Cavad Heyət
və 45 yaşlı "Varlıq" dərgisinin birinci
sayı
DOKTOR CAVAD HEYƏTİN ANADAN OLMASININ 100 VƏ "VARLIQ"
DƏRGİSİNİN 45 İLLİYİNƏ HƏSR
EDİLİR
2025-ci ilin mayın 24-də Doktor Cavad Heyətin anadan
olmasının 100 illiyi tamamlanacaq. Eyni zamanda, onun təməlini
qoyduğu, sahiblik və redaktorluq etdiyi, şəxsi vəsaiti
ilə maliyyələşdirdiyi "Varlıq" dərgisinin
(jurnalının) bu il 45 yaşı tamam olur. Qəlbində və
əməllərində böyük Azərbaycan sevgisini
yaşadan və təmsil edən bu nurlu şəxsiyyəti
ölkəmizdə sevir və dəyərləndirirdilər.
Güney Azərbaycanda haqlı olaraq Dədə Qorquda bənzədilən
və el ağsaqqalı, vətənpərvər ziyalı
kimi tanınan Doktor Cavad Heyət vətəni İranı
ürəkdən sevən və onun elminə, mədəniyyətinə
sədaqətlə xidmət edən alim və mütəfəkkir
idi. İranda cərrahlıq sahəsində bir sıra ilklərin
və tibb dərsliklərinin müəllifi olan həkim kimi,
eyni zamanda, hələ Qacarlar dövründən
adlı-sanlı ailənin mənsubu kimi həm şahlıq
dönəmində, həm də İslam Cümhuriyyəti
zamanında özünün ədəbiyyat, mədəniyyət,
dilçilik, fəlsəfə, ilahiyyat və sair sahələrdəki
tədqiqatları ilə şan-şöhrət
qazanmışdı. İstanbulda tibb təhsili alması və
yaranan ailə bağları bu ölkəyə, ardınca
bütün türk xalqlarına onun gənclik dövründən formalaşan maraq və sevgisini daha
da artırmışdı. Hələ sovetlər dönəmində,
1982-ci və 1987-ci illərdə Azərbaycanın görkəmli
tibb professoru Nurəddin Rzayevin dəvəti ilə Bakıya gəlməyə
nail olmuş, Bəxtiyar Vahabzadə, Xudu Məmmədov və
başqa görkəmli alim və ədiblərimizlə
tanışlıq və dostluq əlaqələri qurmuşdu.
Ölkəmiz müstəqillik qazandıqdan sonra daha tez-tez Azərbaycan
Respublikasına səfər edən Cavad Heyət bizim
tanınmış elm və mədəniyyət xadimlərimizin,
yaradıcı
ziyalılarımızın çevrəsində sevilən
və dəyərləndirilən həmvətənimizə
çevrilmişdi. Onun milli istiqlal şairimiz Bəxtiyar
Vahabzadə ilə dostluğu böyük şaxsiyyətlərin
böyük dostluğundan daha üst səviyyədə idi və
xarici səbəblər üzündən güneyli-quzeyliyə
bölünmüş Azərbaycan xalqının vahidliyinin,
birliyinin və bölünməzliyinin təcəssümü
idi. Cavad Heyət Azərbaycanın bir çox Universitetlərin
və elmi qurumların fəxri doktoru seçilmiş, 70
illiyi, 80 illiyi, 85 illiyi ölkəmizdə yüksək səviyyədə
qeyd edilmiş, bir çox kitabları burada nəşr
edilmiş, eləcə də haqqında kitablar, məqalələlər
yazılmışdı. Ömrünün son aylarına qədər
xəstələrini müalicə etməkdən, Azərbaycanın
həm Güneyində, həm də Quzeyində
maarifçilik fəaliyyətini davam etdirməkdən vaz
keçməmişdi. Bu sətirlərin müəllifinin
1993-cü ildə Naxçıvan Dövlət Universitetində
Doktor Cavad Heyətlə tanışlıqdan başlanan
dostluğu Tehranda diplomatik xidmətlə əlaqədar
çalışdığı 1996-2001-ci illərdə daha
da yaxın və səmimanə olmuş və bu mənəvi
bağlılıq böyük şəxsiyyətin vəfatınadək
davam etmişdi.
