“Ulduz” və “Genç yürekler”:
iki dərgi, bir ədəbiyyat
Yanvarın 27-də Azərbaycan Yazıçılar
Birliyində (AYB) Türkiyənin "Gənc ürəklər"
(“Genç yürekler”) jurnalının Azərbaycan ədəbiyyatına
həsr edilmiş buraxılışının təqdimatı
keçirilib.
Tədbirdə "Gənc ürəklər"
jurnalının şöbə müdiri Cem Arslan da iştirak
edib. AYB sədri, Xalq yazıçısı Anar qonağı
və tədbir iştirakçılarını salamlayıb
və nəşr barədə düşüncələrini
bölüşüb. "Ulduz" jurnalının baş
redaktoru Qulu Ağsəs layihə ilə bağlı tədbir
iştirakçılarına ətraflı məlumat verib.
Bildirib ki, layihə çərçivəsində
"Ulduz" jurnalının sentyabr buraxılışı
"Gənc ürəklər" jurnalının təşəbbüsü
ilə Türkiyə ədəbiyyatına həsr edilib.
Qarşılıqlı əməkdaşlıq nəticəsində
"Gənc ürəklər" jurnalının
dekabr-yanvar-fevral sayında da "Ulduz" jurnalının təqdimatı
ilə Azərbaycan ədəbiyyatına yer ayrılıb.
Jurnalların may ayında təşkil ediləcək IV
Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında
təqdimatının keçiriləcəyini bildirən Qulu
Ağsəs, bu layihəni başqa türksoylu ölkələrlə
həyata keçirmək üçün
danışıqlar apardıqlarını da diqqətə
çatdırıb.
"Gənc ürəklər"in şöbə
müdiri Cem Arslan Azərbaycan dilinə, ədəbiyyatına
sonsuz məhəbbətini ifadə edib. Əsərlərin
Türkiyə türkcəsinə
uyğunlaşdırılmadığını bildirən Cem
Arslan, türkiyəli oxucuların Azərbaycan türkcəsində
nəşr edilmiş əsərləri maraqla
qarşıladığını vurğulayıb.
Çıxış edən Azərbaycan
Yazıçılar Birliyinin I katibi, Xalq
yazıçısı Çingiz Abdullayev, sədr müavini
Rəşad Məcid, katib Elçin Hüseynbəyli, "Azərbaycan"
jurnalının baş redaktoru İntiqam Qasımzadə,
"Dünya ədəbiyyatı" jurnalının baş
redaktoru Seyfəddin Hüseynli, yazıçı Seyran Səxavət,
şair Rəsmiyyə Sabir layihə haqqında müsbət
fikirlərini bildirərək, belə nəşrlərin
davamlılığının vacibliyini söyləyiblər.
AYB sədri Anar hər iki jurnalın kollektivinə,
layihədə əməyi olanlara minnətdarlığını
bildirib. "Ulduz" jurnalının da əsərləri
Türkiyə türkcəsində dərc etdiyini deyən Xalq
yazıçısı, bunu yüksək qiymətləndirdiyini
vurğulayıb, növbəti layihələrdə daha
çox gənc imzaların çap olunmasını tövsiyə
edib.
525-ci qəzet .- 2025.- 28 yanvar(№15).- S.9.