Yol
Ay yaxşı adamlar, təmiz adamlar,
Gözlədim: baxtıma qol çəkəsiniz.
Atıb işinizi, əziz adamlar,
Bəlkə, ürəyimə yol çəkəsiniz?
Savaba batırsan, hər gün yol çəksən,
Bilirsən, karına səriştən gəlir.
Hərdən öz-özümə
düşünürəm mən,
Hər kəsin ruzusu bir işdən gəlir.
Sarılsın boynuma ümidin qolu,
Bu duyğu qəlbimə haradan doldu?
Dünyanın ən uzun, ən gözəl yolu,
Məncə, ürəklərə çəkilən
yoldu.
Şeir
Uzaqdır bayağı rəngdən, boyadan,
İlhamını alır daşdan, qayadan.
Bəzən gecəyarı məni oyadan,
Bənövşə boynunu buran da şeir.
Balan tək sinənə sıxasan gərək,
Dönüb gözlərinə baxasan gərək.
Hər misra bir güldü, yığasan gərək,
Dağ döşündə şeir, aranda şeir.
Əzəldən özünə məni dost
sayıb,
Gələndə ətrini ruhuma yayıb.
Hərdən gözləmişəm, gəlib
çıxmayıb,
Arada qəlbimi qıran da şeir.
Dağı da oynadar əzmi, qayəsi,
Nə çox bu dünyada sözün dayəsi.
Hər kəlmə, hər sətir quran ayəsi,
Müqəddəs kitab da, Quran da şeir.
Böcək ömrü
Qarşıma bir böcək çıxdı bu səhər,
Məni darıxdırdı ləngər yerişi.
Ömrü ömür deyil, zəhərdi, zəhər,
Özü görməlidi axı hər işi.
Nə vaxt bu yerişlə çatar mənzilə?
Nə bir arxası var, nə əl tutanı.
Qorxur ayaq altda qalıb əzilə,
Özündən ucasın görüb utanır.
Sevgi küləyidi ruhumda əsən,
Dərdin ümmanında xoşdu boğulmaq.
Görmürsən ovcunda xoşbəxtliyi sən,
Demə, səadətmiş insan doğulmaq.
Mən anam tərəfdən gələn şairəm
Dünyaya gələndə güllü
yazıydı,
Təbiət gülürdü, işvə-nazıydı.
Atamın tərəfi uyuşmazıydı,
Mən anam tərəfdən gələn şairəm.
Bəxtəvər bildiyim yoluma çıxdı,
Ürəyim tərəfə - soluma
çıxdı.
Mənim dərdlərimin damı açıqdı,
Ağlaya-ağlaya gülən şairəm.
Yandırmır adamı bəzən od axı,
Söz gərək yandıra dili-dodağı.
Şeir ağacımın misra budağı,
Qırılsa ürəkdə, ölən şairəm.
Mənim öz yolum var, demə, sür ordan
Tanrıya yaxınam, gəlir nur ordan.
Hələ deməyiblər mənə "dur"
ordan,
Əzəldən yerimi bilən şairəm.
Yaşımın qənimi
Mənə çörək verdin, quşa dən,
Allah,
Sənə bircə an da olmadım asi.
Neçə arzu keçir qəlbimdən, Allah,
Cibimlə istəyim tərs mütənasib.
Ümid ağacından illər sallanır,
Bir ömür yaşadım, o da sərsəri.
Nə olsun zamanın çarxı fırlanır,
Nə çarxı mənimdi, nə də ki pəri.
Sevincdən könlümə axın olaydı,
Sevincim birdisə, dərdim min, neynim?
Anamın məzarı yaxın olaydı,
Rəngini görən yox dərdimin, neynim?
Günəş işıq saçsa, duman çəkilər,
Ümid yerimizdir zaman körpüsü.
Bir xəfif mehdən də dağıla bilər,
Sabaha uzanan güman körpüsü.
Dağa söykənsəm də, yenə təşviş
var,
Yaşımın qənimi zamandı, vaxtdı.
Görmək istədiyim nə qədər iş var,
Ömür çatar, çatmaz: bu, baxtabaxtdı.
Ötən ilə məktub
Daha indən belə nə gəlhagəlim?
Ömrün xoş günləri qayıdan deyil.
İstəmirəm sənlən üz-üzə gəlim,
Məktub göndərirəm sənə, köhnə
il.
Sənin pişvazına çıxdım gələndə,
Dedim, yaddaqalan ilim olarsan.
Mən səni sinəmə sıxdım gələndə,
Elə bildim, qönçəm, gülüm olarsan.
Özgə qayğıları belimi əydi,
Çəkmişəm qaranın, ağın dərdini.
İnsafın yoxuymuş, necə çəkəydi,
Yumruq boyda ürək dağın dərdini.
Nökərin deyildim, qulun deyildim,
Nahaqdan başına döndərdin məni.
Mən niyə inanıb sənə əyildim?
Gedər-gəlməzlərə göndərdin məni.
Qalxdım səhər-axşam qəm dağına mən,
Xallana-xallana keçdi ömür-gün.
Məktubu yazmışam yazmağına mən,
Poçtalyon tapmıram göndərmək
üçün.
Gedirəm səhəri qarşılamağa
İstərəm xəyalım dolaşa ərzi,
Min ildi, zirvəyə dərə tamarzı.
Bir əlimdə ümid, birində arzu,
Gedirəm səhəri qarşılamağa.
Ac quşun könlündən elə dən keçər,
Ömrün yollarından duman, çən keçər.
Vüsalın karvanı gecədən keçər,
Gedirəm səhəri qarşılamağa.
Çətin indən belə aldanım daha,
Desəm də, ucuzu alıram baha.
Ürəyim sevgiylə dolu bir kaha,
Gedirəm səhəri qarşılamağa.
Tanrı açıl desə, onda açılar,
Ayı yola salıb, sonda açılar
Hansı qiyafədə, donda açılar?
Gedirəm səhəri qarşılamağa.
Dünya gülməz, gözü yaş olan varsa,
Hardasa ürəyi daş olan varsa.
Qoy gəlsin, mənə bir qoşulan varsa,
Gedirəm səhəri qarşılamağa.
Fəxrəddin TEYYUB
525-ci qəzet .- 2025- 28 yanvar(№15).- S.15