Doktor Cavad Heyət 13 avqust 2014-cü ildə Bakıda
vəfat etdi. Azərbaycan Milli
Elmlər Akademiyasında avqustun 14-də bu böyük mütəfəkkirlə
vida mərasimi keçirilmiş, vəsiyyətinə
uyğun olaraq Bakıda, dövlət səviyyəsində təşkil
olunan mərasimlə İkinci Fəxri xiyabanda dəfn edildi.
Cavad Heyət məzarı ilə də Azərbaycan Milli
Hökumətinin başçısı Seyid Cəfər
Pişəvəri kimi, Güneylə Quzey arasında mənəvi-ruhi
körpü missiyasını yerinə yetirir.
Ulu öndər Heydər Əliyev Cavad Heyətin şəxsiyyətini,
milli-mədəni sahədəki fəaliyyətini yüksək
qiymətləndirirdi və bir neçə dəfə onu qəbul
edərək səmimi söhbətlər etmişdi. Cavad Heyət
2007-ci il iyunun 23-də Tehranda "Azərtac"a müsahibəsində
Heydər Əliyevin onu özünə dost bilməsini
yüksək dəyərləndirərək deyirdi ki, mən
bu bu dahi insanın fikirlərindən, sözlərindən,
prinsiplərindən həmişə bəhrələnmişəm.
O, həqiqətən öndər, dahi şəxsiyyət idi.
Azərbaycanı bəlalardan xilas etmiş Heydər Əliyev ən
böyük adlara layiqdir.Prezident İlham Əliyev də Cavad
Heyətə diqqət və qayğı göstərirdi. 2005-ci il iyunun 27-də Prezidentimiz
onu qəbul etmiş, fəaliyyətini yüksək dəyərləndirmiş
və ölkəmizə tez-tez səfərə gələn
bu fədakar alimimizə Bakının mərkəzində ev hədiyyə
etmişdi. Həyatının son 9 ilini Bakıya gələndə
Nizami küçəsindəki geniş evində keçirən Doktor Cavad
Heyətin qapısı həm bütün xəstələrinin,
həm də dostlarının üzünə açıq
idi. Cavad Heyət Heydər Əliyev siyasətinin Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinə
çox sevinirdi. O demişdi: "Mən inanıram ki, Azərbaycan
Prezident Heydər Əliyev yolu ilə sonadək inamla irəliləyəcəkdir.
Çünki İlham Əliyevin bu şərəfli missiyada
güvəndiyi Azərbaycan xalqı, bəhrələndiyi
Heydər Əliyev dühasıdır".
Qeyd edilməlidir ki, Birinci Qarabağ müharibəsi
zamanı, ölkəmizin ən ağır günlərində
dünya şöhrətli cərrah, Tehranda "Cavid"
klinikasının rəisi Doktor Cavad Heyət Birinci Qarabağ
müharibəsində yaralanmış 150 nəfər vətəndaşımızın
İranda müalicəsini təmin etmiş, onlarla Qarabağ
qazisini həyata qaytarmış, Cənubi Azərbaycan həkimlərini
Azərbaycanda və İranın müxtəlif şəhərlərində
yaralı əsgərlərimizin müalicəsinə cəlb
etmiş, ölkəmizə tibbi dəstək sahəsində
çox geniş miqyaslı fəaliyyət göstərmişdi.
Ermənistanın Qarabağı işğalının və
xalqımıza divan tutulmasının ağrılarını
yaşayan Doktor Cavad Heyətin bununla əlaqədar 1993-cü
ildə Türkiyə prezidenti Süleyman Dəmirələ
göndərdiyi məktubunu həm də "Varlıq" dərgisində
dərc etməsi İranda xoş qarşılanmasa da, ona ciddi
maneələr törədilmədi. Bu məktubun ruhu və müəllifin
umacağı olduqca təbii və insani idi, bu, hər zaman erməni
təəssübkeşliyi mövqeyində dayanan
İranın rəhbərliyinə də ciddi ismarış
idi.
