Naxçıvan teatrının Yasəməni
XALQ ARTİSTİ YASƏMƏN RAMAZANOVANIN YARADICILIQ
YOLUNA QISA BAXIŞ
...Onu çoxdan tanıyıram. İstedadına,
bacarığına, eləcə də, sənətə
vurğunluğundan qaynaqlanan yaradıcılığına
yaxşı bələdəm. Ziyalılığına,
ictimai fəallığına, əsas da, geniş ampluada
şaxəli yaradıcılığına ehtiramla
yanaşmışam. O, mahir aktyor ustalığına rəğbət
bəslədiyim, sənətini təqdir etdiyim qadın sənətkarlarımızın
ən öndə olanlarından biridir. Özünəməxsus
ifa tərzi, ustad aktyor məziyyətləri ilə seçilən
bu xanım eyni zamanda, sənətə, həyata,
insanlığa mənəvi- estetik müstəvidə
münasibəti ilə fərqlənir. O, həm də
yaxşı müsahibdir, ünsiyyət qurduqda səmimi
söhbətindən yorulmur, doymursan. Onunla aradabir, bəzən
geniş, bəzən də "əlüstü"
görüşlərimiz olur və hər zaman söhbətimiz
nədən olursa-olsun, mövzu mütləq incəsənət,
mədəniyyət sahəsinə yön alır. Bu sahələr,
xüsusən də, teatr, aktyorluq sənəti barədə
onun maraqlı, səlist mülahizələri, yenilikçi
ideyaları, məntiqli səciyyələndirmələri bir
teatrşünas kimi diqqətimi çəkir. Həmişə
də onun barəsində düşüncələrimdə
yanılmadığım qənaətinə gəlirəm. Və
düşünürəm ki, həqiqətən aktyorluq
çətin, çətin olduğu qədər önəmli,
həm də məsuliyyətli sənətdir. Obrazlı ifadə
etsək, aktyorluq sənət anlamında yüksək intellektə,
dərin erudisiyaya malik olmaq, eyni zamanda, bədii- estetik meyarlara
yüksək səviyyədə yanaşmağı
bacarmaqdır. Bu mənada, o da orijinal və bənzərsiz
ifaçılıq məharətiylə seçilən,
mükəmməl sənətkar məziyyətləri ilə
öz dəst-xətti olan aktrisadır...
Düşünürəm ki, həssas oxucu yazının
hansı qadın sənətkar barəsində yazıldığını
elə ilk sətirlərdən hiss etdi.
Söhbət Azərbaycan Respublikasının Xalq
artisti, C.Məmmədquluzadə adına Naxçıvan
Dövlət Milli Dram Teatrının sevilən aktyoru Yasəmən
Ramazanovadan gedir. Onu ustad sənətkar kimi Naxçıvan
Teatrının "Yasəmən gülü" adlandırsaq,
məncə, yanılmarıq. Çünki o,
yaratdığı hər obrazla səhnəyə gül təravəti,
çiçək rayihəsi çiləyir.
Canlandırdığı rolun hiss və həyəcanını
bütün varlığı ilə yaşayır, hadisənin
cərəyan etdiyi dövrün, məkanın, mühitin
canlı insanına çevrilir, ağladır...
güldürür.., personajın daxili aləmini, mənəvi
dünyasını dolğunluğuyla təcəssüm
etdirir, tamaşaçını inandırır, həyəcanlandırır,
düşündürur, canlandırdığı obrazdan
örnək götürməyə sövq edir... Yasəmən
xanım Naxçıvan elinin istedadlı, bacarıqlı,
sevimli qız övladıdır. Ayazlı bir qış
günü Babək rayonunun Tumbul kəndində dünyaya
göz açıb. Gəlişiylə doğulduğu ailəyə
sevinc, böyüyəcəyi evə hərarət gətirib.
Orta təhsilini Naxçıvan şəhərindəki N.Tusi
adına 9 saylı məktəbdə alıb. Məktəb illərində
yaxşı oxumaqla yanaşı, fəallığı ilə
də fərqlənib. Məktəbdaxili tədbirlərdə
aparıcılığı, müsabiqələrdə səlist
diksiyası ilə söylədiyi şeirlərinin hərarətlə
alqışlanması onda bu sahəyə maraq oyadıb. Zaman
keçdikcə bu maraq aktrisa olmaq arzusuna, istəyinə
dönüb. Bu səbəbdəndir ki, orta məktəbi
bitirdikdən bir müddət sonra Naxçıvan
televiziyasında təcrubəçi diktor olub. Eyni zamanda,
Naxçıvan Şəhər Mədəniyyət Evində
fəaliyyət göstərən dram dərnəyinin fəal
üzvünə çevrilib. O, həvəskar aktyor kimi burada
Üzeyir Hacıbəyovun "Arşın mal alan" əsərində
Telli, S.Vurğunun "Vaqif" dramında Xuraman
obrazlarını tamaşaçılara özünəməxsus
ifa tərzində təqdim edir və istedadı ilə diqqət
çəkir. Çox keçmir ki, Naxçıvan Dövlət
Musiqili Dram Teatrına dəvət alır. Burada
yardımçı heyətdə oynadığı müxtəlif
xarakterli rollar istedadını, aktyorluq potensialını daha
parlaqlığı ilə üzə çıxarır.
