Arif
Əziz yaradıcılığının özünəməxsusluğu
Təsviri sənət ustalarının əsərləri
onların daxili aləmini əks etdirən aynaya bənzəyir.
Bu mənada Azərbaycan təsviri sənətinin görkəmli
nümayəndələrindən olan Xalq rəssamı, Əməkdar
incəsənət xadimi, professor Arif Əzizin müxtəlif
mövzu və janrlarda gerçəkləşdirdiyi əsərləri
onun özünəməxsus bədii-estetik duyumunun cəlbedici
və tamaşaçılarına nikbin ovqat bəxş edən
“bədii güzgü” hesab etmək olar.
3 yanvar 1943-cü ildə Bakı şəhərində
dünyaya göz açan Arif Əziz ixtisas təhsilini əvvəlcə
Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq
Məktəbində (1960-1965) alıb, daha sonra isə Qraf
Stroqonov adına Moskva Ali Bədii-Sənaye İnstitutunun
“Qrafik dizayn” fakültəsini (1966-1971) bitirib. Həmin
dövrlərdə o, həmçinin SSRİ Rəssamlıq
Akademiyasının akademik kurslarında SSRİ Xalq rəssamları,
akademiklər Mikayıl Abdullayev və Yevgeni Kibrikin rəhbərlik
etdikləri yaradıcılıq emalatxanasında təhsilini
davam etdirir. Lakin qeyd edək ki, Arif Əziz rəssamlıq sənətinin
sirlərini daha çox Azərbaycan rəngkarlığının
görkəmli nümayəndələri Xalq rəssamı
Böyükağa Mirzəzadə və Əməkdar incəsənət
xadimi Lətif Feyzullayevdən öyrənib. Tələbəlik
illərindən müxtəlif miqyaslı respublika və beynəlxalq
sərgilərin iştirakçısı olan rəssamın əsərləri
bu gün də dünyanın ən nüfuzlu şəxsi
qalereyaları və muzeylərində nümayiş olunur.
Ali təhsilini bitirdikdən sonra rəssam bədii
yaradıcılıqla yanaşı, pedaqoji fəaliyyətlə
də məşğul olur. Belə ki, o, 1971-ci ildə Azərbaycan
Dövlət İncəsənət İnstitutunda (indiki
ADMİU) pedaqoji fəaliyyətə başlayır. 1975-ci ildən
Azərbaycan Rəssamlar İttifaqının, 1981-ci ildən
isə Azərbaycan Dizaynerlər İttifaqının
üzvüdür.
Mövzu və janr zənginliyi ilə seçilən
Arif Əzizin yaradıcılığının erkən mərhələsi
(1970-1980-ci illər) təsviri sənətin qrafika
növü, xüsusilə plakat və sənaye qrafikası
sahəsi ilə səciyyələnir. O, bu dövrlərdə
çoxsaylı plakatlar, ekslibrislər (kitab nişanları),
müxtəlif loqo və dizayn eskizləri, eyni zamanda uşaq
kitabları üçün maraqlı illüstrasiyalar ərsəyə
gətirib.
Rəssamın yaradıcılığının erkən
dövrünə təsadüf edən “Universiada” (1973),
“İdman, dostluq, sülh” (1973), “Təbiəti qoruyun!” (1978),
“Stop” (1979) və s. plakatları quru təsvirçilikdən
uzaq olması, müasirliyə meyilliliyi, müəyyən
simvolizmə əsaslanması və dövrün ictimai-siyasi,
mədəni hadisələrini əks etdirməsi ilə
xarakterizə olunur. 1976-cı ildə sənət
yoldaşları ilə birgə Uzaq Sibirə - “Əsrin
tikintisi” sayılan “BAM”-a (Baykal-Amur Magistralı) etdiyi
yaradıcılıq səfəri əsnasında
yaratdığı plakatlar da o dövr üçün rəssamın
yaradıcılıq axtarışlarının uğurlu nəticəsi
idi.