Qeyd edilməlidir ki, Cavad Heyətin elmi və
maarifçilik fəaliyyətinin zirvəsində onun təşəbbüsü
və yaxın məsləkdaşlarının iştirakı
ilə təsis edilən "Varlıq" dərgisi
dayanır. Əlbəttə, belə bir dərginin nəşrinə
icazə alınması və onun nəşrinin
doğru-dürüst məcrada davam etdirilməsi heç də
asan olmamışdı. O dövrdə İrandakı
ictimai-siyasi və ideoloji vəziyyət olduqca ziddiyyətli və
qarışıq idi. 1979-cu ilin fevralında qalibiyyətlə
başa çatan inqilab 1925-ci ildən ölkəni
ağır istibdad rejimi ilə idarə edən, bütün
İran xalqını, xüsusilə də, İran türklərini
ağır təzyiqlər altında saxlayan Pəhləvi
hakimiyyətinə son qoydu. Xalqın bütün təbəqələrinin
coşqulu iştirakı və şahlıq rejiminə
müxalif ruhanilərin aparıcı rol oynadığı bu
inqilab (sonradan İslam inqilabı adlandırıldı - E.M.)
ölkədə azadfikirlilik və demokratiya üçün
yol açdı və xalqın əksər hissəsini, o
cümlədən yaxşı təhsil görmüş
ziyalı təbəqəsini xeyli dərəcədə
ümidləndirmiş oldu.
Qeyd etmək lazımdır ki, İranda inqilabın
doğurduğu yeni şəraitdə Cənubi Azərbaycan
türklərinin əsrin əvvəllərindən, Məşrutə
dövründən qurduğu, sonrakı təqib və irtica
illərində fəaliyyəti dayanmış
"Əncümən-e Azərbaycan"ın (Azərbaycan Cəmiyyəti)
yenidən canlanması və İrandakı digər ictimai-mədəni
qurumlar kimi fəaliyyətə başlaması
üçün şərait yarandı. Qeyd etmək
lazımdır ki, hələ 1940-cı illərin əvvəllərində
Doktor Cavad Heyətin atası Mirzə Əliağa Heyətin dəstəyi
ilə Tehranda fars dilində "Azərbaycan" qəzeti nəşr
olunmağa başlamışdı və Həmid Nitqi də
bu nəşrin hazırlanmasında yaxından iştirak
etmişdi və Cavad Heyətlə dostluğu da o zamandan
başlamış, İstanbulda təhsil illəri onları
daha da yaxınlaşdırmışdı. 1952-ci ildə
Tehrana döndüklərində hər ikisinin yaxından
iştirakı ilə "Azərbaycan Cəmiyyəti"
qurulmuşdu. Bu barədə Həmid Nitqi yazırdı:
"O zamanlar Tehranda azərbaycanlılar müxtəlif adlar
altında və cürbəcür bəhanələrlə
görüşmək və ana dilində şeir oxumaq, musiqi
dinləmək, necə deyərlər, "özlərinə
gəlmək" üçün qonaqlıqlar və
toplantılar tərtib edirdilər. Doktor Cavad bunların
çoxunun içindəydi. Mən onun vasitəsilə
şair Səhəndlə tanış oldum, sonra onunla da get-gəlimiz
artdı. Şəhriyar Təbrizdən gəlib Doktor
Cavadın uzun zaman qonağı olduğundan o sevimli şairlə
1940-cı illərdən başlanmış aşinalıq
(tanışlıq - E.M.) dərinləşdi" (Doktor Cavad
Heyət. Tərtib edən Məhərrəm Qasımlı,
Bakı, "Azərbaycan" nəşriyyatı, 1995, s.32).
1979-cu ilin fevral inqilabı haqqında bəhs etdiyimiz
"Azərbaycan Cəmiyyəti"nin də fəallaşmasına
imkan yaratdı. Doktor Cavad Heyətin və məsləkdaşlarının
təşəbbüsü və yaxından iştirakı ilə
"Əncümən-e Azərbaycan" (Azərbaycan Cəmiyyəti)
Bəyannamə yayaraq ölkədə yaranmış yeni
siyasi-ictimai şəraitdə qarşıda duran vəzifələri
xalqa izah etməyə, xalqın təməl haqlarını
dilə gətirməyə qərar verdi. Qərara
alındı ki, Azərbaycan xalqının milli
varlığını, özünüdərkini, milli
şüurunu, dilini, mədəniyyətini, tarixini, adət-ənənələrini
qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə
ötürmək üçün aylıq türkcə (Azərbaycan
türkcəsi) və farsca dərc olunacaq dərgi (jurnal) təsis
edilsin. Beləliklə, İranın şəmsi tarixi ilə
1358-ci ilin ordubiehişt ayında, miladi təqvimi ilə 1979-cu
ilin aprelində "Varlıq" dərgisi işıq
üzü gördü.