Teatrın ustad aktyorlarının, rejissorların
qayğısı əhatəsində olur, məsləhət
və tövsiyələrini həvəslə dinləyib əməl
edir, öz üzərində ciddi çalışır, eyni
zamanda, talant və bacarığını təkmilləşdirmək,
sənətin incəliklərinə daha mükəmməl yiyələnmək
üçün ali təhsil almağin vacibliyini də unutmur.
1977-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət
İncəsənət İnstitutunun (indiki Mədəniyyət
və İncəsənət Universiteti) kino-dram aktyorluğu
fakültəsinə qəbul olunur. Təhsil illəri onun
taleyində, gələcək karyerasında müstəsna rol
oynayır. Görkəmli sənət korifeyləri Rza Təhmasib,
Mehdi Məmmədov, İsmayıl Dağıstanlı kimi nəhəng
dühalardan dərs alır. Pak məfkurəli sənət
biliciləri Əlabbas Qədirov, Turan Cavid, Könül
Axundovanın sevimli tələbələrindən olur.
İnstitutda təhsil aldığı illərdə müəllimi
Əlabbas Qədirovla C.Cabbarlının "Oqtay
Eloğlu" əsərində, M.Hüseynin "Alov"
televiziya tamaşasında səhnə paylaşmasını həmişə
xoş xatirə kimi xatırlayır. O vaxtlar mərkəzdə
böyük teatrlarda işləmək perspektivi olsa da, Yasəmən
xanım doğma Naxçıvana qayıtmağı
üstün tutur. Böyük səhnəyə ilk
addımlarını atdığı sənət məbədində
yaradıcılıq fəaliyyətini, sənət yolunu davam
etdirir.
Bu illər ərzində o, sözün gerçək
mənasında, müxtəlif xarakterli onlarla rəngarəng
obrazlar qalareyası yaradıb. "Teatr gerçək həyatın
bədii-fəlsəfi modelidir" prinsipini deviz tutaraq ifa
etdiyi obrazlarla cəmiyyətin mövcud problemlərini,
ictimai-sosial, məişət, mənəvi-əxlaqi
qatlarını sənət dili ilə canlandırıb,
tamaşaçını düşündürüb,
yaxşı əməllərlə örnək olmağa, mənfiliklə
mübarizəyə sövq edib. Bu kredo ilə səhnədə
gah ağıllı, müdrik, mərd, mübariz, gah da ərköyün,
şıltaq qadın kimi görünüb. Məzlum, avam,
yazıq rolları da, zalım, əzazil insanları da, eyni
şövqlə, ustalıqla yaradıb. Onun səhnədə
canlandırdığı belə obrazlarsa çoxdur və
onları sadalamaqla bitməz. Amma H.Cavidin əsərlərindəki
Nina ("Şeyx Sənan"), Meliça (Topal Teymur"), Afət
( "Afət") obrazları, Orxan Kamalın "Yad
qızı"nda Nazan, R.N.Guntəkinin "Dodaqdan qəlbə"sində
Lamiyə, C.Cabbarlının "Aydın"ında Gültəkin,
V.Səmədoğlunun "Bəxt üzüyü"ndə
Sevda və C.Məmmədquluzadənin "Ölülər"ində
Kərbəlayi Fatmaxanım onun sənət tərcümeyi-halında
təqdirolunası personajlardır. N.Həsənzadənin
"Atabəylər" tamaşasında səhnə ruhu
verib canlandırdığı İnanc Xatun rolu isə
aktrisanın yaddaşında dərin iz salıb.
Belə ki, Naxçıvan Muxtar Respublikasının
80 illik yubileyində ölkə başçısı
İlham Əliyev və onunla birgə gələn nümayəndə
heyəti tamaşanı maraqla izləyib. 1982-ci ildə mədəni
hadisə kimi Naxçıvan şəhərində
yaradılan "Cavid Poeziya Teatrı"nda fəaliyyəti isə
xüsusi vurgulanmalıdır və burada oynadığı
rollar da ömür kitabının parlaq yaradıcı səhifələrini
təşkil edir. H.Cavidin "Azər", "Ana",
"Uçurum" əsərlərində
oynadığı Şəmsa, Mələksima, İsmət,
Gövərçin rolları, Hüseyn Cavidin əsərləri
əsasında şairə-dramaturq K.Ağayevanın səhnələşdirdiyi
"Mənim Tanrım gözəllikdir, sevgidir"
tamaşasında təcəssüm etdirdiyi Sevən qız
(2-ci aktyor), Saqi obrazları mükəmməl canlandırma tərzi
ilə yadda qalıb. Və o dövrün mətbuat səhifələrində
təqdir olunub. Yasəmən xanımın
yaradıcılıq fəaliyyətinin çoxşaxəli
olması da diqqətəlayiqdir. Belə ki o, bir rejissor kimi də
istedadını, potensial gücünü göstərib.