Arif Əziz yaradıcılığının erkən
dövrü həm də teatr-dekor sənəti ilə səciyyələnir.
1974-1975-ci illərdə Moskvada, tanınmış teatr
rejissoru, SSRİ Xalq artisti Andrey Qonçarovun quruluşunda
Nikolay Erdmanın “İntiharçı” adlı tragikomediyası
tamaşaya hazırlanırdı. Arif Əzizin hələ o
dövrlərdə novatorluğunu müşahidə edən
Andrey Qonçarov üslub, mövzu, ideya və mahiyyətinə
görə tamamilə yeni quruluşda təqdim edilməli olan
əsərin bədii tərtibatını məhz ona həvalə
edir. Rəssam ona verilən bu dəvəti zamanında dəyərləndirir
və nəticədə tragikomediyaya uğurlu bədii tərtibat
verir.
Arif Əziz, 1970-1980-ci illərdə həmçinin təsviri
və dekorativ-tətbiqi sənət sahəsi üzrə
müxtəlif yerli və beynəlxalq sərgilərin
(Mikayıl Abdullayevin fərdi yaradıcılıq sərgisi,
1974; Xəzəryanı respublikaların byennalisi, 1989 və
s.), o cümlədən müxtəlif miqyaslı teatr
tamaşalarının (“Arşın mal alan”, 1973; “Aygün”,
1975 və s.) afişasının bədii tərtibatlarını
verib. Bununla yanaşı, Arif Əziz həmin dövrdə bir
çox dövlət qurumları, zavod və şirkətlərin
emblemlərini – tanıtım nişanlarını
hazırlayıb. Bu mənada onun Azərbaycan
Reklamçılar İttifaqının (1973), Sumqayıt
Superfosfat zavodunun (1974), Sumqayıt Sintetik Kauçuk zavodunun
(1974) və “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının
(1992) emblemlərini qeyd etmək olar.
Arif Əziz yaradıcılığında müxtəlif
kitab, kataloq və bir sıra jurnalların bədii tərtibatı
da mühüm yer tutur. “Göyərçin” (1971-1972) və
“Azərbaycan reklamının tarixi” (1996-1997)
jurnallarının, “Müasirlərimiz” (1973) və “Müasir
modanın inkişaf mərhələləri”
kitablarının (2016), rəssamın Seneqalda (1983) və
İstanbulda (1996) keçirilən fərdi
yaradıcılıq sərgilərinin kataloqlarının bədii
tərtibatı – dizayn həlli məhz bu qəbildəndir.
Rəssamın qrafika yaradıcılığında əsas
yer tutan sahələrdən biri də ekslibrislər – kitab
nişanlarıdır. Onun Nəbi Xəzriyə (1978),
Elçinə (1978), İshaq Cəfərzadəyə (1978),
Azadə Rüstəmovaya (1981) və digər görkəmli
elm və mədəniyyət xadimlərinə həsr etdiyi
ekslibrislər özünün dərin məna-məzmun tutumu
və maraqlı forma-biçimi ilə seçilir.
Arif Əzizin dəzgah qrafikası sahəsində
müəllifi olduğu “İçərişəhər. Məscid”
(1974), “Mənim Azərbaycanım” (1976), “Vilnusda küçə”
(1976), “Nar ağacı” (1976), “Köhnə dulusçu” (1976),
“Qədim şəhər” (1976) və s. əsərləri
özündə ənənə və müasirliyi birləşdirən
maraqlı qrafika nümunələridir. Rəssamın portret
janrında yaradılmış qrafik lövhələri də
özünün uğurlu bədii həlli ilə
seçilir. Onun əmək qəhrəmanlarına və
görkəmli mədəniyyət xadimlərinə həsr
etdiyi portretlər arasında “Rəssamın
xanımının portreti” (1976), “Nizami Ağayevin portreti”
(1976), “Düşüncə” (1977), “Niyazi” (1983), “Süleyman Rəhimov”
(1983), “Süleyman Rüstəm (1983), “Geoloqun portreti” (1986),
“Hacının portreti” (1986), “Ananın portreti” (1986) və s.
qeyd etmək olar. Adları çəkilən bu portretlərdə
rəssam obrazların zahiri oxşarlığı ilə
yanaşı, onların daxili aləminə xas xüsusiyyəti,
emosionallığı, canlılığı, ifadəliliyi və
ekspressivliyi yüksək ustalıqla əks etdirib.