Hazırkı məqalədə "Varlıq" dərgisinin
ilk sayının məzmunu, qayəsi və hədəflərini
xülasə şəklində hörmətli oxucuların
diqqətinə təqdim etməyi lazım bildik və bu zaman
dərginin yazı dil və üslubuna toxunmamağı
uyğun saydıq, yalnız arabir rast gəlinən farsca ifadələrin
mötərizədə anlamını yazdıq. Dərginin
üz qabığında "Aylıq fərhəngi türkcə-farsca
nəşriyyə" (Mocəlle-ye mahane fərhəngi
farsi-torki azəri), şomare -1- ordubehişt 1358"
yazıldı, 500 rial qiymət qoyuldu. İlk nömrə 68 səhifə
idi və "Yazıçılar heyəti" tərəfindən
yazılan "Baş söz"də dərginin məqsəd
və məramı çox yığcam şəkildə,
aydın xalq dilində anladılırdı. Burada deyilirdi:
"Elmi və tarixi baxımdan hər bir xalq müxtəlif
tarixi mərhələlərdə, ayrı-ayrı xalqlar ilə
müştərək tarixi və mədəni
bağlılığı olduğu halda, öz milli dil, fərhəng
və höviyyətini (mədəniyyət və mənsubiyyətini)
qoruyub saxlamağa haqlıdır. Azərbaycan xalqı tarix
boyu İranda yaşayan ayrı-ayrı xalqlar ilə birlikdə
vahid bir sərnevestə (taleyə) bağlı olduğu və
müştərək bir tarix və mədəniyyət
yaratdığı halda, hər bir əsl xalq kimi, öz milli
varlığını, dilini, fərhəngini, xislət və
hoviyyətini saxlamışdır.
Baş sözdə deyilir: "Öz milli fərhəng
varlığına bağlı olmaq və onu qorumaq, heç
zaman və heç bir şəraitdə Azərbaycan
xalqını İranın siyasi, ictimai və mədəni
tarixində öhdəsinə düşən vəzifələri
olduqca şərəf və bacarıq ilə yerinə yetirməkdən
dalı qoymamışdır. Azərbaycan xalqı öz
doğma dilini və milli fərhəngini
daşıdığı halda, bütün "vəhdəte-milli"
daşını sinələrinə vuranların
hamısından çox İrana bağlı qalmış və
yeri gəldikcə öz tarixi-inqilabi vəzifələrini
yerinə yetirməkdən çəkinməmişdir"
("Varlıq", ilk sayı, s. 4).
"Varlıq" dərgisinin Yazıçılar
Heyəti bəyan edirdi ki, bu məcmuə Azərbaycan
xalqının milli və mədəni varlığına,
doğma dil və ədəbiyyatına, geniş sahəli
folklor və el yaradıcılığına, iftixarlı
keçmişinə, tükənməz bədii və hünəri
qüdrətinə yol açmaq və onu təzə
tarixi-ictimai şəraitdə daha insani, daha demokratik və
daha qabaqcıl ülgülər ilə erayə etmək (irəli
sürmək) arzusu ilə ortaya çıxır. Biz məcmuəmizin
tutduğu bu böyük və şərəfli yolda
bütün xalqların milli və fərhəngi
azadlığına hörmət bəsləyən insanlar tərəfindən
ehtiram və etiqadla qəbul olunmasına inanırıq.
Mətnin aşağısında isə
Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin
müvafiq maddəsinə istinad yer almışdı. Qeyd
edilmişdi ki, İrqi, məzhəbi, ya dil azlıqları
olan ölkələrdə həmin azlıqlara mənsub şəxslər
bu haqlarından, digər öz qrupuna aid şəxslərlə
birlikdə öz xüsusi mədəniyyətindən, dinindən,
dilindən məhrum edilə bilməz.
(Ardı var)
Eynulla MƏDƏTLİ
AMEA Fəlsəfə institutunun elmi işlər
üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə
və səlahiyyətli səfir
525-ci qəzet .- 2025.- 28 yanvar(№15).- S.14.