olmadan edilən
müdaxilələrə yol verilməsin. Çünki bu kimi
qanunsuz yoxlamalar sahibkarların səmərəli işinə
və ölkə iqtisadiyyatına fayda verməsinə
maneçilik törədir. Məqsəd bunun
qarşısını almaqdır. Mövcud vəziyyət
göstərir ki, sahibkarların işində kortəbii
yoxlamaların məhdudlaşdırılması mühüm əhəmiyyətə
malikdir: "Prezident İlham Əliyev dəfələrlə
öz çıxışlarında bildirib ki, sahibkarların
fəaliyyətinə kortəbii müdaxilə yolverilməzdir.
Lazımsız yoxlamaların aparılmasına məhdudiyyət
qoyulması dövlət başçısının şəxsi
təşəbbüsü ilə həyata keçirilən
bir addımdır. Hesab edirəm ki, yoxlamaların
vaxtını bir il, üç il uzatmaqdansa, yeni qanun qəbul
edərək, yaxud indiki qanunvericiliyə dəyişiklik
olunaraq yoxlamalar birdəfəlik ləğv edilə bilər.
Sahibkarların fəaliyyətində müvafiq vergi
yoxlamalarından savayı, heç bir təftiş
olmamalıdır. Sahibkarların dövlət
qarşısında yeganə məsuliyyəti vergi ödənişi
ilə bağlıdır. Təbii ki, əhalinin
sağlamlığına təhlükə yaradacaq fəaliyyət
sahələrinə ciddi nəzarət qalmalıdır".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 25 yanvar(№14).- S.8.