Arif Əziz yaradıcılığında milli ənənələrdən
bəhs edərkən, ilk növbədə, onun milli ruha bələnmiş,
özünəməxsus zəngin koloriti ilə seçilən
Abşeron mövzulu əsərlərini xüsusilə qeyd etməliyik.
“Pir” (1985), “Ağlayan daşlar” (1987), “Qədim tikili” (1989),
“Qala kəndi” (1990, 2013), “Qala” (1992), “Qobustan” (1994),
“Qayıqlar” (1995), “Dəniz” (2005), “Abşeron dəyirmanları”
(2012), “Abşeron” (2012) və s. əsərlər məhz
yuxarıda qeyd etdiyimiz bədii məziyyətləri
özündə ehtiva edən Abşeron motivli mənzərə
tablolarıdır.
Arif Əziz yaradıcılığında əsas
etibarilə doğma Azərbaycan torpağı tərənnüm
edilsə də, onun tablolarında müxtəlif xalqların
milli özünəməxsusluğu da öz əksini
tapıb. Rəssam 1983 və 1986-cı illərdə Seneqalda
olub və “Seneqal lövhələri” adlı silsilə əsərlər
(“Seneqal qızları”, 1983; “Qayıqlar”, 1983; “Dakarda bazar”,
1983; “Bələdçi”, 1983; “Oyanış” (1983) və s.)
yaradıb. Şux koloriti və ekspressivliyi ilə seçilən
bu əsərlər əvvəlcə Dakarda, daha sonra isə
bir-birinin ardınca Moskvada və Bakıda uğurla
nümayiş etdirilib.
Rəssamın milli ruha köklənmiş rəngkarlıq
əsərləri arasında qədim məişət və
mədəniyyətimizi xarakterizə edən natürmort əsərləri
də maraqlı həlli ilə seçilir. Onun “Qədim
küplər” (1990), “Qədim qab kolleksiyası” (1991), “Narlar”
(1996), “Kaleydoskop” (1997), “Natürmort” (2003), “Şərq motivi”
(2005), “Milli qablar” (2006), “Antik qab məmulatları” (2006), “Lampa
ilə natürmort” (2011) və s. natürmortları bu
baxımdan diqqətçəkəndirlər. Məzmununa
görə milliliyi ilə seçilən bu
natürmortların səciyyəvi xüsusiyyəti onların
üslub tərzinə görə ənənəvi realizmdən
uzaq, müəyyən mənada mücərrəd ifadə tərzi
ilə işlənməsidir.
Qeyd edək ki, hələ sovet dövründə incəsənət
sahəsində “sosialist realizmi” ənənələri ilə
yanaşı, Qərb bədii ənənələri,
xüsusilə abstraksionizm istiqamətində
yaradıcılıq nümayiş etdirmək olduqca çətin
idi. Lakin buna rəğmən, həmin dövrdə bir
çox cəsarətli rəssamlarımız kimi Arif
Əzizin yaradıcılığında da milli ənənələrlə
yanaşı, Qərb bədii təmayüllərinə
meyillilik müşahidə olunur. Qeyd edək ki, rəssamın
yaradıcılığının sonrakı dövrlərində
realizmdən uzaq, mücərrəd motivli əsərlərin
yaranması davamlı şəkil alır. Tədricən bu
üsul Arif Əziz yaradıcılığının
özünəməxsusluğunu xarakterizə edən bədii
ifadə tərzinə çevrilir. Onun əsərlərində
konkretliklə mücərrədlik arasında müəyyən
ornamental əlavələr – dekorativ elementlər (bəzən
tor şəkilli çarpaz düz xətlər) də
özünü göstərir. Bu isə digər rəssamlardan
fərqli olaraq Arif Əzizin əsərlərinin məhz
özünəməxsusluğunu şərtləndirir. Məhz
bu xüsusiyyətləri rəssamın 2014-cü ildə ərsəyə
gətirdiyi müxtəlif kompozisiyalardan ibarət “Mulen Ruj”
adlı silsilə əsərlərində müşahidə
etmək mümkündür.