2003-cü ildə o, doğma teatrda rejissor kimi fəaliyyətini
davam etdirib və quruluş verdiyi tamaşalar - G.Xuqayevin "Mənim
qayınanam", H.Cavidin "Afət", A.Şaiqin
"Yazıya pozu yoxdur" əsərləri maraqlı səhnə
yozumunda, fərqli mizanlarla həllini tapıb. Bir az
çağdaşlıq koloriti ilə ərsəyə gələn
bu səhnə əsərləri maraqla qarşılanıb,
teatra geniş tamaşaçı cəlbi ilə yadda
qalıb.
Yeri gəlmişkən, Şərur Xalq
Teatrının səhnəsində E.Sultanovun "Sənəm"
tamaşası da onun quruluşunda mükəmməl
alınıb və Xalq Teatrının repertuarında
uzunömürlü səhnə əsəri olub. Yasəmən
xanım M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla
Teatrına rəhbərlik etdiyi dövrdə bu sənət
ocağı da bir sıra yeniliklərlə inkişaf, dircəliş
mərhələsində olub. O, kukla tamaşaları ənənəviliyinə
çağdaş forma və metodları gətirməklə
yeniliklərə imza atdı. Bu yeniliklər dünya
teatrlarında tətbiq olunan pantomim, kölgə,
masaüstü maska, marionetka forma və üslubları idi ki,
tamaşaları daha maraqlı edib, ideyanın balaca
tamaşaçılar tərəfindən qavranmasını
asanlaşdırıb.
Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin sifarişi ilə Yasəmən xanımın
quruluş verdiyi Üzeyir Hacıbəylinin "Arşın
mal alan" operettası və C.Məmmədquluzadənin
"Çay dəstgahı" alleqorik piyesi marionetka
üslubunda hazırlanıb, tamaşa teatrın repertuarında
uzunömürlülüyü ilə fərqlənib. Eləcə
də, A.Şaiqin "Gözəl bahar" tamaşası
pantomim, Z.Vedilinin "Çalıb- cağlayan ağac"
piyesi marionet, N.İsmayılzadənin "Ağca və
Bozca" dramı masaüstu, Səbuhi Hüseynovun
"Seymurun sirli dünyası" maska forma və üslublarında
yaradılan tamaşalardır. Bu sırada müxtəlif
vaxtlarda İran İslam Respublikası, Türkiyə
Cümhuriyyətinin ayrı-ayrı bölgələrinə
qastrol səfərləri, Tacikistanda Beynəlxalq Teatr
Festivalında uğurları da yaddaqalan olub.
Bax beləcə, təkcə Naxçıvanda, ölkəmizdə
deyil, onun hüdudlarından kənarda tanınan, sevilən bir
xalq artistinin sənət yoluna qısa da olsa nəzər
salmağı bir teatrşünas kimi özümə borc
bildim. Sadəcə olaraq onu sevənlərin, o sevdiyi teatrsevərlərin
yadına salmaq istədim. Təbii ki, geniş coğrafi
müstəvidə tanınmasını da təsadüfən,
gəlişi gözəl ifadə kimi yazmadım.
Çünki Naxçıvan səhnəsinin "Yasəmən
gülü"nün sənət rayihəsi sərhədlərimizin
o tayında da duyulub. Yasəmən xanım da belə mötəbər
tədbirlərdə peşəkar, ustad aktyor kimi ö?unəməxsus
ifa tembri ilə alqışlanıb. Naxçıvanda
keçirilən mühüm tədbirlərdə, el şənliklərində
təşkilatçılığı, mahir
aparıcılığı ilə də rəğbət
qazanıb. Naxçıvan Televiziya və Radiosu ilə sıx
əməkdaşlıgı isə bu gün də davam edir.
Müəlliflik etdiyi bir sıra maraqlı verilişləri
öz sanbalı, milli-mənəvi dəyəri, koloriti ilə
seçilib, dinləyici, tamasaçı yaddaşına
yazılıb.
Naxçıvan Dövlət Milli Dram Teatrında dərin
mənalı improvizələri ilə neçə-neçə
obraza həyat verən ustad aktyorun əməyi, geniş
yaradıcılıq fəaliyyəti diqqətdən kənarda
qalmayıb, dövlətimiz tərəfindən əməyi dəfələrlə
qiymətləndirilib, Prezident mükafatına layiq
görülüb. O, 2008-ci ildən ən yüksək fəxri
titulu - Azərbaycan Respublikasının Xalq artisti adını
daşıyır. Bu ada layiq olduğunu isə xalqın ona
ehtiramı, sonsuz sevgisi də təsdiqləyir. Xalqın sənətkarı
bu gün də gənclik həvəsi, sənətkar
cosqusuyla yaradıcı fəaliyyətini davam etdirir. Əhatəsində
olduğu rəğbət, sevgi qarşılığında
teatrsevərləri yeni-yeni obrazları ilə sevindirir.
Adilə SƏFƏROVA
Əməkdar mədəniyyət işçisi,
teatrşünas
525-ci qəzet .- 2025.- 28 yanvar(№15).- S.13.