Arif Əziz yaradıcılığında ənənəvi
Şərq rəngkarlığına xas əlamətlər də
özünü büruzə verir. Belə ki, rəssam, bir
sıra əsərlərinin kompozisiya həllində
işıq-kölgə effektindən imtina edərək, rənglərin
təzadından, müxtəlif rəng
çalarlarının ritmik təkrarlanmasından istifadə
etməklə, optik ifadəliliyə və əlvanlığa
nail olur.
Lakin 1990-cı illərdən etibarən Arif Əzizin
palitrasında digər rənglərə nisbətən ağ
rəng daha üstünlük təşkil etməyə
başlayır. Hətta əsərlərində ağ rəngin
– ağ cizgilərin üstünlüyü Arif Əziz
yaradıcılığında “Bəyaz dövr” mərhələsini
və “Arif Əziz Bəyaz” təxəllüsünü şərtləndirib.
Rəssamın əsərlərində müxtəlif texnikalarla
işlənmiş ağ cizgilərin üstünlük təşkil
etməsi bir mənada onun yaradıcılığının
kamillik zirvəsinin və digər rəssamlardan fərqləndirici
xüsusiyyətinin – özünəməxsusluğunun
göstəricisidir. Bəzən rəssamın tablolarında
ağ cizgilər kompozisiya boyu elə yerləşdirilir ki, təsvir
olunan fiqur və detallar bütünlüklə bəyaz səthin
arxasında qalır. Məhz bu ifadə tərzi – ağ cizgilər
Arif Əzizin tanıtım nişanına çevrilib ki, bu da
öz növbəsində milli rəngkarlığımızda
yeni, orijinal bədii formalardan biridir.
Arif Əzizin məna-məzmun, forma-biçim və
janr müxtəlifliyi ilə seçilən əsərləri
arasında Qarabağ motivli əsərlərdə xüsusilə
seçilir. Müzəffər ordumuzun Ali Baş Komandanı tərəfindən
xalqın vəhdətini özündə əks etdirən “Dəmir
yumruq” və Şuşanın azad olunması münasibətilə
səsləndirilən “Əziz Şuşa, sən azadsan!” ifadələri,
o cümlədən II Qarabağ müharibəsinin şəhidlərinin
əziz xatirəsinin rəmzinə çevrilən
Xarıbülbül motivi Arif Əzizin əsərlərində
(“Əziz Şuşa, sən azadsan!”, “Xarıbülbül”)
özünəməxsus şəkildə bədii təcəssümünü
tapıb. 44 günlük Vətən müharibəsindən
sonra ərsəyə gələn bu əsərlərdə bədii
görüntüyə gətirilən “Dəmir yumruq” və
“Xarıbülbül” motivləri torpaqlarının
azadlığı uğrunda ölüm-dirim mübarizəsinə
qalxan xalqın mübarizə əzmini, mənəvi yüksəkliyini
nümayiş etdirən bir tarixi və bədii-estetik tutumda təqdim
edilib.
Arif Əzizin həyat və
yaradıcılığını özündə əks
etdirən zəngin bədii irsi ilə sənətsevərlər
rəssamın Şüvəlan qəsəbəsində yerləşən
“Arif Aziz Art House” adlı Sənət Evini ziyarət etməklə
daha yaxından tanış ola bilərlər.
Əsas etibarilə beş hissədən ibarət olan
“Arif Aziz Art House” – Sənət Evinin giriş hissəsində
(“retro zal”) rəssamın xüsusilə 1970-ci illərə təsadüf
edən yaradıcılıq nümunələri
nümayiş olunur. Retro zalda yer alan maraqlı guşələrdən
biri də Arif Əziz və onun qonaqlarının xatirə
fotolarından təşkil olunmuş stendlərdir.
Sənət Evinin həyəti xüsusilə yay
aylarında müxtəlif miqyaslı sərgilərin təşkili
üçün nəzərdə tutulub. Burada eyni zamanda daimi
ekspozisiya kimi ev – məişət əşyalarından ibarət
sərgi də nümayiş olunur. Bu əşyaların bir
hissəsi rəssamın valideynlərindən, nənə-babalarından
qalan miras, bir hissəsi isə rəssama yaxınları tərəfindən
verilən hədiyyələrdən ibarətdir.
Sənət Evinin muzey kimi fəaliyyət göstərən
hissəsində rəssamın bütün
yaradıcılığı boyu istifadə etdiyi palitralar, qədim
fotoaparatlar, ona verilən hədiyyələr və yüksək
bədii zövqlə işlənilmiş müxtəlif ev əşyaları
nümayiş olunur.
Sənət Evinin ən böyük hissəsi 250
kvadratmetrlik ərazini əhatə edən ikimərtəbəli
qalereyadır. Mərtəbələr arası əlaqəli
şəkildə tərtib edilmiş qalereyada daimi olaraq rəssamın
rəngkarlıq və qrafika əsərləri sərgilənir.
Nəhayət “Arif Aziz Art House” – Sənət Evinin ən
maraqlı guşəsini Arif Əzizi
tamaşaçılarına sevdirən və onu dünyada
tanıdan əsərlərinin yarandığı
yaradıcılıq emalatxanası təşkil edir. Rəssamın
müxtəlif illərdə dünyanın bir çox ölkələrində
keçirilən yaradıcılıq sərgilərində
(Rusiya, Litva, Şri-Lanka, Seneqal, Hindistan, Fransa, Amerika,
Türkiyə, Banqladeş, Finlandiya, İran, Almaniya,
Bolqarıstan və b.) davamlı olaraq ümumi və fərdi
iştirakı, özünə çoxsaylı pərəstişkar
qazandırması da bunun əyani təsdiqidir. Arif Əziz
yaradıcılığının şöhrətini səciyyələndirən
amillərdən biri də onun əsərlərinin
dünyaşöhrətli modelyerlərin geyim
kolleksiyalarında əksini tapmasıdır.
YUNESKO-nun təsisçiliyi ilə
yaradılmış “Yeni Era” Beynəlxalq Rəssamlıq
Akademiyasının Bakı filialının rəhbəri olan
Arif Əziz hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində “Dizayn və
dekorativ-tətbiqi sənət” kafedrasının müdiri vəzifəsində
çalışır və eyni zamanda rəssamlıq sənətinin
sirlərini tələbələrinə sevə-sevə
aşılayır. Qeyd edək ki, o, 2004-2008-ci illərdə
Türkiyədə – İstanbuldakı Beykent Universitetində
də pedaqoji fəaliyyət göstərib. Arif Əziz həmçinin
universitetlə yanaşı, ölkəmizin ictimai-mədəni
həyatında da böyük səylə fəaliyyət
göstərir.
Təsviri sənət sahəsində göstərdiyi
xidmətlərə görə Arif Əziz zaman-zaman respublika
və beynəlxalq səviyyəli rəsmi qurumlar tərəfindən
müxtəlif mükafatlarla dəyərləndirilib, o
cümlədən 1985-ci ildə “Şərəf
nişanı” ordeni ilə təltif olunub, 1992-ci ildə Əməkdar
incəsənət xadimi, 2018-ci ildə isə Xalq rəssamı
fəxri adlarına layiq görülüb.
Aslan XƏLİLOV
ADMİU-nun Təsviri sənət tarixi və nəzəriyyəsi
kafedrasının müdiri, sənətşünaslıq
üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2025- 28 yanvar(№15).-S.10.